Modern.az

Yüksək nəticə göstərən ucqar kənd məktəbliləri: "Biz şansa inanmırıq"-FOTOLAR

Yüksək nəticə göstərən ucqar kənd məktəbliləri:

Təhsil

4 Sentyabr 2020, 15:08

Əliyev Zəka (612 bal, I qrup)

Əliyev Zəka Ziya oğlu 2003-cü ilin yanvar ayının 8-də Astara rayonun Kakalos kəndində anadan olub. Orta təhsilini 6-cı sinifədək Kakalos kənd tam orta məktəbində aldıqdan sonra “İstək” liseyində təhsilini davam etdirib. 2018- ci ildə Pensər kənd 2 saylı tam orta məktəbində təhsilini başa vurub.

 

Əliyev Zəka qəbul imtahanı ilə bağlı təəssüratlarını bölüşüb.

 

Modern.az onunla müsahibəni təqdim edir:

 

-Bugünədək hansı bilik yarışlarında iştirak etmisiniz?

 

-Respublika, beynəlxalq və zona üzrə təşkil olunan yarışlarda iştirak etmişəm. 9 və 10-cu  siniflərdə oxuyarkən Lənkəran Dövlət Universitetində keçirilən zona fənn olimpiadasında riyaziyyat fənni üzrə I- yerə  layiq görülmüşəm. Respublika fənn olimpiadalarında 2018-2020 ci ildə müvafiq olaraq II-III- yerləri qazanmışam. 2019-cu ildə Azərbaycanda keçirilən “İstedadların Beynəlxalq Hazırlığı Laboratoriyası”nda III- yerə layiq görüldüm.

 

-Pandemiyaya görə təşkil olunan distant təhsil imtahana hazırlıq prosesinizə necə  təsir etdi?

 

-Pandemiyaya görə ənənəvi  formada təhsil dayansa da biz dayanmadan distant formada hazırlıqlara davam etdik və nailiyyət qazandıq.

-İmtahan prosesi necə keçdi?

 

-Qəbul imtahanına 10-cu sinifdə hazırlaşmağa başladım. Bəzi çətinliklərim oldu. Lakin göstərdiyimiz səylər nəticəsində lazımi nəticəni əldə  etdik.

 

-Hansı ixtisası seçmək fikriniz var?

 

-XXI- əsrin informasiya, kompüter, kibertəhlükəsizlik dövrü olduğunu nəzərə alaraq təhsilimi kompüter elmlərində  davam etdirəcəm.

 

-Uğur qazanmaq üçün hansı qaydalarınız var?

 

-Mən uğura gedən yolun  intizam və çox çalışmaqdan keçdiyinə inanıram.

 

-Tələbə adını qazanmaq istəyənlərə nə kimi tövsiyələriniz var?

 

-Əsas qarşınıza məqsəd qoyun və bu məqsəd üçün dayanmadan səylə çalışın.

 

Tərlan Hüseynov (IV- qrup, 638 bal) - ” Mən şansa inanmıram”

 

Hüseynov Tərlan Zaman oğlu 2003- cü ildə Astara rayonun Pensər kəndində  anadan olub. 2009-2018-ci  illər ərzində Pensər kənd 2 saylı tam orta  məktəbində təhsil aldıqdan sonra 2018- ci ildə Lənkəran “İstək” liseyində bir il təhsilini davam etdirib. Yenidən Pensər kənd 2 saylı orta məktəbində təhsil alaraq həmin məktəbin məzunu olub.

 

-Bugünədək hansı yarışlara qatılmısınız?

 

İlk respublika səviyyəli  uğurumu 6-cı  sinifdə oxuyarkən Beynəlxalq Poçt İttifaqının keçirdiyi respublika inşa müsabiqəsində III- yerə  layiq görülərək qazandım. 9,10 və 11-ci  siniflərdə ardıcıl olaraq Respublika Fənn Olimpiadalarında finala vəsiqə qazandım və 11- ci sinifdə  bürünc medala layiq görüldüm. Lənkəran Dövlət Universitetinin Zona üzrə Fənn olimpiadasında kimya fənni üzrə  I- yerə, eyni zamanda 11-ci sinifdə oxuyarkən  “İstedadların Beynəlxalq Hazırlığı Laboratoriyası”nda ölkəmizi təmsil edərkən 5 nəfər medal qazanmışdı,  biri də  mən idim. “Ölkəmizi tanıyaq” layihəsində Quba,Qusar, Xaçmaz istiqamətində  bilik yarışmasında iştirak etmişəm, komandamız 1-ci yerə layiq görülüb.

11- ci  sinifdə İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişində  iştirak  etmişəm və ilk üçlükdə mübarizə aparmışam.

Qazandığım uğurlara görə Təhsil Nazirliyi tərəfindən orta məktəbi medalla bitirməyimə görə namizəd seçilmişəm.

 

-Pandemiya dövrü şagirdlər,  xüsusən də abituriyentlər üçün çox çətin oldu. Bəs, siz karantin günlərini  necə  dəyərləndirdiniz?

 

-Karantində Təhsil Nazirliyinin təşkil etdiyi teledərsləri izləyirdi. “Virtual Məktəb”də  müntəzəm iştirak edir  və birinci  həftə  üzrə keçirilmiş “Virtual əlaçı” bilik yarışmasının  11-ci  siniflər üzrə ilk qalibi oldum.

 

-İmtahan prosesi necə keçdi? Bu nəticəni  gözləyərdiniz?

 

-9-cu sinifdən artıq universitetə  hazırlıq prosesinə başladım. Lakin, karantinə görə hazırlıqlar dayandı və mən də onlayn dərslərdə iştirak etdim. İnanırdım ki, gözəl nəticə əldə  edəcəyəm. Elə də oldu.

 

-Hansı peşəyə yiyələnəcəksiniz?

 

-İnşallah, həkim olacağam.

 

-Yüksək  nəticə əldə  etmək üçün abturiyentlərə  nə  məsləhətlər verərdiniz?

 

-Hər şey hədəfdən başlayır. Əvvəla özlərinə  hədəf seçsinlər. Ən əsası  dərslərdə  aktiv  olmaq lazımdır. Ümumiyyətlə, mən düşürəm ki, uğurun tək sirri çox çalışmaqdır. Mən şansa inanmıram. Bir də  müəllimlərin məsləhətlərini düzgün yerinə yetirməlidirlər, çünki müəllimlər qaranlıq yolda şagirdlərə işıq göstərənlərdir.

                              

Gülər Seymurqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır