Modern.az

Deputatlardan BNA-nın taksilərlə bağlı yeni konsepsiyasına REAKSİYA

Deputatlardan BNA-nın taksilərlə bağlı yeni konsepsiyasına REAKSİYA

Parlament

2 Sentyabr 2020, 11:24

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı yeni konsepsiyanı ictimai müzakirəyə çıxarıb. Müzakirələr zamanı bəziləri bu  sahədə müəyyən tənzimləmələrə ehtiyac olduğunu bildirsə də, digər qisim konsepsiyanın reallaşdırılmasından sonra paytaxtda bu xidmətin bahalaşacağını deyir.

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, taksilərlə bağlı müəyyən qərarlar qəbul edilməlidir:

 

“Ümumiyyətlə, taksilərin qanunuyğun şəkildə fəaliyyət göstərməsi üçün tənzimləmələrə ehtiyac var. Bəzi insanlar var ki, əlavə iş kimi, bir parça çörək qazanmaq üçün taksi sürməklə məşğuldur. Amma bunu qanun çərçivəsinə salmaq lazımdır. Əksər ölkələrdə olduğu kimi, kilometraja uyğun olaraq tariflər müəyyənləşdirilməlidir, kassalar qoyulmalıdır. Azərbaycana kifayət qədər yeni taksilər gətirilib, dövlət tərəfindən müəyyən işlər görülüb. Bəzi hallarda sürücülərin kartla ödəniş edən sərnişinlərə xidmət göstərməkdən imtina etdiyini görürük. Niyə? Çünki qeyri-leqal işləyirlər. Ona görə də Bakı Nəqliyyat Agentliyi bununla bağlı qərarlar qəbul etməlidir. Hətta lazım gələrsə, qanunlarda da dəyişikliklər etmək olar. Amma bir şərtlə ki, taksi işilə məşğul olan insanlar və onların sərnişinləri əziyyət çəkməsinlər. Elə vahid tarif müəyyən olunmaldır ki, nə kimsə çörəyindən olsun, nə də sərnişinin cibinə ziyan olsun. Ən əsası, bu sahədə işsizliyin yaranmasına imkan verilməməlidir”.

 

 

Digər deputat Vüqar Bayramov taksi xidmətində keyfiyyətin aşağı olduğunu dilə gətirib:

 

“Bizim apardığımız tədqiqatlar göstərir ki, taksi xidmətinin keyfiyyəti çox da yüksək deyil. Son illər bu sektorda xidmətdə keyfiyyətin artmasını müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artım  var. Amma bu say artımı xidmətin keyifiyyətinin artmasına gətirib çıxarmır. Hətta pandemiya dövründə bir sıra hallarda taksi sürücülərinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara riayət etmədikləri bəlli oldu. Xüsusilə tibbi maskalardan istifadə etməmələri, avtomobillərdə arakəsmələrin olmaması halları vardı. Ona görə də xidmət keyfiyyətinin artırılması ilə bağlı standartların olması yaxşı olardı. Vahid tariflərin tətbiq olunmasına gəlincə, bu praktika bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Türkiyədə də var. Yəni taksilər vahid tarif çərçivəsində fəaliyyət göstərir. Lakin hələlik bizdə tariflər elan olunmadığı üçün konkret müzakirə mümkün deyil”.

 

 

Deputat təklif edib ki, vahid tariflər həm müştərilər, həm də sürücülər üçün əlverişli olsun:

 

“Elə tarif olmalıdır ki, sərnişinlər üçün xüsusi ağırlıq yaratmasın, onların bu gedişhaqqını ödəmək imkanı olsun. Eyni zamanda, tariflər taksi şirlətlərinə gəlir əldə etməyə imkan versin, bu sektorda gəlirliliyi artırmaq mümkün olsun. Əgər vahid tarif müəyyənləşəcəksə, bunun optimal tariflər formasında tətbiqi məqsədəuyğundur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir