Modern.az

20 il əvvəl Naxçıvan SSRİ-dən necə ayrıldı?

20 il əvvəl Naxçıvan SSRİ-dən necə ayrıldı?

21 Yanvar 2010, 12:27

VƏ YA 8 GÜNLÜK MÜSTƏQİLLİYİN SEVİNCİ

1990-cı ilin yanvarıda bütün Azərbaycanda olduğu kimi, üç tərəfdən ermənilərlə həmsərhədd olan Naxçııvanda da vəziyyət gərgin idi. Ermənilərin hərbi təcavüzü nəticəsində Naxçıvanın Kərki kəndi işğal edilmiş, ölən və yaralananlar, qaçqınlar Naxçıvan şəhərinə gətirilmişdilər. Lakin nə rəsmi Bakı, nə də Moskva muxtar respublikadan ünvanlanan haraylara cavab vermirdi. Yanvarın 19-da xəbər yayılır ki, rus ordusu Bakıya girməyə hazırlaşır, oradan da Naxçıvana doğru irəliləyəcək. Həmin gün bir qrup deputatın təkidi ilə çətinliklə də olsa Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırılır. Sessiyanın çağırılmasına təkid edən deputatlar bu dəfə 1921-ci ilin martında SSRİ ilə Türkiyə arasında bağlanmış Qars və həmin ilin oktyabrında imzalanmış Moskva müqavilələrinin iclasın gündəliyinə salınmasına nail olurlar. Tələb olunur ki, Naxçıvanı təhlükə gözlədiyinə görə, Türkiyədən hərbi kömək istənilsin. Sessiyanın gedişində rus qoşunlarının artıq Bakıya daxil olduğunu və kütləvi qırğınlar törədildiyini eşidən deputatların radikal əhval-ruhiyyəsi daha da artır və Naxçıvanın SSRİ-nin tərkibindən çıxması təklifi ortaya atılır. Gərgin müzakirələrdən sonra sessiya Naxçıvanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul edir. Bundan sonra deputatlar arasında Naxçıvan MSSR-in necə adlandırılması ilə bağlı mübahisələr olur. Bəziləri Naxçıvanın İslam, digərləri Türk, bir qisim isə Türk-Araz Respublikası adlandırılmasını təklif edir. Səsvermə nəticəsində Müstəqil Naxçıvan Respublikası adı qəbul olunur. Qərara alınır ki, respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilsin. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar. Lakin attaşe onlara bildirir ki, Türkiyə SSRİ-dən ehtiyat edir. Ona görə də hərbi kömək bir yana, heç Naxçıvanın müstəqilliyini də tanıya bilməz. O, nümayəndə heyətinə Əlcəzair və ya Livan səfirliklərinə getməyi məsləhət görür. Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın «Sovet Naxçıvanı» qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir.

Amma bütün bunlar cəmi 8 gün çəkir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır. Moskva isə Naxçıvanda baş verən «özbaşınalıqları» bağışlamır. Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür.

Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur…

Naxçıvan hadisələri ilə bağlı Sankt-Peterburqun sabiq meri, mərhum Anatoli Sobçaka o zaman mətbuata belə demişdi: “…1990-cı ilin yanvarında Azərbaycanın tərkibində olan kiçik Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxdığını bəyan edəndən sonra başa düşdüm ki, İttifaqın axırı çatıb…». Adəm Qorxmaz

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir