Modern.az

Qarabağın son durumu: Yerevanın artan iştahı, maksimalist tələblər və Bakıya əzələ nümayişi - TƏHLİL

Qarabağın son durumu: Yerevanın artan iştahı, maksimalist tələblər və Bakıya əzələ nümayişi - TƏHLİL

15 Sentyabr 2020, 14:30

Yerevanın Bakıya qarşı 7 rayon şantajı…

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan rəhbərliyi son aylarda Qarabağ münaqişəsi ilə bağlı ritorikasını daha da aqressivləşdirib.

Modern.az xatırladır ki, uzun illər rəsmi Yerevanın mövqeyi istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istərsə də Serj Sarkisyan dönəmində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin yekun statusunun müəyyənləşdirilməsində, işğal olunmuş ətraf 7 rayonun isə bufer zonası kimi sülh danışıqlarında vasitə kimi istifadə etməkdən ibarət idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə də faktiki razılaşan Yerevan, həmin rayonları danışıqlar prosesində əlavə təzyiq vasitəsi kimi istifadə edirdi. Bunu rəsmi Yerevan dəfələrlə etiraf da etmişdi.

       

2002-ci ildə o zamanlar müdafiə naziri olan Serj Sarkisyan Ermənistan parlamentində çıxışı zamanı Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarla bağlı mövqeyini açıq elan etmişdi. “Bəli, mən hesab edirəm ki, Ağdam bizim vətənimiz deyil. Əgər danışıqlar prosesi gedirsə və sən qarşı tərəfi axmaq yerinə qoyursansa, bu onda ancaq ikrah hissi doğuracaq.... Bəli, ələ keçirdiyimiz bəzi ərazilər olub və bundan utanmamalıyıq. Biz həmin əraziləri vətənimizin təhlükəsizliyi üçün tutmuşuq”.

2008-ci ildə artıq prezident kürsüsündə oturan Sarkisyan həmin mövqedə qaldığını təsdiqləmişdi. “O vaxtdan mövqeyimdə ciddi dəyişiklik olmayıb və bu mövqe hələ uzun illər qüvvədə qalacaq”.

 

 

Paşinyanın yeni Qarabağ ambisiyaları

Amma münaqişənin həlli uzandıqca, rəsmi Yerevan Qarabağ münaqişəsi ilə bağlı mövqeyini sərtləşdirməyə, maksimalist tələblər irəli sürməyə başlayır. Ətraf 7 rayonun (Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) danışıqların müəyyən mərhələsində qaytarılması mövqeyi, tədricən 5+2 yanaşması ilə əvəzləndi. Belə ki, strateji mövqedə yerləşən, zəngin su ehtiyatları olan və münbit torpaqlı Kəlbəcər və Laçının yekun sülh sazişi olarsa, Azərbaycana qaytarılması perspektivi Ermənistan rəhbərliyi üçün tərəddüdlü göründü.

Digər tərəfdən, danışıqların davam etdiyi bütün illərdə müxtəlif intensivliklə işğal altındakı rayonlarda süni məskunlaşdırma siyasəti davam edirdi. Əvvəlcə, məskunlaşdırma siyasətinin əsas istiqaməti Kəlbəcər və Laçın rayonları idisə, 2010-cu ildən başlayaraq Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında da bu siyasət gerçəkləşdirilməyə başladı. Ötən illər ərzində Zəngilanın rayon mərkəzi, Mincivan qəsəbəsi, Qubadlının Xanlıq kəndi, Cəbrayılda Soltanlı kəndi Ermənistandan və diaspordan (İran, Livan, Suriya, İraq) köçürülən ermənilər hesabına infrastuktura malik daimi yaşayış məntəqələrinə çevrilib.

 

 Qarabağ separatçılarının yeni lideri Yerevanın gizli arzularını ifadə edir

Ermənistanın artan iştahı, “dənizdən dənizə böyük Ermənistan” xülyası son dövrlər qondarma rejimin yeni hoqqabaz lideri Araik Arutunyanın dili ilə ifadə olunur. Heç bir rəsmi statusa malik olmayan, dünya birliyinin tanımadığı “seçki”lərdə qələbə qazanmış Arutunyan məhz qeyri-rəsmi statusuna görə Yerevanın ambisiyalarını ifadə etmək üçün uyğun fiqura çevrilib.

47 yaşlı Arutunyan ilk təxribatını bu il mayın 9-da dünya birliyinin tanımadığı “seçki”də qələbəsini qeyd etmək üçün Şuşada “inaqurasiya” şousu keçirməklə göstərdi.

O, 4 aya yaxın müddətdir ki, işğal olunmuş ərazilərə nəzarət edir və bu müddətdə rəsmi Bakının ünvanına qeyri-adekvat tələblərlə, bəzən isə hədələrlə çıxış edib. Ən əsası, Arutunyan Serj Sarkisyanın Ağdamla bağlı dediyi açıqlamaları daha kompromissiz və maksimalist şəkildə ifadə edib.

Baş nazir Nikol Paşinyanın kadrı sayılan Araik Arutunyanın həmin açıqlamalarını rəsmi Yerevanın mövqeyi də saymaq olar. “Bəli, Ağdam, Xankəndi, Şuşa, Şahbulaq, Kəlbəcər, Laçın kimi bizim vətənimiz sayılır. Və mən bu açıqlamanı Ağdamda əsasını qoyduğum və çiçəklənən bağımdan, bütün dünya ermənilərinin adından elan edirəm. Hökumətimizin dəstəyi ilə soydaşlarımız Ağdamı böyük çiçəklənən bağa çevirməlidir”.

Beynəlxalq hüququ tapdalayan bu bəyanat rəsmi Yerevanın məskunlaşdırma siyasətini Sarkisyanın dili ilə “bizim vətənimiz deyil” etirafı etdiyi Ağdama da şamil olunduğunu dəlalət edir. Nikol Paşinyan hökumətinin iyulda Tovuz döyüşlərində zərbə almasından sonra maksimalist yanaşmanı Arutunyanın dili ilə gücləndirməsi danışıqlarda əvvəlki kimi kompromis və irəliləyişin olamayacağına işarə edir. Arutunyan bundan əvvəl də, qeyri-adekvat, militarist açıqlamaları ilə gündəmə gəlib. Sentyabrın 3-də Araik Arutunyan jurnalistlər qarşısında çıxışı zamanı müharibəyə hazırlaşdığını bəyan etmişdi.

“Gəlin müharibəyə hazırlaşaq, sülh danışıqlarını müzakirə etməyək. Danışıqlar olmayacaq, bunu görmürəm”.

 

 

Araik Aurtunyan – natamamlıq kompleksi, yalançı pafos, biznes maraqları

Ümumiyyətlə, Araik Arutunyanın bəzən isterik forma alan militarist bəyanatlarının alt qatında natamamlıq kompleksi də yata bilər. Uzun illər separatçı rejimin “baş naziri “, hazırda isə “prezidenti” olan Arutunyan qondarma rejimin danışıqlar prosesində üçüncü tərəf olmasına çox ümid bəsləyirdi. Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən inadla gündəmə daxil etdiyi bu təklif rəsmi Bakı və Minsk Qrupu vasitəçiləri tərəfindən qətiyyətlə rədd edilmişdi. Hətta rəsmi Yerevanın vassal asılılığında olduğu Moskva da XİN rəhbəri Sergey Lavrovun dili ilə “danışıqların formatının dəyişdirilməsi yolverilməzdir” açıqlaması ilə çıxış etmişdi. Təbii ki, Paşinyanın “üçtərəfli danışıqlar formatı” təşəbbüsünün üstündən xətt çəkilməsi ilk növədə Azərbaycan rəhbərliyinin sərt mövqeyindən qaynaqlanırdı. Ola bilsin ki, danışıqlarda iştirak etməklə müəyyən legitimlik qazanmağa ümidlənən Arutunyanın kəskin ritorikası bu istəyin baş tutmamasından doğan məyusluğun ifadəsidir.

 

Paralel olaraq, Qarabağın Azərbaycanlı icmasının danışıqlar prosesində prestijinin artması, xarici diplomatların icma rəhbərliyi ilə görüşlərini intensivləşdirməsi Arutunyanın məyusluğunu qıcıqlandıran daha bir amildir. O 2018-ci ilin aprel-may hadisələri zamanı Nikol Paşinyana dəstək verərək, siyasi düşərgəsini dəyişmiş, bununla da 20 il ölkəni idarə edən “Qarabağ klanı”nın nifrətini də özünə qazanıb.

“Mən Koçaryanla qısa müddət ünsiyyət olmuşam amma heç vaxt isti münasibətlərimiz olmayıb. Serj Sarkisynala isə davamlı rəsmi münasibətlərimiz olub. Amma nə Koçaryan. Nə də Sarkisyanla aktiv ünsiyyətim olmayıb”- deyə Arutunyan keçmiş rəhbərliyinə münasibətlərindən üz döndərmişdi.

 

Halbuki, heç kəsə sirr deyil ki, 2007-ci ildə 34 yaşında qondarma rejimin “baş naziri” seçilməyi məhz “Qarabağ klanı”nın verdiyi qərar idi. Həmin qərarda Arutunyanın işğal alıtndakı Ağdam, Cəbrayıl rayonlarında geniş əkin sahəisinin, fermalarının, Xankəndin ticarət obyektinin və s. biznes şəbəkəsinin olması da önəmli arqument idi. O, rüşvət qarşılığında “baş nazir”, daha sonra iasə Paşinyanın inzibati dəstəyi ilə “prezident” seçilsə də, kasıb Qarabağda həddən ziyadə zənginliyi, qanunsuz hərəkətləri ilə sadə ermənilərin nifrətini qazanıb.

Nikol Paşinyanın Qarabağdakı ruporuna çevrilən Araik Arutunyan Azərbaycanın ünvanına səsləndirdiyi hədə dolu açıqlamaları ilə rəsmi Yerevanın danışıqlar prosesini pozmaq, cəbhədə gərginlik yaratmaq, status-kvonu saxlamaq və Qarabağı yaxın illərdə məskunlaşdırma siyasətini davam etdirməyi planlaşdırır. Bu gün Tovuzun Hacallı kəndi istiqamətində ordumuzun hərbçisi, gizir Renat Əliyevin yaralanması da Yerevanın tutduğu hərbi-siyasi xəttin davamıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır