Modern.az

"Ermənistan prosesə üçüncü tərəfin müdaxiləsi üçün zəmin hazırlayır"

Aktual

21 Sentyabr 2020, 14:59

“Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsi ölkədə və regionda baş verən proseslərin inkişaf perspektivlərinin təhlili, dövlətimizin strateji hədəflərinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və mahiyyət etibarilə yeni nəsillər üçün proqram xarakteri daşıyır”.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin ölkə həyatının bütün istiqamətləri, bölgədəki geosiyasi reallıqların tarixi və çağdaş aspektləri ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin başçısının siyasi lider kimi nə qədər aydın və geniş dünyagörüşünə sahib olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Prezidentinin Ermənistanın yeni böyük müharibəyə hazırlaşdığı barədə fikirlərinə diqqət çəkən Azər Kərimli bildirib ki, işğalçı ölkənin son dövrlərdə atdığı bütün addımlar bunu subuta yetirir:

“Ermənistan həm Azərvaycanla həmsərhəd ərazilərdə, həm də işğal altındakı Azərbaycan torpaqlarındakı təmas xəttində mütəmadi olaraq təxribatlar törədir və prosesə üçüncü tərəfin müdaxiləsi üçün zəmin hazırlamağa çalışır.

 

 Digər tərəfdən Ermənistanda “Müdafiə haqqında” qanuna “könüllü hərbi birləşmələr”in yaradılmasına imkan verən əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması, “könüllü hərbi birləşmələr”, “reportasiya” adı altında müzdluların Ermənistan ordusuna cəlb edilməsi üçün hüquqi bazanın yaradılmasına edilən cəhdlər də bunu sübuta yetirir. Bununla yanaşı, Ermənistan Livandan və Suriyadan köçürülən erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırır ki, bu da ciddi demoqrafik problemlərlə qarşı-qarşıya qalan işğalçı ölkənin niyyətini açıq şəkildə ortaya qoyur. Məlum olduğu kimi, istər Suriya,istərsə də Livan erməni terror təşkilatlarının məskən saldığı ölkələrdir. Və çox güman ki, Azərbaycan ərazilərinə də məhz həmin terror təşkilatlarının təmsilçiləri köçürülürlər.

Təbii ki, cənab Prezidentin də dediyi kimi, əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Dövlətimizin başçısının dilə gətirdiyi hər bir kəlmə Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir, həmvətənlərimizin ürəyindən xəbər verir. Bu baxımdan, əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir