Modern.az

Sabiq deputat: “Biznes işim atamdan qalıb” - MÜSAHİBƏ

Sabiq deputat: “Biznes işim atamdan qalıb” - MÜSAHİBƏ

21 İyun 2012, 10:55

Cahangir Hüseynov: ”Deputatların əksəriyyəti heç öz statusundan düzgün istifadə etmirlər”


”Bəzi məmurlar Konstitusiyanı bilmir. Bu faktdır və mən bunu deməkdən heç də çəkinmirəm...”

Modern.az saytı Milli Məclisin sabiq deputatları ilə silsilə müsahibələrə davam etdirir.
Budəfəki müsahibimiz Milli Məclisdə iki dəfə deputat olmuş Cahangir Hüseynovdur. Qeyd edək ki, C.Hüseynov əmək fəaliyyəti dövründə Bakı şəhər Səbail rayonunun Daxili İşlər Şöbəsində müstəntiq vəzifəsində, eləcə də Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib.

İndi heç bir işlə məşğul deyiləm. İstirahət edirəm. Məncə, həyatda bundan böyük xoşbəxtlik ola bilməz. Mən hamıya arzu edirəm ki, həm əmək fəaliyyəti ilə məşğul olsun, bundan sonra isə öz istirahət hüququndan istifadə edə bilsin. Təəssüflər ki, bu gün Azərbaycanda istirahət hüququnu da bir qədər başa düşmək çətindir. Çox adamlar vəzifədən, işdən doymur. Ancaq mən elə insanlardan deyiləm. Həmişə istəmişəm ki, işləyim, bundan sonra isə istirahətimi edim. Allah da mənə imkan yaradıb ki, mən övladlarımı böyütmüşəm, hamısı işləyirlər, indi də mən istirahət edirəm.

– Parlamentdə kimlərlə əlaqəniz qalıb?


– Sirus Təbrizli, Eldar İbrahimovla arada görüşürük. Şahlar Əsgərov, Cəmil Həsənli də mənim qonşumdur. Bakıda deputat binasında yaşadığıma görə demək olar ki, daimi əlaqədə ola bilirəm. Həmçinin parlament dövründə bizim yaxın, dost olduğumuz insanlar da var ki, onlarla mütəmadi olmasa da, görüşürük, xeyirdə-şərdə rastlaşırıq.

– Bəs kimlərlə dostluq əlaqəniz var?

– Dostluğum Sirus Təbrizliylədir. Təbii ki, ictimaiyyət Sirus müəllimi çox yaxşı tanıyır, çox fədakar, əzmkar, iradəli bir insandır. Sirus müəllim bu gün mənə çox böyük dayaqdır. Yəni o məni məcbur edir ki, idmana gedək, üzgüçülüklə məşğul olaq. Buna görə də mən həmişə o insanla dostluğumu davam etdirirəm.

– Heç özünüz üçün götür-qoy edibsinizmi ki, parlament fəaliyyəti sizə nə verdi?


– 1988-ci ildən Qarabağ hadisələri başlayanda hər bir azərbaycanlı kimi mən də siyasətə qatıldım. Ağdaşda 139 nömrəli seçki dairəsindən namizədliyim irəli sürüldü və 1991-95-ci illərdə Ali Sovetin parlamentində iştirak etdim. O dövrdə Sabirabad rayonunda polis rəisi işləyirdim. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının hüquq komissiyasının sədr müavini kimi fəaliyyət göstərirdim. Həmin dövrün lentlərini elə indi (müsahibə vaxtı) “İctmai kanal”da verirdilər. Siz bilirsiniz ki, o vaxt ölkədə çox ağır bir siyasi vəziyyət yaranmışdı. Bu dövrdə mən də siyasətə atıldım. 1991-ci ilin may ayından Ali Sovetdə deputat oldum. Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün o dövrdə mübarizə apardıq. 1992-ci il mart 2-də keçirilən iclasda çıxış etdim. Bildirdim ki,  Heydər Əliyevi hakimiyyətə gətirməliyik. Bununla respublikamız düşdüyü ağır çətin vəziyyətlərdən qurtula bilər. Əlbəttə, o dövrdə belə çıxış etmək çox çətin, qorxulu, həyəcanlı idi. Ancaq mən bunu etdim. Buna görə bu gündə özüm üçün mənəvi cəhətdən rahatlıq tapıram ki, vaxtında düzgün çıxışlar etmişəm.

– Parlamentin sizdən aldığı nə oldu?

– 1994-cü ildə mənə elə bu bağ evimdə sui-qəsd olundu. İki avtomatla yaxın məsafədən gülləbarana tutuldum. 5 güllə xəsarəti aldım. Həmin xəsarətin müəyyən fəsadlarını indi də hiss edirəm. Əlbəttə, bunlar da mənim siyasi fəaliyyətimin nəticəsi oldu.

– Seçicilərlə münasibətiniz necə idi? Əsasən hansı problemlərlə bağlı sizə müraciət edirdilər?

– Ümumiyyətlə, həmişə camaatla təmasda olmağı sevmişəm. Elə indi də bu təmasım davam edir. Qonşular, qohumlar, kənd camaatı, eləcə də işlədiyim rayonlardan insanlar gəlirlər, onlara hər zaman kömək etməyə çalışıram. Hər gün olmasa da, həftədə bir dəfə onlarla görüşüm. Həmin dövrlərdə mən seçicilərimlə daha tez-tez görüşürdüm. Parlamentdə mənim qəbul saatım yox idi. Hər hansı bir vaxt seçicim mənimlə görüşmək istəsə, dərhal onu qəbul edirdim. Çalışırdım ki, əlimdən gələn qədər, imkan çərçivəsində onlara kömək edim. Hüquq-mühafizə sahəsində çalışdığım üçün əsasən bu sahədən olan problemlərlə bağlı müraciətlər olunurdu. Yəni övladlarının həbsdə olması ilə, hər hansı bir cinayət işi ilə bağlı, mənə çox müraciətlər edilirdi.
Yaxınlarda xatirələr kitabım çapdan çıxacaq. Orada həm xidməti, həm də siyasi fəaliyyətimlə bağlı hər şeyi yazmışam. Elə kitabımın adı da “Xidməti və siyasi fəaliyyətim” adlanır. Maraqlananlar üçün bunu internet saytımda da yerləşdirəcəyəm. 

– Deputatlıq dövrünüz üçün darıxmırsınız ki?

– Yox. Hər yaşın, hər dövrün öz xüsusiyyəti var. Təəssüf ki, bəziləri vəzifədən, var-dövlətdən doymurlar. Mən şəxsən belə insanlardan olmamışam. Bir insan bir müəssisədə, bir sahədə 20-30 il necə işləyə bilər!? Yəni özünə bir davamçı görmürmü!?

– İndiki deputatların fəaliyyətini necə qiymətləndirirsiniz?

– Əlbəttə, bu, bir qədər düzgün olmazdı. Mən heç vaxt deputatların fəaliyyətinə qiymət verə bilmərəm. Onların fəaliyyəti Azərbaycan xalqını necə qane edirsə, eləcə də məni  qane edir.

– Həm öz dövrünüzdə, həm də indi deputatların öz mandatlarından sui-istifa etməsi halları ilə qarşılaşmısınızmı?

– Deputatların əksəri heç öz statusundan düzgün istifadə etmirlər. Sui-istifadəyə gəlincə, şəxsən belələrindən olmamışam.

– Deputat olduğunuz dövrlə bu günü müqayisə etsək, Milli Məclisin fəaliyyətində hansı fərqlər nəzərə çarpır?

– Bir daha bu məsələyə qayıtmaq istəmirəm. Amma qeyd edim ki, parlament xalqın  seçdiyi nümayəndələrin təmsil olunduğu böyük bir məclisdir. Bu Azərbaycanın 9 milyonluq əhalisini əhatə edir. Əlbəttə, hansı formada əhatə edir, hansı formada əhatə etmir? Mən bu suala çətinlik çəkərəm cavab verməyə. Ancaq arzumu, istəyimi bildirmək istəyərəm ki, bizim Milli Məclis daha geniş miqyaslı, hərtərəfli şəkildə millətinə yardımçı olsun.

– Elə qanun təklifi olubmu ki, yaddaşınızda qalsın?

– Mən  Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədr müavini olduğum üçün 5 il ərzində demək olar ki, dövlətçiliklə bağlı bütün qanunların müzakirəsi mənim tərəfimdən aparılıb. Bu qanunlar isə həddindən artıq çox olub. Əsasən təhsillə, səhiyyə, ekologiya, turizm, mədəniyyətlə bağlı çıxışlarım olub. Və təəssüf  hissi ilə qeyd edirəm ki, problemlərimiz hələ də qalır. Əlbəttə, bu gün ölkəmizdə böyük işlər görülür, çoxlu müvəffəqiyyətlər qazanılıb. Amma hər şeyi tərifləmək də olmaz axı. Nöqsanlı tərəfləri də demək lazımdır ki, bu nöqsanlar aradan qalxsın. Ən vacib problemlər elm, təhsillə bağlıdır. Mən bunu Milli Məclisdə öz çıxışlarımda demişəm, indi də deməyə hazıram. Mənim qəbul olunmasını indi istədiyim yeganə qanun Qarabağla bağlıdır. İstəyirəm ki, bu münaqişənin həlli tez həll olunsun. ATƏT-in Minsk Qrupunun, beynəlxalq təşkilatların bu sahədə rolunu təbii ki, heç hesab edirəm. Bu yaxınlarda 5 əsgərimiz şəhid oldu, 2 əsgər minaya düşdü. Bu hadisələr mənə çox pis təsir edir.

– Hüquqşünas kimi necə düşünürsünüz, hüquq sahəsində hansı problemlərimiz var?


– Hüquq sahəsində bir çox problemlərimiz var. Həm deputat olarkən bunu çıxışlarımda bildirmişəm, həm də bunları Prezident Administrasiyasına da çatdırmışam. Düzdür, islahatlar aparılır. Amma hüquq elə bir elmdir ki, daim inkişafdadır və cəmiyyət üçün ən vacib bir sahədir. Bu sahə də günü-gündən inkişaf etdirilməlidir, qabağa aparılmalıdır. Ən əsası isə beynəlxalq hüquq elmi yeni elmdir. Bu İkinci Dünya müharibəsi illərindən sonra yaranmışdır, 50 ilə yaxın ömrü var. Bu gündə millətlər və dövlətlər arasında gedən proseslər beynəlxalq hüquq normaları ilə tənzimlənməlidir. Elə mən özüm də beynəlxalq hüquqçuyam yəni bu sahədə aliməm. Bu sahədə mənim elmi fəaliyyətim olub və bu fəaliyyətimi də davam etdirirəm.

– Vətəndaşların öz hüquqlarını bilməməsinin əsas səbəbləri sizcə nədir?

– Bu, çox ağrılı bir məsələdir. Məncə, bu, təhsillə bağlıdır. Orta məktəb şagirdlərinə bəlkə də o sovet dövründən qalmış elmlərin hamısını tədris edirik, amma bu gün hüquqi əsasları, Azərbaycan Konstitusiyası barədə şagirdlərimizə heç bir bilgi vermirik. Hər bir insan öz hüquqlarını bilməlidir. Bir insan öz hüququnu bilmirsə, o həm başqalarının da hüququnu pozacaq, şəxsin özü də hüquqsuz bir çərçivədə yaşayacaq. Ona görə də təhsildə çox böyük islahatlar aparılmalıdır. Orta məktəblərdə hüququn əsasları, cinayət hüququ, beynəlxalq hüquq və digər hüquqlar tədris olunmalıdır. Mən parlamentdə də həmişə deyirdim ki, Konstitusiya hər bir məmurun stolüstü kitabı olmalıdır. Təəssüflər olsun ki, bəzi məmurlar Konstitusiyanı bilmir. Bu faktdır və mən bunu deməkdən heç də çəkinmirəm.

– Çox vaxt məmurlar vətəndaşların hüquqi biliklərinin olmamasından sui-istifadə edirlər. Buna sizin münasibətiniz necədir?

– Əgər məmur öz Konstitusiyasını, öz hüququnu bilmirsə, təbii ki, öz hüququnu da pozacaq, vətəndaşların da. Bu, böyük faciədir. Son illər mən çox sevinirəm ki, Ədliyyə Nazirliyində və digər nazirliklərdə işə qəbul testlə keçirilir. Buna sevinirəm ki, Azərbaycan heç olmasa gec də olsa, gəncləri test vasitəsilə dövlət qulluğuna qəbul edirlər. Ancaq mənim belə fikrim də var ki, nəinki gənclər, hətta onillərlə işləyən insanlar da yenidən testdən keçsinlər. Yəni formal olaraq yox, onlar mütləq imtahan versinlər. Əgər onlar imtahandan keçirlərsə qalsınlar, daha yüksək vəzifə verilsin amma bilmirsə o köhnə Sovet qanunları ilə işləyirsə onları kənarlaşdırmaq lazımdır.

– Məmur-vətəndaş münasibətləri haqqında nə deyə bilərsiniz?


– Hər bir məmur vətəndaş üçün çalışmalıdır, vətəndaşın hüquqlarının təminatçısı olmalıdır. Şəxsən mən, həm televiziya həm mətbuat işçilərinə irad tuturam. Çünki mən çox az rast gəlirəm ki, bir məmurla dəyirmi masa arxasında bir görüş keçirilsin. Belə bir tendensiya tamamilə aradan qaldırılıb. Ümumiyyətlə, məmurlar ekrana çıxmırlar. Ancaq Fəxri Xiyabanda və hansısa bir tədbirdə jurnalist yaxınlaşıb zorla ondan bir-iki kəlmə söz qopara bilir. O da daha məcburdur ki, nəsə desin. Belə olmalı deyil. Mətbuat haqqında qanun var. Hər bir məmur öz işi, fəaliyyəti barədə jurnalistlərə məlumat verməlidir.

– Məhkəmələrin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bu, çox geniş söhbətdir. Bu gün deyə bilmərik ki, Azərbaycanda məhkəmə hakimiyyəti, ali məhkəmə tamamilə yerindədir, tam düzgündür. Bu gün məhkəmə hakimiyyəti nə qədər savadlı, güclü olsa, Azərbaycan dövlətçiliyi, Azərbaycan vətəndaşları ondan bəhrələnər. Məhkəmə hakimiyyəti qanunların femidasıdır. Təəssüf ki, bu sahədə o qədər də müsbət deyil. Ancaq məhkəmələrə də işçi qəbulu testlə keçirildiyi üçün mən inanıram ki, burada da inkişaf olacaq.

– Vətəndaşlar məhkəmələrin fəaliyyətindən narazıdırlar. Bu haqda nə deyə bilərsiniz?

– Məhkəmə hakimiyyətin bir qoludur. Burada da tərəflərin biri razı, digəri isə narazı qalır. Bu baxır hansı tərəf. İki vətəndaş məhkəməyə müraciət edirsə, birinin iddiası ödənilir, digərininki isə yox. Bu gün Azərbaycanda hamı istəyir ki, onun istədiyi olsun. Əlbəttə ki, bu ola bilməz. Əgər vətəndaş haqlıdırsa, dedikləri qanunlarla üst-üstə düşürsə, o öz mübarizəsini davam etdirməli, Avropa məhkəmələrinə belə getməlidir.

– Məhkəmələr ədalət prinsipini qoruya bilirmi?

– Bunu bütün məhkəmələrə aid etmək olmaz ki, onlar bunu qoruya bilir ya yox? Əlbəttə ki, bu gün məhkəmələrdə böyük islahatlar aparılır, bəzi hakimlər cəzalandırılır, hətta tutduqları vəzifələrdən azad edilir. Biz istəyərik ki, ölkəmizdə məhkəmə hakimiyyəti ədalətli olsun. Qanunlarımız vətəndaşlarımızın keşiyində dayansın.

– Beynəlxalq hüquq təcrübəsində hansı müddəalar var ki, səlahiyyətiniz olsaydı, onları bizdə tətbiq etmək istərdiniz?


– Beynəlxalq hüquq prinsiplərində İkinci Dünya Müharibəsindən sonra dövlətlərin torpaqların toxunulmazlıq prinsipi var. Ancaq bu, Konstitusiya müddəası deyil. Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad etməlidir. Mən bunu Dağlıq Qarabağa şamil etmirəm. Çünki millətlərin öz müqəddəratını təyin etmək hüququ var. Ancaq yerdə qalan 7 rayonun günahı nədir? Mən Cəbrayıl, Ağdam, Füzuli, Qubadlıdakı hadisələrdə olmuşam. Bu rayonların əhalisinin günahı nədir? Azərbaycan torpaqlarının günahı var ki, onlar 20 ildir işğal altındadır. ATƏT-in Minsk Qrupu həmsədrləri gəlirlər-gedirlər. Xankəndində tut arağından içirlər, qayıdıb yenə gəlib deyirlər ki, hər şey yaxşıdır, münaqişəni sülh yolu ilə həll edəcəyik. Buna nə qədər dözmək olar!? Azərbaycanın 7 rayonu işğaldan azad olunmalıdır. Buna cinayət hüququ da imkan verir, beynəlxalq hüquq da. Mən Minsk Qrupunun fəaliyyətinə inanmıram. Bu məsələ BMT çərçivəsində  qaldırılmalı və həll olunmalıdır. BMT-nin dörd qətnaməsi var və bu qətnamələr yerinə yetirilmir. Bu məsələ Biz BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmalı və öz həll  yolunu tapmalıdır.

– Son vaxtlar məmurlar mətbuata təzminat davası açması adi hal alıb. Sizin buna dair fikirlərinizi bilmək istəyərdik.

– Bu gün 30, 50 minlik təzminat davalarını düzgün saymıram. Ancaq jurnalistlərə də tövsiyə edərəm ki, yazı yazanda heç kimin ləyaqətinə toxunmasınlar, yalan yazmasınlar. Ancaq mən bir daha vurğulamaq istəyirəm ki, məhkəmələr ədalətli qərar çıxarmalıdırlar. Hakim bilməlidir ki, onun qarşısındakı jurnalistin bu məbləği ödəmək imkanı yoxdur. Əgər bir məmurun fəaliyyəti barədə hər hansı bir yalan məlumat gedibsə, həmin məmur bütün jurnalistləri yığsın başına, mətbuat konfransı keçirtsin. Daha jurnalisti məhkəməyə vermək, illərlə məhkəmə prosesi aparmaq nəyə lazımdır?!

– Məlumdur ki, atanız Hüseyn Hüseynov tanınmış hüquqşünas olub. Sizin hüquqşünas olmağınız hər bir oğlan uşağı kimi atasını təqlid etmək hissindən irəli gəlibmi?

– Hüquqşünas ailəsində böyümüşəm, mənim atam da uzun illər respublikanın müxtəlif rayonlarında xalq hakimi işləyib. Atamı çox yaxşı tanıyırlar. Bunu ilk dəfə deyirəm, biz Nadir şahın nəslindənik. 19-ci əsrin əvvəllərində Qacarlar sülaləsi Nadir şahın övladlarını qətlə yetirib. Mənim ulu babalarım hansısa səbəbdən oradan qaçıblar və gəlib bizim Xınna dərəsində məskunlaşıblar. 

– Övladlarınız da nə işlə məşğuldur? Sizin yolunuzu davam etdirənlər var?

– Oğlum beynəlxalq sahədə hüquqşünasdır, ABŞ-da təhsil alıb. Hazırda İsveçrədə işləyir. Qızım da hüquqşünasdır, o da Ədliyyə Nazirliyində hüquq məsləhətçisi işləyir.

– Adətən, sabiq deputatlar deputatlıqdan sonra pedaqoji fəaliyyətlə məşğul olurlar. Siz necə?

– Elə mənim də həm elmi, həm pedaqoji fəaliyyətim olub. Uzun illər Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi işlər üzrə direktor işləmişəm, Elmi Şuranın sədri olmuşam. Bakı İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Polis Akademiyasının beynəlxalq hüquqdan, dövlət hüququ fənnini tədris etmişəm.

– Hüquq fakültəsini ildə çoxlu sayda tələbə bitirir. Bu qədər hüquqşünas lazımdır bizə?

– Hər bir insan hüquqşünas ola bilər, amma mükəmməl. Bizdə kimin tərcümeyi-halını oxuyursansa, ikinci təhsili hüquq fakültəsinin qiyabi şöbəsidir. Mən bu cür təhsili qəbul etmirəm. Ümumiyyətlə, qiyabi təhsil sovetdən qalmadır. Qiyabi təhsillə tələbə nə öyrənə bilər? İldə bir dəfə bir aylıq semestrlə hüququ necə öyrənmək olar!? Ola bilər, amma mində bir adam. Bu cür kütləvi şəkildə 400, 500 nəfər tələbə məzun olur. Çoxu da ikinci təhsil. Onlardan biri iqtisadiyyatı, biri tibbi, o biri filologiyanı oxuyublar. Sonra da hüquqşünasam deyib çıxır ortaya. Təhsildə islahatlar getməlidir.

– Ölkədəki  siyasi prosesləri izləyirsinizmi? Qənaətləriniz nədir?


– Siyasi sabitlikdir, ən vacib məsələlərdən biri də budur. Bu gün Azərbaycanda cinayətkarlığa qarşı çox ciddi mübarizə gedir. Sabitlik olan yerdə əmin-amanlıqdan, güclü iqtisadiyyatdan danışmaq olar. Amma mən korrupsiya qarşı mübarizəni önə çəkirəm. Qanun Milli Məclisin II çağırışında mən müzakirə etmişəm, qəbul olunub. İstəyərəm ki, bu gün hər bir sahədə korrupsiya qarşı güclü mübarizə aparılsın ki, neqativ hallar da aradan qaldırılsın.

– Azərbaycan artıq siyasi arenada bir çox dostlarını itirir. Buna sizin münasibətiniz necədir?

– Artıq müstəqil dövlətik. Əlbəttə, hər hansı bir hadisəni böyüdüb şişirtmək olmaz. İranla bəzi problemlər var. Ancaq Azərbaycanın Avropa ölkələri, ABŞ, Rusiya ilə münasibətləri yaxşıdır.

– Sizin şəxsi biznesiniz barədə məlumatlar nə dərəcədə doğrudur?

– Hə, var, burada eyibli nə var ki?! Atamdan qalıb. Siyasi fəaliyyətim bitəndən sonra sahibkarlıq fəaliyyətinə keçdim və öz obyektlərimi idarə etdim.

– Asudə vaxtlarınızı necə keçirirsiniz?

– 5 övladı, 4 nəvəsi olan insan asudə vaxtını necə keçirər? Onlarla oluram...







Sevinc İltifatqızı
Elçin Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər