Modern.az

Azərbaycanlı yoqa bilicisi: “Duz, ağ şəkər və ağ unu qida rasionunuzda minimuma endirin” - MÜSAHİBƏ

Azərbaycanlı yoqa bilicisi: “Duz, ağ şəkər və ağ unu qida rasionunuzda minimuma endirin” - MÜSAHİBƏ

11 Sentyabr 2020, 08:40

“Həyati təhlükələrin əsasında qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq dayanır”

Modern.az saytının müsahibi Azərbaycanda fəaliyyət göstərən professional yoqa müəllimi və yoqa bilicisi Elçin Quliyevdir.

 

- Elçin müəllim, uzun illərdir ki, yoqa mütəxəsisi kimi çalışırsınız. Sozcə, yoqa məşğuliyyətdir, yoxsa həyat tərzi?


- Maraqlı və son zamanlar insanları ən çox düşündürən bir məqama toxundunuz. Yoqa qısamüddətli bir məşğuliyyət deyil, həyat tərzidir. İnsanlar yoqaya ona görə gəlmirlər ki, iki ay və ya bir il məşqul olub uzaqlaşsınlar. İnsanın səhərdən axşamadək olan danışığı, davranışı, qidalanması və s. bunlar da yoqaya dəlalət edir. Fiziki hərəkətlə az və ya çox məşqul olmaq olar, yəni gündə yarım saat da fiziki hərəkətlə məşqul olmaq yetərlidir. Yoqa məktəbinin ustadı Svami Şvananda deyirdi ki, “əgər sizdə çeçələ barmaq ağrıyırsa, bundan bütöv bədən əziyyət çəkir”. Məsələn əgər ailədə bir nəfərdə problem varsa,  bütün ailə bu problemdən narahat olur.
Cəmiyyətdə də bu,  adətən belədir. Məsələn, bu gün bütün dünyada COVID-19 epidemiyası yayılıb. İnsanların üzlərində və gözlərində kədər, narahatıq və qorxu hiss olunur. Bütün cəmiyyətlər bundan əziyyət çəkirsə, təbii ki, biz özümüzü xoşbəxt hiss edə bilmərik. Eləcə də bəşəriyyətdə baş verən müharibələr və s. insanlara əziyyət verir. Yoqa üzrə ustadımız Svami Şvananda deyirdi: “Məqsədimiz odur ki, hər bir insan xoşbəxt olsun”.
Dünyanı dəyişmək istəyirsənsə, birinci özünü dəyiş. Cəmiyyətin dəyişməsi də məhz fərdlərin özlərində güc tapıb dəyişmələri nəticəsində mümkün olur. Ona görə də biz çalışmalıyıq özümüzü dəyişək. Yıxılıb-qalxdıqca insan çatışmayan xüsusiyyətlərini görür və çatışmayan xüsusiyyətlərini bərpa etməyə başlayır. Yoqa ilə tanışlığım uzun illər öncə olsa da, mən 2002-ci ildən sırf bu işlə məşğulam. Yerimdə dayanmıram. Hər gün öz üzərimdə çalışıram. Yoqa təkcə fiziki hərəkətlərdən ibarət deyil.
 

- Bəzi insanlar gözəl bədən quruluşuna sahib olmaq, bəziləri  isə ruhən dincəlmək üçün yoqa ilə məşğul olur. Sizcə, hansı yanaşma doğrudur?


- İnsanların yoqa dərslərinə gəlməkdə məqsədi əsasən səhhətlərində olan problemləridir. Məsələn, şəkər və s kimi xəstəlikdən əziyyət çəkən insan gəldikdə biz ona bildiririk ki, siz öncə qidalanmanıza diqqət etməlisiniz. Yoqada ən birinci addım “aximsa”dır - yəni zorakılıqdan imtina. Məsələn, mən özüm ət, yumurta və balıq kimi qidalar yemirəm, yəni lakta vegeterianam. Süd, qoz, göyərti, meyvə və s. kimi qidalarla qidalanıram. Bu özlüyündə çox geniş bir mövzudur.
Yoqada biz qidalanmaya dair çox geniş izahlar veririk.
Məsələn, səhər, günorta və axşam nə yemək və gün ərzində nə qədər su içmək lazımdır. Bu özlüyündə çox geniş bir mövzudur və bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Əgər hər hansı bir problemlərlə üzləşən insan yaşam və qidalanma tərzini dəyişməyə hazırdırsa, deməli o, qlobollaşmağa, yəni təbiət ilə harmoniyada yaşamağa çalışır. Biz heç kimin dərsdən kənardakı həyatına nəzarət edə bilmirik, yəni bu, insanın öz fərdi yanaşmasından asılıdır. İnsan dərsdən sonra ənənəvi qidalanmaya və zərərli vərdişlərə üstünlük verirsə, təbii ki dərslərin effekti də çətin hiss olunur və ya hiss olunmur. Yoqa ilə məşğul olan insan orqanizmin təmizliyinin qorunub saxlanılmasına fikir verməli, şatkarmalar etməlidir ki, orqanizm təmiz qalsın və sağlam mübadilə getsin. Təbii ki, qaydalara əməl olunduğu təqdirdə insanlar onları narahat edən problemlərdən zamanla uzaqlaşırlar.

Bəzi insanlar gözəl bədən qurluşuna sahib olmaqla bağlı bizə müraciətlər edirlər. Hətta müraciət edirlər ki, “biz yoqa vasitəsilə çakralarımızın və ya üçüncü bəsirət gözümüzün açılmasını istəyirik”. Təbii ki, belə qəribə müraciətlərlə də qarşılaşmışam. İnsan bədənini qlobal olaraq dəyişəndə bizim bədənimizdəki 7 çakra və 72 min energetik kanalda (meridianlarda) xəstəliklər yaranır. Məsələn, insan təbiətin harmoniyasını pozaraq içki içir, siqaret çəkir, qara çay və kofe istifadə edir, həmçinin, müxtəlif qazlı sular, şəkərli və duzlu qidalar qəbul edir, həddindən artıq ətli və kalorili yeməklər yeyir. Bunlar bizim bədənimizdə bloklar yaradır. Ümumiyyətlə,  insan bədəninin quruluşu yırtıcı heyvanlardan daha çox otyeyən heyvanlarına yaxındır. Məsələn, bizim dişimizin quruluşuna baxsaq görərik ki, bizdə köpək dişləri yoxdur. Bizdə çeynəmə dişləri var. Bizim bağırsağımızın uzunluğu 6 dəfə özümüzdən uzundur. Yəni gövşəyən heyvanlardan qoyun və inəkdə də 6 dəfə uzundur. İtdə və pişikdə isə 3 dəfə uzundur. Yırtıcı heyvanlarda ifraz olunan mədə şirəsi bizimkindən 3-4 dəfə çoxdur. Onlar sümüyü belə asanlıqla uda bilirlər. Yəni sümük belə mədələrində həzm olunur. Gövşəyən məməli heyvanların mədəsi isə yalnız otları həzm edir.


- Gözəl bədən quruluşuna sahib olmaq üçün fitnes, pilates və digər idman növləri də xeyli məşhurdur. Yoqanın bu kimi idman növlərindən üstün cəhəti nələrdir?


- Bəli, insan məhz yoqa vasitəsilə təbiətlə harmoniyanı tənzimləyəndə bədən arzu etdiyi formanı ala bilər. Əlbəttə ki, yoqların bədəni fitneslə məşğul olan insanların bədəni kimi olmur. Sadəcə, onların bədəni və qaməti düz olur. Şux görünüşə malik olurlar. Yəni onlar nə kifayət qədər kök, nə də arıq olurlar. Əgər kimsə istəyirsə yoqa sayəsində atletik bədən quruluşuna sahib olsun, bu mümkün olmayacaq. Əgər insanlar istərsə, yoqa ilə yanaşı, digər idman növləri ilə də məsələn, futbol, üzgüçülük, yüngül atletika, yürüyüş və qaçış kimi fiziki hərəkətlərlə məşğul ola bilər. Yoqa biliciləri məsləhət görüb ki, yoqa ilə yanaşı, sadaladığım idman növləri ilə də məşğul olmaq məsləhətdir.


- Yoqa ilə məşğul olarkən yoqadan əvvəl, yoxsa sonra qidalanmaq lazımdır? Mümkünsə bu barədə ətraflı məlumat verə bilərsiniz?


- Yoqlar qidalanma ilə bağlı məsləhət görürlər ki, səhər tezdən durmaq lazımdır. İlk iş məhz yoğun bağırsağın təmizlənməsidir. Sonra isə  dişləri və dili təmizləmək lazımdır. Çay qaşığı ilə də dili təmizləmək olar. Daha sonra duzlu su ilə burunu təmizləmək lazımdır. Həmçinin duş almaq məsləhətlidir. Mən tələbələrimə də tövsiyə edirəm ki, səhər dərsə gəlməzdən əvvəl duş qəbul etmək lazımdır. Youtube kanalımızda bununla bağlı ətraflı izahlar var. Məsələn, dəri təmizlənməsi ona görə lazımdır ki, dərimizdəki toksinlərdən azad olaq. Biz o toksinləri təmizləməyəndə onlar qana keçə bilər. İnsanın gec-gec yuyunması onun daxili orqanlarında müxtəlif xəstəliklərə səbəb ola bilər.
Sonra səhər biz öz meditasiyalarımızı pranayama və s. edirik. Qidalanmaya gəlincə, səhərlər biz hərəkətlərə başlamazdan öncə bir stəkan qaynadılmış isti su içirik - 350 qram. İsti su təbii ki, dodağınızı yandıracaq temperaturda olmamalıdır. Ona limon suyu da əlavə etmək olar. Hətta sarıkök də. Hər səhər praktikadan öncə biz bunu təkrar edirik. Praktiki hərəkətlər etdikdə bədənimizdəki toksinlərimiz daxili orqanlarda həll olmağa başlayır. Yəni böyrək vasitəsilə həll olunur. Səhərlər adətən müxtəlif sıyıqlar - herkules və s.- yemək məsləhətdir. Balansı təmin etmək üçün hər səhər eyni qida yeyilməməlidir. Əgər insan ağır fiziki iş görürsə, sıyığı südlə hazırlayıb içinə kərə yağı və qoz əlavə edilə bilər. İnsanın yeməyi dadlı olmalıdır. Çünkü dad olmayanda bu, insanın psixikasına təsir göstərir. Bunları yedikdən sonra insan ən azı iki saat fasilə verməlidir. Yəni qidalanmadan sonra su içmək qəti qadağandır. Yoqlar məsləhət görür ki, buzlaqlardan gələn su ən təmiz sudur. Gün ərzində çalışıb iki litr su içmək lazımdır və suyu qurtum-qurtum içmək mələhətdir. Qida qəbulu zamanı xüsusilə qidanı yaxşı çeynəmək çox önəmlidir. Günorta zülallı qidaların qəbulu məsləhətdir. Məsələn, mərci, qoz və s. Qidanı çalışıb odun üzərində az saxlamaq lazımdır. Mənim, şəxsi Youtube kanalımda bu barədə bir çox məlumatlar verilib. Meyvə-tərəvəzi isə qida arası yemək məsləhətdir. Tutaq ki, səhər yemək yediniz, bir saat və ya iki saat sonra siz meyvə yeməyə başlaya bilərsiniz. Meyvəni yeməklə qarışdırıb yemək olmaz. Çünki meyvə 15 dəqiqəyə həzm olunur, zülal isə 4 saata həzm olunur. Siz zülal ilə meyvəni qatsanız, qarında köp əmələ gələ  bilər. Yeməkdən 4 saat sonra su içməyə başalanılmalıdır. Meyvədən istifadə zamanı şirin və turş meyvələri qarışdırmaq olmaz. Yoqlar gün ərzində bir-iki dəfə yemək yeyirlər. Axşam sarıkök və bal ilə qarışdırılmış süd içmək olar. Yoqada nəfəs praktikaları etdiyimiz üçün bizə kərə yağından istifadə etmək lazımdır. Yoqlar heç vaxt bitki yağlarından istifadə etmirlər. Çünkü bitki yağında “Omeqa 6” turşusu var. Məhz bu turşu bizim sümüklərin ifraz etdiyi qlükozamini yuyur və bu da insanda sümük xəstəliklərinə artroz, artrit və s.-yə səbəb olur. Sümüklərdə maye azaldığı üçün qığırdaq bir-birini yeməyə başlayır. Yoqlar məsləhət edirlər ki, qəbul etdiyimiz duzu da minimuma endirmək lazımdır. Çalışın duz, ağ şəkər və ağ un kimi nemətlər qida rasionunuzda minimum olsun.


- Elçin müəllim, bu gün internet məkanında müxtəlif yoqa dərsləri tapmaq olur və bəzi insanlar elə evdən həmin dərslərdən yararlanırlar. Bəzən həmin dərslər qeyri-professonal insanlar tərəfindən keçirilir ki, bunun  heç də yaxşı nəticələri olmur. Bu barədə nə deyə bilərsiniz?


- Yoqlar deyir ki, yoqa bıçağın iti ucunda gəzmək kimi bir şeydir. Əsl yoqanın əsasında elm və uzun illərin təcrübəsi dayanır. Ona görə də bir insan yoqa dərsinə yazılarkən müəllimdən soruşmalıdır ki, o harada təhsil alıb? Tutaq ki, kimsə internetdən bunu öyrənib kurs açıb və ya hansısa sertifikatlar alıb müəllimlik edirsə, elmi dərin bilməməsi onun işində fəsadlar yarada bilər və çətin vəziyyətlərlə qarşılaşa bilər.
Beynəlxalq Yoqa Alyansı və Hindistanda Yoqa Nazirliyi var. Professional müəllimlər bu qrumlarda qeydiyyatdan keçməlidirlər. Yəni bu qurumlar onun üçün yaradılıb ki, naşı adamlar özlərini müəllim adlandırıb yoqa ilə məşğul olmasınlar. Yəni bu işin peşəkarları məhz həmin qurumlar tərəfindən keçirilən kurslarda iştirak edib daha sonra sertifikat qazanmalıdır ki, o, müəllimlik etsin və gələcəkdə bu işlə məşğul olanlara düzgün istiqamət verə bilsin.
Mən özüm də xüsusi kurslar keçmişəm və “Yoqa-şiramani” tituluna malikəm. Əlbəttə, yoqada bundan da yüksək pillələr var. Lakin mənim öz titulumla ixtiyarım çatır ki, Amerika, Yaponiya kimi ölkələrdə yoqa dərsləri verə bilim.
Yoqa dərslərilə məşğul olmazdan öncə ehtiyatlı olmaq lazımdır. Məsələn, mənə belə bir informasiya çatıb ki, hamilə bir qadın internet üzərindən tapdığı yoqa kurslarına qoşulub və dərslərdən birində zədə alaraq öz körpəsini itirib. Qadınlara müəyyən günlərdə yoqa ilə məşğul olmaq qadağandır. Hamilə qadınlara isə ümumiyyətcə yoqa məsləhət görülmür. Əgər qadın hamiləlikdən qabaq yoqa ilə məşğul olubsa, bu dövrdə yalnız xüsusi proqramla çalışmalıdır. Lakin dediyim kimi, hamilə qadınlara yoqa ilə məşğul olmaq tövsiyə olunmur.

- Bəzi insanlar müxtəlif orqanlardakı duzlaşmalardan əziyyət çəkirlər və belə fikirlər var ki, yoqa duzlaşmanı asanlıqla aradan qaldırır. Bu doğrudur?

-
Düşünürəm ki, duzlaşma insanların gün ərzində kifayət qədər su qəbul etməməsi ilə bağlıdır. Əgər bir insan öz qida rasionunda gündəlik olaraq ətdən istifadə edirsə, ətin tərkibində olan sidik turşusu bədəndə duz formasında toplanmağa başlayır. Həmçinin də ətdə olan purin maddəsi var ki, onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Yoqa vurğuladığım kimi, həyat tərzidir və möhkəm bazası olan bir elmdir. Bu elmdə yazılanların hər biri uzun illər ərzində sınaqlardan çıxarılıb. Yoqa insana elə bir həyat tərzi, elə bir qidalanma təklif edir ki, gələcəkdə orqanizmdə heç bir problem yaranmasın.


- Karantin müddətində bir çox insanlar aktiv həyat tərzindən uzaqlaşaraq, evlərinə çəkildilər. Passiv həyat tərzi sizcə insanlarda hansı həyati təhlükələri yarda bilər?


- Söhbətimiz əsnasında izah etdiyim kimi, yoqa insanları sağlam qidalanma və sağlam yaşama dəvət edir. Bilirik ki, xəstə insan nə maddi, nə də mənəvi kamilliyə çata bilir. Ona görə də kitablarda deyilir ki, Xatka yoqa bütün yoqa məktəblərinin bünövrəsidir. Təmiz hava və günəş qəbulu da gün ərzində vacib amildir. Həyati təhlükələrin əsasında isə öncə qeyri-sağlam həyat tərzi, düzgün qidalanmama kimi amillər dayanır və bu da orqanizmin xəstələnməsi və zəifləməsinə gətirib çıxarır. Xəstə orqanizm isə istənilən infeksiyaya asanlıqla yoluxa bilir və bu da xəstə orqanizmin ölüm riskini artırır.


- Sizcə yoq ilə gündə neçə dəfə və nə qədər məşğul olmaq məqbuldur?


- Bizim məktəbin əsasında 12 baza hərəkəti dayanır və bunun da əsasında 84 hərəkət edilir. Yoqada asamalar vardır ki, bunların da əsas məqsədi energetik kanalları açmaq və enerjinin bədəndə rahat ötürülməsidir. Məktəbimiz karantinin ilk günlərindən öz işini onlayn şəkildə təşkil etdi. Onlayn dərslərimiz həyata keçirildi və çox uğurlu nəticələrimiz də oldu. İndi isə dərslərimiz açıq havada davam etdirilməkdədir.


- Yoqa ilə daha yaxından maraqlanan insanlara hansı müəlliflərin kitablarından istifadə etməyi tövsiyə edərdiniz?


- Yoqa ilə daha dərindən məşğul olub elmi əsaslarını öyrənmək istəyən insanlara ustadımız Svami Şvanandanın kitablarını oxumağı tövsiyə edərdim. Kitabların bir çoxu internetdə var. Azərbaycan dilinə tərcümə olunub. Bu kitabın çapına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva xüsusi diqqət və dəstək göstərib.
Kitabda çox gözəl illüstrasiyalar yer alır və eyni zamanda, praktiki məşğələlər qeyd olunub. Həmçinin, elmin fəlsəfəsi qeyd olunub. Bu kitabı oxuyan hər kəs çox məmnun qalıb. Həmçinin Svami Şvanandanın tələbələri Sasyananda Sarasvadi, Ram Kumar Şarmenin kitablarını da tövsiyə edə bilərəm.

- Yoqa bilicisi kimi gələcəkdə kitab çap etdirmək planlarınız var?


- Əlbəttə belə planım var və artıq bir kitabı tərcümə də etmişəm. Lakin maddi problemlər var. Ona görə də maddi dəstək olduğu təqdirdə kitabın çapı reallaşa bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir