Modern.az

Deputatlığa namizəd: “Partiyama və özümə rəqib görmürəm” - MÜSAHİBƏ

Deputatlığa namizəd: “Partiyama və özümə rəqib görmürəm” - MÜSAHİBƏ

24 Sentyabr 2020, 11:24

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Azərbaycanlılar arasında Gürcüstan  parlamentinə mandat qazanmaq uğrunda mübarizə aparan xeyli namizəd  var. Onlardan biri də Zaur Darğallıdır. Zaur Darğallının namizədliyi Hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülüb.


Qısa arayış:
Zaur Darğallı  4 iyul 1988-ci ildə anadan olub. 2005-2009-ci ildə kompüter texnologiaları və ingilis dili ixtisası üzrə ali təhsil alıb. 2007 – 2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və marneuli gənclər şurasının üzvü olub. 2007-2011-ci illərdə Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, “Timer” qəzeti kimi media təşkilatlarında çalışıb. 2011 – 2013-cü illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinator müavini, növbəti illərdə isə USAD ofisinin koordinatoru vəzifəsində çalışıb. 2013-cü ildə “Gürcü arzusu” koalisiasının Marneulidə gənclər şöbəsinin rəhbəri olaraq çalışıb, 2013-cü ildəki prezident seçkilərində Marneuli rayon gərərgahının işlərində fəal şəkildə iştirak edib. 2014-2017-ci illərdə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın dövlət nazirinin Kvemo-Kartli bölgəsində təmsilçisi olub. 2017-ci ildə Kvemo-Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıb. 2019-2020-cu illərdə Marneuli bələdiyyəsinin meridir.

Gürcü, Azərbaycan, rus, ingilis, türk dillərini bilir. Ailəlidir, 2 övladı var


Modern.az
Zaur Darğallı ilə müsahibəni təqdim edir.


- Zaur bəy, hazırda seçkilərə hazırlıq necə gedir?

- Seçkiöncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Marneuli və Qardabani bölgəsində əhali ilə görüşlər keçiririk. Hər iki bölgə mənim üçün əziz və doğmadır. Marneuli sakiniyəm. Bir ildir ki, bu bələdiyyənin meri vəzifəsində çalışıram. Bu müddət ərzində demək olar ki, hər gün istər qrup, istərsə də kütləvi şəkildə əhali ilə görüşlərimiz keçirilib. Bu görüşlər sayəsində yerlərdə sakinlərin dilə gətirdiyi problemləri araşdırdıq və demk olar ki, qaldırılan məsələlərin çoxuna nail ola bildik. Hazırkı görüşlər həm hesabat xarakterlidir, həm də mövcud olan problemlərin araşdırılması üçündür. Hər bir vətəndaş görüşümüzə gələrək yaşadığı ərazidə üzləşdiyi problemlərdən danışaraq ümumi məsələlərə də öz baxışını sərgiləyir, bu isə bizə imkan yaradır ki, gələcək iş planımızı düzgün şəkildə quraq və əhalinin istəklərini yerinə yetirə bilək. Eyni zamanda, hazırda seçki platformamızla da bağlı onlara məlumat veririk. “Seçici niyə bizə səs verməlidir” sualına çoxsaylı arqumentlər gətiririk və yerinə də yetiririk. Bunu hər bir seçkidə sübüt etdiyimiz üçün vətəndaşlar bizə inanır və güvənir. Digər namizədlərin görüşlərindən fərqli olaraq bizim görüşlərə yüzlərlə insan qatılır. Bu isə onu göstərir ki, əhali eşidilir və qaldırdığı problemlər öz həllini tapır. Bizim əsas prioritetimiz odur ki, dövlət idarəçiliyinə əhali maksimum cəlb edilsin və biz birlikdə ölkəmizi inkişafa aparaq.


- Vətəndaşların müraciətlərində əsasən hansı problemlərin həll edilməsi öz əksini tapır?

- Qarşıda  duran əsas problemlər infrastruktur, kənd təssərrüfatının inkişafı, təhsil problemləri, gənclərin inkişafı və digər məsələlərlə bağlıdır. Bu və digər problemlərin həlli istiamətində müxtəlif ideya və iş planımız nisbətən hazırdır. Bəzilərinin həllinə artıq başlamışıq. Platformamızın əsas prioritetləri infrastruktur layihələrinə, sosial məsələlərə və gənclər idman sahəsinə yönəlib. Bundan başqa,  ən vacib məsələ regiona investorların cəlb edilməsidir. Bununla biz işsizlik faizini minimuma endirib yeni iş yerlərinin açılması üçün əlimizdən gələni edəcəyik. Başladığımız işi sürətlə davam etdirəcəyik.


- Bildiyiniz kimi, dünyanı bürüyən COVID-19 pandemiyası bir çox problemlər yaradıb. Mer olduğunuz müddətdə  bu istiqamətdə nə kimi işlər həyata keçirdiniz? Eyni zamanda, hazırda virus səbəbindən bir çox tədbirlər təxirə salınıb. Hazırda seçki prosesi öncəsi bu sahə ilə bağlı vəziyyət necədir?

- Dünyada yayılmış bu virus təəssüf ki,  ölkəmizə də gəldi. Lakin ilk olaraq onu vurğulamaq yerinə düşər ki, Gürcüstan bu virusla mübarizədə uğur əldə edən ölkələrin ilk sıralarındadır. Bu qürurverici faktdır. Bilirsiniz ki, Marneulidə COVID-19 virusunun yayılmasından  əziyyət çəkən ilk bölgələrdən oldu. Bir aydan çox müddətdə  Marneuli və Bolnisi bələdiyyələri qırmızı bölgə elan edilərək izolyasiya rejiminə keçdi. Təbii ki, bu rejimdə yaşamaq hər kəs üçün ciddi problemlər, fəsadlar və narahatlıqlar yaratdı. İnsanlar gəlir yerini itirdilər, xəstəlik sürətlə yayıldı, bir çox problemlər yarandı. Bu dövr ərzində mən və komandamız gücləndirilmiş iş rejiminə keçərək əhalinin üzləşdiyi hər növ problemin həll olunması üçün səfərbər olduq. Hər sahə üzrə xüsusi komissiyalar yaradılaraq maksimum çalışdıq xalqın yanında olaq. Şübhəsiz ki, kənd təssərrüfatı bölgəsi olduğumuz üçün əsas problem məhsulların bazarlarda realizə olunması idi. Operativ şəkildə biz bir neçə şirkətlə əlaqə saxlayaraq önəmli müqavilələr bağladıq və bu problemi aradan qaldırdıq. Tam məsuliyyət və əminliklə deyə bilərəm ki, Marneulidə heç bir məhsul yerdə qalmadı, satış hər gün olmaqla  yerində həyata keçirilirdi. Məhsulları ölkənin yerli bazarlarda realize olunmasını təşkil etdik.

Eyni zamanda, işlərini itirmiş vətəndaşlar, aztəminatlı ailələr, çoxuşaqlılar və ahıllar ərzaq problemi ilə üzləşdilər. Bu problemin həll edilməsi üçün yaradılmış komissiya həmin ailələrlə təmasa keçərək onlarla görüşdü və lazımlı ərzaq, dərman, uşaq qidası və s kimi yardımlar edildi. Ümumilikdə 11 min bağlama ilə 8500 ailəyə yardım etdik.

Əhalinin sağlamlığının qorunması üçün üç dəfə termoskininq proseduru həyata keçirildi ki, əhalimizin böyük hissəsi bu testdən keçdi.  Ümumilikdə yerli büdcədən 300 minə yaxın lari vəsait ayrılıb. Eyni zamanda, könüllü olaraq iş adamları da, fəal şəkildə bu aksiyaya qoşularaq yardımlar etdilər. Bu və digər istiqamətdə gördüyümüz işlərdə sakinlərimizin dəstəyi, birliyi, istənilən məsələdə aktivliyi bizi çox sevindirdi. El birliyi ilə bu çətin günlərdən ciddi fəsadlarsız çıxa bildik. Mən bir daha hər kəsə minnətdarlığımı bildirirəm.


- Bəs virus səbəbindən seçkilərin təxirə salınması necə, mümkün ola bilərmi?


- Hazırda pandemiya ilə əlaqədar olaraq ölkədə bir sıra məhdudiyyətlər tətbiq edilib. Lakin seçkiöncəsi kampaniyaya bu məhdudiyyətlər şamil edilmir. Biz də görüşlər zamanı əhalinin sağlamlığını nəzərə alaraq verilən tövsiyələrə riayət etməyə çalışırıq. Seçkinin keçiriləcəyi ilə bağlı hələlik heç bir maneçilik yoxdur. Ümid edirik ki, tezliklə bu xəstəliyin yayılması dayanacaq və hər şey öz qaydası ilə davam edəcək.


- Seçki öncəsi prosesləri izləyən biri kimi deyə bilərəm ki, hər namizədin seçkidə rəqibi mütləq olur. Siz bəzi namizədlər üçün rəqibsiniz. Bəs sizin rəqibiniz kimdir?

- Hər bir namizədin düşüncəsinə, mövqeyinə və şəxsiyyətinə hörmət edirəm, uğurlar diləyirəm. Düşünürəm ki, xalq daha hər şeyi aydın görür və düzgün seçimini edəcək. Təvəzökarlıqdan uzaq olsa da, partiyama və özümə rəqib görmürəm. Belə düşünməyimə əsas səbəb xalqın ədalətidir. "Gürcü arzusu" partiyası hakimiyyətə gələn gündən ölkəni inkişafa aparır, demokratik dəyərlər qorunaraq ali tutulur, vətəndaşların ümumi rifahı düzəlib. Ən əsası bölgəmizdəki bir çox problemlər həll edilib. Bu da o deməkdir ki, insanların yaşam tərzi dəyişməkdədir. Bir çox misallar buna sübutdür. Xalqımızın bizə hər seçkidə dəstəyindən də göründüyü kimi, bizə inanır və rəğbət bəsləyir, bu isə ən mühüm olan faktdır. 


- Deputat seçiləcəyiniz halda nə kimi işləri görməyi düşünürsüz?

 - İlk olaraq seçicilərimin təklif və problemlərini nəzərə alaraq hər iki rayonda mövcud olan problem və boşluqların aradan qaldırılması əsas prioritetdir. Hər iki rayon aqrar rayondur. Burada əsas olan məsələ kənd təssərrüfatının inkişafıdır. Bu istiqamətdə bir çox güzəştlərə və dəyişirliklərə etiyac var. Eyni zamanda, illərdir həllini gözləyən önəmli problem torpaq qeydiyyatı islahatlarının aparılmasıdır. Bu məsələ vətəndaşlarda müəyyən maneələr törədir. Kənd təssərüfatına dəstək, infrastruktur o cümlədən suvarma problemlərinin həllinə yönəlmiş addımlar əsas prioritetlərdəndir.

Gənclərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsi, müxtəlif vəzifələrdə işləməsi üçün dəstəyin verilməsi, vətəndaş inteqrasiyası və s. kimi önəmli məsələlərin həllinə yönəlmiş xüsusi proqramların hazırlanmasını planlaşdırıram. Eyni zamanda, qanunda mövcud olan boşluqların aradan qaldırılması üçün qanun layihələrinin hazırlanması və bir çox istiqamətdə mövcud olan qanunların effektivliyinin müzakirəsində təkliflər irəli sürmək bir deputat olaraq əsas vəzifələrimizdən biridir. Ən mühüm məsələlərdən biri isə Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluğun inkişafı istiqamətində öz töhvəmi verərək bu əməkdaşlığı daha çox inkişaf etdirməkdir. Ən əsası isə ölkəmizin inkişafında yorulmadan çalışıb seçicilərimin ehtimadını doğrultmaqdır. Biz birlikdə qalib gələcəyik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır