Modern.az

Prezident Respublika klinik uroloji xəstəxanasının açılışına qatılıb

Prezident Respublika klinik uroloji xəstəxanasının açılışına qatılıb

21 Yanvar 2010, 13:51

Yanvarın 21-də Bakıda Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olublar.
Respublika klinik uroloji xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.
Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub.
Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir-təchizatı və onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına xəstəxanada yenidənqurma işləri aparılıb. Nəticədə klinika ən müasir standartlara cavab verən tibb ocağına çevrilib.
Mərasimdə bildirilib ki, ümumi sahəsi 7,6 min kvadratmetr olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 əməliyyat otağından ibarət iki əməliyyat bloku, mətbəx və s. əsaslı təmir edilib, yeni qazanxana tikilib, tibb ocağını fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş və havalandırma sistemi qurulub. 120 çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası, immunoloji laboratoriya və digər şöbələr var.
Dövlət başçısı xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tövsiyə və tapşırıqlarını verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir