Modern.az

İdman jurnalistləri “Traktor” klubunun azərkeşlərinin az olmasını səbəbini AÇIQLADILAR

İdman jurnalistləri “Traktor” klubunun azərkeşlərinin az olmasını səbəbini AÇIQLADILAR

5 Sentyabr 2020, 13:39

Ötən günlərdə Təbrizin “Traktor” Futbol Klubu İran kubokunun sahibi oldu. “Traktor” klubu və azarkeşləri hər zaman Azərbaycana yaxınlığı, oyunlarda Azərbaycanla bağlı şüarların səsləndirilməsi ilə seçilib. Amma təəssüfləndirici məqamdır ki, Azərbaycanda “Traktor” klubunun azarkeşləri, dəstəkçiləri, hətta oyunlarını izləyənlər belə xeyli azdır.

 

Maraqlıdır, Azərbaycan azarkeşlərinin “Traktor” sevgisinin azlığının səbəbi nədir? Bu kluba ölkəmizdə marağın və rəğbətin artırılması üçün nə etmək olar?

 

Modern.az bu barədə idman jurnalistlərinin münasibətini öyrənib.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov da söyləyib ki, cənubi azərbaycanlılar həm Azərbaycana, həm də azərbaycanlı klubların oyunlarına daha kütləvi maraq göstərirlər, öz oyunlarında şüarlar səsləndirirlər:

 

“Amma biz tərəfdən bu münasibətlər qarşılıqlı olmur, epizodik səviyyədə məqamları görürük. Bunun səbəbi isə medianın təbliğatının zəif olmasıdır. Mənim rəhbərlik etdiyim “Qol.az” saytını, o cümlədən bir neçə media orqanını çıxmaqla digər media orqanlarında “Traktor” klubunun oyunları çox az dərc olunur, ya da heç dərc olunmur. Bu komandanın oyunlarının nəticələri belə verilmir. Amma mən hesab edirəm ki, cənubda yaşayan soydaşlarımızın buna mənəvi baxımdan ehtiyacı var. Həmçinin futbolçulara da bunun dəstək olacağını düşünürəm”.

 

A.Bağırov hesab edir ki, siyasi medianın “Traktor”a münasibəti idman mediasından daha yaxşıdır:

 

“Halbuki əksinə olmalı idi. Amma bu idman mediasının qurduğu porblemdir. İdman jurnlaistləri bu məsələyə diqqət göstərməlidirlər. İdman jurnalistlərinin azarkeşlərə təsir imkanları, kütləyə çatmaq məsələsi daha yüksəkdir. Hesab edirəm ki, daha yaxşı təbliğat vasitəsi ola bilər”.

 

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin fikrincə, "Traktor" yalnız futbol klubu deyil, həm də Güney Azərbaycan türklərinin haqq bağıran səsi, şovinist fars rejiminə qarşı azadlıq mübarizəsinin rəmzidir:

 

“Komandanın ev oyunlarında vaxtaşırı Qarabağ, Azərbaycan ilə bağlı şüarların səsləndiyini də hər kəs bilir. O ki qaldı Azərbaycanda "Traktor"a marağın azlığına, bir məqamı anlamaq lazımdı: Avropa futbolu səviyyəcə Asiya futbolunu qabaqlayır. Yəni bizdə öz klublarımızın avrokuboklardakı çıxışına daha böyük maraq göstərilməsi təbiidi. Onu da etiraf etmək lazımdı ki, hazırda Azərbaycanda nəinki "Traktor"a, ümumiyyətlə, futbola maraq çox aşağıdı. Pandemiyaya qədər də durum sevindirici deyildi, o araya düşəndən sonra adamları gündəlik yaşam qayğıları daha çox narahat edir, nəinki futbol. "Traktor"a marağın artırılması üçün nə edə bilərik? Şəxsən biz qəzet olaraq, bu komanda ilə bağlı xəbərləri müntəzəm işıqlandırırıq. Bildiyimə görə, idman saytları da kluba yetərincə yer ayırırlar. Amma qəzetlərin, saytların imkanlar TV ilə müqayisəyə gəlməz. Ölkəmizdəki iki idman kanalından biri "Traktor"un ölkə çempionatındakı və kubokundakı, Asiya klub turnirlərindəki oyunlarını göstərsəydi, təbliğat baxımından böyük iş görərdi. Və ya AFFA, AGİN bir neçə jurnalistin "Traktor"un vacib ev oyununa səfərini təşkil edə bilər. Azərbaycanlı futbolçuların "Traktor" forması geyməsi və ya bizim klubların Təbriz təmsilçisindən hansısa bacarıqlı futbolçunu transfer etməsi də maraqlı olardı”.

 

“Offisideplus.az” saytının əməkdaşı Zeynəb Əliyeva isə  Azərbaycanda Təbrizin “Traktor” klubunun azarkeşinin az olması fikri ilə razılaşmır:

 

“Mütəmadi olaraq oyunları və klubla bağlı xəbərləri yayımlayırıq. Reaksiyalar da kifayət qədər müsbət olur. Komandanın sosial şəbəkə hesablarında yazılan rəylərdən də bizim azarkeşlərin xoş münasibətini müşahidə etmək mümkündür. Klub və azarkeşlərinin Azərbaycan sevgisi çox möhtəşəmdir. Demək olar hər oyunda tribunada Azərbaycan və türklərə aid şüarlar səsləndirilir. Bu da təsadüfi deyil. Təbriz Cənubi Azərbaycan şəhəri, əhalinin çoxu Azərbaycan türkləridir. İran höküməti, futbol federasiyası tərəfindən də təyziqlərə məruz qalırlar. Başqa sözlə desək, stadion, “Traktor”un oyunu təbrizli azarkeşlər üçün içlərində olan Azərbaycan sevgisini nümayiş etdirmək üçün ən yaxşı fürsətdir. Oyunların izlənməsi məsələsinə gəldikdə isə, bizdə yerli çempionat oyunları belə klublarımızın avroliqa oyunları qədər maraqla qarşılanmır. Bu “Traktor” klubu üçün də keçərlidir. Bir neçə il əvvəl komanda Asiya Çempionlar Liqasında iştirak edəndə azərbaycanlı azarkeşlər həmin oyunları diqqətlə izləyirdi. Yeri gəlmişkən, ötən gün İran kubokunu qazanan “Traktor” klubu Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsində iştirak hüququ qazanıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür