Modern.az

“1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb” - Fatma Yıldırım

“1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb” - Fatma Yıldırım

Təhsil

9 Sentyabr 2020, 20:13

“Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin  mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur.

Millət vəkilinin sözlərinə görə, təhsil infrastrukturunun yenilənməsi də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 17 il ərzində 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub ki, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.

Ümumiyyətlə, son 17 ildə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib, eyni zamanda, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilib. Eləcə də, dövlət başçısının müvafiq sərəncamları ilə bölgələrdə modul tipli məktəblər tikilib istifadəyə verilir.


Regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb.

Fatma Yıldırım qeyd edib ki, təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır: “Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlər reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.

Deputat onu da söyləyib ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri qara qızılın intellektual kapitala çevrilməsidir. Bu istiqamətdə reallaşdırılan tədbirlər sırasında müasir çağırışlara cavab verən, yüksək keyfiyyətli tədris prosesinin həyata keçirilməsi mühüm yer tutur: “Abituriyentlərin qəbul imtahanlarında müvəffəqiyyətlə iştirakı da bu baxımdan əhəmiyyətlidir. Son aylar pandemiya dövründə ölkəmizdə yaranan çətin vəziyyətə baxmayaraq, təhsil sistemi öz işini uğurla davam etdirib, şagirdlər öz səylərini ortaya qoyublar. Millət vəkili kimi təmsil etdiyim Bərdə rayonu üzrə də nəticələr ürəkaçandır. Belə ki, rayonda bu il məktəbi bitirmiş 783 nəfər universitetlərə qəbul imtahanında iştirak etmiş və onlardan 583 nəfər keçid balını toplayaraq, ixtisas seçimi mərhələsində iştirak haqqı qazanıb. 17 nəfər  600,  68  nəfər isə 500  baldan yüksək nəticə əldə edib. Bu nailiyyət məni çox sevindirir və ümidvaram ki,  Bərdə rayonunun abituriyent gəncləri  düzgün ixtisas seçimi edərək peşəkar kadr kimi formalaşacaq, gələcəkdə ölkəmizin inkişafına və rifahına layiqli töhfə verəcəklər. İstedadlı gənclərimizi bu uğur münasibətilə təbrik edir, onlara ali təhsil dövründə yeni nailiyyətlər, uğurlar arzulayıram"!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi