“Azərişıq”ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman təəssüflər olsun ki, yenə də bəzi abonentlər tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın ciddi pozuntu halları aşkarlanıb.
Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb:
“Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Qurum aşkarlanan qüsurlarla əlaqədar son faktları təqdim edib:
“Hər bir istehlakçı bilməlidir ki, uçot cihazlarına müdaxilə olduğu zaman bu hal sayğacın yaddaş kartı tərəfindən qeydə alınır və laborator qaydada müasir proqramların köməyi ilə müdaxilənin tarixi və forması çox asanlıqla müəyyən edilir. Odur ki, bu gün aşkarlanmayan qüsur yoxdur. İstehlakçılarımıza bir daha tövsiyə edirik ki, bu tipli neqativ hallardan çəkinməklə qanun pozuntularına yol verməsinlər! Çünki, bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada bundan sonra da müraciətlər ünvanlanacaq. Hüquq mühafizə orqanlarına da təşəkkür edirik, anındaca müraciətlərə reaksiya verib, tədbirlər görürlər. Qanunsuz yola baş vuranların adları isə mütəmadi olaraq mediaya təqdim olunacaq”- deyə V.Mustafayev əlavə edib.