Modern.az

Kimi təsərrüfatla məşğul olub, kimi evdə dincəlib, kimi də seçicilərin yanında olub - Məzuniyyətdən qayıdan DEPUTATLAR

Kimi təsərrüfatla məşğul olub, kimi evdə dincəlib, kimi də seçicilərin yanında olub - Məzuniyyətdən qayıdan DEPUTATLAR

Parlament

31 Avqust 2020, 13:07

Milli Məclisin deputatları avqustun 31-də tətildən qayıdıblar. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə parlament ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. 


Modern.az saytı bəzi deputatların məzuniyyəti necə keçirdiklərini öyrənməyə çalışıb.


Aqil Abbas bu yay tətilini hamı kimi keçirdiyi deyib:

“Bu il məzuniyyət keçirən oldu ki mən də keçirim?! Hamı necə mən də elə. Yay tətilimi Ağcabədidə, Füzulidə,  Ağdamda insanlarla görüşdə olmuşam. Kimin nə problemi olubsa, kömək etməyə çalışmışam. Xüsusi yay tətili keçirməmişəm”.


Nigar Arpadarai ən əsası ailəsi ilə vaxt keçirdiyini bildirib:


“Ötən aylar ərzində iş rejimindən demək olar ki çıxmamışam. Tovuz hadisələri ilə bağlı beynəlxalq təşkilatlara, parlamentlərə, mediaya müraciətlər göndərdim. Bunlar çox önəmli məsələlər idi. Eyni zamanda, bütün bu aylar ərzində seçicilərimlə ünsiyyətdə oldum. Həm onlayn görüşlər, həm də karantin şərtlərinə əməl edərək təkbətək seçici qəbulunu və təmsil etdiyim Səbail rayonunda məhəllələrdə görüşləri gerçəkləşdirdim. Çalışdım ki, insanların mənə ünvanladıqları müraciətlərin aidiyyatı qurumların köməyi ilə həllinə nail olum. Digər tərəfdən, payız sessiyasında bir neçə təkliflərlə bağlı çıxış edəcəyəm. Qadınların məşğulluğu, həssas qruplarla iş və şəhərimizdə velosipedin alternativ nəqliyyat vasitəsi kimi istifadəsi üçün bulvarda və şəhərin digər ərazilərində velosiped infrastrukturunun yaradılması mövzuları yaxın aylar ərzində mənim üçün prioritet olacaq. Son həftələr bu mövzular ətrafında araşdırma aparmışam. Ən əsası isə ailəmlə vaxt keçirdim”.


Kamilə Əliyevanın sözlərinə görə, budəfəki məzuniyyətdə bəzi işləri görməyə vaxt tapa bilib:


“Builki yay tətilini hamı kimi keçirdim. Düşünürəm ki, budəfəki yay hamı üçün eyni oldu. Onsuz da heç bir yay tətilimi hansısa xarici ölkədə keçirməmişəm. Sadəcə,  ailəlikcə hansısa rayonumuzda dincəlirdik. Bu il isə karantin səbəbindən o da qismət olmadı. Məzuniyyəti yalnız ev şəraitində keçirməli oldum. Həmçinin, bəzi işlərimi görməyə də vaxt oldu. Elmi-pedaqoji işlərimi davam etdirdim. Dərsliklərin hazırlanmasında iştirak etdim. Bu istiqamətdə fəaliyyətim göstərdim”.


Vüqar İskəndərov ən yaxşı istrahətin seçicilərlə birgə olduğunu qeyd edib:


“Yay tətilimi ailəmlə Şəkidə keçirdim. Ancaq bu tam məzuniyyət sayılmaz. Çünki təkcə avqust ayı ərzində 4 dəfə  qəbul keçirmişəm. Eləcə Şəkidə qaldım. Belə desək gündüzlər ofisdə olub seçiciləri qəbul edir, axşamları da ailəmlə bir yerdə keçirirdim. Hər bir müraciəti həll etməyə səy göstərirdim. Əsas odur ki, nə qədər insanların problemlərinə dəstək olmağa çalışdım. Hesab edirəm ki, ən yaxşı istrahət də budur”.


Madər Musayev həmişəki kimi seçicilərinin yanında olduğunu deyib:


“Yay məzuniyyətimi Novxanıda keçirdim. Kənddə yaşadığımdan seçicilərlə hər gün görüşmək imkanım olur. Bu məzuniyyətdə də belə oldu. Hər bir müraciətin həll olunmasına çalışdım”.


Tahir Kərimli təsərrüfata vaxt ayırdığını söyləyib:


“Əvvəlki illərə baxanda bu il istirahət etmədik. Müalicəyə də gedə bilmədik. Əsasən Ağsu rayonunda oldum. Həyət-bacada işlədim. Təsərrüfatla məşğul oldum. Məzuniyyət pulunu evin təmirinə xərclədim. Əsas istirahətimi  dostumla hər axşam şahmat oynamaqla yola verdim. Məzuniyyət olmasına baxmayaraq, videoqəbullar da keçirdim”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir