Modern.az

Qafar Çaxmaqlı və Əziz Ələkbərli - İRƏVAN ÜÇÜN BİRLƏŞİN... 

Qafar Çaxmaqlı və Əziz Ələkbərli - İRƏVAN ÜÇÜN BİRLƏŞİN... 

9 Sentyabr 2020, 10:59

Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə yaradılan İrəvan Türk Cümhuriyyəti və deputat Əziz Ələkbərlinin rəhbəri olduğu Qərbi Azərbaycan İcması arasında gərginlik davam edir. Əslən Qərbi Azərbaycandan olan bəzi soydaşlarımız bu iki təsisatın birləşməsinə çağırış edirlər. Onlar düşünürlər ki, Qərbi Azərbaycanla bağlı bu qurumların birlikdə hərəkət etməsi tarixi torpaqlarımız uğrunda mübarizəyə daha çox dəstək ola bilər.


Bəs bu iki təşkilatın birləşməsi mümkündürmü?


Bu barədə Modern.az-a danışan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hər iki təşkilatın məqsədlərini xatırladıb. F. Ağamalı qeyd edib ki, Əziz Ələkbərlinin təşkilatı 1989-cu ildə ermənilərin Qərbi Azərbaycandan vəhşiliklə, zorakılıqla deportasiya etdiyi soydaşlarımızın sosial-məişət problemlərini həll etmək üçün yaradılıb:


“O zamanlar təşkilatın formalaşmasında mən də fəal iştirak etmişəm. İcma həmin illərdə üzərinə düşən vəzifəni uğurla yerinə yetirə bildi. Düzdür, müəyyən nöqsanlar oldu. Xüsusilə Ayaz Mütəllibovun prezidentliyi dövründə Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təşəbbüsü ilə paytaxtda yaşayan soydaşlarımızın birbaşa cəbhə bölgəsinə, ermənilərlə üz-üzə göndərilməsi cəhdlərinin şahidi olduq. Onları zorakılıqla maşınlara yığdılar, hətta evlərindəki əşyaları küçəyə tökdülər – bütün bunları xatırlayıram. Biz həmin əməllərə qarşı böyük təzyiq göstərdik. Mitinq keçirdik, etirazımızı bildirdik. İndi Müasir Müsavat Partiyasının sədri olan Hafiz Hacıyev də mitinqlərdə fəal iştirak edənlərdən biri idi. Biz bunun qarşısını ala bildik.

Sonradan məndə olan məlumata görə, İcma Qərbi Azərbaycandan deportasiya olunanların ümumi sayını, ailə tərkibini, itirdikləri mülkiyyəti araşdırıb, arxivləşdirib. Bunlar Ermənistanın vəhşiliklərini önə çəkmək, dünya ictimaiyyətinə təqdim etmək üçün mühüm faktlardır”.


Qafar Çaxmaqlının təşəbbüsü ilə yaradılan Mühacir Hökumətinin fərqli platforma olduğunu qeyd edən Fəzail Ağamalının sözlərinə görə, bu təsisat Azərbaycan dövlətçiliyinin forması olan İrəvan xanlığını əsas götürüb:


“Əslində İrəvan xanlığı XVIII əsrdə ən güclü xanlıqlardan biri idi. O təmələ söykənərək, indi belə bir təşəbbüslə fəaliyyət göstərirlər. Bu da fərqli platformadır. Ümumilikdə, hər birimizin məqsədimiz  Azərbaycan türklərinin yaşadığı həmin ərazilərin tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə çatdırmaq, həm də ermənilərin məkrli siyasətinə qarşı fərqli platforma yaradıb, mübarizə aparmaqdır.

Bəzən görürsən ki, bu təşkilatların biri digərinə qarşı xoş niyyət ifadə etmir. Mən istəməzdim bur cür münasibət ortaya qoyulsun. Birinin digərinə hücum etməsi, gözdən salmaq taktikasına sığınması düzgün deyil. Qarşılıqlı köməklik şəraitində fəaliyyət göstərməyə çalışmaq lazımdır. Bizim düşmənimiz, hədəfimiz ermənilərdir. Onların torpaqlarımızı işğalda saxladığını, soydaşlarımıza qarşı vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu məqsəd uğrunda hər kəs birlik olmalıdır. Təşkilatlar da biri digərinə kömək etməli, yardım göstərməlidir.

İki platformanın birləşməsi sadəcə olaraq məqsədlərinin fərqli olması səbəbindən mümkün deyil”.
 

Fəzail Ağamalı Qərbi Azərbaycanla bağlı olan üçüncü bir təşkilatın - Köçəri Nağıyevin sədri olduğu Deportasiya Qurbanları Mərkəzinin fəaliyyətinə də toxunub:

“Bu təşkilat da yaxşı bir məqsədi qarşısına qoyub. Onlar həmin tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə aparırlar. Həmin təşkilat da öz fəaliyyətini aktivləşdirsə, yaxşı olar. Bu təşkilatların birinin digərinə maneçiliyi yoxdur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi