Modern.az

Bu abituriyentlərə təkrar şans VERİLDİ

Bu abituriyentlərə təkrar şans VERİLDİ

2 Sentyabr 2020, 11:36

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməyən abituriyentlərə (subbakalavrlara) müraciət edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə qeydiyyatdan keçməyən abituriyentlərə (subbakalavrlara) yenidən imkan yaradılır.

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanlarına qeydiyyat linki 2-3 sentyabr tarixlərində yenidən aktiv edilir.

 

Əvvəlki qeydiyyat tarixlərində qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib imtahan komissiyalarını təsdiq etmiş abituriyentlər (subbakalavrlar) qeydiyyatdan keçə bilməzlər.

 

Ali və ya 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki.

 

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir. Buraxılış vərəqələri qeydiyyat prosesi başa çatandan sonra Mərkəzin saytına yerləşdiriləcək.

 

Xatırladaq ki, ali və ya 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 7–21 avqust tarixlərində həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir