Modern.az

Türkiyə generallarının Azərbaycana gəlişinin pərdəarxası

Türkiyə generallarının Azərbaycana gəlişinin pərdəarxası

18 İyun 2012, 13:38

Cəsur Sümərinli: “İki ölkə qoşunları birgə təlimlərə başlayır”

Ötən 10 gün müddətində Türkiyənin 3 yüksək rütbəli generalı Azərbaycana səfər etdi. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın müdafiə nazirinin dəvəti ilə ölkəmizdə səfərdə oldu və görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Daha sonra isə Azərbaycana başqa bir türkiyəli hərbçi – Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu gəldi. Səfər zamanı general Azərbaycanın hərbi qurumlarının rəhbərləri, dövlət və hökumət rəsmiləri ilə görüşdü və bir sıra müzakirələr aparıldı. Bundan başqa, Azərbaycanın daxili işlər naziri Ramil Usubov da həmin ərəfədə Türkiyədə rəsmi səfərdə oldu. Türkiyədə həmkarı İdris Naim Şahin və digər dövlət rəsmiləri ilə bir araya gələn nazir əməkdaşlıq haqqında müzakirələr apardı.

Son günlər Türkiyə generallarının bir-birinin ardınca Azərbaycana gəlməsi, Azərbaycanın daxili işlər nazirinin 10 ildən sonra Ankaraya getməsi maraqlı məqamları ortaya çıxarır. Sözsüz ki, bu münasibətlər ölkəmizə dəstək vermək məqsədi daşıyır. Qardaş ölkəni təmsil edən hərbi məmurların Bakıya səfərləri və burada keçirdikləri görüşlər gərginləşməkdə olan son vəziyyətlə əlaqəli ola bilərmi? Ekspertlər bu görüşü necə qiymətləndirirlər?

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar ekspertlərdən münasibət öyrənib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bu görüşlərin 2010-cu ildə Azərbaycan-Türkiyə arasında imzalanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım” müqaviləsində əksini tapan müddəalardan irəli gələrək baş tutduğunu deyib. Onun sözlərinə görə, müqavilənin imzalanmasından iki ilə yaxın vaxt keçib və tərəflər arasında o qədər də ciddi addımlar atılmayıb: “Hər iki tərəf arasında hərbi istiqamətdə əməkdaşlıq gücləndirilməlidir. Belə ki, 2010-cu ildə imzalanmış müqavilədə əksini tapan müddəalar daha ambisyalı münasibətləri, hərəkətləri, fəaliyyətləri özündə əks etdirir. Gözləyirdik ki, bu əməkdaşlıq gücləndiriləcək. Qarşılıqlı səfərlər olub, amma ciddi addımlar atılmayıb. Son zamanlar Türkiyədən zabitlərin və yüksək rütbəli generalların ölkəyə səfəri onu göstərir ki, tərəflər arasında müəyyən məsələlər üzrə hərbi istiqamətdə müzakirələr gedir. Amma ümumilikdə hesab edirəm ki, tərəflər hələ də konkret əməkdaşlıq istiqamətlərini müzakirə etməkdədirlər”.

Hərbi ekspert Türkiyə-Azərbaycanda arasında bütün qoşun növləri üzrə əməkdaşlığın mövcud olduğunu bildirib. Ekspert bir müddət öncə iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi təklifinin də ortada olduğunu deyib: “Müdafiə Nazirliyi sistemi üzrə, eyni zamanda Daxili Qoşunlar və Jandarma, Sərhəd qoşunları üzrə hərbi əməkdaşlıq mövcuddur. Ötən illərdə Türkiyə Azərbaycana 300 milyon dollara yaxın hərbi yardım göstərib və eyni zamanda Türkiyə Azərbaycanın müdafiə sənayesində aparıcı tərəfdaşlardan biridir. Belə ki, həm birgə müəssiələr qurulub və eyni zamanda Azərbaycan Türkiyədən müxtəlif müdafiə sənaye məhsulları idxal edir. Azərbaycan Silahlı Qüvvələrinin, xüsusilə də Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların modernizasiya üzrə Türkiyənin təcrübəsi mühüm hesab olunur. Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində 2015-ci ilə qədər hüquq mühafizə sisteminə keçid prosesi gedir. Bu istiqamətdə Türkiyənin təcrübəsi öyrənilir. Eyni zamanda Azərbaycanda Silahlı Qüvvələrin təlimi və hazırlığı prosesi də Türkiyə ilə əlaqədar olaraq birbaşa həyata keçirilir. Türkiyə ilə birgə təlimlərin keçirilməsi, 2010-cu ildə imzalanmış müqaviləyə uyğun gəlir. Düşünürəm ki, tərəflər yaxın vaxtlarda birgə təlimlərin keçirilməsi ilə bağlı qərar verəcəklər. Hazırda bunla bağlı müəyyən danışıqların getdiyi bildirilir. Amma ümumi strateji müttəfiqlik prosesi gedir və hesab edirəm ki, 2010-cu ildə imzalanmış həmin müddəaların yerinə yetirilməsi ilə bağlı tərəflər yaxın prespektiv üçün ciddi addımlar atacaqlar”.

Politoloq Vəfa Quluzadə Azərbaycanın təhlükə altında olduğunu deyib. Politoloq son günlər Türkiyə-Azərbaycan arasında artan görüşlərin, həmin vəziyyətdən çıxmaq yollarını birgə müzakirə etmələri ilə bağlı olduğunu bildirib: “Rusiya Ermənistanı yenə də Azərbaycanın əleyhinə itələyir. Özü isə onun arxasında dayanıb və Azərbaycan ərazisinin işğalını davam etdirmək istəyir. Rusiya prezidenti Vladimir Putin bununla ABŞ-a mesaj göndərir ki, ABŞ Suriyadan və başqa maraqlarımdan əl çəksin. Türkiyə özünün və Azərbaycanın maraqlarını qoruyaraq, Azərbaycanla bu həmlənin qarşısına çıxmaq planlarını bir yerdə düşünürlər və bir yerdə bunun üstündə işləyirlər. Azərbaycan-Türkiyə əməkdaşlığ heç də yeni deyil. Amma görünür ki, indi yeni mərhələdədir”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir