Modern.az

Azərbaycan radioları: Dinləyicisi azalan, potensialı çoxalan KİV

Azərbaycan radioları: Dinləyicisi azalan, potensialı çoxalan KİV

28 Avqust 2020, 12:30

Media  ölkədə və dünyada baş verən ən vacib hadisə və fenomenlər barədə məlumatlandırma və maariflənməni həyata keçirir. Bundan əlavə o, kütləvi ictimai şüurun formalaşması və təkamülündə mühüm rol oynayır. Bu məqalə ilə  kütləvi informasiya vasitəsi kimi radionun rolu və onun müasir dövrdə yeri, internetin mediaya hökmranlıq etdiyi vaxtda gənc nəsil arasında populyarlığına nəzər salmaq istəyirəm.

“Media və Kommunikasiya” dərsi üçün apardığım bu araşdırma üzrə əvvəl rəyimi soruşsaydılar,  bu günlərdə radionun həyatımıza dəyər qatmadığını  düşünənlər arasında olardım. Mən ümumiyyətlə, radio dinləmirdim. Lakin araşdırma məqsədi ilə bir müddət Azərbaycanda fəaliyyət göstərən müxtəlif radiostansiyaları dinləməli oldum və radioun heç də keçmişdə qalan  bir media vasitəsi deyil, əksinə, bu günlərdə  sosial mediadan belə az əhəmiyyətli olmayan və kütləvi şuura güclü təsir potensialı olan media vasitəsi olduğu qənaətinə gəldim.

İlkin seçim zamanı  ən çox diqqətimi çəkən iki FM dalğası - ASAN Radio və Avto FM idi. Hər ikisi də nisbətən yeni radiostansiyalar olsa da, gözləmədiyim qədər məlumatlandırıcı və maraqlı idi. Bu iki stansiya diqqətimi məlumatın darıxdırıcı olmadan yaradıcı şəkildə təqdim olunması ilə çəkdi. Anladım ki, musiqi və xəbərlər radioun təqdim edə biləcəyi yeganə məzmun deyil. Mürtaciət edilən mövzular və  dəvət edilən maraqlı qonaqlar  mədəniyyət, adət-ənənələr, səyahət, tarix və başqa mövzulardan söhbət edir, təcrübə və hekayələrini paylaşır, dinləyici suallarına cavab verərək çoxistiqamətli mövzulara marağı artırırlar. Bu günlərdə hər kəsin əsasən danışdığı bir dünyada, radiodan sadəcə dinləmək və öyrənmək gözəl hiss bağışlayırdı.

 

Radio media və kommunikasiya kanallarında mühüm yer tutur. Buna dair ilk elmi işlər 1927-ci ildə alman yazıçısı Bertolt Brext, daha sonra media nəzəriyyəçisi Volter Bencamin, ondan bəri isə çoxsaylı media və sosial tədqiqatçıların diqqətində olub. 20-ci əsrin əvvəlinin bu texnoloji inqilabını televiziya səs və vizual məlumatı birləşdirməklə arxa plana keçirdi. Lakin bu günün informasiya texnologiyaları radioya da eyni imkanları verir. Radio stansiyaları bir-birindən fərqləndirən əsas amil onların formatıdır. Bu format iki vacib elementi - məzmunu və auditoriyanı, yəni, stansiyanın nəyə və kimə xidmət etdiyini təsvir edir. Bu bölgü həm də musiqi məzmununa və ya ayditoriyanın yaş təbəqəsinə görə də aparıla bilər. Azərbaycanda format bölümü şərtidir- birformatlı radiostansiya, məsələn, rok musiqi radiosu və ya danışıq (“talk radio”) formatı kimi bir formata sahib stansiya tapmaq olduqca çətindir – səbəb isə, rəqabət qarşısında, bir çox radiostansiyaların bir neçə klassik formatı birləşdirərək yeni formatlar təqdim etməyə çalışmasıdır. Ölkəmizin radio dalğalarında təkformatlı radio nümunəsi kimi Lider Jazz FM və ya yalnız milli musiqi səsləndirən Azad Azərbaycan FM, məzmun baxımdan isə  əsasən sürücü ehtiyaclarına diqqət yetirən Avto FM və dövlət xidmətləri üzrə ixtisaslaşan ASAN Radionu gətirmək olar.

 

Azərbaycan Dövlət Radiosunun əsası 1926-cı il 6 Noyabr tarixində qoyulmuşdur. Elə eyni gündə ilk dəfə "Danışır Bakı!" ifadəsi səsləndirilmişdir. Dinləyicilər radionu təkcə Bakıda deyil, həmçinin ətraf qəsəbələrdə də dinləyə bilirdilər. Həmin illərdə bu hadisə böyük bir yenilik idi və Azərbaycanın siyasi və mədəni həyatına böyük təsiri olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa edilməsi Azərbaycan radiosu qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda ictimaiyyətə yaxın və açıq ünsiyyətə meylli proqramlara üstünlük verilməyə başlandı. Qarabağda erməni təcavüzkarlarına qarşı müharibənin başlaması ilə radio hər gün Müdafiə Nazirliyinin verdiyi məlumatları yayımlayırdı. 1993-cü ildə Azərbaycanda baş verən Gəncə hadisələri kimi böyük siyasi, sosial və iqtisadi hadisələr, ümummilli lider Heydər Əliyevin Bakıya dönüşü, Milli Məclisin iclaslarından canlı yayımlar, 20 sentyabr 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanma mərasimi və bir çox başqa taleyüklü yenilikləri xalq məhz  radiodan izləyirdi.

 

Müstəqillik illərində özəl radio kanalların yaranması və FM dalğasında istifadəyə verilməsi Azərbaycan radiosunun rəqabətli fəaliyyətinə və dinləyici kütləsinin parçalanmasına səbəb oldu. Hazırda Azərbaycanda ümumilikdə, 14 FM radiostansiyası fəaliyyət göstərir. Lakin FM radiostansiyaları son bir neçə ildə fəaliyyətini çətinliklə davam etdirirlər. Dinləyicilərin radioya olan marağının azalması, texnologiyanın sürətlə inkişafı və artan rəqabət fonunda radiostansiya idarəçiləri özlərini artıq əvvəlki kimi rahat hiss etməməyə başlayıblar. İnternet hazırda istifadəçilərə axtardıqları hər şeyi təmin edə bilir: musiqi, məlumat, cari xəbərlər, kitab və filmlər, mütəxəssislərlə ünsiyyət forumları, çıxışlar üçün platforma və s. Radionun dinləyicilərinə göstərə biləcəyi bütün xidmətlər artıq sosial şəbəkələrə köçmüş haldadır. Radionun “sağ qalmasına” kömək edən bəzi xüsusiyyətlər hələ də mövcuddur- məzmun unikallığı və spesifik məlumatların başqa yerdə tapılmaması. 1990-cı illərdə insanların müharibə xəbərlərini izləyə biləcəyi televiziya kanalları demək olar ki yox idi. Yuxarıda qeyd etdiyim kimi, məhz həmin dövrdə Azərbaycanda radio aparıcı yayım vasitəsinə çevrilmişdir. Bu gün isə dinləyicilərin axtardıqları fərqli məzmunları təqdim edən radio kanallar var. Məsələn, ASAN Radio istifadəçiləri maarifləndirmək və əyləndirmək məqsədi ilə tək ölkdə daxili deyil, qlobal ictimai məsələlərə nəzər salan "AvropadASAN" kimi proqramlar təklif edir.

 

Lakin radiostansiyalar onlayn mövcudluqlarını artırmasalar, onlar 21-ci əsrdə dinləyiciləri üçün cəlbedici olmayacaqları təhlükəsi ilə üzləşirlər. İndi radiostansiyalar veb-icmalar yaradaraq audio materiallarına əlavə olaraq şəkillər, videolar, maraqlı mətnlər, linklər paylaşır, Instagram-da səhifələr açırlar - bütün bunlar isə dinləyici auditoriyasını qorumaq və genişləndirmək üçündür. Aydındır ki, çox insan həftənin yeddi gününün iyirmi dörd saatını radionu dinləmir, buna görə də radiostansiyaların proqram cədvəlinin onlayn bölüşməsi dinləyicilərə istədikləri məzmunu tapmaqda kömək edə bilər. Buna misal olaraq yüksək izləyici sayında malik Facebook səhifələrinə sahib olan və hər gün yeniləyən ASAN Radioi və Avto FM göstərmək olar.

 

Bu məqalənin yazılışı üçün bu günlərdə gənc nəslin radioya ehtiyac duyub duymadıqlarını tapmaq məqsədi ilə sorğu keçirdim. Toplanmış və təhlil edilmiş nəticələr 18-54 yaş arası nəslin nümayəndələrinə aid idi. Gənc nəsil bu layihənin əsas hədəf qrupu seçilsə də, fikir ayrılıqlarını daha yaxşı başa düşmək üçün yaşlı nəsillərlə müqayisə etmək lazım idi. Sorğu iştirakçılarının əksəriyyətini qadınlar təşkil etdi (57%). Sorğuda iştirak edənlərdən doqquz suala cavab verilməsi istənilmişdir və suallardan ikisi açıq sual idi. Bundan əlavə, bütün çoxsaylı seçimlərdə iştirakçıların cavablarına izahat vermək və ya əlavə fikir bildirmək xahiş olunmuşdur.

 

Ümumiyyətlə, radio dinləyirlər mi, harada/günün hansı saatlarında dinləyirlər; hansı radio formatı növünə üstünlük verirlər və s. tipli suallar cavablandırılmışdır. Bəzi maraqlı nəticələr aşağıda gəstərilir.


Hansı media vasitəsinə üstünlük verdikləri sualına 76% iştirakçı sosial media; 73% onlayn media; 21% televiziya; 7% jurnal /qəzet seçmişdir və yalnız 4% radio cavab vermişdir. Belə nəticəyə gəlmək olar ki, azərbaycanlılar üçün radio məlumat mənbəyi kimi öz ilkin mənasını itirmişdir. Əvvəla, radio dinləyən şəxslər əsasən musiqi xatirinə radionu yandırırlar: 88% radionu yalnız arxa plan musiqisi kimi dinləyirlər. Baxmayaraq ki, bəzi iştirakçılar daha çox şeylə maraqlanır, məsələn respondentlərin 47% -i xəbər dinləyir. Yalnız 22% radiolarını işə saldıqları zaman maarifləndirici məlumatlar axtardıqlarını bidlirdilər.

 

Bu baxımdan düşünürəm ki, canlı müzakirələr və maarifləndirici proqramlar əsasən yaşlı nəslin marağına səbəb olur: bir qayda olaraq 30-50 yaş arası insanlar onları dinləyirlər. Amma gəncləri dərhal günahlandırmağa dəyməz: gənc nəsil çox vaxt internetdən istifadə edərək istədikləri məlumatı seçə bilirlər. Digər tərəfdən, uzun surən maarifləndirici mövzuları dinləmirlər və müsahiblərin uzun söhbətindən zövq almırlar. Oturub bu passiv biliyi dinləmək əvəzinə, məlumatı dərhal digər mənbədən tapmağa üstün tuturlar. Gənclər qısa və məqsədyönlü, daxırxdırmayan məzmun axtarışındadılar.

 

Növbəti olaraq, iştirakçılardan üstünlük verdikləri spesifik stansiyanın olub olmadığı soruşuldu. Təəccüblü deyil ki, ən çox seçilən stansiya Avto FM idi. Bununla əlaqədar, BBC 2016-cı ildə kiçik bir araşdırma aparıb və radionun həyatının əsas səbəbinin avtomobillər olduğunu təsdiqləmişdir.  Fakt budur ki, insanların çoxu evdə rahat bir kresloda deyil, yalnız yolda şəxsi maşınlarında radio dinləyirlər. Burada 2020-ci ilin may ayında “Business Insight” tərəfindən keçirilən "Avtomobil sürücülərinin dinlədikləri radio kanalları" mövzusunda araşdırma hesabatına kiçik bir istinad etmək istəyirəm. Bu hesabata görə iştirakçıların 70% -i sükan arxasında olarkən radioya qulaq asdıqlarını demişdilər. 30% -i avtomobili idarə edərkən radioya qulaq asmır və bu hissənin əksəriyyətini gənclər təşkil edir.

 


Cari sorğuya qayıdaq- verilən suallardan biri radioların yoxa çıxdığı təqdirdə iştirakçıların bunu nə qədər hiss edəcəkləri ilə bağlı idi. Bu suala cavablar olduqca fərdi və bənzərsiz idi və bəzi fikirlər aşağıda vurğulanır.


“... zamanla texnologiyalar dəyişir. Bir gün radio kasetləri qramafon disklərini əvəz etdi, sonra CDlər radio kasetləri əvəz etdi, ən axırıncı mp3 ilə əvəz olundu. Deməli, radio da yoxa çıxa bilər..."

“ ...Aparıcıların/spikerlərin/şərhçilərin həzin səsi gələndə radionun stress dağıdan, sakitləşdirici effektini hiss etmək olur. Bu çox xoşagələndir və mən düşünürəm ki, bir çox insanın radioya qulaq asmasının əsas səbəbi elə məhz bu duyğuları yaşamasıdır. Ona görə də düşünürəm ki, bu məni çox dərindən narahat edərdi…”

“…Çoxluq informasiyanı “müasir yollarla” qəbul etməyi üstün tutsa da, radio buraxılışların davam etdirilməsi vacib bir məsələdir. Çünki həyatlarını yollarda keçirən bir çox insanlar(taksi sürücüləri, yükmaşını sürücüləri, ictimai nəqliyyat sürücüləri, və s.)radio olmasa, yeni xəbərləri izləyə bilməzdilər...”

“…Mən biraz köhnə fikirliyəm, gələcəyi radiosuz düşünə bilmirəm. Düşünürəm ki, gələcəkdə də radio kütləyə məlumat, maarifləndirici kontent, əyləncəli kontent ötürücüsü kimi vacib rol oynaya bilər...”

 

 Medianın bir növü olaraq insanların radioya heç də diqqətsiz yanaşmadıqlarını görə bilərik. Amma bu cavablar nəzərimizi texnologiyalardakı davamlı yeniliklərin maraqlı həqiqətinə gətirib çıxarır. Bütün hesabatlar və reytinqlər radiostansiyaların yavaş-yavaş, lakin şübhəsiz ki, izləyicilərini itirdiklərini göstərir. Bu, bir çox amillərin təsirindən əmələ gələn təbii bir prosesdir: auditoriyanın yaşının dəyişməsi, texnoloji tərəqqi və internetin inkişafı, nəticədə - yeni məlumat mənbələrinin və məlumat artıqlığının yaranması. Dinləyici itkisi maliyyə itkisinə, bu da yayım məzmununun keyfiyyətinin aşağı düşməsinə səbəb olur və qalan izləyiciləri uzaqlaşdırır. Bəli, gündəmlə ayaqlaşmaq çətindir, amma nəyə görə yoxa çıxmaq əvəzinə, mövcud texnologiyadan istifadə edib inkişaf etməyək?


Məsələn, ASAN Radio 2-3 dəqiqə davam edən Azərbaycan kinosu, Azərbaycan tarixi kimi marrifləndirici məzmun təklif edir. Bu format diqqət davamsızlığı xas olan gənc nəslə müəyyən bir intellektual  və ya məşhur insan haqqında qısa məlumat əldə etməyə kömək edir.


Sonda qeyd etmək istərdim ki, radio digər media kanallarına nisbətən daha məxsusi bir KİV-dir. İnsanlar bəzən radionun yalnız səslərdən ibarət olmadığını, həm də hər dinləyicinin düşüncəsində maraqlı bir mənzərə yaratdığını unudurlar. Bu yanaşmanı kitab oxumaqla film izləmək arasında olaq müqayisəyə bənzətmək istərdim. Kitablar oxuyuculara hekayənin bir hissəsi olmağa, təxəyyülümzdən istifadə etməyə və hadisələri özümüzün vizuallaşdırmağına imkan verir. Bir kitab kimi, radio da baş verənləri fərdi şəkildə təsəvvür etməklərində sərbəstlik verir. Görünən odur ki, Azərbaycan radiosu ölkənin ən çox tələb olunan media vasitəsi deyil. Bununla yanaşı, internetdəki hər bir məzmunun izləyiciyə uyğunlaşdırdığı bir dövrdə, radio insanlara seçim azadlığı və təsəvvürlərində milyonlarla fərqli təsvir sərbəstliyi verir - və bu, qətiyyətlə kənara atılacaq bir amil deyil. Radionun kütləyə təklif edə biləcəyi hələ çox şey var: xüsusi, keyfiyyətli musiqi kanallarından tutmuş internetə və ya kompüterə ehtiyac olmadan əldə edilə bilən “Asan” tipli faydalı məlumatlara qədər və ya yerli yayıma diqqəti cəmləyərək qarşıdaki cari nəqliyyat proqnozu, hava şəraiti, əsas hadisələr və s. Araşdırmamızın göstərdiyi kimi, radio hələ də köhnə nəsillər üçün həyatın dəyərli bir hissəsidir və şübhəsiz ki, müxtəlif yenilikçi məzmunlar vasitəsilə gənc nəsillərə də çatdırıla bilər.

 

Lalə Sadıxova,
ADA Universitetinin İctimai İdarəetmə proqramının bakalavrı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır