Modern.az

İsa Qəmbər: “50 min manat cibimizə uyğun rəqəm deyil, o qədər pulumuz yoxdur” - MÜSAHİBƏ

İsa Qəmbər: “50 min manat cibimizə uyğun rəqəm deyil, o qədər pulumuz yoxdur” - MÜSAHİBƏ

Müsahibə

27 İyun 2012, 12:33

“Qurultayın xaricdə keçirilməsi hakimiyyətə hörmət gətirməyəcək”

 Müsavat Partiyası başqanı İsa Qəmbər Modern.az-a müsahibə verib. 

Müsavat Partiyasının qurultay məsələsi hələ də öz həllini tapmayıb. Bilmək istərdik qurultayla bağlı son durum nə yerdədir?

– Müsavat Partiyası qurultay keçirməyə tam hazır vəziyyətdədir. Müsavatın əksər rayon təşkilatlarında konfranslar keçirilib, qurultay nümayəndələri seçilib. Qeyd edim ki, qurultaya hazırlıqla bağlı bir çox məsələlər artıq tamamlanıb. Bizi ləngidən sadəcə yer məsələsidir. Bizə 800-1000 min nəfərlik normal zal lazımdır ki, qurultayımızı keçirək. Təbii biz istərdik ki, qurultay keçirmək üçün 3-4 min nəfərlik zalı ayrılsın. Avropada, Türkiyədə olduğu kimi biz də istərdik qurultayımızı böyük salonlarda keçirək. Təəssüf ki, hakimiyyət bu məsələyə müsbət yanaşmır. Onlar bizim istəyimizə uyğun zal ayırmırlar. Nisbətən kiçik ya da uçuq-sökük yerlər təklif edir. Bu da hesab edirəm ki, nə 100 illik Müsavat Partiyasına, nə də analoqsuz inkişafa iddia edən Azərbaycan iqtidarına yaraşan davranış deyil. Ona görə məcbur olduq ki, qurultayımızı xaricdə keçirəcəyimizi bəyan edək. Bu istiqamətdə addımlar atmağa artıq başlamışıq. Düşündük ki, qurultay keçirmək üçün nisbətən ucuz variant Gürcüstanda ola bilər. Türkiyəyə gedib-gəlmək nisbətən daha bahadır. Ora gedib-gəlmək bizim üçün baha olduğundan Gürcüstan variantını dəyərləndirməyə başladıq. Bildiyiniz kimi, bir neçə gün əvvəl Tiflisdə olduq. Fətəli xanın qətlinin ildönümündə onun məzarını ziyarət etməyi qərara aldıq. Səfər zamanı Azərbaycanın böyük mütəfəkkirlərinin Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin, Mirzə Şəfi Vazehin və digərlərinin məzarlarını ziyarət etdik. Eyni zamanda Gürcüstandakı müttəfiqimiz olan Respublikaçılar Partiyası ilə də görüşdük. Qurultayla bağlı fikir mübadiləsi apardıq, bəzi məsələlər barəsində məsləhətləşmələrimiz oldu. Biz qurultayla bağlı problemi də onlara bildirdik. Onlar Tiflisdə belə imkanın mümkünlüyünü dəqiqləşdirəcəklərini bizə bildirdilər. Hələlik biz onların rəyini gözləyirik, cavab aldıqdan sonra növbəti addımı atacağıq. Biz ciddi şəkildə qurultayın Gürcüstanda keçirilməsini mümkün hesab edirik. Bunun bir ənənə olduğunu da yada sala bilərik. Bildiyimiz kimi Azərbaycanın Milli Şurası 1918-ci ildə Tiflisdə yaranıb. Azərbaycan Cümhuriyyətinin qurulması məhz Tiflisdə bəyan edilib. Azərbaycanın bir sıra dövlət adamlarının, ictimai-siyasi xadimlərinin, yazarlarının Tiflislə bağlılığı olub. Bu baxımdan qurultayımızın Tiflisdə keçirilməsi tamamilə realdır.

– Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov öz açıqlamasında qurultayın keçirilməsi üçün Müsavat Partiyasına “Bakı Kristal Zal”ı təklif edib. Siz necə, bu təklifi dəyərləndirəcəksinizmi?

– Hakimiyyət özü üçün biabırçı vəziyyəti nəzərə alıb, tərsliyə son qoyub bizə normal zal ayıracaqsa təbii biz qurultayı Bakıda məmnuniyyətlə keçirmək istərdik. Sözsüz biz buna üstünlük veririk. Biz Tiflisdə olarkən Prezidenti Administrasiyasının məmurlarının “Bakı Kristal Zal”dan və başqa variantlardan danışması təbii ki, maraqlıdır. Biz araşdıracağıq. Əgər hakimiyyət yersiz inadkarlığa son qoyub bizə yer ayıracaqsa qurultayımızı Bakıda keçirəcəyik. Əks təqdirdə Gürcüstan variantı üzərində iş davam edəcək. Biz bu məsələni aydınlaşdıracağımızı demişdik. Birincisi, “Kristal Zal” kimin tabeçiliyindədir? Onlar Müsavat Partiyasına qurultay keçirmək üçün orada şərait yaradacaqlarmı? İkincisi, oranın icarə haqqı nə qədərdir? Bu bizim cibimizə uyğundurmu?

– Bizdə olan qeyri-rəsmi məlumata görə, “Kristal Zal”ın icarə haqqı 50 min manatdır.

– Təbii ki, dediyiniz bu rəqəm cibimizə uyğun rəqəm deyil. Bizim o qədər pulumuz yoxdur. Bizim həmçinin o qədər pulumuz olsaydı da, o qədər məsələlər var ki, biz o pulu qurultayın keçirilməsinə xərcləmək istəməzdik, digər məsələlərin həllinə yönəldərdik. Biz araşdırma aparmazdan öncə gördük ki, “Yeni Müsavat”ın əməkdaşları bir araşdırma aparıblar. Hazırda “Kristal Zal”da təmir-bərpa işləri gedir, ora hazır vəziyyətdə deyil. Orada “Eurovision” yarışmasının keçirilməsinə baxmayaraq, müəyyən işlər davam edir. Onlar özləri çaşqınlıq içində oldular ki, Prezidenti Administrasiyasının məmuru belə bir fikir səsləndirdi. Ona görə də “Kristal Zal” variantı, sözün açığı, o qədər real görünmür. Bu variantın səsləndirilməsi sadəcə olaraq göstərir ki, hakimiyyətdə də düşünürlər ki, Müsavat kimi tarixi partiyanın, ölkənin aparıcı siyasi qüvvəsinin qurultayının Azərbaycandan xaricdə keçirilməsi Azərbaycan hakimiyyətinə hörmət gətirməyəcək. Biz hakimiyyətin bu məsələdə yeni bir baxış ortaya qoyacağını mümkün hesab edirik.

– Qeyd etdiniz ki, 50 min manat sizin cibinizə uyğun rəqəm deyil. Bəs, 800-1000 nəfəri Gürcüstana aparılmaq, onların orada qalması və digər xərcləri necə qarşılayacaqsınız?

 

– Gürcüstan variantı bizim üçün məcburi variantdır. Qeyd edim ki, xərclərin iki istiqaməti var. Birincisi, qurultayın texniki, təşkilatı məsələləri ilə bağlı partiyanın ayrılmalı olduğu maliyyə, bu məsələdə düşünmürəm ki, Bakı ilə Tiflis arasında ciddi fərq olsun. Digər istiqamət isə nümayəndələrin qurultaya gəlib-getməkləri ilə bağlı maliyyə. Qurultaya gəlib-getmək, onsuz da qurultay nümayəndələri üçün müəyyən xərc tələb edəcək. Ümumi götürsək Azərbaycanın rayonlarından Bakıya gəlib-getmək nisbətən ucuz başa gələ bilər. Təbii ki, Tiflisdə qurultay keçirmək reallaşarsa qurultay nümayəndələrinin xərci bir qədər çoxalacaq. Amma, məsələn Azərbaycanın qərb, şimal-qərb bölgələrinin müsavatçıları üçün Tiflisə gedib-gəlmək heç də Bakıya gedib-gəlməkdən çətin olmayacaq.

– İqtidar funksionerləri qeyd edirlər ki, qurultay məsələsini siz bilərəkdən ləngidirsiniz. Bu fikrə münasibətiniz necədir?

– Biz deyirik ki, bizə 800-1000 nəfərlik yer lazımdır. Bakıda da belə yerlər var. Hakimiyyət bizə normal yer ayırsın, ondan sonra baxsın, biz qurultay keçiririk, yoxsa yox.

– Qurultay keçirilərsə, Müsavat Partiyasının yeni başqanı da bəlli olacaq. Bununla bağlı iqtidar rəsmiləri iddia edir ki, siz başqanlıqdan getmək istəmirsiniz.

– Bu hakimiyyətin Müsavatı öz arşını ilə ölçməsidir. Hakimiyyət nümayəndələri qanuna əməl edərək Müsavata qurultay üçün normal yer ayırsınlar. Ondan sonra hər şey bəlli olacaq.

– Müsavat funksionerləri dəfələrlə bəyan etdilər ki, partiya qurultayını Bakıda deyil, ölkədən kənarda keçirəcəksiniz. Nə üçün yenidən Bakı variantına qayıtdınız?

– Mən yenə də deyirəm ki, biz qurultayımızı keçirməyə tam hazırıq. Azərbaycan hakimiyyəti Bakıda bizə uyğun yer ayıracaqsa, Bakıda keçirəcəyik, yer ayırmayacaqsa Gürcüstan variantı üzərində işləməyə davam edəcəkyik. Onu zaman göstərəcək.

– Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Təmsil etdiyiniz İctimai Palata prezident seçkilərinə vahid namizədlə qoşulacaq, yoxsa mübarizəyə ayrılıqda qatılmaq fikriniz var?

– İctimai Palata hazırda seçkilər üçün demokratik mühitin yaradılmasını, seçki qanunvericiliyinin təkmilləşməsini və digər məsələləri hədəf olaraq müəyyənləşdirib. Çünki bu məsələlər həll olunmadan namizədlik barədə danışmaq tezdir. Eyni zamanda, bizim bu dəqiqə namizədlik barədə danışmağımız elə əhval-ruhiyyə yarada bilər ki, guya hər şey yaxşıdır, bircə namizədlərin müəyyənləşməsi qalıb. Halbuki Azərbaycanda bu hakimiyyətin dönəmində düzgün, ədalətli, azad seçki keçirilməyib. Biz də bunun dəyişməsini istəyirik. Qanunvericiliyin təkmilləşməsini tələb edirik. Eyni zamanda, normal demokratik mühitin yaranmasını zəruri hesab edirik ki, seçki seçkiyə oxşamağa başlasın. Bizim ilk növbədə hədəfimiz budur.

– Rəsul Quliyevin aktiv siyasətə qoşulması, eləcə də Etibar Məmmədovun yenidən siyasi fəaliyyətə qayıdacağı haqda səslənən fikirlər bunu deməyə əsas verir ki, seçkilər mürəkkəb mübarizə şəraitində keçəcək. 

– Hər bir siyasətçinin, hər bir vətəndaşın seçkilərlə bağlı fikirlər söyləməyə, qərarlar qəbul etməyə haqları var. Biz başqa partiyaların, başqa şəxslərin addımlarını, qərarlarını şərh etmək niyyətində deyilik.

– Bir zamanlar AXCP-Müsavat partiyalarının birləşməsi məsələsi gündəmdə idi. Sizcə, bu birlik nə üçün alınmadı? AXCP ilə Müsavatın vahid partiyada birləşməsinə nə mane oldu?

– Mən təklif etmişdim ki, Rəsulzadə-Elçibəy yolunu gedən siyasi qüvvələr, partiyalar, qeyri-hökumət təşkilatları, tanınmış insanlar bir partiyada və ya bir təşkilatda birləşsinlər. Bunun reallaşması artıq faktdır. İctimai Palata formasında mənim təklifim artıq reallaşıbdır. Müxtəlif partiyaların, QHT-lərin təmsilçiləri, tanınmış mütəxəssislər İctimai Palatada birləşərək mənim təklifimi reallaşdırdılar. Bu davam edəcək.

– AXCP ilə Müsavatın birləşməsi bundan sonra necə reallaşa bilərmi?

– Qeyd edim ki, iki partiyanın birləşməsi müttəfiqlərimizin, dostlarımızın fikri idi. Biz də təbii ki, onların bu istəyini çox yüksək qiymətləndirdik. Eyni zamanda Müsavat Partiyası özünün o zaman keçirilən Məclisində qərar qəbul etdi ki, iki partiyanın birləşməsi yox, bu partiyalar arasında münasibətlərin genişlənməsi, dərinləşməsi məqsədəuyğundur. Onu da əlavə edə bilərəm ki, İctimai Palatanı Məclisin qəbul etdiyi qərarın reallaşması kimi də qiymətləndirmək olar.

– Ərəb ölkələrində baş verən çevrilişlərdən sonra müxalifət rəsmiləri “Ərəb baharı”nın Azərbaycanda da baş verəcəyini əminliklə bildirirdilər. Nə üçün müxalifətin proqnozları özünü doğrultmadı?

– Siz bizim siyasi partiyaların bəyanatlarından, çıxışlarından konkret sitatlar gətirməlisiniz. O zaman sizin də sualınızın cavabı adekvat olacaq. Amma ümumi şəkildə desək, belə bir fikir söylənilməyib ki, “Ərəb baharı” Azərbaycanda da olacaq. Öz tərəfimdən mən onu demişəm ki, “Ərəb baharı” dünyada gedən azadlıq dalğasının təzahürüdür. Bu, təkcə ərəb ölkələrinə aid deyil. Bu dünya ictimaiyyətinin qəbul etdiyi bir konsepsiyadır ki, dünya dəyişməlidir, yenilənməlidir, avtoritar rejimlərə son qoyulmalıdır. Bu proses bütün dünyaya aiddir. Bu dalğa Azərbaycana da, Cənubi Qafqaza da aiddir. Dünyanın ümumi mövqeyinin Azərbaycan xalqı tərəfindən də dəstəkləməsi sirr deyil. Azərbaycan xalqının əksəriyyəti ölkədə köklü dəyişikliklərin olmasını istəyir.

– Müsavat Partiyasının sosial bazası əvvəlki illərlə müqayisədə güclənib, yoxsa əksinə zəifləyib?

– Hesab edirəm ki, Müsavat Partiyasının sosial bazası bu gün daha çoxdur, daha güclüdür. Çünki əgər 2003-cü ildə əhalinin 50 faizindən çoxu Müsavata, “Bizim Azərbaycan” Blokuna səs vermişdisə, indiki vəziyyətdə isə hesab edirəm ki, əhalinin 80 faizindən çoxu dəyişikliklərə səs verəcək, o cümlədə Müsavat Partiyasına, demokratik qüvvələrə. Bu baxımdan deyə bilərəm ki, Müsavat Partiyasının sosial bazası günü-gündən güclənir.

–Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri istefa verərək Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçdi. Necə düşünürsünüz, Rəsul Quliyev keçmiş müsavatçıları ətrafına toplayaraq güclü rəqibi olan Müsavat Partiyasını parçalamaq istəyir?

– Məlumdur ki, Naxçıvanda hakimiyyət azadlıqları dəhşətli şəkildə məhdudlaşdırır. Bakıda və Azərbaycanın digər bölgələrindən fərqli olaraq orada daha dəhşətli dərəcədə azadlıqların məhdudlaşdırılması baş verir. Faktiki olaraq Naxçıvanda siyasi fəaliyyət mümkünsüz hala gəlib. Buna görə də oradakı təşkilatların fəaliyyətinin gözə dəyməməsi də bunun təzahürüdür. Müsavat Partiyasında hər zaman gələnlər də olub, gedənlər də. Biz bu prosesə normal, təbii proses kimi baxırıq. Hazırda Naxçıvanda partiya fəaliyyətini davam etdirir. Naxçıvan təşkilatında biz təşkilat komitəsi yaratdıq. Naxçıvan müsavatçıları qısa müddətdə müvafiq toplantılarını, iclaslarını keçirib təşkilatın fəaliyyətini orada əvvəlkindən də güclü hala gətirəcəklər. Lakin başqa şəxslərin siyasi fəaliyyətini şərh etmək kimi niyyətimiz yoxdur.

– İqtidar-müxalifət dialoquna toxunmaq istərdik. Sizcə, nə üçün hər iki tərəf dialoqun tərəfdarı olduqlarını bildirsələr dialoq baş tutmur? Bunun əsas səbəbi nədir?

– Hakimiyyət müxalifətlə dialoqa hazır deyil, bundan çəkinir. Hakimiyyət bilir ki, dialoqda bizim arqumentlərin qarşısına çıxaracaq arqumentləri yoxdur. Buna görə də onlar sözdə dialoqdan danışsalar da, əməldə bu istiqamətdə heç bir addım atmırlar. Azərbaycanda hakimiyyətlə müxalifət və hakimiyyətlə cəmiyyət arasında dialoqun olmamasının məsuliyyəti tam şəkildə iqtidara aiddir.

– Hazırkı durumda necə, iqtidarla yenə danışıqların tərəfdarısınız?

– Bu barədə biz mövqeyimizi dəfələrlə ifadə etmişik. Yenidən nəyisə təkrar etməyin, məncə, anlamı yoxdur.

– “Eurovision” müsabiqəsi ərəfəsində İctimai Palata ardıcıl olaraq bir neçə dəfə silsilə aksiyalar keçirtdi. Nə üçün müsabiqə başa çatandan sonra aksiyalara son verdiniz?

– İctimai Palatanın 2012-ci ilə müəyyənləşdirdiyi fəaliyyət istiqamətləri adlı proqram sənədi qəbul olubdur. Biz bu proqrama uyğun olaraq fəaliyyət göstəririk. Və təbii ki, yeni kütləvi tədbirlərin keçirilməsi tamamı ilə realdır. İctimai Palatanın Koordinasiya Şurası və İctimai Palatanın sessiyası bu barədə qərar qəbul edərsə aksiyalar da davam edəcək.

– Müxalifət bununla nəyə nail ola bildi?

– Hakimiyyət nümayəndələri də etiraf etdilər ki, müsabiqə ərəfəsində bütün dünyanın diqqəti Bakıya yönəlmişdi. Dünya mediası təkcə musiqi yarışmasından deyil, Azərbaycanda insan haqları ilə bağlı, demokratiya ilə bağlı vəziyyəti işıqlandırdılar. Xarici KİV ölkədəki korrupsiya məsələsinə, mülkiyyət hüquqlarının pozulmasına diqqət yetirdilər. Onlar Azərbaycandakı vəziyyətlə yaxından tanış oldular. Təbii ki, bunun da məsuliyyəti hakimiyyətin üzərindədir.  Azərbaycan Almaniyada keçirilən yarışda qalib gələndə biz hakimiyyəti xəbərdar etmişdik ki, bir ildən sonra müsabiqə Bakıda keçiriləcək. Bu bir il ərzində təkcə musiqi sahəsində deyil, digər sahələrdə də irəliləyişlər lazımdır ki, bütün dünyanın diqqəti Azərbaycana yönəldiyi zaman Azərbaycan beynəlxalq standartlara, müasir dövrə uyğun şəkildə təqdim oluna bilsin. Təəssüf ki, hakimiyyət bizim çağırışımıza diqqətli yanaşmadı və nəticədə bütün dünyada bu hakimiyyət özünü biabır elədi. Biabır olan Azərbaycan deyildi, əksinə, Azərbaycan gözəl musiqisi ilə, mədəniyyəti ilə bir daha şöhrət qazandı. Amma hakimiyyət bu ölkəni necə idarə etməsi ilə, insanlara necə zülm etməsi ilə özünü ifşa etdi.

– Bundan sonrakı proseslərdə necə iqtidar-müxalifət münasibətlərində dəyişiklik gözlənilirmi?

– Bunu hakimiyyət nümayəndələrindən soruşmaq lazımdır.

– Son zamanlar Türkiyənin mərhum prezidenti Turqut Özalın Azərbaycanda zəhərlənərək öldürülməsi ilə bağlı iddialar səslənir. Siz o zaman Azərbaycanda rəhbər vəzifədə idiniz, sizcə Turqut Özala qarşı Bakıda kimlər tərəfindən sui-qəsd edilə bilərdi?

– Bu kimi məsələlərdə fikir söyləmək çox çətindir. Fakt olmadan fikir söyləmək ehtimal deməkdir. Ehtimallara geniş meydan verəndə onsuz da mürəkkəb olan situasiyanı daha da mürəkkəbləşdirərik. Turqut Özala qarşı Azərbaycanda çox böyük diqqət var idi. Onun Türk dünyası ilə bağlı çox gözəl ideyaları var idi. Azərbaycanda da onun görüşləri çox yüksək səviyyədə keçdi, önəmli razılaşmalar oldu. Ona görə də Azərbaycanda Turqut Özala böyük sevgi və rəğbət var idi. Düşünmürəm ki, Azərbaycan xalqı tərəfindən ona qarşı  addım atıla bilərdi. Amma dünya güclərinin, Turqut Özalla problemləri olan qüvvələrin harada necə addım atması bu başqa bir mövzudur. Odur ki, bu cür mövzularda fakta əsaslanıb fikir söyləmək lazımdır.

 

 

 

 

 

 

 

 

 

Anar Rüstəmov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi