Modern.az

Elman Nəsirov Ramiz Mehdiyevdən qorxmadığını bəyan etdi - CAVAB

Elman Nəsirov Ramiz Mehdiyevdən qorxmadığını bəyan etdi - CAVAB

Parlament

26 Avqust 2020, 14:15

“Akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Bu da karantin rejiminin pozulması deməkdir. Həmin hadisə ilə bağlı deputat kimi mövqeyimi ifadə etmişəm. Tənqidi fikirlər səsləndirmişəm. Belə olan halda mən məhkəmə ilə təhdid olunmalıyam?!”.

Bu fikirləri Modern.az saytına açıqlamasında deputat Elman Nəsirov AMEA-nın prezidenti Ramiz Mehdiyevin dünənki açıqlamasında adının olmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, akademik Ramiz Mehdiyev sonuncu açıqlamasında bəzi şəxslərin ona böhtan atdığını iddia edərək adlar çəkib və onları məhkəmə ilə hədələyib.

“Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu ("Hürriyyət" qəzetinin təsisçisi kimi-red.) unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm”,-deyə Ramiz Mehdiyev hədələyib.


Deputat Elman Nəsirov isə hər hansı məhkəmədən çəkinmədiyini deyir. O qeyd edib ki, kimliyindən asılı olmayaraq karantin rejimini pozmaq olmaz:

“Bu, hüquq pozuntusudur. İnzibati məsuliyyət yaradır. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Hazırda pandemiya dövrünü yaşayırıq. Karantin qaydalarının tətbiq edilməsində məqsəd Azərbaycan vətəndaşının sağlamlığını qorumaqdır. Belə olan təqdirdə hər kəs qanuna tabe olmalıdır. Vəziəfli şəxsin məsuliyyəti adi vətəndaşın məsuliyyətindən daha böyükdür”.

Elman Nəsirov Ramiz Mehdiyevin açıqlamasını anlaya bilmədiyini də vurğulayıb:

“Sözün düzünü deyəndə məhkəməyəmi çağrılmalıyam?! Bu anlaşılmaz məsələdir. Üstəlik, sözün düzünü dediyimə görə, dövlətçilik təcrübəsi olan, uzun müddət yüksək vəzifələrdə işləmiş bir şəxs məni məhkəmə ilə təhdid edirsə, bu ümumiyyətlə anlaşılmazdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər