Modern.az

Azərbaycanlı jurnalistlərdən DƏSTƏK: əvvəlcə diaspor, hərb, sonra media...

Azərbaycanlı jurnalistlərdən DƏSTƏK: əvvəlcə diaspor, hərb, sonra media...

Media

8 Sentyabr 2020, 10:18

Sentyabrın 7-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi etdiyi nümayəndə heyətinin iki ölkə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə Türkiyəyə səfəri gerçəkləşib.


Birgə toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlayıblar.


İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək təşəbbüsü Azərbaycanın mətbuat nümayəndələri təqdir edir.

 

“Bu təşəbbüs alqışalayiqdir”

 


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az
-a deyib ki, əvvəlki illərdə eyni məqsədlərlə vahid media platformalarının yaradılmasına cəhd edilib:

“Məsələn, Türk Dünyasının Mətbuat Assosiasiyası yaradılmışdı. Türk respublikaları arasında müqavilə imzalandı, idarə heyəti belə quruldu. Türk respublikalarının cəmləşdiyi müzakirələr aparıldı. Lakin sonrakı mərhələdə bu platforma gözlənilən nəticəni verə bilmədi.

Bu gün informasiya texnologiyaları elə sürətlə inkişaf edir ki, medianın biri-biri ilə əlaqəsi çox sürətlidir. Hansı media orqanında yenilik, xəbər dərc edilsə, hər bir media orqanı bundan məlumatlı olur və istifadə edə bilir.

Son illərdə isə bir çox sahələrdə Türkiyə və Azərbaycan vahid platformadan çıxış ediblər. Hərbi, diaspor və s. məqamlarda vahid platformaların yaradılması barədə təşəbbüslər irəli sürülüb. Bunun davamı olaraq, media sahəsində də qarşıya qoyulan belə bir təşəbbüs alqışalayiqdir. Sadəcə müəyyən formasını tapmaq lazımdır ki, bu məsələ effektiv ola bilsin. Çalışmalıyıq ki, hansı vasitə ilə olur, olsun, Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərsin”. 

 

“Platforma güclü və böyük təsisata çevriləcək”

 


Tərəfsiz Jurnalistlər Birliyinin sədri, Qlobal Jurnalistlər Şurasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Modern Media Group-un baş direktoru Elşad Eyvazlı
 da Azərbaycan və Türkiyə arasında yaradılan yeni media platformasını birmənalı şəkildə təqdir etdiyini vurğulayıb:

“Bu platforma həm də zamanın diqtəsidir. Həm Azərbaycana, həm də Türkiyəyə ikili standartlarla yanaşan ölkələrin media quruluşları da bizə eyni münasibət göstərirlər. Platforma bu baxımdan da zəruridir.

Belə platformaların effekli olmasının örnəkləri var. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti dünyada erməni diasporunu dalana dirəyib. Yəni bu birlik nəticəsində artıq erməni yalanları ifşa olunur.

Hərbi əməkdaşlıq da öz bəhrəsini verməkdədir. Üstəlik nəzərə alsaq ki, belə platformalar öz nəticəsini zamanla ortaya qoyur, demək ki, iki ölkə arasında media sahəsində də birgə çalışmaq zəruridir.

Hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə mediası arasında sözdə əməkdaşlıq, əməldə heç bir işin ortaya qoyulmaması kimi ənənəyə son qoyulacaq. İndiyə qədər bu sahədə ciddi yeniliklərin əldə olunmaması, qarşılıqlı inamın yaradılmamsı kimi nüqativ hallar arxada qalacaq. Bundan isə həm Azərbaycan, həm də Türkiyə xalqı qazanacaq. Ona görə də bu addım birmənalı şəkildə dəstəklənməlidir.

Bu işdə şübhəsiz ki, biz jurnalistlərin hər birinin üzərində böyük məsuliyyət düşür. Biz də öz növbəmizdə bacardığımızı ortaya qoymalıyıq. Təşəbbüsün gerçəkləşməsində gücümüzü əsirgəməməliyik.

Bir məsələni də vurğulamaq istəyirəm ki, sədr müavini olduğum Qlobal Jurnalistlər Şurası da bu platformanın yanında olacaq”.

E.Eyvazlı indiyə qədər yaradılan platformaların fəaliyyətinin effektsiz olmasının səbəblərinə də toxunub:

“İllər öncə də Türkiyə və Azərbaycan arasında müəyyən media platformaları yaradılırdı. Ancaq bu, sözdən o tərəfə keçmirdi. Azərbaycandan elə adamların bu platformada iştirakını görürdük ki, təşəbbüsün nəticəsiz olacağına əvvəlcədən şübhəmiz qalmırdı. Bu məsələ ilə bağlı dəfələrlə fikirlərimizi söyləmişdik. Ona görə də az-çox Türkiyə, dünya mediası ilə yaxınlığı olanları, o  cümlədən məni belə layihələrdən kənarda saxlayırdılar. Halbuki bizim amacımız ölkəmizin təbliği, dövlətimizin qorunması, mediamızın inkişafı olub. O zaman medianı kurasiya edənlər belə platformada yalnız öz yaxınlarını görürdülər. Bacarıq, əlaqə, professionallıq onlar üçün bir heç idi.

Nə yaxşı ki, bütün bunlar artıq geridə qalıb və bu gün birmənalı şəkildə əminik ki, vahid media platformasına töhfə verə biləcək, Türkiyə mediası ilə əlaqə imkanları geniş olan jurnalistlərə də yer veriləcək. Bu əminlik bizdə platformanın güclü və böyük təsisata çevriləcəyi ilə bağlı inamımızı artırır”. 

 

“Hikmət Haciyevin belə bir media platformasının yaradılması üçün Türkiyə ilə razılığa gəlməsi müsbət haldır” 

 


Azərbaycan Türk Ocağının rəhbəri, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı
isə düşünür ki, bundan öncə yaradılan vahid media platformalarının işləməməsinin səbəbi təşəbbüs göstərən ölkələr arasında birliyin olmaması idi:


“Əvvəlki vahid media platformasında təkcə Türkiyə və Azərbaycan deyil, keçmiş Sovetlər Birliyində təmsil olunan digər Türk cümhuriyyətlərinin də təmsilçiliyi nəzərdə tutulmuşdu. Hətta bununla bağlı ilkin qərar da qəbul edilmişdi. Təəssüf ki, bu məsələlərə yalnız Türkiyə və Azərbaycan həssas yanaşdı. Yerdə qalan Türk cümhuriyyətləri belə bir platformanın işlənib hazırlanmasında və həyata keçirilməsində o qədər də maraqlı olmadılar.

Yeni Türkiyə-Azərbaycan media platformasının yaradılmasını alqışlayıram. Türkiyə və Azərbaycanın media qurumlarının qarşılıqlı əməkdaşlıq tarixi qədimdir. Azərbaycanda müstəqil mətbuatın hələ formalaşma mərhələsi olduğu dönəmdə bizim yazarlarımız, Türkiyə mətbuatından yararlanmışdılar. Eyni zamanda Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin timsalında bir çox azərbaycanlı yazarlar Mustafa Kamal Atatürkün dönəmində media strukturlarının yeni əsaslar üzərində formalaşdırılmasında da iştirak etmişdilər.

“Əkinçi” qəzetinin nəşri zamanı Azərbaycanda müsəlman-türk hürufatları olmadığına görə, Həsən bəy Zərdabi bu hürufatı İstanbuldan əldə etmişdi. Milli qəzetimizin əsasının qoyulmasında da bunun çox böyük rolu oldu. Qafqaz İslam Ordusunun zamanında isə ilk olaraq Azərbaycana gələn, istiqlalımızı müdafiə edən Türkiyə jurnalistləri oldu. “Yeni gün” qəzetinin baş redaktoru və digər müxbirlər ölkəmizə gəldilər, silsilə reportajlar hazırladılar.

Bizim Türkiyə ilə sıx əlaqələrimiz hər zaman olub. Hətta Azərbaycanın dəyərlərini yaşadan mühacirət mətbuatı 70 il ölkənin müstəqilliyinə çalışdı, dünyaya səsini Türkiyə mətbuatı üzərindən duyurdu. Azərbaycan müstəqilliyinə qovuşandan sonra da Türkiyə və Azərbaycan mətbuatı arasında çox ciddi bağlantılar var idi. Bu gün isə Azərbaycan mətbuatının inkişafına ən çox təsir göstərən elə Türkiyə mediasıdır. Çünki bəzi hərflərdə müxtəlifliklər olsa belə eynidilli mediayıq.

Azərbaycanın və Türkiyənin ortaq düşmənləri də var. Azərbaycanı istəməyən beynəlxalq güclər Türkiyəyə qarşı da zaman-zaman mübarizə aparıb və aparmaqdadır. Bütün bunları nəzərə alaraq, Türkiyə-Azərbaycan media platformasının yaradılmasını alqışlayıram. Artıq bütün sahələrdə vahid strategiya seçilib. Bir millətin bir diasporu, bir ordusu olar, niyə də bir millətin ortaq bir mediası olmasın?”


Akif Aşırlı vurğulayıb ki, bu gün müharibə tək səngərlərdə aparılmır və informasiya müharibəsi də çox ciddi şəkildə ön plandadır:

“Bu savaşda Azərbaycanın haqlı mövqeyi vahid güc halında dünyaya çatdırılmalıdır.

İlkin olaraq, “Anadolu Agentliyi”nin timsalında dövlət informasiya siyasətinin formalaşdırılmasını bir istiqamət olaraq götürmək olar. Azərbaycanda və Türkiyədə özəl media sektorları var və bunların elementləri güclüdür. Bu sektorlar birləşərək, vahid informasiya məkanı, sayt, agentlik yarada bilərlər. Agentlik olaraq, əsasən “Anadolu Agentliyi” və “Azərtac” İnformasiya Agentliyinin arasında bu cür vahid platformadan söhbət gedə bilər. Digər media strukturlarının da birlik içərisində fəaliyyət baxımından çox yaxşı örnəklərinin ola biləcəyini düşünürəm. Məsələn, elə İctimai Televiziya və TRT arasında da yaxşı əməkdaşlıq nümunəsi mövcuddur.

Çap mətbuatına gəldikdə isə klassik media ənənələrinin daşıyıcısı olan qəzetlərin vahid seqmentdə birləşdirilməsi də mümkündür. Bu məsələ Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan kimi kiçik bir ölkədə baş verən hadisələr dünyada bəzən o qədər də diqqəti çəkmir. Biz Avropa və dünya mediasına çıxış imkanlarını Türkiyə üzərindən götürməliyik. Bütün bunları nəzərə alaraq, Hikmət Hacıyevin ilkin olaraq belə bir media platformasının yaradılması üçün türkiyəli həmsöhbəti ilə razılığa gəlməsi müsbət hadisədir”.

 

“Qardaş ölkələr arasinda media müstəvisində əməkdaşlığa yeni nəfəs verilməsi sevindiricidir” 

 


"Türküstan" Media Qrupunun rəhbəri Aqil Camal
 da düşünür ki, qardaş ölkələr arasında media müstəvisində əməkdaşlığa yeni nəfəs verilməsi təbii olaraq, sevindirici hadisədir:

“Bütün sahələrdə genişlənən əməkdaşlığın, strateji müttəfiqliyin media sahəsini də əhatə etməsi təbii haldır.

Bununla belə hesab edirəm ki, çağdaş dünyada medianın önəmini və gücünü düzgün qiymətləndirmək üçün bu sahədə keçilən yolda da nəzər salınmalı, buraxılan nöqsanlar təftiş edilməli və bir daha təkrarlanmamalıdır.

İki ölkə mediası arasında təmaslar hər zaman olub. 2010-cu ildə Ankarada Türk Dünyası I Media Forumu keçirildi. Biz də həmin forumda iştirakçı idik. Ondan sonra bu forumlar bir neçə ölkədə davam etdirildi. Forumun daimi Katibliyi, hər ölkədən təmsilçilərin olduğu İdarə Heyəti formalaşdırıldı.

Lakin, bu gün nə o forumdan, nə onun idarə heyətindən xəbər var. Çünki, rəhbər qurumlar formalaşdırılarkən, bu məsələlərə aidiyyatı olanlar deyil, tamamilə, başqa prinsiplərlə şəxslər seçilərək idarə heyətinə üzv edilirdilər. Nəticədə, dəxilsiz insanların fəaliyyətsizliyi Türk dünyasının, o cümlədən, Azərbaycanla Türkiyənin ortaq media siyasətinin formalaşdırılmasına imkan vermədi. Ümid edirəm ki, bu dəfə meyarlar dəyişəcək, Türk dünyası yönündə hardasa ixtisaslaşmış media qurumları prosesə cəlb olunacaq”.


Aqil Camal vurğulayıb ki, bu təşəbbüs yalnız Azərbaycan və Türkiyə mediası ilə kifayətlənməməli, bütövlükdə Türk dünyası mediasını əhatə etməlidir:

“Bir halda ki, dövlətlər Türk Şurası çərçivəsində birləşiblər, medianın əməkdaşlığı da bu formata uyğun olmalıdır. Hazırda bizim bu yöndə təşəbbüslərimiz, təşkilati işlərimiz var. Onları müvafiq qurumlara təqdim edəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır