Modern.az

Azərbaycanda xeyriyyəçilik fəaliyyəti rəsmiləşdiriləcək - Komitə sədri

Azərbaycanda xeyriyyəçilik fəaliyyəti rəsmiləşdiriləcək - Komitə sədri

28 Avqust 2020, 09:53

“Yaz sessiyasında keçirə bilmədiyimiz bir neçə dinləmə var ki, payız sessiyasında keçirməyi düşünürük. Dinləmələr istər icra, istər qanunvericilik orqanları, istərsə də QHT, KİV-lər tərəfindən canlı müzakirə formasında aparılmalıdır”.


Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin payız sessiyası üçün  planlaşdırdığı məsələlər barədə danışarkən deyib.


Komitə sədri  xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun hazırlamağı düşündüklərini də bildirib:


“Belə bir qanunun hazırlanması o qədər də asan məsələ deyil. Bu işin rəsmiləşdirilməsi yalnız Milli Məclisin payız sessiyasında mümkün olacaq. Əgər çatdıra bilsək, payız sessiyasında qanunu birinci oxunuşda təqdim etməyi nəzərdə tuturuq. Çatdıra bilməsək, Milli Məclisin növbəti ildəki yaz sessiyasında müzakirəyə çıxaracağıq”.


Parlamentari belə bir qanunun hazırlanması üçün əvvəllər də fikirlər səsləndiyini qeyd edib:


“Bir neçə il bundan qabaq xeyriyyəçiliklə bağlı qanunun hazırlanması təklifini irəli sürsək də, həllini tapmadı. Artıq komitə və Milli Məclisin müvafiq şöbəsi bununla bağlı tapşırıqlarını verib. Hazırda başqa ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Hesab edirəm ki, payız sessiyasında Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsində xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Çünki xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara güzəştlərin tətbiq olunması və bu fəaliyyətin stimullaşdırılması çox vacibdir. Pandemiya dövründə nə qədər insanlarımız xeyriyyəçilik təşəbbüsü ilə çıxış edib”.


Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun yenidən müzakirə olunmasının vacibliyini vurğulayıb:

 

 “Parlamentin payız sessiyasında qapalı məkanlarda siqaret çəkmənin qadağan olunmasına dair müzakirələr aparmağı fikirləşirik. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqini keçirmişik. Qanun qəbul olunsa da, onunla bağlı deputatların da narazı qaldığı məqamlar  var. KİV-də də dəfələrlə məktəblərin yanında siqaret satılan köşklərin olduğu barədə məlumatlar gedib. Bəzi qapalı məkanlarda siqaret çəkilməsinə riayət edilmir. Bu məsələləri yenidən müzakirə etmək istəyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır