Modern.az

“Şahmaram, qüdrətim şahmar olmadı...”

“Şahmaram, qüdrətim şahmar olmadı...”

29 Avqust 2020, 15:39

(esse)

 

Hər ilin avqustu gələndə şair dostum

Şahmar Əkbərzadəni xatırlayıram...

O, həmin ayın son günü dünyasını dəyişib.

 

Mən Şahmarı ilk dəfə harada görmüşəm?

Xatırlayıram, ötən əsrin 70-ci illərinin əvvəllərində böyük şairin adını daşıyan bağda ənənəvi Sabir poeziya bayramının keçirildiyi günəşli bir yaz günü idi. Vaxtilə  mənimlə BEMZ zavodunda birgə çalışmış, ixtisasca energetik-mühəndis olan, maraqlı şeirlər müəllifi, ciddi ədəbiyyat həvəskarı Lətif Quliyev bizə yaxınlaşan ucaboy, qaraşın, qıvrımsaç adamı mənimlə tanış etdi:

-Bir-birinizlə yaxından tanış olun. Gələcəkdə bu tanışlıq dostluğa çevrilə bilər.

Biz  əl verib tanış olduq:

-Firuz.

-Şahmar.

Lətif ümumi tanışlıq üçün bizim “yaradıcılığımız” barədə müxtəsər məlumat da verdi. Mən o vaxtacan Şahmarın bir neçə şeirini oxumuşdum.

Yeni tanışım diqqətlə üzümə baxıb soruşdu:

-Bəs sənin ədəbi imzan, familiyan necədir, dədə?

-Sadəcə Firuz Mustafayev, -deyə, cavab verdim.

O, yenə israrla soruşdu:

-Firuz Mustafazadə sən deyilsən ki?

Ümumi dostumuz Lətif gülə-gülə söhbətə qarışdı:

-Şahmar, düz tapmısan, elə həmin imzanın sahibi bu özüdür ki var. Firuz hərdən öz yazılarını “Mustafazadə” imzası ilə çap etdirir. Yəni biləsən ki, sizin hər ikiniz “zadə”siz.

Şahmar da güldü və böyük Sabirə işarə ilə dedi:

-“Bəyzadələriz, xanzadələriz, qafqazlılarız”... – Və sonra əlavə etdi: -Dədə, Firuz  Mustafazadə imzası mənə çıx yaxşı tanışdır. Hətta, bu yaxınlarda “Bakı” qəzetində Mustafazadənin bir “podporka”sını oxumuşdum. Çox bəyənmişdim. Nüsrət Kəsəmənlidən müəllifin kimliyini soruşanda demişdi ki, cavan bir oğlandır... Tanışlıqdan çox məmnun oldum... Lətif, sən də sağ ol ki, məni belə bir istedadlı qardaşla tanış elədin.

Doğrudan da bu tanışlıq, zaman keçdikcə möhkəm dostluğa çevrilməyə başladı.

Biz sonra elə Sabir bağındakı məşhur çayxanada pürrəngi çay içə-içə müxtəlif mövzularda, ən çox da ədəbiyyat, habelə işığına toplaşdığımız Sabir və onun dərd dolu poeziyası barədə bir xeyli söhbət etdik. Sanki öz poetik günlərinin, öz bayramının iştirakçısı olan, bizdən beş-altı addım kənarda “dayanmış”  böyük Sabir də o günkü söhbətimizi dinləyirdi...

Mən tələbə olarkən arada Şahmarla onun çalışdığı “Azərbaycan gəncləri” qəzetində görüşürdüm. Sonra iş elə gətirdi ki, təyinatla əvvəlcə Saatlı rayonuna müəllim işləməyə göndərildim, bir müddət sonra isə ərizə yazıb könüllü  hərbi xidmətə getdim.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda uzun müddət özümə iş yeri tapa bilmədim. Həmin dövrdə radio, televiziya və qəzetlərə əməkdaşlıq edir, qonorar hesabına dolanırdım. Yalnız iki-üç  ildən sonra vaxtilə Az.Tv-dən tanış olduğumuz  yazıçı-publisist Yusif Kərimovun təklifi ilə “Azərbaycan gəncləri” qəzetinin “ədəbiyyat və incəsənət” şöbəsində ədəbi işçi kimi fəaliyyətə başladım. Şöbə müdirimiz şair Tofiq Mütəllibov idi. Az sonra həmin şöbə iki yerə bölündü. Publisistika şöbəsinə Şahmar, ədəbiyyat şöbəsinə Tofiq rəhbərlik edirdi. Hər iki şöbə iri bir otaqda yerləşirdi ki, orada da cəmi dörd əməkdaşı əyləşirdi- adını çəkdiyim şöbə müdirləri və həmin şöbələrin ədəbi işçiləri. Axırıncı “vəzifənin” daşıyıcıları, yəni ədəbi işçi  Hidayət Elvüsal (Nağıyev) və mən idim. Hidayətlə mən maaş almırdıq, qonorarla kifayətlənməli olurduq.

İndi biz Şahmarla hər gün görüşürdük. Elə o vaxtdan etibarən bir-birimizə “dədə”- deyə, müraciət edərdik.

Bizim redaksiyadakı otağımıza kimlər gəlmirdi? Bəxtiya Vahabzadə, Hüseyn Arif, Arif Məlikov, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Nəriman Həsənzadə,  Əlfi Qasımov, Nahid Hacızadə, Həsən Turabov, Zəlimxan Yaqub, ...

Mən elə qəzetdə işlədiyim ilk ildə aspiranturaya daxil oldum. Rəsmən  işimdən azad olunsam da redaksiyadakı masam uzun müddət, yəni 90-cı illərdə qəzet bağlanana qədər öz “nəzarətimdə” qaldı. Hətta Elmlər Akademiyasında istədiyim vaxtlarda belə, gedib orada yazı-pozumla məşğul olmaq imkanım öz “qüvvəsini” saxlamaqda idi.

Redaksiyada mənim bir xeyli dost-tanışım malıçırdı. Amma Şahmarla dostluğumuzun xüsusi yeri vardı. Bizi bir-birimizə daha çox yaradıcılıq telləri bağlayırdı. Bir də görürdün ki, Şahmar cibindən çıxartdığı bir qalaq kağızı stolun üstünə qoyub, eynəyini gözünə yaxınlaşdırdı, qələmini əlinə alıb gur səslə yeni yazdığı şeirlərdən  birini oxumağa başladı.

O, demək olar ki, həmişə şeir oxumağa hazırlaşanda belə deyərdi:

-Dədə, bax bu şeirin siftəsini sənə oxuyuram. Sən nə düzəliş etsən, mən ikiəlli razı olacam.

 

...O zamanlar Şahmarın  “Mərkəzi poçtxana”,  “48 ölçülü qadın paltarı” şeirləri poeziyasevərlərin dilinin əzbəri idi.

 

Geyimlər görəndə,ana, hər dənə

48 ölçüdə qalar gözlərim.

Cibim pullarımın qəbrinə dönər,

Titrəyər dizlərim, dolar gözlərim.

 

 Onun vətənpərvərlik hissi ilə yoğrulmuş misraları da tez-tez ekran və efirdə, gur məclislərdə səslənərdi. Onun ilham mənbəyi bu Vətən idi, təbii ki, bir dəboya-başa çatdığı Qarabağ tirpağı...

Şahmarın dostlarının əksəriyyəti özündən böyük, yaşlı adamlar idi: Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Xudu Məmmədov... Onun böyük qırğız yazıçısı Çingiz Aytmatovla da yaxın, doğma münasibəti vardı. Onu da xatırlayıram ki, 80-ci illərin ortasında Çingiz ağa Bakıya, Bəxtiyar müəllimin yubileyinə məhz Şahmarın təklifi, təşəbbüsü ilə gəlmişdi.

Bizim Şahmarla bir neçə “şərikli”, qoşa imza ilə yazılmış publisistik yazımız da çıxmışdı qəzetlərdə. Onun xüsusən xalq yaradıcılığı, el sənəti ilə bağlı yazıları geniş əks-səda doğururdu.

Bir dəfə Az.Tv-də ədəbi-dram verilişləri Baş redaksiyasının rəhbəri Nadid Hacızadə söhbət əsnasında mənə dedi:

-Sənin tələbə dostun Tofiq Xəlilovun şöbəsində təzə veriliş açmışıq. Verilişin adı “Politra” olacaq. Sən öz yaşıdlarını, nisbətən cavan, istedadlı qələm sahiblərini məndən daha yaxşı  tanıyarsan. O verilişi aparmaq üçün kimin namizədliyini təklif edərdin?

Mən fikirləşmədən Şahmar Əkbərzadənin adını çəkdim. Nahid müəllim əlini ürəyinin üstünə qoyub ürəkdən güldü və dedi:

-Hə, pis “kandidatura” deyil. Mən də Şahmarın şeirlərini çox bəyənirəm. Yəqin ki, gülməyimin də səbəbini özün yaxşı bildin.

Əlbəttə, “səbəb” mənə də, (hətta bildiyim qədər Şahmarın özünə də) yaxşı məlum idi. Bu barədə Nahid Hacızadə  sonralar qələmə aldığı xatirələrdə yazırdı ki, bir dəfə çəkilişdən sonra çay içmək qərarına gəldik. Qonşu stolda çay dəsgahı qurulmuşdu. Oradakıların çoxu yazı-pozu adamları idi. Bizi də öz stollarına dəvət etdilər. Etiraz etmədik. Söhbət müasir poeziyadan düşdü. Oradakılardan biri dedi ki, indi yaxşı şeir, yaxşı şair yoxdur. Nahid müəllim sözünə davam edərək yazır: “Mənimlə üzbəüz oturmuş qıvrım saçlı, qaynar baxışlı kişi bu sözləri deyən adama çevrilib əsəbi : -Dədə,-dedi, -gərək insafı itirməyək. Söz deyəndə ehtiyatlı olaq...” Və qarşımdakı adam müasir poeziya haqda ətraflı, maraqlı bir söhbət elədi.  Nahid Hacızadə daha sonra söhbətə qoşulduğunu, qarşısındakı adamın çıxışına dəstək verdiyini vurğulayaraq yazır: “Xahişim budur ki,  “Mərkəzi poçtxana” və   “48 ölçülü qadın paltarı” şeirlərini tapıb oxuyun. Necə gözəl şeirlərdir. Adam qibtə edir o şeirlərin müəllifinə. O köpəkoğlu (bu ifadəyə görə Şahmarın ruhundan və oxuculardan dönə-dönə üzr istəyirəm-N.H.) gör necə incilər yaradıb. Məncə o şeirlərin hər ikisi şedevrdir...

Qarşımdakı adamdan gözlədiyimdən tam fərqli sözlər eşitdim:

-Nahid müəllim, sizə böyük hörmətim var,-dedi. - Başqası olsaydı, bəlkə də onunla ayrı cür danışardım. Sizin bacıoğlunuz Firuzla dostluğum da qabağımı kəsir...” Sən demə, təriflənən şeirlərin müəllifi qarşıdakı adamın özü, yəni Şahmar imiş.

Nahid müəllim məhz bu söhbəti xatırlayıb belə ürəkdən gülürdü.

Mən elə həmin anlarda Şahmarın hələ 1977-ci ildə yazdığı “Mərkəzi poçtxana” şeirindəki bu misraları xatırladım:

 

İndeksi olmayan bu məktubları

Yalqız yuvalara çatdır bir təhər.

Həsrətim oranı isitsin barı,

Sahibi qürbətdən gələnə qədər.

 

“Politra” verilişi ilə bağlı söhbət əsnasında Nahid Hacızadə ciddiləşib dedi:

-Bilirsən ki, elə mən də  Şahmın yaradıcılığını bəyənirəm. Tez-tez onu verilişlərə dəvət edirik. Amma bu veriliş elə adından göründüyü kimi, rəssamlar, heykəltəraşlar haqda olacaq.  Axı Şahmar...

Mən tez müdaxilə elədim:

-Əvvəla, Şahmar rəssamlığı sevən, duyan adamdır. İkincisi də, o, sözlə rəsm çəkir, heykəl yapır...

Tezliklə Şahmar “Politra” verilişinin aparıcısı oldu. Hətta, arada bir-birimizə zarafatla deyərdik: “Dədə, “Politra”dan “pollitrə” keçmək pis olmazdı...” Bu söhbətdən çox-çox sonralar Nahid müəllim mərhum dostumuz Şahmar haqda yazdığı xatirələrə belə bir başlıq qoymuşdu: “O, sözdən heykəl yonurdu...”

Şahmar gur səsə, aydın nitqə, maraqlı jestikulyasiyaya malik bir adam idi. Ehtirasla şeir deməyi, gözəl rəqs etməyi vardı. Biz dostlar adətən məclislərdə, yığıncaqlarda Şahmarı masabəyi seçərdik.

Şahmar mənim toyumun da tamadası, daha doğrusu yüksək səviyyəli “aparıcısı”  olmuşdu. Yadımdadır, qohum-qardaşın çoxu sonralar söhbət düşəndə  deyərdilər ki, görəsən, Şahmar müəllim bizim toyun da tamadası olmağa razılıq verərmi? Mən gülüb deyərdim ki, axı o kişi siz deyən tamadalardan deyil, şairdir, yalnız dost toyunun aparıcısı ola bilər.

 

...Şahmar “Azərbaycan gəncləri” qəzetindən sonra bir müddət “Kommunist” (sonralar “Xalq qəzeti” adlandırılan) qəzetində çalışdı. Biz yenə mütəmadi görüşür, dərdləşir, fikir mübadiləsi aparırdıq.

Bir dəfə Şahmar söhbət əsnasında dedi:

-Polad Bülbüloğlu ilə bir tədbirdə görüşdük. Mənə təklif etdi ki, gəl Mədəniyyət Nazirliyinin nəzdində bir qəzet yaradaq, sən də ol Baş redaktor. Dədə, bilmirəm bu təklifə nə cavab verim? Qalmışam odla su arasında...

Gülüb dedim:

-“Hə” de, qurtarsın getsin. Ta niyə özünə dərd edirsən ki?

Şahmar diqqətlə üzümə baxıb dedi:

-Yaxşı, dədə, onda belə edək... Mən Polada razılıq versəm, gərək sən də mənim təklifimə razılıq vetəsən.

-O nə təklifdir elə?

-Yeni qəzetdə birlikdə işləyək.

Mən dedim:

-Mənim burada, Akademiyadakı işlərim pis deyil. Elmi tədqiqatla məşğul olur, aspirantlara, tələbələrə dərs deyirəm, radio-televiziyada verilişlər aparıram...

Şahmar dilləndi:

-Yaxşı, onda əməkdaşlıq edəcəyinə söz ver. Qəzetin qonorarı da olacaq.

-Hə, ona baxarıq,-deyə cavab verdim...

Mən təzə nəşrə başlayan “Mədəniyyət” qəzetinə tez-tez məqalələr yazmağa başladım.

Sonralar, aradan bir xeyli müddət keçəndən sonra Şahmar mənə dedi:

-Dədə, onsuz da vaxtın boldur. Özün də maşallah, enrjili adamsan. Bir də görürsən mən günlərlə buralarda olmuram, qəzetin çapı ləngiyir. Gəl bu qəzetdə əl-ələ verib içləyək.

Beləliklə, mən bir müddət qəzetdə Baş redaktorun müavini, sonralarsa Baş redaktor vəzifəsinin icraçısı oldum...

Günlərin bir günü səhər tezdən redaksiyaya gələrkən eşitdiyim xəbər məni sarsıtdı: “Şahmar dünən axşam vəfat edib...”

Budur, indi gündəliyimin və “Mədəniyyət” qəzetinin saralmış səhifələrini vərəqləyirəm. Həmin günlərin acı təəssüratı Şahmarın ömrü kimi saralıb-solmuş vərəqlərdə və yaddaşımda yaşayır.

 

1 Sentyabr 2000-ci il.  “Gündəlikdən” sətirlər.


 Sentyabr ayının 1-dir. Bu gün Şahmarın sevimli nəvəsinin ad günü olmalıdır.

Amma Şahmar daha yoxdur.

Səhər tezdən radaksiyaya gələrkən əməkdaşların üzündəki qəribə, hüznlü ifadənin səbəbini öyrənməyə çox vaxt tələb olunmadı. Kimsə astadan dedi: “Şahmar müəllim dünyasını dəyişib”. Sanki dünya başıma hərləndi...

Şahmarın mənzili redaksiyanın yerləşdiyi binanın yaxınlığındadır. Bu beşaddımlıq yolu getmək mənə dağlar aşmaq, yoxuşlar qalxmaq qədər çətindir.

“ƏCƏL YAMAN QOVUR MƏNİ...”

Onunla görüşüb ayrılmağımızdan cəmi bir gün keçib. Belə götürəndə bizi ayıran zamanın məsafəsi günlə yox, saatlarla, dəqiqələrlə hesablana bilər.

Bu söhbət, bu dialoq da dünən olmuşdu:

  • -
  • - Salam, dədə! Necəsən?
  • -..

Bəli, dünənki, yəni avqustun son günündəki səhərimiz də həmişə olduğu kimi, bu cür “ənənəvi” mükalimlələrlə açıldı.

Bir az ordan- burdan söhbət etdik.

Dedi:

  • -Maşallah, gözümə yaxşı dəyirsən, dədə...
  • -Dünənkinə baxanda, sən də bu gün qıvraq görünürsən.

Ürəkdən güldü:

  • -Elədir... Dədə, evdəkilərə bildirmədim, dünən halım lap xarab idi... Az qala keçinmişdim...
  • -Allah eləməsin. Niyə? Nə olmuşdu ki?..

-Əşi, bütün gecəni futbola baxmışam... Qapı-pəncərələr də açıq... Sonra özüm-özümü danlamışam ki, bu nə cavanlıqdı edirəm... Ta qoca kişiyəm... Niyə özündən muğayat olmursan, ay qoca Şahmar? Düz demirəm?...

...Budur, indi həmin günün, yən 30 avqustun təəssüratı maqnitofon lenti kimi qulaqlarımda səslənir, kino lenti kimi gözlərim önündən gəlib keçir... Biz o gün nələrdən, kimlərdən danışdıq?.. Hansı mövzulardan söhbət açdıq?.. Onu nəsə incidən bir hadisə baş vermişdi ki?.. Bəlkə kiməsə hirslənmiş, əsəbləşmişdi?..

Şahmar Əkbərzadəni tanıyanlar yaxşı bilir ki, o təbiətən coşğun, çılğın, emosional adam idi. Bəzən adi bir sözdən alınar, əsəbiləşər, tez reaksiya verərdi... Amma həmin gün onun ovqatı yaxşı idi. Deyib-gülürdü. Bir-iki gündən sonra Kiprə - poeziya festivalına gecədək...

30 avqustda biz onunla yenə ədəbiyyat, poeziya barədə söhbətləşdik. Yeni əsərlərdən danışdıq...

...Onun öz təkidi ilə “Mədəniyyət”ə təqdim etdiyim, hissə-hissə çap olunan “Müqəvva” pyesini təriflədi.

...Hər gün olduğu kimi yenə Qarabağdan söhbət düşdü. Kimlərisə qınadıq, kimlərisə söydük...

...Evinə zəng vurdu – nəvəsinin 4 yaşı tamam olurdu, axşamı “yubileyə” getməyə hazırlaşırdı...

... Və nəhayət, saat dörd radələrində  görüşüb-öpüşüb ayrıldıq. Mən hələ redaksiyada qalıb işləmək istəyirdim... Həmin günün olaylarını yada salanda qəribə bir epizodu da xatırlayıram: arada Şahmar söhbət edə-edə açıq pəncərəyə yaxınlaşaraq yaxınlıqda yerləşən “Yasamal qəbristanlığına” sarı boylanıb dedi:

  • Dədə, dünən bir şeir yazmişam. Özü də deyəsən, şedevr alınıb.
  • Sənin yazdığın şeir başqa cür ola bilməz ki... İstəyirsən, oxu. Qoy qulağımız təzə bir söz eşitsin...
  • Yox, dədə, qalsın sonraya... Bir də ki, o şeir oxumaq üçün deyil.

Mənim təəccübümü görüb gülümsədi:

- Sinə daşına yazılacaq... Bir yaxın adamın xahişi ilə düzüb-qoşmuşam...

Mən tutuldum:

- Epitafiya da şeir  formasıdır... Nə olar ki...

O, mənim nəyə işarə etdiyimi duyubmuş kimi qəhqəhə çəkib güldü. Bunun da öz səbəbi vardı: iki-üç gün əvvəl tez-tez ithaf şeirləri yazan bir şair dostumuz yaxın vaxtlarda rəhmətə getmiş tanışına həst etdiyi təzə şeiri redaksiyaya gətirmişdi. Şahmar şeiri oxuyub müəllifə demişdi:

- Sən canın, rəhmətə gedənlərə az şeir yaz...

İndi hər ikimiz həmin hadisəni xatırlamışdıq. Şahmar mənə baxıb gülümsədi:

  • İnnən belə ölənlər haqda şeir yazmayacağam, dədə...

Görəsən bu, nə idi? Alın yazısı, yoxsa ürəydamma? Tale, yoxsa qəzavü-qədər?.. Bilmirəm. Bircə onu bilirəm ki, hər təzə şeirini sevinə-sevinə oxuyan Şahmar həmin gün sinədaşına yazdığı misraları – epitafiyanı oxumadı, bunu  sonraya saxladı.

...Və mən indi bu sətirləri yazarkən bir neçə gün öncə “Haqqa pəncərə” kitabını vərəqləyə-vərəqləyə arabir öz şeirlərinin şah misralarını oxuyan Şahmar Əkbərzadənin gur səsini yenidən eşidirəm:

 

Ovut bircə hovur məni,

Əcəl yaman qovur məni...

 

Şahmar Qarabağ faciəsindən dolayı çox dərd çəkirdi. “Dərd çəkir” ifadəsi onun keçirdiyi ağrılarla müqayisədə əlbəttə, çox yumşaq səslənir. O, baş verənlərlə heç cür razılaşa, barışa bilmirdi:

-Dədə, mən palıd kimi sağlam adamam. Məni öldürsə Qarabağın dərdi öldürəcək. Xudu da o dərddən öldü… Amma istəyirəm ki, Qarabağ azad olandan sonra ölüm…

 

…Odlu-alovlu. Emosional, çılğın, həssas Şahmar... Biz bu son illərdə onunla demək olar ki, hər gün görüşərdik. “Mədəniyyət” qəzeti redaksiyasının soyuq divarları onun odlu nəfəsi ilə qızınardı... Məclislərdə şeir deyərdi – salon səsindən titrəyərdi... Şaqraq gülüşü  uzaqdan eşidilərdi.

        Bəli, biz onunla sonuncu dəfə avqustun 30-da son dəfə görüşdük. Üz-gözündən işıq yağırdı. Dedi ki, bilirsən niyə sevinirəm? Bu gün nəvəmin – Səmanın ad günüdür, dörd yaşı olur, ora tələsirəm. Sonra özünəməxsus şirin bir ləhcədə uşağın dilindən eşitdiklərini danışdı. Axırda “Nəvə ayrı şeydir... Dövlətdə dəvə, övladda nəvə” – dedi. Mən onu təbrik etdim: “Nəvə toyu görəsən”. Görüşüb-öpüşüb ayrıldıq. Səhər qəzet çıxan günü idi. Vədələşdik ki, tezdən görüşək. Sözünün üstündə durmadı, gəlmədi Şahmar...

O, iki gündən sonra Kiprə,  Uluslararası Poeziya Festivalına gedəcəkdi. Getmədi. Gedə bilmədi.

 

Bəxtin gözlənilməz günlə rastlaşar,

Odun da, gözün də Şahmarsızlaşar,

Dadın da, duzun da Şahmarsızlaşar,

Ayırar bu dünya  bizi nə vaxtsa.

 

Dünya dostları, doğmaları bir-birindən ayırır... təzədən görüşdürmək üçün.

Əlvida, Şahmar.

Görüşənədək, Şahmar.

 

…Gözlərim önündə tez-tez əziz dostumun nurlu çöhrəsi canlanır, onun dağ çayları kimi çoşqun səsini eşidir, dağ mehri kimi xəfif nəfəsini dinşəyirəm.

Qulağımda Şahmarın gur səsi əks-səda verir:

“Məni şah elədi həsrətə dünya...”

 


Firuz MUSTAFA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər