Müasir qlobal həyatımızda əczaçılıq sahəsi çox şaxəli sürətlə inkişaf edir və yeni dərman formaları yaranır. Belə ki, Respublikamızda əczaçılıq sahəsinin inkaşafı üçün dərman sənayesinin olması arzuolunandır. Ümumiyyətlə əczaçılıq sahəsi dedikdə dərman vasitəsinin hazırlanmasından tutmuş, istehsalı, topdan və pərakəndə satışı nəzərdə tutulur. Gördüyünüz kimi dərman vasitəsinin istehsalı ən vacib amildir. Ölkəmizdə dərman istehsalı bu ilin əvvəllərində nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tam fəaliyyətə başlamayıb. Respublikamızda dərman istehlakını xeyli olduğunu nəzərə alsaq, zənnimcə sənaye parkında olan dərman zavodları qismən bu tələbatı ödəyə biləcək səviyyədədir.
Dərman idxalından asılılığa görə xaricdən alınan dərmanların maya dəyəri baha başa gəldiyindən, vətəndaşlarımız da onu almaq məcburiyyətində qalır. Yerli dərman istehsalı olarsa, dərman ucuz başa gələr, nəticədə sosial baxımdan həssas olan və iqtisadi cəhətdən qeyri fəal əhali qruplarının həyat şəraiti yaxşılaşar. Belə bir sosial addım 2015-ci il 14 Aprel tarixində, Nazirlər Kabinetinin qərarı ilə Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənən qiymətlər siyahısına daxil edilərək, dərman vasitələrinin qiymətləri 3-5 dəfə aşağı düşüb. Respublikamızda dərman istehsalı həm də dərman təhlükəsizliyimizi qoruyan və ticarət dövriyyəsini artıran mühüm amildir. Dövlətin dəstəyi ilə müəyyən güzəştlər daxilində dərman istehsalını əczaçılıq sahəsində təcrübəsi olan yerli sahibkarları və ya xarici dərman zavodlarını cəlb etməklə bu sahəni stimulllaşdırmaq olar. Bu da yeni iş yerlərinin açılması və iqtisadiyyatın şaxələnməsi deməkdir.
Orta statistik hesablamalara görə Azərbaycanda pərakəndə dərman dövriyyəsi 1.5-2.0 mld. olduğu halda nədən bu valyuta axınının qarşısı alınmasın!?
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva idxaldan asılılığın minimuma endirməyin bütün sahələr üçün prioritet olduğunu görüş və cıxışlarında dəfələrlə qeyd etmişlər.
Pandemiya dövründə virus əleyhinə dərman vasitələrinin tapılmaması əhalidə narazılıq və narahatlıq yaratmışdır. Odur ki, yerli dərman istehsalı günümüzün tələbi və reallığıdır. Hətta Qonşü Gürcüstan, Ukrayna və Belarus Respublikalarında dərman istehsalı çox inkişaf etmişdir. Gələcəkdə icbari tibbi sığortanın Respublika üzrə tam tətbiqini nəzərə alsaq, dərman vastələrinin aşağı qiymətə əldə olunması vətəndaşlarımız üçün əlverışli olacaqdır. Bu həm də əczaçılıq bazarında və aptek təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına gətirib cıxaracaq.
Nicat Xəlilov
Azərbaycan Tibb Universitetinin doktorantı