Modern.az

Təcili yardım niyə təcili gələ bilmir?

Təcili yardım niyə təcili gələ bilmir?

16 İyun 2012, 09:46

Baş həkim: “Ambulans üçün mütləq ayrıca yol zolağı olmalıdır”


Adı “Təcili və Təxirəsalınmaz Tibbi Yardım” olsa da, çox vaxt bu “yardım”ın gecikməsi xəstənin canını Allaha tapşırması ilə nəticələnir. Amma gündəlik müşahidələrimiz göstərir ki, bu məsələdə həkimləri bir mənalı şəkildə günahlandırmaq, qınamaq düzgün olmaz. Düzdür, işinə səhlənkar yanaşan, düzgün qurmayan təcili tibbi yardım stansiyaları və həkimlər var. Amma problemin kökü bu məsələ ilə bağlı deyil. Təcili tibbi yardım maşınlarının çağırılan ünvana vaxtında çata bilməməsinin səbəbləri var: küçələrin darlığı, ünvanların dəqiq olmamasının və s. Amma ən əsas səbəb küçələrdə yaranan tıxacdır.

Qeyd edək ki, xarici ölkələrin əksəriyyətində bu problem həll olunub. Yolların kənarlarından ambulans və yanğından mühafizə maşınları üçün xüsusi yol ayrılıb. Həmin yollarda digər avtomobillərin hərəkəti qəti qadağandır. Əgər ambulans yoluna digər avtomobil çıxarsa, sürücü yüksək məblğdə cərimə olunur.

Fikirlərinin öyrəndiyimiz Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov yolların tıxac olması səbəbindan təcili yardım maşınlarının çağırış ünvanına vaxtında çata bilmədiyini təsdiqlədi. Baş həkimin sözlərinə görə, hazırda şəhərin ən gur hərəkətli yolları Azneft dairəsi, Nəsimi bazarının yaxınlığı və Dərnəgül ərazisi, Bakıxanov, Neftçilər, Tbilisi prospektləridir ki, bu istiqamətdə çağırış olanda həkimlərin mənzilbaşına çatmaları üçün böyük problemlər yaşanır. “Sonrakı mərhələ isə xəstənin lazımi xəstəxanaya aparılmasıdır. Yolların tıxac olması və həkimlərin gecikməsi bəzən ağır xəstələrin həyatı bahasına başa gəlir”.

M.Həmidovun sözlərinə görə, əvvəllər yollarda təcili tibbi yardım maşınları üçün zolaq ayrılıbmış. Həmin zolaq ambulans maşınlarının çağırışlarına vaxtlı-vaxtında çatması üçün nəzərdə tutulmuşdu. Amma xəttə məhəl qoyan olmadığından bu metod özünü doğrultmadı. “Bu gün ambulans maşınları bütün avtomobillərin hərəkət etdiyi yolla gedib-gəlməyə məcburdur. Yollarımızda isə əksər vaxtlar tıxac olduğundan xidməti maşınlar çağırışa 30 dəqiqə gecikirlər. Bu isə xidmətin işinin keyfiyyətini aşağı salmaqla yanaşı insanların həyatını təhlükəyə atır”. Stansiya səlahiyyətlisi belə halların yaranmaması üçün bir neçə alternativ variantlardan istifadə etdiklərini söylədi. Onun sözlərinə görə, tıxac olan ərazilərdə yolun hər iki başında ambulans maşınları saxlanılır. Çağırış olarkən əraziyə yaxın yerdə saxlanılan ambulans maşınları həmin ünvana göndərilir.

Baş həkim deyir ki, sürücülərin ambulans maşınlarına yol verməməsi də bəzən gecikmələrə səbəb olur: “Təcili tibbi yardım maşını çağırışa vaxtında çatmalıdır. Çünki bir neçə dəqiqə gecikmə insanın həyatını itirməsi ilə nəticələnə bilər. Hər sürücü dərk etməlidir ki, sabah ambulans maşınında onun yaxınını xəstəxanaya çatdırmaq lazım gələ bilər. Ona görə də yollarda təcili tibbi yardım maşınlarına hərəkət üçün imkan yaradılmalıdır”. Baş həkimin sözlərinə görə, digər problem yolların bərbad olması, bəzi yolların, həyətə, məhəllələrə girişin bağlı olması səbəbindən yaranır.

M.Həmidovun fikrincə, problemin həll olunmasında təcili yardım əməkdaşları ilə yanaşı, yol polisi və vətəndaşlar da çalışmalıdırlar: “Təbii ki, polis maşınlarımızın çağırış ünvanına gedib çatmasını təmin etməlidir. Əfsuslar olsun ki, yol polisi tıxaclara çox vaxt əhəmiyyət vermir. Vətəndaşlar da təcili tibbi yardım maşınına yol vermirlər. İstər xəbərdarlıq işığı, istərsə də, səs siqnalı nəticə vermir”.

Baş həkimin sözlərinə görə, problemdən çıxış yolu xidməti maşınlar üçün yollarda xüsusi zolağın ayrılmasıdır: “Yol nə qədər geniş olur-olsun, təcili yardım və yanğınsöndürən maşınlar üçün xüsusi yol ayrılmalıdır. Həmin yoldan yalnız təcili yardım, yanğınsöndürən və digər xidmət maşınları istifadə etməlidir. Digər avtomobil sürücüləri yüksək məbləğdə cərimə olunacaqlarını bilsələr, həmin yola çıxmazlar”.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında deyilənlərlə razılaşır. Yol polisi tıxaclı yollarda təkcə təcili tibbi yardım işçilərinin deyil, digər qurumların da əziyyət çəkdiyini deyir. Xidməti maşınlar üçün xüsusi yolun ayrılmasına gəlincə, K.Əliyev bunun mümkün olmadığını dedi. “Hazırda şəhərin infrastrukturu xüsusi xidməti avtomobillər üçün ayırıca yol ayrılmasına imkan vermir. Onsuz da dar küçələrdə yol yoxdur. Əlavə yol necə ayrılacaq? Bir də ki, Fövqəladə Hallar Nazirliyi, təcili yardım və polis avtomobillərinin sürücülərinə zərurət yaranarsa, yol hərəkəti qaydalarından kənara çıxmağa icazə verilir. Polis də bacardığı qədər yollarda təcili yardım və digər xidməti maşınların hərəkəti üçün şərait yaradır”, – deyə Kamran Əliyev bildirdi. 

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də bu gün ambulans maşınları üçün ayrıca zolağın ayrılması qanunda öz əksini tapmayıb. Belə bir yolun ayrılması mümkün deyil: “Yolların dar olması bunu mümkünsüz edir. Ancaq biz yol qırağında dayanan maşınlarla mübarizə aparmalıyıq. Çünki onsuzda dar olan yolu həmin maşınlar bir balaca da darlaşdırır. Təcili yardım, yanğınsöndürən maşınların hərəsinə ayrıca xətt ayırmaq düzgün deyil. Bu problemi ancaq ictimai qınaqla aradan qaldıra bilərik”.    

Qeyd edək ki, qanunda göstərilir ki, göy, sayrıçan işıqlı avtomobillərin hərəkətinə şərait yaradılmalıdır. Amma bu qanunda yalnız tövsiyyə xarakteri daşıdığından qaydaya riayət etməyən sürücülər cəzalandırılmır.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi