Modern.az

Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir”

Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir”

22 Sentyabr 2020, 21:24

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə ilkin tibbi yardımla bağlı insanlarımızın daha geniş maarifləndirilməsi istiqamətində təkliflərlə çıxış edib.

 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva avtomobil qəzalarının sayının artması ilə yanaşı, qəzalarda xəsarət alan və təəssüf ki, dünyasını dəyişən insanların da sayının artmasını vurğulayıb. Qeyd edib ki, bu məsələdə sürücülərin, həm də sıravi vətəndaşların ilkin tibbi yardımın göstərilməsi qaydaları ilə bağlı biliklərinin az olması xüsusi rol oynayır.

 

Q.Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib: “Avropa ölkələrində və qardaş Türkiyədə də bu məsələyə çox ciddi nəzarət edilir. Avtomobillərdə ilkin tibbi yardım qutusunun olması mütləqdir. Çünki araşdırmalar nəticəsində məlum olub ki, avtomobil qəzalarında ilkin tibbi yardım olunduğu halda insan itkisini ciddi şəkildə azaltmaq mümkündür. Ona görə də bu inanıram ki, bu sahədə maarifləndirmə genişlənəcək və öncəliklə ictimai nəqliyyat növlərində və avtomobillərdə ilkin tibbi yardım qutularının olmasına ciddi nəzarət olunacaq”.

 

Millət vəkili bildirib ki, mütəxəssislərimizin də bu istiqamətdə önəmli təklifləri var. Məsələn, məktəblərdə keçirilən “Həyat Bilgisi” dərsi zamanı uşaqlara praktiki olaraq ilkin tibbi yardımın öyrədilməsi məsələsi həyata keçirilməsi təklif edilir: “Çünki bu ilkin tibbi yardım qutularından necə istifadə olunması, ilkin tibbi yardımın necə göstərilməsi ilə bağlı mətbuat və mediada maarifləndirmə ilə bərabər uşaqların “Həyat Bilgisi” dərslərində də bu məsələ ilə bağlı geniş məlumatlandırılması çox önəmlidir”.

 

Ekspertlər bildirirlər ki, maarifləndirmə məktəblərdən başlamalıdır. Şagirdlərə ilkin tibbi yardım haqqında yalnız biologiya kitablarında qısa şəkildə məlumat verilir. Ayrıca dərslər keçirilmədiyi üçün bu məlumatlar yetərsiz qalır. Tədris müəssisələrində "Həyat bilgisi" dərsləri istənilən fənn müəllimləri tərəfindən tədris olunur və bu fənnlər üzrə tədris müəllimləri yoxdur. Yaxşı olardı ki, hər ixtisas öz mütəxəssisinə həvalə olunsun.

 

Sağlam yaşamağın əsas şərtlərindən biri də tibbi biliklərə yiyələnməkdir. İxtisasından, peşəsindən asılı olmayaraq hamının tibbi biliklər əldə etməsi zəruridir. İnsan sağlamlığına dair kursun tədrisində şagirdlərə sağlamlığı möhkəmləndirən və pozan amillər, zərərli vərdişlərdən qorunma tədbirləri, onların profilaktika və müalicəsi, təhlükəli anlarda ilk tibbi yardımın göstərilməsi kimi tibbi bilik və bacarıqlar aşılamaq mümkündür. Təəssüf ki, belə bir kurs yoxdur. Yalnız orta ümumtəhsil məktəblərində biologiya fənninin tərkibində tədris olunan ilkin tibbi biliklər nəzəri şəkildə keçirildiyi üçün şagirdlərdə bu biliklər haqqında təsəvvür səthi olur.

 

Mülki müdafiə fənni üzrə ali məktəblərdə dərs keçən müəllim Yalçın Zeynalov milli.az-a bildirib ki, orta ümumtəhsil məktəblərində tibbi biliklər və mülki müdafiə dərslərinin yetəri qədər tədris olunmadığından, şagirdlər bu biliklərdən məhrumdur: "Həyat bilgisi", "Oxu", "Ana dili" dərsliklərinin tərkib hissəsində ilkin tibbi biliklər haqqında şagirdlərə məlumat verilməli, yuxarı siniflərdə isə biologiya fənninin tərkibində daha geniş şəkildə tədris olunmalı, X-XI siniflərə gəldikdə isə gənclərin hərbi hazırlığı dərslərinin tərkibində şagirdlərə bu biliklər verilməlidir. Bu biliklər nədən ibarət olmalıdır? Şagirdlər fövqəladə hallar zamanı nə etməli, hansı sığınacaqlardan istifadə etməli, insanlara vəziyyət haqqında necə xəbər verməli və bu müddətdə də yaralılara hansı tibbi müdaxilələrlə yardım etməli olduqlarını bilməlidirlər" .

 

Y.Zeynalov şagirdlərin istənilən mühitdə tibbi yardımlar haqqında maarifləndirilməsinin mümkün olduğunu bildirdi: "Evdə valideyn uşaqları bu bilgilərlə məlumatlandırmalıdır. Ən azından evdə tək qaldığı müddətdə baş verən hər hansı fövqəladə hadisədən qorunmaq üçün nə etməli olduğu haqqında onları maarifləndirmək doğru addım olardı. Ancaq bu mövzuda məktəbdə müəllimlərin üzərinə düşən vəzifə danılmazdır. Ona görə ki, evdə valideyn deyən sözlə, məktəbdə müəllimin dediyi sözdə fərq vardır. Çünki, uşaqlarla müəllimlər arasında səmimiyyət baxımından məsafə olduğu üçün, şagirdlər müəllimin sözünə daha məsuliyyətli yanaşırlar. Məsələyə ümumi nəzərdən baxdıqda isə, demək istərdim ki, Fövqəladə Hallar Nazirliyi məktəblərə bunun üçün kifayət qədər maarifləndirici slaydlar hazırlayıb, panolar yerləşdirib bilgiləndirici məlumatlar veriblər". Ancaq bunların yetəri olmadığını dilə gətirən müsahibim son olaraq yenə də, əsas məsələnin məktəblərin üzərinə düşdüyünü bildirdi.

 

Zeynalov bu mövzudakı boşluqları sadəcə tədris sistemi ilə əlaqələndirmir: "Şagirdlər XI sinifə çatdıqdan sonra, bu dərslərdən demək olar ki, xəbərləri olmur. Repetitor yanına, yaxud da digər hazırlıq kurslarına getdikləri üçün məktəbdə az zaman keçirirlər. Bu da onların tibbi biliklərdən geri qalmasına səbəb olur. Buna görə də, məsləhət görərdim ki, bu dərslər şagirdlərə IX-X siniflərdə tədris olunsun. XI sinifdə isə bu dərsin təkmilləşdirilməsi məsələsinə diqqət edilməsi daha məqsədəuyğun olardı".

 

Y.Zeynalov bu sahədə dərs deyən müəllimlərin ixtisaslı şəxslər olması məsələsinə də toxunub: "Müəllimlər bu işin məsuliyyətini dərk etməli, mümkün olduğu qədər əyani vəsaitlərdən istifadə etməlidirlər. Şagirdlər ən azından məktəb vaxtından bu biliklərə sahib olmalıdırlar ki, bu hallarla qarşılaşdıqlarında özlərini itirməsin və zərərçəkəni düşdüyü vəziyyətdən çıxara bilsinlər".

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...