Modern.az

Deputat: “Milli Məclisdə öz qanun layihəmlə çıxış etmişəm” - MÜSAHİBƏ

Deputat: “Milli Məclisdə öz qanun layihəmlə çıxış etmişəm” - MÜSAHİBƏ

19 İyun 2012, 12:36

Leyla Abdullayeva “Hakimiyyətin 48 qanunu” ilə tanış olub

Milli Məclisin üzvü, 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Leyla  Abdullayevanın Modern.az-a  müsahibəsi

Dosye:  Naxçıvanda hərbçi ailəsində anadan olub. Orta məktəbi Sumqayıtda bitirib.  Orta təhsil aldıqdan sonra M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstituna (İndiki Bakı Slavyan Universiteti) daxil olub. Ali təhsili başa vurduqdan sonra Sumqayıtda bitirdiyi məktəbdə rus dili müəllimi işləyib. 2003-cü ildə ikinci ixtisasa – Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 2005-ci ildə Sumqayıt şəhər 18 nömrəli məktəbə direktor təyin olunub. 2009-cu ildə Prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2010-cu ildə rəhbərlik etdiyi məktəb İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Elə həmin ildə parlament seçkilərinə qatılaraq IV çağırış Milli Məclisə deputat seçilib.

 – Heç əvvəllər düşünmüşdünüz ki, nə vaxtsa deputat ola bilərsiniz?

– Bilirsiniz, həyatın gedişatını, taleyin işini bilmək olmaz. Əlbəttə, mən
də vətənini, millətini və dövlətini sevən, qiymətləndirən hər bir insan kimi qarşıma böyük məqsədlər qoymuşam, çalışdığım sahədə uğurlara nail olmaq istəmişəm. Böyüdüyüm ailədə də belə tərbiyə görmüşəm. Atam uzun illər Sumqayıtda dövlət
vəzifələrində işləyib, Yuyucu Tozlar zavodunun qurucusu və ilk
direktoru, şəhər sovetinin deputatı olub. Ailədə aldığım tərbiyə və bu tərbiyədən irəli gələn məsuliyyət hissi məni öz üzərimdə daim işləməyə, yüksək nəticələr əldə etməyə sövq etmişdir. Deputat seçilənə qədər artıq prezident İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunmuşdum. Rəhbərlik etdiyim məktəb prezident sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdu. Şəhərin ictimai həyatında fəal iştirak etmişəm, bu baxımdan deputat seçilməyim, gələcəkdə xalqıma daha yaxından xidmət etməyim üçün bir stimul oldu.

Necə oldu ki, seçkilərə qatıldınız? Bu qərar partiyadan gəldi, yoxsa özünüzdən?

– Bu təklif üzvü olduğum YAP tərəfindən irəli sürüldü. Təbii ki, bu mənim üçün böyük
şərəf və məsuliyyət idi. Mən də məmnuniyyətlə bu təklifi qəbul etdim. Bugünkü fəaliyyətimdə də bu etimadı doğrultmağa çalışıram.

– Deputat seçiləndən sonra məktəbdə direktorluq vəzifəsindən çıxmısınız, ya vəzifənizdə qalırsınız? Əgər qalırsınızsa, onda iki vəzifəni bir arada yerinə yetirmək çətin deyil ki?

–Konstitusiya Milli Məclisin üzvlərinə deputatlıqla yanaşı, elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verir. Bu baxımdan məktəb direktoru fəaliyyətimi davam etdirirəm. Hesab etmirəm ki, bu o qədər də çətin işdir. Deputatlar arasında rektorlar da, şirkət prezidentləri də var. Bu baxımdan 2 vəzifəni yerinə yetirmək heç də çətin sayıla bilməz.

 – Hansı iş Leyla Abdullayevanın xarakterinə daha yaxındır? Niyə?

– Əlbəttə, hər şeydən əvvəl mən müəlliməm. Ulu Öndərin sözləri ilə desək, müəllim peşəsindən daha böyük ad yoxdur. Lakin deputatlıq da böyük bir şərəfdir, məsuliyyətdir, etimaddır. Hər 2 vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.

– Artıq 2 ilə yaxındır ki, deputat mandatı daşıyırsınız. Sumqayıtlılarla bağlı gördüyünüz hansı  mühüm işləri saya bilərsiniz?

– Bilirsiniz ki, parlamentin əsas vəzifəsi qanunvericilik hakimiyyətini həyata keçirməkdir. Mən də, o cümlədən, Sumqayıtla bağlı olan məsələlərin həll olunmasında aktivlik göstərməyə çalışıram. Məsələn, dövlət büdcəsinin qəbulu zamanı çıxışlarımı qeyd edə bilərəm. Bu gün Sumqayıta dövlət tərəfindən böyük maliyyə ayrılır. Qəbul edilən qanunlar həm də Sumqayıtda gedən inkişafı əks etdirir. Bir sözlə, deputatın səlahiyyətləri çərçivəsində öhdəmə düşən sumqayıtlı millət vəkili olaraq vəzifələrimi yerinə yetirirəm.

– Seçiciləriniz əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir? Məsələn, maddi yardım da istəyən olurmu?

– Seçici müraciətlərinin məzmunu müxtəlif olur. Sosial, iqtisadi, hüquqi yardım və s. Maddi yardım istəyənlər də olur. Lakin bunun deputat səlahiyyətlərinə aid olmadığını onlara izah edirik.  

– Yəqin ki, işlə bağlı müraciətlər daha çoxdur...

– Bəli, olur. Deməzdim çoxdur, amma olur. Sumqayıtda mini-əmək yarmarkası da keçirmişik.

– Seçici problemlərini həll etmək çoxmu çətinlik yaradır?

– Səlahiyyətlərim daxilində bütün imkanlardan istifadə edirəm. Deputat sorğusu göndərirəm, özüm şifahi müraciət edirəm, telefon edirəm. Bütün müraciətlər tərəfimdən qeydiyyata götürülür, axıradək məsələlərin nəylə yekunlaşacağını izləyirəm.

– Bəzi deputatlar seçicilərin problemlərinin həllinə bir sıra məmurların maneçilik törətdiyini deyirlər. Bəs siz necə, belə problemlə üzləşmisinizmi?

– Yox, elə ciddi bir hal olmayıb. Əgər müraciət əsaslıdırsa, qanunauyğundursa,onun həlli də asan olur.

– Sumqayıt şəhərinin icra başçısının fəaliyyətini necə qiymətləndirisiniz?

– Müsbət qiymətləndirirəm. Sumqayıtda böyük işlər görülür. Eldar müəllim Sumqayıtda xeyli iş görüb.

– Özünüzu aktiv deputatlar sırasında görürsünüzmü?

– Niyə də yox. Amma yəqin ki, bunu  mən deyə bilmərəm, başqaları deməlidir. Seçicilər, mətbuat, ictimaiyyət.

– Xanım deputatların bəziləri şikayətlənir ki, kişi deputatlar istər qanun yaradıcılığında, istərsə də qərarların qəbulunda onlara imkan yaratmırlar. Siz necə düşünürsünüz?

– Mən bu cür bölgü ilə razı deyiləm. Hər bir deputatın hüquq və vəzifələri eynidir. Yaşından, cinsindən, mövqeyindən asılı olmayaraq. Hər halda, mən belə bir halla rastlaşmamışam.

– Deputatın əsas funksiyalarından biri qanun yaradıcılığı prosesində iştirak etməkdir. Sizin qanun layihəsi hazırlayıb təqdim etməklə bağlı təşəbbüsünüz olub, yoxsa müzakirələrdə iştirakla kifayətlənirsiniz?

– Olub. Mən “Milli mətbəx mədəniyyəti haqqında” qanunun qəbulu təklifi ilə çıxış etmişəm. Mədəniyyət Komitəsinin üzvləri bu təklifimi dəstəkləyiblər. Belə bir qanun az ölkələrdə ola, ya olmaya. İndi materialların toplanması ilə məşğulam. Mümkündür ki, payızda konkret layihəni hazırlayıb ortaya qoyum. Eyni zamanda bir sıra qanunlara əlavə və dəyişikliklərin qəbulunu təklif etmişəm. Bu təkliflərimlə Milli Məclisin rəsmi saytında tanış ola bilərsiniz. Orada mütəmadi olaraq, çıxışların stenoqramları yerləşdirilir.

– Mədəniyyət komitəsinin üzvüsünüz. Azərbaycan mədəniyyət sahəsində əsas problemlər nədən ibarətdir?

– Bu sahədə kifayət qədər mükəmməl qanunlarımız var. Yəni parlament öz üzərinə düşən vəzifələri yerinə yetirir. Dövlət mədəniyyətə böyük məbləğdə maliyyə ayırır . Müvafiq nazirlik də vəzifəsinin öhdəsindən yaxşı gəlir. Heydər Əliyev Fondunun gördüyü böyük işlər də xüsusilə vurğulanmalıdır. Problemlər isə hər sahədə olur. Məsələn, kitaba, mütaliəyə marağın azalması məni çox narahat edir. Bu, doğrudan da ciddi məsələdir. Milli mədəni dəyərlərimizin ermənilər tərəfindən mənimsənilməsi isə ən böyük problemdir. Bununla hamımız mübarizə aparmalıyıq.

– Bir Sumqayıt müəllimi kimi, sumqayıtlı şagirdlərin bilik səviyyəsindən hansı dərəcədə razısınız?

– Sumqayıt həmişə təhsili ilə fərqlənən şəhər olub. Hər il şəhərimiz tələbə qəbulunun nəticələrinə görə ilk sıraları tutur. Mən bunu fəxrlə deyirəm. Rəhbərlik etdiyim məktəb də hər il Sumqayıt  təhsilinin uğurlarına yeni-yeni uğurlar qatmaqdadır.  Qəbul imtahanlarının ötənilki nəticələrinə görə, məktəbimiz tam orta ümumtəhsil məktəbləri arasında birinci nəticəni göstərmişdir.

– Sumqayıtda  yaxın gələcəkdə  hansı yenilikər ola  bilər? Siz hansı yenilikərin olmasını istərdiz?

– Bu məsələdə məqsəd prezidentin ”Sumqayıt Bakı standartlarına uyğun şəhər olmalıdır” prinsip-müddəası ilə bağlıdır. Sumqayıt yaxın gələcəkdə nəinki ölkənin, bütün regionun gözəl, inkişaf  etmiş şəhərlərindən birinə çevriləcək. Sumqayıta böyük  maliyyə yardımı ayrılır, böyük planlar var. Texnologiya parkının inkişafı, şəhər stadionunun rekonstruksiyası,  Dənizkənarı parkın genişləndirilməsi, bir sözlə, layihələr çoxdur.

– Sumqayıtda deputat qərargahınız varmı?

– Yox, qərargahım yoxdur. Amma məktəbdə konfrans zalı var,orada seçiciləri qəbul edirəm. Təbii ki,  tədris prosesinə mane olmamaq şərtilə.

– Milli Məclisin hansı xanım deputatları ilə dostluq edirsiniz?

– Bütün həmkarlarımla normal münasibətim var. Kimisə ayırmaq  istəməzdim.

– Kitab oxumağa vaxt tapırsınız? Ən son oxuduğunuz hansı əsərdir?

– Bəli, çalışıram ki, oxuyum, mütaliəni çox sevirəm. Robert Qrinin “Hakimiyyətin 48 qanunu” və Çexovun hekayələrini bu günlərdə oxuyuram.

– Deputatlıqdan yorulmamısınız ki? Növbəti seçkilərə də qatılmaq niyyətiniz var?

– Bunu vaxt göstərər. Hələ ki,mən 4-cü çağırış üçün millət vəkiliyəm və bu etimadı doğrultmağa çalışıram.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub