Modern.az

Deputatlardan dünya ictimaiyyətinə müraciət: “Kəlbəcər qızılından hazırlanmış saatı taxmaqla işğalçıya dəstək OLURSUNUZ!”

Deputatlardan dünya ictimaiyyətinə müraciət: “Kəlbəcər qızılından hazırlanmış saatı taxmaqla işğalçıya dəstək OLURSUNUZ!”

Parlament

7 Sentyabr 2020, 11:41

İsveçrənin məşhur “Franc Muller” saat şirkətinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi olan Kəlbəcərin təbii sərvətlərini talan etməsi məsələsi dəfələrlə gündəmə gətirilib. Bu talan siyasətini Ermənistanla birgə “Franc Muller” saatlarını istehsal edən kompaniyanın rəhbəri, milliyyətcə erməni olan Vartan Sirmakes həyata keçirir. Vartan Sirmakes İsveçrədə 7 brend markanın, 14 istehsal müəssisəsinin sahibi “ArmSwissBank”ın prezidentidir.
V.Sirmakes həm də İsveçrədəki erməni diasporunun əsas himayədarıdır. O, “Franck Muller” şirkətinin Ermənistanda da nümayəndəliyini açıb və işğalçı ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Məsələnin ən ağrılı tərəfi odur ki, ermənilər həmin şirkətinin məhsullarının istehsalı üçün istifadə edilən qızılı Kəlbəcərdəki yataqlardan çıxardıqları təbii ehtiyatlar hesabına əldə edirlər.

27 ildir Ermənistanın işğalı altında olan Kəlbəcər bölgəsinin qızıl ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun yataqları ermənilər tərəfindən vəhşicəsinə istismar edilir. Dolayısı ilə erməni Vartan Azərbaycanın təbii ehtiyatı hesabına istehsal etdiyi saatı minlərlə dollar qarşılığında satır. Əldə edilən maliyyə isə erməni iqtisadiyyatına, erməni əsgərinin saxlanmasına yönəldilir. Həmin erməni isə öz torpağımızda xidmət göstərən əsgərimizə güllə tuşlayır.

Bəs ermənilərin illərdir davam edən talan siyasətinə, maddi, mənəvi sərvətlərimizin tar-mar edilməsinə necə “yox” deməliyik?

Bu barədə Modern.az-a danışan Kəlbəcər rayonun deputatı Aqil Məmmədov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi var və həmişə bunu əsas götürüb, ermənilərə qarşı çıxış edə bilərik:

“Mən Kəlbəcərin işğalı ilə əlaqədar olan bütün tədbirlərdə qətnamələrin yerinə yetirilmədiyini xatırlatmışam. Dünya dövlətləri bu məsələlərə göz yumur. Kəlbəcərin yeraltı, yerüstü sərvətləri talan olunmaqda davam edir. İstisuyumuz, qızılımız, meşələrimiz, başqa sərvətlərimiz erməni talanına mərzu qalıb. Bütün sahələrdə ermənilərin barbarlığını boykot etmək lazımdır. Bu yaxınlarda kəlbəcərli gənclərlə onlayn görüşümüz oldu. Bu zaman da qeyd etdim ki, hər birimizin peşəmizdən, siyasi statusumuzdan, tutduğumuz mövqedən asılı olmayaraq, müharibə şəraitində yaşayan Azərbaycan üçün məqsədi bir olmalıdır. İşğal olunmuş ərazilərimizin əzəli və əbədi torpaqlarımız olduğunu qeyd etməklə fikirlərimizi paylaşmalıyıq. Ərazilərimizdəki yeraltı, yerüstü sərvətlərimizin talan edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Hazırda gənclər, ağsaqqallar, ziyalılar və doğma torpaqlarından zorla çıxarılan məcburi köçkünlər adından ayrı-ayrılıqda çağırışların edilməsini məqsədəuyğun hesab edirəm. Dünya dövlətləri, aparıcı qüvvələr bilməlidirlər ki, bu haqsızlığa dəstək vermək olmaz”.

Aqil Məmmədovun sözlərinə görə, bizi münaqişəni sülh yolu ilə həll etməyə səsləyən dünya dövlətləri, beynəlxalq qurumlar Qarabağda həyata keçirilən işğalçılığa, talana göz yumurlar:
“Bu, düzgün yanaşma deyil. Mən istəyərdim ki, İstisuyumuzu alan, qızılımızı istifadə edən, civə zavodundan yararlanan şirkətlərlə bağlı addımlar atılsın. Ermənistanın bizə vurduğu  maddi və mənəvi ziyana son qoymalıyıq”.

Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Qarabağda məskunlaşdırılan erməniləri, sülh çağırışı edib, sonra əlinə silah alan Anna Akopyan kimi şəxsləri boykot etməyəcək:

“Dünya ictimaiyyətinin heç vecinə də deyil ki, işğal altındakı torpaqlar, talanan sərvətlər  beynəlxalq qurumların deyil, bizimdir. Ona görə də, Kəlbəcər qızılına sahib çıxmaq, təbii sərvətlərimizi talan edən ermənilərin “əlini kəsmək” üçün bizim yeganə çıxış yolumuz var: torpaqlarımızı işğaldan azad etməliyik. Torpağımıza da, təbii sərvətlərimizə də sahib çıxmağın çoxdan vaxtı çoxdan çatıb”.

Deputatın fikrincə, ermənilərin qanunsuzluqlarının qarşısını almaq üçün heç kimdən kömək almağa ehtiyac yoxdur:

“Bizim gücümüz Azərbaycan ordusu, Azərbaycan əsgəridir. Güclü dövlət başçımız, Ali Baş komandanımız var. Biz ərazi bütövlüyümüzü təmin etməliyik. Suyumuza da, qızılımıza da, başqa sərvətlərimizə də özümüz sahib çıxmalıyıq. Torpağımız bizdə olanda Kəlbəcərin qızılının da ixtiyarı bizim olacaq. Erməni niyə bizim sərvətimizlə varlanmalıdır?”.

Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov da bildirib ki, ermənilər azərbaycanlılara qarşı soyqırımı törətməklə kifayətlənməyib və iğlal altındakı torpaqlarımızda qarət siyasəti həyata keçirirlər, tarixi abidələrimizi, təbii sərvətlərimizi talan edirlər:

“Barbarlıq artıq ermənilər üçün xarakterik hal alıb. İstisuyun, Kəlbəcər qızılının istismar olunması, maddi, mənəvi sərvətlərimizin talanması, milli mətbəximizin, hətta musiqimizin öz adlarına çıxarılması ermənilərin 30 ilə yaxındır yürütdüyü siyasətdir. Bundan əlavə,  Qarabağdakı tarixi yerlərimizi özlərinin turizm zonası kimi təqdim edərək, dünya ictimaiyyətinin diqqətini ora ypnəltməyə çalışırlar. Bir müddət öncə hətta Almaniyada “Qarabağ turizmi” ilə əlaqədar büro da açılmışdı. Azərbaycan hökuməti bu təxribatın qarşısını aldı. Hesab edirəm ki, bu cür talançılıq siyasətini dayandrımaq üçün beynəlxalq qurumların üzərinə böyük məsuliyyət düşür. Bir neçə gün əvvəl də gördük ki, Nikol Paşinyan Azərbaycanın hava təhlükəsizliyini də pozaraq, Qarabağa gəldi və orada müəyyən tədbirlər keçirdi. Belə məqamlara yol verilməsin deyə, Ermənistana ciddi təzyiq olunmalıdır. Bütün beynəlxalq qurumlar Qarabağın, Kəlbəcərin və digər ətraf rayonların Azərbaycana aid olduğunu dönə-dönə qeyd edirlər. Bütün beynəlxalq sənədlər bizim lehimizədir. Buna baxmayaraq, həmin qətnamələrin həyata keçməməsi erməniləri bir az da azğınlaşdırır. Ona görə, dünya ictimaiyyətinin özünün də mövqeyi olmalıdır. Belə məsələlərə rəy verməlidirlər. Bütün beynəlxalq qurumlar kağız üzərində qalan, və həyata keçirilməyən sənədlərin aqibətini düşünməlidir”.

Son dövrlər ölkə başçısının rəhbərliyi ilə hücum diplomatiyasına önəm verildiyini qeyd edən deputatın sözlərinə görə, bu sahədə təbliğat işini daha da gücləndirməliyik:

“Həm diaspor, həm də xaricdə yaşayan digər şəxslərin xətti ilə ermənilərin bu və ya digər formada ifşa olunmasına, əks-təbliğatına çalışmalıyıq. Dünya ölkələrinə çatdırmalıyıq ki, onlar bu cür məhsulları almaqla, ermənilərin talan siyasətini dəstəkləməklə, münaqişənin həllini daha da mürəkkəbləşdirirlər. Ermənilər görəndə ki, heç bir təzyiq yoxdur, çalışırlar, işğal prosesini davam etdirsinlər və nə qədər bacarırlar milli sərvətlərimizi talasınlar. Ona görə, ayrı-ayrı ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatları davamlı olaraq bu təbliğatı aparmalıdırlar ki, həmin sərvətlər Azərbaycana məxsusdur. Azərbaycan torpaqlarından qeyri-qanuni şəkildə oğurlanaraq, xaricə aparılır, orada istismar olunur. Erməni diasporu illərdir öz təbliğatını həyata keçirir. Biz bu məsələdə onları üstələməliyik. Təzyiqlər olmadıqda, ifşa prosesi kifayət etmədikdə, ermənilər daha da aktivləşirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi