Modern.az

Savaş qoxusu

Savaş qoxusu

24 Sentyabr 2020, 00:57

Qəzənfər Həmidoğlu

 

"Danışıqlar - güc nümayişinin ən mürəkkəb üsuludur". Müasir italyan yazıçısı Sargonikus (psevdonim) "Sargonicus. Efemerizmlər" adlı kitabında belə yazır.
Güc nümayişinin bu "mürəkkəb üsulu" Rusiya diplomatiyasının təməlini təşkil edir. Abbas Mirzə Qacarın Qriboyedova dediyi kimi, rus diplomatları zəhlətökən və it milçəyi kimi əl çəkməyəndir.

RF XİN başçısı Sergey Lavrovun isə zəhlətökənlikdə misli yoxdur.
Rusiyanın 5 rayonun qaytarılması təklif-vədi və ardınca sülhməramlı qüvvələr yerləşdirmək tələbi ciddi müsakirəyə belə dəyməz. Bu, yalnız Azərbaycanın maraqlarına zidd olması və ya Rusiyanın münaqişənin həllində (və ya həll olunmamasında) qaranlıq maraqları ilə bağlı deyil. Həm də Lavrovun dəbdən düşmüş təklif imitasiyası artıq bezdirib.


Lavrov 2004-cü ildə Rusiyanın xarici işlər naziri təyin olunmuş və ertəsi il 7 rayonun qaytarılmasına dair müzakirələrin (mərhələli həll-paket həll) gedişində sazı əlinə almışdı. O vaxtdan əldən qoymur: Madrid prinsipləri, Yenilənmiş Madrid prinsipləri, Kazan təklifləri, "Lavrov planı" və s. və i. a.
Və Rusiyanın vasitəçi olduğu digər münaqişələrdə olduğu kimi Qarabağ danışıqları bir qarış irəliləmədi, heç iməkləmədi də. Moskvanın istədiyi də bu idi və Lavrov 15 il ərzində missiyasının öhdəsindən gəldi.

Artıq Putinin, erməni tutqusu azalarsa, Lavrov- Kələntərovu qova bilər.
Ermənilərin həyasızcasına fəallaşmasına, Rusiyanın danışıqlarda güc nümayişini sərtləşdirməsinə, bəyanatlarında təhdidə keçməsinə Yaxın Şərqin qəfil sürprizlərə hamilə olması öz təsirini göstərir.
Regionda qaynar vəziyyətin dərinləşməsi, ərəb ölkələrində parçalanmalar, İran faktoru (ikibaşlı oyunları və özünün hədəf olması) Türkiyəni Şərqi Aralıq dənizində təkləmək cəhdləri, Körfəz ölkələri ilə İsrailin yaxınlaşması, məzhəb-təriqət davaları. Qərbin separatçılara və terrorçulara dəstəyi, böhran coğrafiyasının genişlənməsi fonunda, guya ki, Qarabağ danışıqlarında vasitəçilik edən ölkələr - ABŞ, Rusiya və Fransa tələsir, fəallaşır, hərbi təlimlərini intensivləşdirir, daha güclü mövqe sahibi olmaq istəyirlər. Bu vurnuxma ilə bağlıdır ki, havadan savaş qoxusu gəlir və ya belə hissiyyat yaradılır.


Bu dünyada qəfil təhdidlər qarşısında Türkiyədən başqa həmdərdimiz, dostumuz və qardaşımız yoxdur.
XXI əsrin 3-cü onilliyinin ilk ili çox şeyi şəkilləndirəcək. Tale hamımıza yar olsun!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi