Modern.az

VƏTƏN, sənin oğlun, arxan bizik!..”

“VƏTƏN, sənin oğlun, arxan bizik!..”

Ədəbi̇yyat

1 Oktyabr 2020, 15:38

- deyən vətənpərvər şair Vaqif İbrahimin bugünlər 75 illik yubileyidir.

Təəssüf ki, o, bu illərin ancaq yarısını - 38 ilini yaşaya bildi. 


Azərbaycanın unudulmaz şairi, M.Qorki adına Beynəlxalq mükafat laureatı, Respublika Ədəbi Birliyinin yaradıcısı Vaqif İbrahim bütün varlığı ilə vətənpərvər, yurdsevər şair idi. Onun hələ ötən əsrin 70-ci illərində yazdığı şeirlərdə Vətənə, xalqa necə bağlı olduğu, Azərbaycanı gözləyən təhlükələri qabaqcadan heyrətamiz bir fəhmlə duyaraq, xalqımıza şairlərdən öncə Koroğlu, Babək kimi igidlərin gərək olduğunu dilə gətirmiş, bunu ən ümdə vəzifə hesab etmişdi:

 

Bu xalqa Nizamisi,

Füzulisi bəs edər,

Nəsimisi bəs edər...

Ancaq xalq batar yasa -

əgər bu doğma yurdu

hər gün,

hər saat, hər an

düşmənlərdən qoruyan

Koroğlu tək ərləri,

yeni Cavanşirləri,

Babəkləri olmasa!..

 

Bugünlər minlərlə Azərbaycan oğullarının qələbə əzmi ilə qoşulduğu Milli Ordumuzun Qarabağda müzəffər yürüşü Vaqif İbrahimin bu şeiri ilə nə dərəcədə haqlı, uzaqgörən olduğunu qətiyyətlə təsdiq edir. Əlbəttə, doğrudur ki, Nizamilər, Nəsimilər yetirmiş bu xalqa şairlər ordusundan daha çox və ilk növbədə igidlər, Koroğlular ordusu vacibdir. Hətta bu kiçik şeir belə Vətənimizin gələcək, onilliklər, əsrlər sonrakı taleyi üçün Vaqif İbrahimin hələ 45 il əvvəl necə narahat olduğunu, şeirin dili, qəlbinin hökmü ilə bir növ "həyəcan təbili" çaldığını göstərir. O, özünün "Dinlə məni, dinlə, Vətən!" şeirində də Azərbaycan oğullarının Vətənə olan böyük məhəbbətini şair qüdrəti ilə göstərərək, onların adından sanki Vətən andı kimi bu misralarla çox ciddi və sərt səsləndirmişdir:

Dinlə məni, dinlə, Vətən!

Sənin doğma övladınıq,

qardaşınıq,

sevincinik, vüqarınıq,

əzabınıq, göz yaşınıq!

Sənsiz heçik!

Harda olsaq,

sənin oğlun, arxan bizik!

Harda çətin bir iş olsa,

harda ağır döyüş olsa,

çağır bizi!

Düşmənlərin,

ölümlərin üzərinə yürüş olsa,

çağır bizi!

Bir müqəddəs inamla da

döyüşlərə sən at bizi,

əzabına qatlaşmasaq,

oğulluqdan çıxart bizi!..

 

Öz oğulluq borcunu bu cür qətiyyət, sərtlik və kəskinliklə ancaq böyük, sarsılmaz Vətən sevgisi olan Babəklər, Cavanşirlər nəsli olan oğullar, mərd, igid və qeyrətli Azərbaycan əsgəri deyə bilər.

Vaqif İbrahim bu gün Qarabağda ölüm-dirim mübarizəsinə atılan, müqəddəs torpaqlarımız uğrunda qanından-canından keçən Vətən oğullarının hisslərini, duyğularını sanki özünün şair qüdrəti ilə hələ 40-45 il əvvəl dilə gətirərək, yazmışdı:
 

"Bu Vətən uğrunda!" deyib, özünü

Tankların altına atan oğullar

Dedilər döyüşdə ürək sözünü:

"Vəsiyyət etməyə məgər vaxtmı var?"

 

Vətən sevgisini sözlə deməyi

Ar bildi özünü oda atanlar,

Ancaq bu Vətəni necə sevməyi

Bizə ölümüylə göstərdi onlar!..

 

Azərbaycan sevgisi, doğma xalqa olan böyük məhəbbət Vaqif İbrahim poeziyasının şah damarı, Vətənə bağlılığın ölçü vahididir. O, hər adamın yox, yalnız Vətən yolunda xidmətləri olanların "vətəndaş" adlandırılmasını mühüm hesab edərək, yazırdı:

 

"Vətəndaş!.."

Bu böyük, ülvi ad o Sabir kimi

Oğulluq edənə verilsin gərək,

Dar gündə Vətənə Cavanşir kimi

Köməyə yetənə verilsin gərək!

 

Mənsub olduğumuz bu xalq, bu Vətən

Onsuz da pasportdan, demə, bəllidir,

Bizim kimliyimiz pasportdan deyil,

Bu xalqa, Vətənə xidmətimizdən,

Ona sevgimizdən bilinməlidir!..

***

Xalqımızın mərdliklə, Vətən eşqi ilə döyüşlərə atıldığı bugünlər üçün böyük şair fəhmi, istəyi-arzusu ilə bu cür əzəmətli, mübariz şeirlər yazmış, çox gənc ikən - 38 yaşında həlak olmuş (erməni sürücünün vurduğu maşında) vətənpərvər, unudulmaz şair Vaqif İbrahimin bugünlər 75 illik yubileyidir.

O, sovetlərin Qələbə ilində - 1945-ci il sentyabrın 30-da Azərbaycanın qədim və gözəl diyarı olan Şəkidə dünyaya gəlmişdi. Sonralar ailəsi ilə birgə Sumqayıta köçən Vaqif Əliyar oğlu İbrahimili hələ erkən yaşlarından poeziyaya maraq göstərmiş, ilk şeir nümunələrini yazmağa başlamışdı. Bəlkə özü də əvvəllər "bu işin" ciddi olacağını, istedadlı bir şair kimi seviləcəyini düşünməyərək, buna o qədər də inanmayaraq, əvvəlcə Sumqayıt Kimya-texnologiya Texnikumunu, sonralar isə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur və respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost olduqları Vaqif İbrahim fakültənin ən yaxşı riyaziyyatçısı və fiziki idi). Ali  təhsilini mühəndis-elektrik ixtisası üzrə başa vuraraq,  ilk illər ixtisasına müəyyən qədər uyğun olan Sumqayıt Radio verilişləri redaksiyasında işləsə də, 60-cı illərin sonlarında onun görkəmli şairlərimiz Bəxtiyar Vahabzadə və Əli Kərim tərəfindən "kəşfindən" sonra Azərbaycanın ədəbi mühitində özünə layiqli yer tuta bilmişdi.

Hələ uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu olan Vaqif İbrahimin şeirləri 1960-70-ci illərdə "Azərbaycan gəncləri", "Azərbaycan" və "Ulduz" jurnallarında dərc edilmiş, yalnız adi oxucuların deyil, hətta Rəsul Rza, Mirzə İbraimov, Xəlil Rza kimi ədəbiyyat korifeylərinin də diqqət və marağına səbəb olmuşdu.

Poeziyada daim yeni söz, yeni fikir deməyə çalışan Vaqif İbrahim həyatda da yenilikçi, novator olmağa çalışırdı. O, özünün ustadı və böyük dostu hesab etdiyi görkəmli şair Əli Kərimin 1969-cu ildə vaxtsız - 38 yaşında ölümündən təsirlənərək, onun adını yaşatmaq və yaradıcılığını təbliğ etmək, şəhərin istedadlı gənc ədəbi qüvvələrini bir araya gətirmək, onların istedadlarının qayğısına qalmaq məqsədilə nəinki respublikada, hətta Sovetlər İttifaqında ilk dəfə olaraq Sumqayıtda Əli Kərimin adını verdiyi Poeziya Klubu yaratmışdı. Klubun sorağı sonralar SSRİ-nin yaradıcı təşkilatlarına da çatmış, onun Sumqayıtda keçirilən tədbirlərində Moskvanın, Leninqradın, Novosibirskin də tanınmış şair və yazıçıları həvəslə, böyük maraqla iştirak etmişdilər. l

Vaqif İbrahim sonralar "Ulduz" və "Göyərçin" jurnallarında məsul vəifələrə irəli çəkilmişdi. Özünün təşəbbüsü və təşkilatçılıq istedadı ilə yaratdığı Gənc yazıçıların Respublika Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti ilə, gənc ədəbi qüvvələrin yaradıcılığının radio və televiziyada təbliğinə, onların əsərlərinin qəzet və jurnallarda mütəmadi çapına nail olmaqla, Ədəbi Birlikdə görkəmi şair və yazıçıların "ustad dərslərini" təşkil etməklə, respublikanın müxtəlif rayonlarında gənc şair və yazıçılarla oxucuların görüşlərini keçirməklə və özünün nümunə olan poeziyası ilə Vaqif İbrahim daha da böyük hörmət və nüfuz sahibi olmuşdu.

Ötən əsrin 80-ci illərində öz orijinal əsərləri ilə seçilən və sevilən Vaqif İbrahimin poeziya nümunələri rus, çex, polyak, bolqar və s. dillərə də tərcümə edilərək, müəllifin şöhrətini daha da artırmışdı. Azərbaycanın gənc və perspektivli şairi kimi poeziya aləmində böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin dövrdə Vaqif İbrahim SSRİ-nin və Bolqarıstanın birgə ədəbi almanaxı olan "Drujba"jurnalının respublikamız üzrə məsul nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan şair və yazıçılarının yeni yaradıcılıq nümunələrinin həmin nüfuzlu jurnalda dərc edilməsi, ölkəmizin ədəbi uğurlarının sovet və bolqar oxucularının diqqətinə çatdırılması üçün çox böyük səylə, gərginliklə çalışırdı.

Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan o coşqun, çılğın qəlbin istedadlı sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt bir təsadüf nəticəsində Bakı-Sumqayıt yolunda... yarı yolda qırılmışdı. Ancaq böyük Azərbaycan şairi Səməd Vurğun demişkən: 

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha artıq bilənlər!
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
 

Təsadüfi deyil ki, unudulmaz şairin xatirəsi onu tanıyanlar və oxucuları tərəfindən daim yad edilir.  Dünyaya gəlişinin 75 illiyinin Milli Ordumuzun qələbə yürüşünün davam etdiyi dövrə təsadüf etdiyi bugünlərdə də onun unudulmaz xatirəsi Sumqayıtda ehtiramla anılmışdır.

Şəhər Poeziya Evində keçirilən qeyri-rəsmi kiçik tədbir Vaqif İbrahimin və son günlər Vətən uğrunda Qarabağda şəhid olmuş Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutu ilə başlamış, şairin Vətən məhəbbəti ilə bağlı şeirləri səsləndirilmişdir. Azərbaycanın Əməkdar müəllimi, "Şöhrət" ordenli Prezident təqaüdçüsü Ofelya Babayeva, yazıçı Almaz Bəyazid, Əli Kərim adına Poeziya Klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Vaqif İbrahimlə bağlı xatirələrini söyləmiş,  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev və gənc şair Elvin Əlizadə onun poeziyası, həmçinin gənc şair və yazıçıların yetişməsində rolu haqqında danışmışlar.

Sonra şairin yaxın dostları və qələm yoldaşları kiçik bir tərkibdə Vaqif İbrahimin, onun ata-anasının və qardaşı Arif İbrahimovun uyuduğu Saray qəbristanlığına gedərək, onların məzarını ziyarət etmiş, qəbrləri üstünə gül dəstələri düzmüş, ruhlarına dualar səsləndirmişlər. Şairin qələm yoldaşları Ofelya Babayeva, İbrahim İlyaslı və mədəniyyət işçisi Şahin Şəfiyev şair haqqında xatirələrini söyləmiş, bugünümüzlə səsləşən mübariz, döyüşkən ruhlu şeirlərini oxumuşlar.



Rəhman ORXAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir