Modern.az

Göybulaqlı Türkiyə alimi – Azərbaycan mühaciri

Göybulaqlı Türkiyə alimi – Azərbaycan mühaciri

İqtisadiyyat

23 İyun 2012, 17:15

Əslən Şəkinin Gölbulaq köyündən olan Abdülbaki Gölpinarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas  alim, İslami dini görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə yadda qalan məşhur təfəkkür sahiblərindən  biridir. Azərbaycan ziyalılarından çoxu, bəlkə də, onun adını ilk dəfə 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilmiş təntənəli yığıncağında eşidiblər.

A. Gölpinarlı dinləyicilərə və oxuculara hər yerdə Türkiyə alimi kimi təqdim olunub,  onun əsli və nəsli, dədə-baba yurdu haqqında məlumat verməyi lazım bilməyiblər. Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində də  A.Gölpinarlıdan bəhs etmək, onun yaradıcılığında mühüm yer tutan Azərbaycan  mövzusundan söz açmaq yada düşməyib.

Tanınmış alimin atası XIX əsrin sonlarında – XX əsrin əvvəllərində Türkiyədə yaxşı tanınan müxbirlərdən biri olan Ahmed Agah Əfəndidir. Ahmed Agah Əfəndinin atası  İzzət Mustafa oğlu Gəncənin Göybulaq köyündə anadan olub, 1877-1878-ci il rus-Osmanlı savaşı zamanı Bursaya gəlib, bir müddətdən sonra da oradan İstanbula köçüb.   

Yeri gəlmişkən, Gölbulaq kəndi Cəfərabad-Şəki yolunun üstündə yerləşən, zəngin tarixi ənənələri olan, orta əsrlərdə bir sıra döyüşlərə şahidlik edən yaşayış məskənidir.

Ahmed Agah Əfəndinin mühərrirlik fəaliyyəti İstanbulda nəşr olunan “Tərcümani-hakikat” adlı qəzetdə formalaşıb (“Tərcümani-Hakikat” qəzeti Türkiyənin  uzunömürlü mətbuat orqanlarından biridir. İlk  nömrəsi 26 haziran 1878-ci ildə, son  nömrəsi isə 11 şubat 1921-ci ildə çap edilib.). Ahmed Agah Əfəndi bu qəzetin aparıcı müxbirlərindən biri  idi. O, mətbuat aləmində “Şeyxül-Mühabirin” (müxbirlərin şeyxi – N.N.) kimi anılırdı.

İstanbulda Ahmed Agah Əfəndi əslən Dağıstandan olan Aliyə Şöhrət xanım ilə evlənib. Ailənin doğulan ilk uşaqları hələ körpə ikən həyatdan köçüblər. Ailə  başçıları 10 ramazan 1317-də  İstanbulda Kadırqa səmtində dünyaya gələn növbəti  körpəyə Mustafa İzzət adı verir. Bu, körpənin dədəsinin (babasının – N.N.) adı  idi. Ailənin əvvəlki uşaqları çox yaşamadığı üçün uzun ömürlü olsun deyə, onu sonralar  Abdülbaki takma adı ilə çağırıblar (“baqi”  sözünün  bir  neçə mənası var, onlardan  biri də “əbədi” deməkdir – N.N.)

A.Gölpinarlı yaxşı təhsil ocaqlarında yaxşı müəllimlərdən, ilk təhsilini İstanbulun Babiali yoxuşunda, indi Basma Əsərləri Dərləmə Müdirliyi olan Təhsin Əfəndi İlkokulunda, orta təhsilini “Mənbəül-İrfan” məktəbində alıb. O, Gelenbevi İdadisinin (rüşdiyyə məktəbinin – N.N.) son sinifində oxuyarkən atası dünyasını dəyişib. Təhsilinə ara verən məktəbli işləməyə məcbur olub. O, bir müddət İstanbul  Veznecilerində kitabçılıqla məşğul olub, sonra isə Çorumun Alaca ilçesindeki  Mənbəi-İrfan İbtidai Məktəbində müəllimlik və  idarəçilik edib. 1922-ci ildə  İstanbula dönüb, imtahan verərək son sinfinə girdiyi İstanbul Erkək Müəllim  Məktəbini, ardından da İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türk dili və  ədəbiyyatı bölümünü bitirib. 1931-ci ildə çap etdirdiyi “Məlamilik və məlamilər” kitabını A.Gölpinarlı ona elmi yaradıcılıq  üslubunu və qaydalarını öyrədən professor Köprülüzadəyə ithaf edib. Təəssüf ki, sonralar müəllim və tələbə arasında  anlaşılmazlıq baş verir və onların əlbir elmi fəaliyyətinə son qoyulur. A.Gölpinarlı    sonralar yazdığı məqalələrin birində bu soyuqluğu və ayrılığı müəlliminin liderlik iddiası ilə əlaqələndirir.

Ədəbiyyat müəllimi olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu və İstanbuldakı  Haydarpaşa liseylərində çalışan A.Gölpinarlı sonralar Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində fars dilindən mühazirələr oxuyur və dərs  deyir.  1945-ci ildə kommunistlikdə  günahlandırılaraq, o, həbs edilir. 318 gün  həbsxanada  yatdıqdan  sonra ona bəraət  verilir və A. Gölpinarlı yenidən müəllimlik fəaliyyətinə  qayıdır. 1949-cu ildə o öz istəyi ilə təqaüdə çıxır. Əslində bu, A.Gölpinarlının  yaşadığı cəmiyyətin  yaramaz  qayda-qanunlarına  qarşı  etiraz  səsi idi.  

A.Gölpinarlının ailə həyatı uğursuz olub. O, 1926-cı ilə aid tərcümeyi-halında yazırdı: “Evləndim, boşadım, adını da, tarixini də unutdum, bir daha evlənməyə niyyətim  yox”.

1982-ci ilin avqust  ayının  25-də A.Gölpinarlı vəfat edib.                                                   

A.Gölpinarlı elmi yaradıcılığa gənc yaşlarından başlayıb. O, əqidə və məsləkinə görə  Osmanlı sufiliyinin təmsilçisidir.

“Məlamilik ve məlamilər” adlı əsəri ilə özünü tanıdan alim “Türkiyat məcmuəsi”,  “Şarkiyat məcmuəsi” və İstanbul Universitetinin “İqtisad  fakültəsi məcmuəsi”nin  bir sıra nömrələrində, digər dərgi və qəzetlərin səhifələrində də maarifləndirici yazılarla çıxış edir. İslam Ensiklopediyası və Türk Ensiklopediyası üçün çeşidli məqalələrini  yazır. Divan ədəbiyyatına aid çalışmaları elm adamlarının diqqətini cəlb edir. “Divan Ədəbiyyatı Bəyanındadır” (1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan  A.Gölpinarlı M.Füzuli, Yunis İmrə, Nədim, Mövlanə Cəmaləddin, Şeyx Qalib və sair  söz ustalarının ədəbi irsinin türk oxucularına çatdırılmasında misilsiz işlər görüb. 

Onun Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə “Türk Nəşriyyat Yurdu” tərəfindən çatdırılıb. 162 səhifəlik bu əsərin II cildi 1932-ci ildə çap olunub. 1958-ci ildə Bakıda Füzulinin xatirə tədbiri keçiriləndə A.Gölpinarlının  adı azərbaycanlı  alim kimi demək olar ki, yada düşməyib. Halbuki bu tədbirdən bir neçə il əvvəl – 1948-ci ildə Türkiyədə A.Gölpinarlı Füzulinin 432 səhifəlik divanını çap etdirib, ona  geniş bir müqəddimə yazmışdı. Çox güman ki, oba göstərilən bu etinasızlıq divanın  girişində Füzulinin türk şairi kimi qələmə verilməsi ilə əlaqədar idi.

Böyük alim A.Gölpinarlı Türkiyədə Molla Nəsrəddini (Hoca Nəsrəddini) elmi  şəkildə təbliğ edən səviyyəli tədqiqatçılardandır. O, təhsil sistemində bir neçə dərslik  müəllifi kimi də tanınır. A.Gölpinarlını 114 kitabın, 404  məqalənin müəllifidir. O, Quranı türk dilinə tərcümə edənlərdən biridir.

Azərbaycanda A.Gölpinarlının heykəlinin ucaldılması, BDU-nun şərqşünaslıq fakültəsinin əlaçı tələbələrindən bir neçəsinə A.Gölpinarlı təqaüdü verilməsi də   unudulmamalıdır.

Nazim Nəsrəddinov,
Azərbaycan  Respublikasının  əməkdar  müəllimi,
Təhsil Nazirliyinin  Elmi-Metodiki  Şurasının
Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir