Modern.az

KİV-ə Dövlət Dəstəyi Fondu qəzetlər və jurnalistlər üçün yeni müsabiqələr elan etdi

KİV-ə Dövlət Dəstəyi Fondu qəzetlər və jurnalistlər üçün yeni müsabiqələr elan etdi

19 Yanvar 2010, 18:09

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün fərdi jurnalist yazılarının və KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edib. Bu barədə Modern.az-a fonddan məlumat verilib.

Jurnalist müsabiqəsi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

 - Azərbaycan Respublikasında söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti haqqında həqiqətlər;

- Qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və təbliği. Novruz - yeni il, yeni arzular bayramıdır;

- Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət və onun praktiki nəticələri;

- 2010 – ekologiya ilidir: ekologiya və ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur;

-  Azərbaycan regionları dünən və bu gün: dövlət proqramlarının həyata keçirilməsinin praktiki nəticələri;

- Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir). 
5. Yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

 Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.  Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 
Hər mövzu üzrə maksimum 60 bal müəyyən olunacaq. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.
Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Fondun 2009-cu ildə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin bu müsabiqədə iştirakına icazə verilmir.
Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),  A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları Fonda təqdim olunmalıdır.
Nəticələr martın 20-dək elan ediləcək. Yazılar və sənədlər Fonda şəxsən 2010-cu il 19 yanvardan 01 martadək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək təqdim edilə bilər.

KİV-lər və jurnalist təşkilatları üçün müsabiqə 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.  
Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV və jurnalist təşkilatlarının layihələri maliyyələşdiriləcək:

- Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi,  insan hüquq və azadlıqlarının müdafiəsi;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- İnformasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi;
- KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi;
- Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik;
- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Müsabiqədə aşağıdakı qurumlar iştirak edə bilərlər:

- Müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər;
- Müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar;
- Müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, son 1 ildə müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri;
- Dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ən azı bir illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist birlikləri (yalnız 1-4-cü istiqamətlər üzrə).

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
- Əsasən reklam və erotik xarakterli materiallar dərc edən; 
- Təsisçisi dini qurumlar və dini icmalar olan;  
- Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan; 
- Xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;
- Təsisçiləri dövlət orqanları olan.

Maliyyə yardımının ayrılmasında aşağıdakı meyarlar əsas götürülür:

- Layihə təklifinin müsabiqə istiqamətlərinə uyğunluğu;
- Layihə təklifinin aktuallığı və orijinallığı;
- Layihənin məqsədinin aydınlığı və konkretliyi;
- Layihənin fəaliyyət planının inandırıcı olması;
- Layihənin həyata keçirilməsində gözlənilən nəticələrin səmərəliliyi;
- Layihənin büdcəsinin reallığı;
- Layihənin davamlılıq göstəriciləri;
- Ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu.

Hər layihə üçün maksimum məbləğ 15 000 (on beş min) manat müəyyən edilib.
Hər qurum bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə ən çox bal toplamış 5 layihə maliyyələşdiriləcək.

Ərizələr 19 yanvardan 01 mart tarixinədək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Nəticələr martın 20-dək elan ediləcək.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı