Modern.az

Ümmətin zilləti və illəti

Ümmətin zilləti və illəti

Ədəbi̇yyat

17 Sentyabr 2020, 11:00

Qəzənfər Həmidoğlu

Srağagün Ağ evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə münasibətlərin normallaşmasına dair "Abraham Accords" (İbrahim razılaşması) adlı anlaşma imzaladı.
Bu günlərdə Qahirədə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan misirli həmkarı Sameh Şükrü və Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbul Geyt ilə keçirdiyi görüşlərdə Azərbaycan və Türkiyənin ünvanına ağzına gələn hədyanları söylədi. Erməni nazirlə görüşündə Misir prezidenti Əbdül Fəttah əs Sisi isə iki ölkə arasındakı "ənənəvi dostluğ"un
önəmini vurğuladı.

Azərbaycan mediası bu erməni-ərəb "flört"ünə elə də geniş yer ayırmadı. Ayırdısa da, ərəb yox, erməni mənbələrindən bəhrələndi. Qeyd edək ki, farsların erməni tutqusu barədə də erməni mediasından xəbər tuturuq.

Gələk mətləbə, ümmət məsələsinə. Qardaş, bu iş alınmadı. İƏT elə gəldi, İSESCO belə getdi, xeyri yoxdur, İslami birlik dəryada balıq sevdası olub, olaraq da qalır. Ərəblər ümmət ola bilmirsə, qeyri-ərəblər nə etsinlər.

Məhəmməd Peyğəmbərin fani dünyaya gözlərini yummasının ertəsi günündən ümmətin zilləti başlayıb. Məzhəblər, təriqətlər, təkkə-tükkələrlə əsrlər boyu olan-qalan izzətini də xərcləyib bitirib. Ətəyində namaz qılınası üləması ortalıqda görünmür, amma ümmətin ya vəlvələdən (Qərbin təşviqi və dəstəyi ilə), ya zəlzələdən (içindəki nifaqlardan) bir ucdan "Əl-Qaidə", İŞİD, "Taliban", əndərabadi təriqətlər, şeyxlər, Mehdilər icad və istehsal etməkdə tayı-bərabəri yoxdur.

Müsəlman aləmində kimin əli kimin cibindədir, bəlli deyil. Başda Körfəz monarxiyaları olmaqla Yaxın Şərq ölkələrinin əksəriyyəti amerikan-ingilis-fransız projesidir: sərhədlərini xətkeşlə cızıblar, bir çox dövlətə ad belə uydurublar. Hazırda islam aləmində məzhəb davası (İran-Səudiyyə Ərəbistanı və kampaniyası) ilə yanaşı sələfilərlə (vəhhabilər) "ixvan ül-müslimin" (müsəlman qardaşlar) arasındakı qarşıdurma önə çıxır. Qətərin Türkiyə hakimiyyətinə yaxınlığı "müsəlman qardaşlığı"na söykənir. Amma Qətər digər Körfəz ölkələri ilə yola getməsə də, bu Əmirliyin də ipləri ABŞ-ın əlindədir.

Afrikanın bicarə müsəlman dövlətləri gözlərini Ər-Riyadın ianələrin dikiblər. Dikbaşlıq edən ölkələrdə isə BƏƏ və Səudiyyə ya çevriliş edir, ya da ölkəni parçalanmaya sürükləyir.

Liviya və Şərqi Aralıq dənizi böhranlarında ümmət səfini çaşıb, Türkiyəyə qarşı "kafir"lə, rus demişkən, " çaşka-loşka" olub.
Mövzunu çox uzatmayaq. Məxləs, bu, artıq zillət (pis gün, vəziyyət) deyil, illət - yəni, azar, xəstəlikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir