Modern.az

Koronavirusa yoluxmuş müəllim: “Xəstələnməyimə səbəb virusa inanmamağım oldu” - MÜSAHİBƏ

Koronavirusa yoluxmuş müəllim: “Xəstələnməyimə səbəb virusa inanmamağım oldu” - MÜSAHİBƏ

12 Sentyabr 2020, 08:40

Koronavirusa yoluxan gənc müəllimə Günay Gərayzadə yaşadıqlarını Modern.az-la bölüşüb. Onun əməkdaşımızla söhbətini təqdim edirik:


- Günay xanım, koronavirusa yoluxduğunuzu necə anladınız? İlkin simptomlar nələr idi?

- Mənim koronavirusa yoluxmağımın birinci səbəbi virusa inanmamağım oldu. İnanmaya-inanmaya müəllim yoldaşımın evinə qonaq getdim. Xəstə idi. Köməklik etdim, yanında oldum. Sonra onun ailəsi COVID-19-la bağlı analiz verdi və təxmini 1 həftəyə qədər cavabını gözlədi. Nəticələri gözləyən vaxtda koronovirusun simptomlarının bəzisi məndə də özünü göstərdi və şübhəyə düşdüm. Məsələn, heç zaman olmayıb ki, mən pilləkənlə qalxanda təngnəfəs olum, ürəyim az qala dayansın. Boğazda tez-tez bəlğəm yaranırdı, ümumi halsızlıq, ürək bulanması, daxili temperatur və s. məni artıq ciddi narahat etməyə başlamışdı. Bundan sonra rəfiqəmigilin testi pozitiv çıxdı və mən də test vermək qərarına gəldim. Həyat yoldaşım da koronavirusa inanmırdı. Amma mən övladımın sağlamlığını təhlükəyə atmamaq üçün üstünə düşdüm, test verdiim, təxminən 1 həftə testin cavabını gözləyənə qədər ailəmi özümdən uzaq tutdum, özümü karantinə aldım. Qorxduğum başıma gəldi, koronavirus testimin cavabı pozitiv çıxdı. Amma həyat yoldaşımın və qızımın nəticələri neqativ idi. Dərhal ailəmi izolyasiya etdim. Mən müəllimlik fəaliyyətimlə əlaqədar Goranboyun sərhəd kəndində çalışıram, elə orada da kirayə qalırıq. Amma Gəncəyə gəlin köçmüşəm, həyat yoldaşımın ailəsi də orada yaşayır. Həyat yoldaşımı və 2 yaşlı qızımı Gəncəyə göndərdim. Ailəmin sağlamlığından narahat olduğuma görə, evdə müalicə almağa razılaşmadım, heç kimə mənə qulluq etməyə icazə vermədim. Təcili Tibbi Yardıma zəng etdim və məni xəstəxanaya apardılar. Həkimimə açıq-aydın dedim ki, mənim burada heç kimim yoxdur, evdə müalicə ala bilmirəm. Mümkün olana qədər müalicəmi xəstəxanada, karantində etdirim. Həkimlərin cavabı müsbət oldu, hətta dedilər biz razı olmarıq ki, bu vəziyyətdə evə göndərək, təkbaşına müalicə olunasan. Goranboy xəstəxanasında müalicə aldım. Müalicə prosesində həm həkimlərin, həm də tibb bacılarının qayğısını müşahidə etdim. Qulluq, yeməklər hər şey yaxşı idi.


- Adətən koronavirus xəstələri psixoloji cəhətdən də az-çox narahatlıq içərisində olurlar. Sizin bununla bağlı probleminiz oldumu?

- Mən xəstəxanaya yerləşdiriləndə, müalicə prosesində də özümü çox sakit, psixoloji cəhətdən hazırlıqlı aparmağa çalışdım. Bu durumu faciələşdirmədim. Düşündüm ki, beynim nə qədər sakit olsa, əsəblərim yerində olsa, sağalma şansım da yüksək olacaq. Yanımda günlərlə ağlayan, xəstəliyini dəhşətə çevirən insanlar oldu. Dializ xəstəsi bir qadınla eyni otaqda qalırdıq. Qohumları hər gün ona zəng edib, ağlayırdılar. Kim zəng edirdi, yas saxlayırmış kimi ona ağlayırdı. Qadını dəfələrlə başa salmağa çalışdım ki, əzizlərin sənə qarşı düzgün hərəkət etmir. Onlar ağlaşma qurduqca sənin psixoloji gərginliyin sağalma prosesinə mane olur. Mən ona pozitiv enerji verməyə çalışırdım, amma bəzən bacarmırdım. Ona zəng edib, elə vəziyyətə salırdılar ki, bərpa etmək çətin olurdu. Bu qadın cəmi iki gün yanımda qalmağına baxmayaraq mənim də psixologiyamı sarsıtdı. O gedəndən sonra dost-tanışlarıma, əzizlərimə zəng etdim. Hər kəslə hal-əhval tutdum, koronavirusa tutulduğumu dedim, zarafata saldım, güldüm, danışdım ki, onlar da narahatlıq keçirməsinlər. Mənim əhvalımı yüksək görəndə onlar da zarafat etməyə, kefimi daha da açmağa başladılar.

Müalicə prosesində başıma çox şey gəldi. Hətta hamilə idim, körpəmi itirdim. Amma yenə də sağala bilmək üçün psixologiyamın pozulmasına imkan vermədim. Yaxınlarımla müalicənin müsbət tərəflərini bölüşdüm.

 

- Söhbətimizdə hiss etdim ki, həkimlərdən və xəstəxanadan şikayətiniz olmayıb. Hətta razı qaldığınızı qeyd etdiniz. Ümumiyyətlə, koronaviruslu xəstələrin müalicə aldığı karantin xəstəxanasının mühiti necə idi? Həkimlər barədə fikirləriniz də maraqlıdır.   


- Klinikada olduğum müddətdə həkimlərin “canlı şəhidlər” olduğunu öz gözlərimlə gördüm. Artıq xəstəxanada çalışan həkimlərin əksəriyyəti bu virusa tutulub, müalicə alırlar. Onlar mənə dəstək olduğu kimi, mən də xəstəxanada qaldığım müddətdə çalışdım ki,  könüllü olaraq həkimlərə, tibb bacılarına dəstək olum. Həkimlərdən biri danışırdı ki, həyat yoldaşı uşağını xəstəxananın həyətinə gətirib. Uşaq anası ilə görüşmək istəyib, amma həkim uşağını qucaqlayıb, bağrına basa bilməyib. O həkim danışırdı ki, “uşağımın ürəyində sıxıntı qaldı ki, bu necə anadır, məni qucaqlamadı?”. Həkimlər körpə övladlarına durumu başa sala bilmirdilər. Yanımda həkimin qızı zəng etmişdi. “Ata mən sənin üçün darıxmışam deyib”,- kövrəlirdi. O həkim, ata qızına “yaxşı, mələyim, işim var indi, sonra danışarıq deyib” qəhərlə telefonu söndürürdü. Bu zaman həqiqətən, insanın içi parçalanır. Həkimlər qoruyucu paltarları səhərdən axşama kimi əyinlərində saxlamalı olurlar. Hətta bəzən su içməyə belə icazə verilmir. Həkimlərin o durumuna çox üzülürdüm.

Koronavirusdan sağalsam da, psixoloji durumumu lap əvvəldə olduğu kimi saxlaya bilmədim. Özümü sakit saxlamağa çalışıram, koronavirus insanın psixologiyasına mütləq təsir edir.


- Sosial şəbəkələrdə tez-tez paylaşımlarınız olur, koronavirusla bağlı insanları maarifləndirməyə çalışırsınız. Sizin cəhdlərinizin nəticəsi necədir?

- Sosial şəbəkədə mənim izləyicilərim, dərs keçdiyim şagirdlərim, kifayət qədər tanıdığım insanlar var. Ötən günlərdə şəklimi paylaşıb, yazıblar ki, hətta Günay müəllimə də koronavirusa yoluxub. Mən bu zaman gördüm ki, insanlar artıq müəyyən qədər maarifləniblər. Əvvəllər mənim kimi virusa inanmayan, qorunmaqdan imtina edən şəxslər indi bir-birinə dəstək olmağa, özünü virusdan qorumağa çalışırlar.

Virusdan əziyyət çəkdiyim müddətdə elə xəstəxanada müalicə ala-ala insanları maarifləndirməyə çalışdım. Sosial şəbəkədə 14 min nəfərdən ibarət qrupum var. Burada paylaşım etdim, hər kəsə məsləhət gördüm ki, özünüzü qoruyun, maska taxın, yaxınlarınızı qoruyun,sosial məsafəyə, gigiyena qaydalarına əməl edin. Bu şəbəkələrdə də marağın yüksək olduğunu görürəm. İnsanlar artıq koronavirusa inanırlar. Ona görə, bu dönəmdə onları maarifləndirməyə, stimul verməyə daha çox ehtiyac var.

Biz koronavirusa yoluxsaq belə, çalışmalıyıq ki, bütün qaydalara riayət edək ki, tez zamanda sağalaq. Ümumiyyətlə, koronavirusa yoluxmamağa çalışmalıyıq. Kimsə koronavirusa tutulur, 14 gün karantində, xəstəxanada müalicə alır. İmmuniteti güclüdürsə, sağalıb, evinə ailəsinin yanına qayıda bilir. 1 aylıq təcrid müddətindən sonra normal həyatına geri dönür. Amma düşünün, oradakı həkimlər nələr çəkirlər. Həkimlər xəstə sağalandan sonra evlərinə, ailələrinin yanına qayıda bilmirlər.
Bir xəstə gedir, digəri gəlir, həkimlər məcburdurlar hər biri ilə məşğul olsunlar. Günlər aylara çevrilir, bu gedişlə aylar da ilə çevriləcək. Həkimlərə, bir-birimizə dəstəyimiz vacibdir. Mən özüm övladımdan ayrı qalan müddətdə qızıma görə çox əziyyət çəkdim. Bu ayrılıq onun da psixologiyasına təsir edir. Məni axtarır, anasını görmək istəyirdi. Görün, aylarla xəstəxanada xəstələrlə məşğul olan həkimlərin ailələri, övladları, özləri nələr çəkirlər.


- Koronavirusdan sağalan xəstə xəstəxanadan çıxandan sonra 14 gün təcrid olunmalıdır. Sağalandan sonra ətrafdakı insanların sizə qarşı münasibəti necə oldu?

- Mən artıq özümü psixoloji olaraq hazırlamışdım. Bilirdim ki, sağalandan sonra da bir müddət hər kəs məndən qaçacaq. Amma mən heç kimi buna görə qınaya bilmərəm. Bu elə xəstəlikdir ki, ananı da baladan ayırır. Buna görə, hesab edirəm ki, koronaviruslu xəstələrlə psixoloqların işləməsi vacibdir. Düzdür, həkimlər özləri xəstələrə hər dəstəyi göstərirlər. Tez-tez otağımıza girib bizimlə psixoloji söhbətlər aparır, çox mülayim davranır, anlayışla hər şeyi izah edirdilər. Amma bizə psixoloqlar lazımdır ki, testin cavabı pozitiv çıxan ilk gün gəlsin xəstənin yanına, bu virusla başa çıxmağa hazırlasın. Bunu adi xəstəlik kimi qəbul edə bilməyib, psixoloji gərginliyə düşən xəstələr çoxdur. Hesab edirəm ki, koronavirusun birinci dərmanı insanın psixoloji cəhətdən özünü hazırlıqlı hiss etməsidir.

İnsanlar koronovirus xəstəsi olduğunu kimlərinsə bilməyindən utanırlar, çəkinirlər. Əslində bu,  düzgün deyil. Özündə bu simptomu hiss edib test vermisinizsə, öz-özünə müalicə olunmağa can atmayın. Ən əsası “camaat nə deyər” psixologiyasından uzaqlaşıb, özünüzü də, ətrafınızdakıları da məlumatlandırın. İnsanlar artıq bu xəstəliklə barışmalıdırlar. Hər kəs koronavirusa tutula bilər. Bunu qəbul etsələr, bütün situasiya ilə barışsalar, digər şərtlərlə də razılaşmağa başlayacaqlar.


- Həkimlərinizə sözünüz varmı?

- Əlbəttə. Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimləri, Sevinc xanım, Rahilə xanım, Xətai həkim, mütəmadi olaraq hər əziyyətimi çəkən tibb bacısı Aytəkin xanım – hər biriniz dəyərlisiniz. Eyni zamanda, onlarla bərabər digər həkim və tibb bacılarının  yorulmadan, usanmadan bütün xəstələrə  yaxından göstərdikləri qayğı və köməyə görə təşəkkür edirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu