Modern.az

Parlament diplomatiyası: Rusiyalı deputatlara və diplomatlara tarix dərsi - TƏHLİL

Parlament diplomatiyası: Rusiyalı deputatlara və diplomatlara tarix dərsi - TƏHLİL

24 Sentyabr 2020, 14:58

İyulun 21-dən 24-nə kimi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyaya ilk rəsmi səfərini gerçəkləşdirdi. Azərbaycan parlamentinin spikerini Milli Məclisin komitə sədrləri, deputatlar və aparat rəhbəri müşaiyət edirdilər. Sahibə Qafarovanın qardaş Türkiyəyə ilk rəsmi səfərdən sonra Rusiya paytaxtına səfəri gözlənilən idi.

Bu səfər Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərgin olaraq qalması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin hərbi ritorikasının güclənməsi fonunda həyata keçirilirdi. Parlamentimizin spikerinin səfər proqramı çox geniş idi. Belə ki, Sahibə Qafarovanın Rusiya parlamentinin hər iki palatası, Yuxarı palata olan Federal Məclisin Federasiya Şurası və aşağı palata olan Dövlət Dumasında görüşləri, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü baş tutdu. Koronavirus pandemiyasına görə medianın iştirakının məhdudlaşdırıldığı görüşlər bir sıra məqamları ilə yadda qaldı.

Sahibə Qafarovanın ilk görüşü rusiyalı həmkarı, Federasiya Şurasının sədri Valentina Metviyenko ilə baş tutdu. Bu məqsədlə Federasiya Şurasının binası Azərbaycan bayraqları ilə bəzədilmişdi. Parlamentin foyesində iki ölkə arasında münasibətlərə həsr olunan fotosərgi təşkil olunmuşdu. Matviyenko-Qafarova görüşü həm təkbətək formatda, həm də parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilirdi. Bu görüşdə diqqət çəkən məqamlardan biri Sahibə Qafarovanın Azərbayan nümayəndə heyətinin tərkibinə daxil olan Milli Məclisin Xankəndindən olan deputatı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyevi xüsusi təqdim etməsi idi. Elə buradan hiss olunurdu ki, parlament sədrinin Moskvaya ilk rəsmi səfərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar əsas müzakirə mövzusu olacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ ilk olaraq Valentina Matvviyenko ilə geniş tərkibli görüşdə qaldırıldı. Sahibə Qafarova 30 ildən artıqdır mövcud olan bu problemin təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişə olduğunu bildirdi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu hissəsində erməni təxribatı nəticəsində hərbi qulluqçular və dinc əhalinin həlak olduğunu və bu təxirbatların bu günə kimi davam etdiyini Rusiya Federasiya Şurasının sədri və onun müavinlərinin, komitə sədrlərinin diqqətinə çatdırdı.

Sahibə Qafarovanın daha geniş auditoriyaya hesablanmış çıxışı isə bir gün sonraya saxlanılmışdı. Belə ki, sentyabrın 23-də Milli Məclisin sədri Rusya parlamentinin yuxarı palatasının payız sessiyasının ilk plenar iclasında çıxış etdi. Bu, Azərbaycan parlamentinin sədrinin tarixdə ilk dəfə Rusiya Federal Məclisinin iclasında, xüsusi ilə də mövsümi ssesiyanın ilk plenar iclasında çıxışı idi.

Sahibə Qafarovanın çıxışı demək olar ki, əvvəldən axıra kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki vəziyyətinə, Ermənistanın təcavüzkar siyasətinə, uzun illərdir münaqişənin həllində sərgilədiyi qeyri-konstruktiv mövqeyə, onun region üçün yaratdığı təhdidlərə, Rusiyaya bu münaqişənin həllində bəslənən ümidlərə həsr olunmuşdu.

Parlamentimizin spikeri Federasiya Şurasının plenar iclasında Federasiya Şurasının 170 üzvünə Qarabağ tarixindən və münaqişənin hazırki vəziyyətindən tarix dərsi keçdi. Əslində bu dərs Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyanla debatı zamanı erməni nümayəndə heyətinə, o cümlədən Avropa siyasətçilərinə keçdiyi tarix dərsinin təkrarı idi. Sadəcə olaraq bu dəfə hədəf Avropa auditoriyası deyil, Rusiya auditoriyası idi, Rusiya parlamentinin yuxarı palatasının senatorları...

Tarixə kiçik bir ekskurs edən Sahibə Qafarova Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olması, 1805-ci ildə mayın 14-də bağlanan Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması və bu müqavilənin Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisyanov tərəfindən imzalanmasını, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etməsini, ermənilərin iddia etdiyi kimi “təhvil verilməsi” deyil, məhz saxlanılmasını rusiyalı parlamentarilərin diqqətinə çatdırdı.

Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Ermənistanın sərgilədiyi hərbi ritorika və qeyri-konstruktiv mövqenin Azərbaycanın uzun illərdir problemin dinc diplomatik yolla həlli səylərini puça endirdiyini vurğulayan Milli Məclisin sədri son günlərin ən aktual mövzusu olan Livan və Suriyadan ermənilərin işğal altındakı torpaqlara qanunsuz köçürülməsini məsələsini də gündəmə gətirdi. S. Qafarova Ermənistan tərəfinin bu addımın beynəlxalq humanitar hüququn norma və prinspilərinə zidd olduğunu, o cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasının və 1977-ci ildə bu konvensiyaya Əlavə protokolunu pozduğunu bildirdi. Bununla da, spiker regionda və dünyada nüfuz sahibi, Qarabağ münaqişəsində vasitəçi olan Rusiyanı Ermənistanın bu addımına qarşı adekvat tədbirlər görməyə çağırmış oldu.

Günün birinci yarısında Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşdü. Gözlənildiyi kimi, bu görüşdə də ikitərəfli münasibətlərdən başqa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə obyekti oldu. Rusiya XİN-də mətbuatın iştirakı olmadan keçirilən görüşdən ilkin olaraq məlumatı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti yaydı. Sergey Lavrovun görüşün protokol hissəsində çıxış nitqinin verildiyi həmin məlumatda iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələr, beynəlxalq arenada əməkdaşlıq məsələlərindən bəhs olunub.

Daha sonra isə Azərbaycan Milli Məclisinin Mətbuat və İctimiayyətlə Əlaqələr Şöbəsi Sahibə Qafarova və Sergey Lavrovun çıxış nitqlərindən ibarət məlumat yayıb. Məlumatda Milli Məclisin spikerinin Azərbaycan-Rusiya dostluq münasibətlərinin tarixindən, iki ölkənin regionları arasındakı əməkdaşlıqdan və parlamentlərarası əlaqələrin inkişafı barədə çıxışı yer alıb. Sahibə Qafarova Lavrovla görüşdə Cənubi Qafqazda etnik rusların sayca ən çox yaşadığı ölkənin Azərbaycan olduğunu xüsusi ilə vurğulayıb. Bununla da Milli Məclisin sədri rusiyalı nazirə Ermənistanın monoetnik bir dövlət olduğuna, ölkədən rusların qovulduğuna işarə vurub.

Milli Məclisin sədri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir.

Federasiya Şurasının plenar iclasında Dağlıq Qarabağ problemi ilə bağlı parlamentarilərə keçirilən tarix dərsi Rusiyanın baş diplomatına, MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini Andrey Rudenkoya və digər rus diplomatlarına xatırldadılıb. Sahibə Qafarova bu görüşdə də tarixə ekskurs edərək Kürəkçay, Türkmənçay müqavilələrindən tutmuş, 1921-ci Qafqaz bürosunun qərarı, Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarını dərhal tərk etməli olduğu haqqında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə qədər bir sıra tarixi sənədləri rusiyalı diplomatların diqqətinə çatdırıb, onların yaddaşını yeniləmiş oldu.

Bu görüşdə maraqlı məqamlardan biri isə Rusiya XİN başçısı Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çıxışı idi. Belə ki, həmin çıxış barədə Rusiya tərəfi, yəni, Rusiya XİN bir cümlə belə məlumat yaymayıb. Ancaq Milli Məclisin mətbuat xidməti Lavrovun Qarabağ münaqişəsi ilə bağlı "Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır” fikirlərini görüşdən sonra press-relizdə qeyd edib. Rusiya XİN isə görüşün yekunları ilə bağlı yaydığı məlumatda “Lavrov-Qafarova görüşündə Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub” deməklə kifayətlənib.

Rusiya XİN-dən Lavrovun həmin görüşdə münaqişə ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya özünü çox gözlətmir. İş günün sonunda Lavrovun sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqin sonunda Lavrov-Qafarova görüşünün yekunları ilə bağlı Azərbaycan mediasının yaydığı məlumatı dolayısı ilə təkzib edib. Zaxarovanın brifinqdə dediklərini şərhsiz təqdim edirəm:

“O ki qaldı Azərbaycanın media resurslarının və dövlət strukturlarının yaydığı məlumatda rusiyalı nazirin sitatının düzgünlüyünə, sizin diqqətinizi çatdırıramki, prinsipcə, bu sualları məlumatın yayıldığı mənbəyə ünvanlamaq istəyirəm. Ona görə də, bunun üzərində dayanmayacam. Dağlıq Qarabağ münaqişəsi haqqında isə bunları deyə bilərəm. Bu günki görüş zamanı münaqişənin nizamlanmasının daha əvvəl səsləndirilmiş baza prinsipləri müzakirə olunub. Bura Dağlıq Qarabağın status məsələsinin həlli, eləcə də ətraf rayonların azad olunması da daxildir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz yaxşı bilirsiz. Ona görə də, xahiş edirik ki, Rusiya tərəfindən edilməyən müxtəlif təfsirlərə deyil, məhz bu mövqeyə istiqamətlənin”,-deyə Lavrovun sözçüsü vurğulayıb.

Böyük ehtimalla Lavrov həmin görüşdə bu fikirləri səsləndirib. Lakin həmin fikirlər görüşün protokol hissəsində səslənməyib. Bir qayda olaraq mətbuata ancaq protokol hissədə olan çıxışlar verilir.

Uzun illərdir ki, apardığım müşahidələr onu deməyə əsas verir ki, Rusiya tərəfi Qarabağ danışıqlarının detallarını mümkün qədər gizli saxlamağa çalışır. Ona görə də, Rusiya XİN sözçüsü Zaxarovanın dolayısı ilə Milli Məclisin mətbuat xidmətinin Lavrovun sitatları barədə yaydığı məlumatı təkzib etməsi gözlənilən idi. Nəzərə alaq ki, 5 rayon, sülhməramlıların yerləşdirilməsi və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunması məsələsə danışıqların detallarına aiddir.

Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətinin tənqidi tendensiyası Sahibə Qafarovanın Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə də müşahidə olunub. Təbii ki, Azərbaycan Milli Məclisinin Mətbuat və İnformasiya şöbəsinin məlumatında...
Rusiya parlamentinin aşağı palatasının rəhbəri də XİN başçısı kimi Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurduğunu və sülh prosesinə kömək etmədiyini bildirib. Lakin Lavrovdan fərqli olaraq Volodin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirib.
Beləliklə, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin Rusiya paytaxtına üç günlük rəsmi səfəri başa çatdı. Səfərin yekunu kimi Azərbaycan hakimiyyətinin qanunverici qolu olan parlamentin də hücum diplomatiyasına keçdiyini söyləmək mümkündür. Regionda geosiyasi proseslərin həssas olduğu dönəmdə parlamentin də hücum diplomatiyasına keçidi labüd idi. Çünki şimal qonşumuz və regionun əsas siyasi oyunçusu olan Rusiya ilə əlaqələr Azərbaycan üçün olduqca önəmlidir. Ermənistandan fərqli olaraq müstəqil xarici siyasət yürüdən Azərbaycan bütün qonşuları ilə milli maraqları çərçivəsində mehriban dostluq əlaqələrinə sadiq olduğunu bir daha sübut etmiş oldu.


Fərid Əkbərov,
İctimai Televiziyanin Rusiya təmsilçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...