Modern.az

“Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı

“Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı

Media

25 Sentyabr 2020, 17:20

Bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.

 

Modern.az saytı ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə müsahibələrə davam edir. Bu dəfəki həmsöhbətimiz Lent.az xəbər portalının redaktoru Səbinə Əvəzqızının övladı Cavidan oldu. Onun saytımıza müsahibəsini təqdim edirik:

 

- Cavidan, sizi təbrik edirik. Gənc dostlarımızın bu cür uğurlara imza atması bizi sevindirir. Sizi yaxından tanımaq istəyərdik. Təvəllüdünüz, oxuduğunuz orta məktəb, əlavə bacarıqlarınız və s. haqqında məlumat verə bilərsinizmi?

 

 

- Öncə diqqətiniz üçün təşəkkür edirəm. Bu sevincli həyəcanı bölüşmək mənim üçün də çox xoş oldu. 2003-cü il 8 oktyabrda Bakıda doğulmuşam. Amma hər zaman və hər yerdə qürurla deyirəm ki, Kəlbəcər rayonunun Qılınclı kəndindənəm. Oraları görməsəm də, babamdan kəndin ən xırda daşının da necə olduğunu öyrənməyə çalışmışam. Fotolar, internetdəki görüntülər də mənə doğma kəndim barədə xeyli məlumat verib. Bir sözlə, Bakıda doğulsam da mən bizim yolumuzu gözləyən Qılıncı kəndindənəm.

 

Birinci sinfə gedəndə hələ 6 yaşım tamam olmamışdı. Amma Türk Dünyası Bakı Atatürk Liseyinə imtahan verən zaman yüksək bal topladığım üçün məni qəbul etdilər. 9 il həmin liseyi oxuduqdan sonra təhsilimi Kəlbəcər rayon 23 saylı orta məktəbdə davam etdim. Hər iki məktəbin üzərimdə xeyli zəhməti var. Onlara nə qədər təşəkkür etsəm də azdı. Ən yüksək nəticəni Azərbaycan dilindən göstərmişəm, bununla da xüsusi qürur duyuram.

 

Məktəblə yanaşı idman məşqlərinə də gedirdim. Cüdo ilə məşğul idim. Yarışlara çıxmırdım, sadəcə gələcək əsgər kimi formalaşmağa çalışıram. Eyni zamanda dünyada işğal altında olan bütün bölgələr, bu proseslərdəki siyasi oyunlar, həmin ərazilərin tarixi çox diqqətimi çəkib. Valideynlərimdən də xahiş etmişəm ki, o barədə mənə xeyli kitablar alsınlar. Hərdən onlara elə suallar verirəm ki, cavab verməkdə çətinlik çəkirlər. Anam deyir ki, bala, bunu bilmək üçün ən azı Xarici İşlər Nazirliyində şöbə müdiri olmalıydım. Təbii ki, zarafat edirlər, suallarımın cavabını tapmaqda onlar mənə xeyli kömək olurlar.

 

 

 

- Ali məktəbə hazırlaşarkən hansı çətinliklərlə üzləşdiniz? Ümumiyyətlə, bu prosesdə abituriyentlərə tövsiyələriniz nələrdir?

 

- Abituriyent olmaq heç də asan deyil. 9-cu sinifdən başlayaraq bu istiqamətdə çalışmağa başladım. Bu il isə pandemiya səbəbi ilə abituriyentlər üçün iki qat çətin oldu. Mart ayında getdiyim Hədəf kursunda karantin səbəbləri ilə dərslər dayandı. Bir balaca pauza etməli olduq. Sonra online dərslər başladı. Düzü canlı dərsin əvəzini vermədi. Əvvəllər hər ayın sonu kurs bizə sınaq imtahanı edirdi. Onlar dayandı. Bir sözlə çətin idi. İnternet bağlanmalarında problemlər yarananda bütün dilxor olurduq. Bir yandan da koronavirus həyəcanı.

 

Abituriyentlərə tövsiyələrim odur ki, yalnız universitetə qəbul olmaq üçün çalışmasınlar. Özləri üçün ixtisası əvvəlcədən seçsinlər. Əgər bu bəlli olsa, yuxarı-aşağı onlardan hansı hazırlığın, nə qədər keçid balının tələb olunduğu biləcəklər. Mütləq özlərini sınasınlar, boşluğun harada olduğunu biləndə oranı bərpa etmək mümkündür. Çətin də olsa, sosial şəbəkələrdən uzaqlaşsınlar.  Mən son illər televizor üzünə həsrət qaldım, hələ yanında tələbkar valideyn varsa, telefonun da olmayacaq, necə ki, mənim yox idi. Bu çətinlikləri, dayanmadan test həll eləməyi, ailə, qohum məclislərindən uzaqda qalmağı gözlərinin qarşısına gətirməlidirlər. Bilsinlər ki, məhdudiyyətlər olacaq, amma bunu aşmaq çətin deyil.

 

- İxtisasınız və bunu seçmə səbəbiniz haqqında danışaq? Adətən jurnalistlərin övladları valideynlərinin yolunu davam etdirməyi üstün tuturlar. Fərqli istiqaməti seçməyiniz öz istəyiniz oldu, yoxsa valideynlərinizin məsləhəti?

 

- Həmişə ən çox diqqətimi təbiət hadisələri və təbii məhsullarla bağlı edilən yanlışlar, qida təhlükəsizliyi çəkib. Orta məktəb boyu ən çox sevdiyim fənn biologiya idi. Son illər təbiətə xeyli zərbələr vurulub. İndi fəsadını yaşayırıq. Su qıtlığı, ətrafın çirkləndirilməsi, qida sektorunda edilən saxtakarlıq və s. Bu məsələlər diqqətimi çəkdi. Ona görə də ekologiya ixtisasını seçmək istədim, dəniz ekologiyası və qida təhlükəsizliyi məni daha çox maraqlandırır. Universitet təhsili zamanı bunların biri üzrə yaxşı mütəxəssis olmağa çalışacam.

 

Anamın jurnalist olması bizim dünya görüşümüzün formalaşmasında xeyli kömək edib. Yadımdadır, mən balaca olanda anam qazlı içkilərlə bağlı geniş araşdırma edirdi. Mənə o qədər maraqlı gəlmişdi ki, hər gün ona bu araşdırmada nə etdiyini soruşurdum. Düzü bundan sonra mən də bacım da fast-foot, enerji içkiləri və bütün qazlı içkilərdən uzaq durmağa çalışdım. Dostların ad günü olanda da bunlardan imtina edirəm. Uşaqlıqdan istəmədim deyə indi ürəyim də çəkmir. Eyni zamanda anladım ki, yaxşı jurnalist olmaq asan deyil. Anamın 47 yaşı var hələ də hər gün nə qədər oxuyur, öyrənir. Jurnalist olmaq bəlkə də haradasa ürəyimdən keçib, çox romantik işlə məşğul olurlar, eyni zamanda da daima stress. Çox maraqlıdır bu sahə, amma mənə gələcək nəslə sağlam təbiət və sağlam qida vermək daha maraqlı gəldi. Seçim özümün oldu. Nə məndən böyük bacıma, nə də ki, mənə ixtisas seçimində valideyn təzyiqi olmayıb. Bu barədə bəxtimiz gətirib.

 

 

- Bakalavr təhsilini bitirdikdən sonra planlarınız nələrdir? Təhsilinizi davam etdirməyi düşünürsünüzmü? Növbəti pillədə ölkədə yoxsa, xaricdə oxumağı üstün tutursunuz?

 

Bəli artıq planlar bəllidir. Mütləq təhsili davam etdirəcəm. İstərdim ki, ixtisasım üzrə dünyada məşhur olan universitetlərin birində magistr təhsili alım. Əsl mütəxəssis kimi mütləq Vətənə dönüb çalışmağı düşünürəm. Vətənə şərəflə hərbi borcumu vermək də planlarımın arasındadır. Qismət! İmkan daxilində doktoranturada təhsili almağı da planlaşdırıram. Bunları zaman göstərəcək təbii ki.

 

- Adətən son illərdə bacarıqlı, istedadlı gənclər xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Bununla bağlı sizin fikirləriniz də maraqlıdır.

 

- Əgər daha yaxşı mütəxəssis olmaq üçün bu imkan varsa, niyə faydalanmayaq? Evdə böyük bacım bu il ali məktəbin sonuncu kursundadır, o da artıq xaricdə təhsillə bağlı hazırlıqlara başlayıb. Hesab edirəm ki, Azərbaycandan kənara çıxmaq onun dünya görüşündə, müstəqil inkişafında və əsas da mütəxəssis olmaq istiqamətində ona xeyli kömək olacaq. O, dosent olana kimi oxumaq istəyir. Mən də onu dəstəkləyirəm. Hesab edirəm ən azı magistr təhsili üçün ölkədən xaricə çıxmaq və orada Azərbaycanı layiqincə təmsil etmək olar. Mütləq geri dönmək şərti ilə, yoxsa ölkəmiz itirər bu gəncləri. Mənim ölkəm həm də mənim eqomun bir hissəsidir. Onu itirməyi heç vaxt düşünmürəm.

 

 

- Ümumi olaraq, gələcək üçün məqsədləriniz, fərqli planlarınız nələrdir?

 

- İstərdim ki, elə mütəxəssis olum ki, indi həsəd apardığımız bir çox əcnəbi mütəxəssislər bizdən gəlib nələrsə öyrənsin. Sıradan olmağı, sıradan işləri heç sevmirəm. Əgər mümkün olsa sizlər gələcəkdə fərqli, hamının diqqətini çəkən bir mütəxəssis görəcəksiz. Bunun üçün əlimdən nə gəlirsə edəcəm. Azərbaycan gəncinin potensialı çox böyükdür, buna bütün dünya da şahid olmalıdır. Hesab edirəm ki, ölkəmizdə keçirilən qəbul imtahanları heç də asan deyil. Bu mübarizədən qalib çıxan gəncləri düzgün istiqamətləndirməklə çox böyük uğurlara nail ola bilərik. Əgər onlar bu mübarizəni udublarsa, bunun davamı da gələcək. Əsas odur ki, həvəsdən düşməsinlər.

 

Aysel Aslan

Fidan Əli

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır