Modern.az

Ramiz Mehdiyev daha bir vəzifəsini İTİRDİ

Ramiz Mehdiyev daha bir vəzifəsini İTİRDİ

Ölkə

26 Avqust 2020, 08:51

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”.


Bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.


Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib:


“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir.  Xatırladım ki,  dövlət başçısının 19 fevral 2016-cı il tarixli sərəncamı ilə Komissiyanın yeni tərkibi  təsdiqlənmişdi.  2 sentyabr 2019-cu il tarixdə isə bu sərəncama dəyişiklik edildi. Daxili İşlər naziri kimi Komissiyada təmsil olunan Ramil Usubovu yeni nazir Vilayət Eyvazov əvəzlədi. Dövlət Təhlükəsizlik  Xidmətinin rəisi kimi Komissiyada təmsil olunan Mədət Quliyevi isə general Əli Nağıyev əvəzlədi. 
Bildiyiniz kimi, 1 noyabr 2019-cu il tarixdə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.  Bununla  əlaqədar Əfv Məsələləri Komissiyasının yeni tərkinin təsdiqlənməsi barədə 2016-cı ildə verilən sərəncama daha bir dəyişiklik ediləcək.  Beləliklə, Komissiyanın yeni sədri təsdiqlənəcək. Bu sırf  hüquqi və bürokratik prosedurdur.  Ramiz Mehdiyev  Administrasiya rəhbəri qismində Komissiyada təmsil olunurdu və sədr vəzifələrini yerinə yetirirdi.  Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub və bundan irəli gələrək, Komissiyanın yeni rəhbərinin  təsdiqi formal prosedur məsələsidir. Prezident Administrasiyasının yeni rəhbəri Komissiyaya rəhbəri olaraq  təsdiqlənəcəkdir”.


Mərkəz sədri qeyd edib ki, Əfv Komissiyasının sədri ilə bağlı sadəcə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb:

“Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az  saytında əks olunması texniki məsələdir. Güman edirəm ki, COVİD-19 pandemiyası ilə bağlı bu texniki işlər gecikir”.

Ə.Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub:

“Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir.  Komissiyanın iclası koronovirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...