Arxiv
2 Oktyabr 2020, 11:41 | ƏDƏBİYYAT
Allah, əhd eyləmişəm, məni o yerlərə qaytar!

...Yaradanımız gündüz çəkdiyim həsrəti axşam beş-on dəqiqə dincəldiyim vaxt həqiqətə çevirdi. Yuxuda gördüm ki, ilk dayağım, sevgim, yıxılıb ağladığım müqəddəs torpağımız gül-çiçəyə qərq olub. Həmin lalələr-nərgizlər arasında bir qadın dayanıb. Əlində ağappaq dəsmal var. O, mənə nə isə demək istəyir. Ancaq səsi eşidilir, sözləri anlaşılmır. Uşaqlığımdan yaşımın bu çağına qədər onunla mənim aramda zaman kəsiyi, yol məsafəsi var. Birdən-birə heyrətlənirəm: o qadın doğmaca bacımdır. Məni - qardaşını köməyəmi, imdadamı çağırır? Mən isə gedə bilmirəm, neyləyim?!


Ayıldım yuxudan. Nə doğma yerim, nə gül-çiçəkli torpağım, nə də əlində dəsmal tutan bacım vardı. Sanki dörd divar tarım çəkildi, məngənə kimi məni sıxmağa, əzməyə başladı... Azacıq toxtayandan sonra qəti qənaətə gəldim ki, qaçqın şəhərciyinə, bacımla görüşə gedim. Avtovağzalda əkin-biçin qüvvəsinə qadir gənclərin hay-küyünü eşitdim. Onlar var gücləri ilə qışqırıb müştəri - sərnişin yığırdılar. "Lənkərana, Qubaya, Qusara, Qaxa... gedənlər üçün rahat yerli maşınlar var" - deyirdilər. Nə qədər dinlədim, mənə doğma, əziz, əvəzsiz olan Cəbrayılın adını eşitmədim. Ürəyimdən keçdi ki, kaş o oğlanlar heç olmasa çaşaydılar, yanılaydılar, deyəydilər: "Cəbrayıla gedən sərnişinlər gəlsinlər".


Doğma yurdumun sakinlərinin bir hissəsi də Mil-Muğan düzündə müvəqqəti məskunlaşıblar. Bileti Cəbrayıla yox, Biləsuvara aldım. On iki il ərzində bu yolu çox gedib-gəlmişəm. Əvvəllər camaatın vəziyyəti yaman ağır, dözülməz idi. Ömürləri boyu səfalı, axarlı-baxarlı yerlərdə yaşayan insanlar onda çarəsizlikdən tikanlı-yovşanlı düzlərdə qərar tutmaq zorunda qalmışdılar. Son vaxtlar vəziyyət, güzəran xeyli yaxşılığa doğru dəyişib. Məcburi köçkünlərə ailə üzvlərinin sayına görə bir, iki, üç otaqlı bütün şəraiti olan ev, hər ailəyə isə müvafiq olaraq 6-10 sot həyətyanı torpaq sahəsi veriblər. Qaçqın şəhərciyində bu gün yaşamaq üçün, əlbəttə, müvəqqəti - bütün şərait yaradılmışdır. Həmin insanlar onlar üçün yaradılan şəraitə görə respublikamızın prezidentinə minnətdarlıqlarını bildirirlər.


...Mindiyimiz maşın yolu yumağından açılmış sap kimi çözələyir. Sağımda əyləşən ahıl kişinin köks ötürməsindən, ahından təngə gəlirəm. Onsuz da baxmaqdan gözlərim yorulmuşdu. Gündəlik qəzetləri vərəqləməyə başladım.


Şairin bu misraları məni sac üstündə qovurğa kimi qovurdu:

 

Mənim o yerlərə dönməyim gəlir.

Allah, yol ver gedim, əhd eləmişəm.

Bu yolu bir dəfə geri dönməyə -

Bəlkə milyon dəfə cəhd eyləmişəm... 


Bu nisgilli, fəryadlı, iniltili misralar yenidən onsuz da intizarlı düşüncələrimi əlimdən aldı. Amma gərgin halım uzun çəkmədi. Çunki həmin o sağ tərəfimdə əyləşən ahıl kişi dilləndi:

- Oxuduğun o qəzetdə nə yazılıb, a bala? Nə deyirlər? Yazırlar ki, sülh danışıqları ilə tezliklə yurdumuza-yuvamıza qayıdacağıq? Eh, ay oğul, tarixdə elə hal olubmu ki, amansız işğalçı işğal etdiyi ərazini, torpağı xoşluqla qaytarıb öz sahibinə versin? Məgər donuza "kiş" deməklə darıdan çıxar? çıxmaz! Yalnız hünərimizlə torpaqlarımızı geri qaytarmalıyıq. Yoxsa, yarpaq kimi saralıb-solacağıq, üzülüb düşəcəyik, ölüncə yurd yerlərlərimizə həsrət qalacağıq.


Ömrüm boyu "qaçqın" sözü yazmaqdan ehtiyatlanmışam.  Daha doğrusu, bu qorxunc, ətürpədici sözdən acığım gəlib. İndi neyləyim, Tanrı məni dilizarıncı qoyub. İstəməsəm də indi yazıram: adını bilmədiyim yol yoldaşım da qaçqındır. Atasının, babasının məzarlarına yaşının bu vaxtında tamarzı qalıb. Neyləyim, ona təskinlikmi verim? Yox! Şair demiş: "Dağın bu üzündən o üzünə, düşmənə söyməklə Vətən qayıtmaz". Ömrünün ixtiyar yaşında yaşayan bu kişinin min bir məhəbbətlə sevdiyi, sinəsində əkib-becərdiyi torpaqda indi ulaşmalar eşidilir, səmasında qarğa-quzğunlar cövlan edir. Bu dərdə ahıl kişi necə dözsün, ağlamasın-zarımasın, neyləsin? Onun kimliyini soruşdum. Dedi ki, "məşhur Aşıq Pərinin məkanı Maraylan kəndindənəm, hələ işğaldan əvvəl camaatımız mənə aşıq Zeynal deyərdi. Aqillər buyurub ki, sözün göyərmədiysə, daha danışma. Vətənsiz, yurd-yuvasız çalmaq-oxumaqmı olar, a bala? O boyda Dirili Qurbani - aşıq-ozan sənətimizin banisi niyə Təbrizdə, İranda-Turanda əcəlini gözləmədi? Çünki doğma torpaq onu gözə-görünməz qüvvə kimi özünə çəkdi".


Dünyada ən dəhşətli, dözüləsi mümkün olmayan bir dərd, kədər varsa, inanın, o da yurd həsrətidir. Qarışqalar da, quşlar da yuvalarına sadiq olurlar. Yer üzünün əşrəfi insan isə bu sevgiyə daha artıq məhkumdur. Zeynal kişi soruşdu ki, "biz doğma torpaqlarımıza nə vaxt qayıdacağıq?" Cavab verə bilmədim. Susduğumu, bəlkə də acizliyimi anlayıb özu öz sualına cavab verdi: "Doğma məkanımız, torpaqlarımız bizi çağırır. Getməsək, kişi deyilik. Ay oğul, unutmayaq: gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır... Azərbaycanımızın hər qarışı mənim üçün doğma, əzizdir. Amma mən Maraylanda ölməliyəm..."


Daha dözmədim. Dedim ki, a Zeynal kişi, məndən nə asılıdır? Neyləyə bilə-rəm? O da əvəzində cavab verdi ki, "susmayın, aramsız yazın, danışın ki, bəs milyon nəfərdən artıq soydaşımız didərgindir. Qoy musibətlərimizi, bəla-larımızı dünya ictimaiyyəti bilsin. Susmaq-məğlubiyyətlə barışmaq deməkdir".


Mindiyimiz maşın irəliləyir. Zeynal kişinin sanki taqəti kəsilir. Daha danışmaq belə istəmir. Bəlkə də bilərəkdən susmuşdu. Axı danışmaqla ağır yükü dağdan aşırmaq olmaz!.. Yenidən qəzetə baxıram. "Mənim o yerlərə dönməyim gəlir" şeri varlığıma, düşüncəmə, duyğuma, əqidəmə hakim kəsilir:

 

Allah, dinlə məni, dinməyim gəlir,

Yandığım bəsimdir, sönməyim gəlir.

Məni qaldırdığın o pilləkənlə,

Sənin hüzuruna enməyim gəlir... 


Avtobus irəliləyir. Daha doğrusu, onun getməyinin-dayanmağının heç fərqinə də varmırdım. çünki xəyal məni çox-çox uzaqlara, hazırda əlim çatmayan, ünüm yetməyən ünvana, acılı-şirinli keçmişə aparmışdı. Qalmışdım qıvrıla-qıvrıla. Nəfəsim tıncıxırdı... Cəbrayılın 54 min nəfərə yaxın əhalisi vardı. Onun min nəfəri Nüzgar kəndinin sakini idi. İndi o camaat respublikamızın 58 bölgəsinə pərən-pərən düşüblər. 58 ünvana getmək həm fiziki, həm də maddi cəhətdən çox çətindir. Getməyəndə də qohum-əqrəba başlayır umub-küsməyə. Yuxarıda göstərdiyim səbəbdən onların görüşünə getmədiyimiz üçün nə özümü qınayıram, nə də könülləri, ürəkləri yaralı dost-tanışı, qohum-qardaşı. Axı onlar qaçqındırlar... Bəs niyə onlar doğma diyarlarından didərgin düşdülər? Doğrudanmı əks tərəf - düşmənlərimiz bu qədər güclü olmuşdular? Xeyr! Sadəcə olaraq, işğal olunan başqa rayonlarımız kimi, dar məqamda, müharibə şəraitində olan Cəbrayıl ərazimiz və orada yaşayan, ömürləri boyu respublika rəhbərliyinə sədaqətli vətəndaşlar unudulmuşdular. Onlar öləydilər, yaşayaydılar, fərqi yox idi. Niyə belə? çünki camaata gün ağlamaq iqtidarında olanların başları vəzifə, kreslo uğrunda çəkişmələrə, qarşıdurmalara qarışmışdı. Zaman-zaman marığa girib, məqam gözləyən qan düşmənlərimizə isə belə fürsət, onlar üçün əlverişli şərait lazım idi. Cəbrayıl rayonunun ərazisində elə hündürlük, strateji baxımdan yüksəkliklər vardı ki, əgər o ucalıqlar yerli özünümüdafiə dəstələrinin əlində qalsaydı, düşməni topla-tankla, güllələrlə yox, hətta sapandla da yaxına buraxmazdılar. Çox təəssüf, min təəssüf, özümüzünkülər özümüzün doğma torpaqlarına sədaqətli, sadiq olanları həmin mövqelərdən aşağı "dığırladılar".


Biri digərindən küsən hakimiyyət sahibləri intiqamını həmin kəsdən almırdı. Dinc, əli silahsız, zavallı camaata qənim kəsilirdi. Satırdılar, alırdılar, kəsirdilər. Qoy, qan düşmənlərimiz bundan, bu fikrimdən "xoruzlanmasınlar", özümüzünkülər də onlara yardımçı olmuşdular. Tək bircə fakta açıqlama gətirmək istəyirəm: heç bir nüfuzu, hörməti olmayan şəxsi rayonun birinci vəzifə daşıyıcısı təyin etmişdilər. Vallah, billah, belə olmazdı. Müharibənin öz qanunları var... Yeri gəlmişkən, əslən cəbrayıllı, 19 yaşlı Cəmil Məhəmməd oğlu Əhmədov ikinci dünya savaşında göstərdiyi şücaətə, hünərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.


Hörmətli oxucularımızı tam əmin edir, inandırıram ki, Cəmilin adına layiq rayonda gənclər çox idi. Təəssüf ki, onları qapazaltı etmişdilər. Səslərini çıxartmağa qoymurdular, irəli gedəndə arxadan vururdular. Kimlər? özümüzünkülər! Daha doğrusu, respublika səviyyəsində vəzifə sahibləri, vəzifəyə can atanlar.


Məşhur təbiətşünas, akademik Həsən Əliyev yazmışdır: "Cəbrayılın mərkəzində, nəhəng, örkənsarınmaz, sakinlərin ziyarətgah sandığı, adına "Xan çinar" dediyi müqəddəs bir ağac var. İlk dəfə həmin ağacı görəndə heyrətləndim. Mən hələ elə möcüzə görməmişdim..."


Fikir verin, dünya şöhrətli akademik Xan çinarı möcüzəyə bənzədir, heyrətini gizlətmir, amma... 1991-1992-ci illərdə rayona rəhbərlik edən səriştəsiz, təcrübəsiz həmin ağaca düşmən obrazı kimi baxıb, onu budamaq, qol-qanadını kəsdirmək tapşırığı verir. Bir deyən də tapılmadı ki, ay qardaş, axı belə yaramaz...


Cəbrayıllıların indi və gələcəkdə bağışlanılası mümkün olmayan ciddi səhvləri də olub. O qədər humanist, alicənab, insanpərvərdirlər ki, ərazilərində ən baxımlı, bərəkətli, meşəli, dağlı, bulaqlı yerləri tərəddüdsüz ermənilərə verib, özləri arana, düzə düşüblər. Bir soruşan da olmayıb ki, ay insanlar, niyə belə edirsiniz? Məgər bilmirsiniz ki, ermənilərə üz göstərsəniz, sabah onlar çırmanıb ocağınızın-süfrənizin başında əyləşib deyəcəklər: "Bura bizimdir!"


...Tarixdən bəllidi ki, cəbrayıllılar olduqca elmə, maarifə meyllidirlər. Son məlumata görə, milli tariximizə 16 akademikin, 25 professorun, 200-dən çox elmlər namizədinin, 776 həkimin, 133 jurnalistin, 18 yazıçı-şairin, sayı bəlli olmayan orta və ali məktəb müəllimlərnin adları yazılıb. Lakin elmi potensial nə qədər güclü olsa da, Cəbrayıl və cəbrayıllılar ermənilər tərəfindən yaranmış qarşıdurmada uduzublar. Bu, faktdır! Onların hər biri kimi mənim də üzüm gulmür, eynim açılmır. Ona görə ki, ata-baba yurd yerlərimizə tamarzı qalmışam. Doğmalarımın məzarlarını ziyarət edə bilmirəm. Yaxınların, qohumların, dost-tanışların üzlərinə tamarzı qalmışam. Yanımda Cəbrayıl adı çəkiləndə anasından ayrılmış uşaq kimi göz yaşlarım qurumur. Doğrudur, göz yaşları bəzən ürəkdə, varlıqda olan bəzi mənəvi, psixoloji gərginliyi azaldır. Axı nə qədər ağlamaq, zarımaq, sısqamaq olar? Məgər göz yaşları ilə düşməni insafa-mürvətə gətirmək olar?!


Ötən əsrin sonlarında xalq şairi, Respublika Aşıqlar Birliyinin sədri, mərhum Hüseyn Ariflə Cəbrayıla - "Qurbani saz bayramı"na getmişdik, Gördüm ki, Hüseyn qağa həddən artıq düşüncəli, poetik ovqatdadır. Soruşdum: "A qağa, xeyir ola?" Onun cavabı qısa oldu: "Ay zalım, Cəbrayıl mənə Kislovodskini xatırladır. Burada yaşamaq və ölmək böyük xoşbəxtlikdir".


İndi o obalar, yurd yerlərimiz düşmən tapdağı altında zarın-zarın zarıyır. Torpağımız doğmaları üçün əcəl başının üstünü alan, son nəfəsini yaşayan xəstə kimi inildəyir.


Başqalarını bilmirəm, Cəbrayıl mənim əlimdir, görən gözümdür. İndi nə əlim qalxır, nə gözüm görür. Heç bilmirəm neyləyim?!

 

 (Davamı var)

 

Telman MEHDİXANLI 
2010.- 28 sentyabr.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:42 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54