Modern.az

“Bəs digər türkdilli ölkələr kimdən çəkinir, niyə açıq dəstək görmürük?” 

“Bəs digər türkdilli ölkələr kimdən çəkinir, niyə açıq dəstək görmürük?” 

Parlament

2 Oktyabr 2020, 13:11

Sentyabrın 27-si səhər saatlarından cəbhə xəttində başlayan şiddətli döyüşlər nəticəsində Ordumuz işğal altındakı bəzi kəndləri düşməndən azad edib.


Döyüşlərin davam etdiyi bir vaxtda ordumuzun uğurları, cəbhədən gələn xoş xəbərlər bütün xalqın sevincinə səbəb olub. Buna baxmayaraq, Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb.


Milli Məclisin deputatı Fatma Yıldırım Modern.az-a deyib ki, torpaqlarımızın azadlığı uğrunda mübarizə ümummilli məsələdir və bu yolda hər kəs belə bir tarixi anlarda eyni mövqedən çıxış etməlidir:


“İndi hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla, ordumuzla döyünür, hər saat, hər dəqiqə cəbhədən qələbə xəbərləri gözləyirik. Bu müqəddəs mübarizədə Tanrı əsgərlərimizi qorusun.

30 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu müddət ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalsa da, işğalçı Ermənistan öz təxribatları ilə danışıqları pozur, mövcud status-kvonu qorumağa çalışır. Təəssüf ki, münaqişənin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar ədalətli həll, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ciddi səy göstərməyiblər. Əksinə, işğalçı Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq cinayətlərinə göz yumurlar.

Milli Məclisin yüksək kürsüsü üzərində ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" sözləri yer alır. Biz də millətin məclisində xalqı təmsil edirik və birmənalı olaraq bildirmək istəyirik ki, bu gün xalq Qarabağın azad olunması istiqamətində aparılan döyüşləri və Ali Baş Komandanın mövqeyini tam dəstəkləyir, Minsk qrupunun həmsədrlərinin saxta çağırışlarına etibar etmir, inanmır. Həmsədrlərdən Fransa prezidenti Makronun açıq şəkildə tərəf olduğunu və Ermənistanın haqsız mövqeyini dəstəklədiyini dilə gətirirsə, hansı sülh danışıqlarından söhbət gedə bilər?! Unutmayaq ki, 2016-cı ildə Aprel döyüşləri zamanı da beynəlxalq ictimaiyyət bizim sülh danışıqlarına davam etməyimizlə bağlı çağırış etmişdi. Lakin 4 il keçməyinə baxmayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar masasında heç bir ciddi addım atılmamışdır. Bu gün isə Ermənistanın gizli havadarları artıq özlərini ifşa edərək açıq şəkildə işğalçı ermənilərin yanında olduğunu bildirirlər. Belə olan halda yenidən danışıqlara başlamağın heç bir anlamı yoxdur. Əgər onlar bu müharibənin davam etməsini istəmirlərsə, işğalçı Ermənistan silahlı qüvvələri torpaqlarımızı xoşluqla tərk etməlidir. Əks halda qüdrət ordumuz onları torpaqlarımız mənfur düşməndən təmizləyəcək.”.


Fatma Yıldırım hesab edir ki, işğalçı Ermənistanın növbəti təxribatlara əl atması məhz beynəlxalq ictimaiyyətin indiyə qədər göz yummasının nəticəsidir:


“Azərbaycanın səbrini daşırdı və indi ordumuz düşməni torpaqlarımızdan qovmaq üçün əks-hücum əməliyyatı keçirir. Bu müqəddəs mübarizədə bizi dəstəkləyən ölkələrə, qardaş türk xalqının ilk gündən etibarən bizə haqq davamızda göstərdiyi böyük mənəvi dəstəyə görə, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarıq. Bir məqamı demək istəyirəm ki, hazırda İsrail, Pakistan, Əfqanıstan, Ukrayna, İtaliya kimi ölkələr Azərbaycanı dəstəklədiyi halda, eyni soydan gəldiyimiz, bizimlə eyni dili, dini, ənənələri daşıyan türkdilli dövlətlərdən ciddi dəstək görə bilmirik. Axı biz müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq edirik, Azərbaycan hər zaman bu ölkələrə öz dəstəyini göstərir. Türk Şurası, TÜRKPA kimi platformalarda fəal əməkdaşlıq edirik. Amma prinsipal məsələ olan Azərbaycanın torpaqlarının erməni işğalından azad olunması məsələsində Türkiyə istisna olmaqla, digər türkdilli ölkələrdən açıq dəstək görmürük. Onlar nədən, kimdən çəkinirlər? Bizim onlardan istədiyimiz sadəcə mənəvi dəstək göstərmək və işğalçını öz adı ilə çağırmaqdır. Türk xalqları olaraq qanımız, canımız, dilimiz, dinimiz eynidir. Ona görə də, bu dəstəyi onlardan gözləyirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu günlər bizim dostumuzu, düşmənimizi tanıdığımız günlərdir. Bizə çətin günlərdə dəstək göstərənləri və eyni zamanda səssiz qalanları da unutma­yacağıq”.


Deputat Tərtər, Goranboy, Ağdam və digər cəbhəyani ərazilərin əhalisi hələ də düşmən hədəfinə tuş gəlməsinə təəssüfləndiyini vurğulayıb:


“Hətta erməni azğınlığı o həddə çatıb ki, onlar təmas xəttindən uzaq əraziləri də hədəfə alırlar. Bu gün də Bərdənin Əmirli və Yeni Daşkənd kəndlərini, mülki şəxslərti atəşə tutublar.


Hər zaman olduğu kimi, ermənilər yenə də özlərinin faşist üzünü göstərməkdə davam edirlər. Onlar mülki obyektləri, dinc insanları hədəfə alırlar və erməni vəhşiliyi nəticəsində xeyli sayda mülki vətəndaşımızı itirmişik. Naftalanda iki məktəbli ermənilər tərəfindən açılan atəşin qurbanı olub. Bu hadisə beynəlxalq qanunlara zidd olmaqla yanaşı, bütün insanlığa qarşı cinayətdir.


Ermənilərin törətdiyi qətliamlara baxmayaraq, bizim əsgərlərimiz dinc erməni əhalisinə atəş açmır. Baxmayaraq ki, ermənilər vaxtilə Xocalıda günahsız əhalini, qadın, uşaq ahıl demədən görünməmiş vəhşiliklə qətl etmişdilər. Bizim ermənilərlə fərqimiz də bundadır.


Erməni vəhşiliyinin digər bir nümunəsi isə Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yaşayış binasının atəşə tutulmasıdır. Axı həmin insanlar bir dəfə öz dədə-baba torpaqlarında evlərini itirərək, didərgin düşmüşdülər. İndi yenə 30 il sonra erməni terrorçuları onların məskunlaşdığı yeni inşa olunan yaşayış komplekslərini hədəfə alırlar. Bu çox böyük insanlıq faciəsidir və qəbul olunmazdır.


Əlbəttə ki, indiki mərhələdə milli və vətəndaş həmrəyliyimiz çox önəmlidir və bu gün bütün xalqımız həyəcan içində qələbə xəbərlərini, Qarabağın işğaldan azad olunmasını gözləyir. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər günü bizi biraz da yaxınlaşdırır. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır”.


Deputat Elşad Mirbəşir bildirib ki, Azərbaycan ordusunun gücü düşməninkinə nəzərən çox üstündür:


“Ordumuz işğaldan azad  etdiyi torpaqlarda möhkəmdirlər və daha da möhkəmlənəcəklər. Onlar daim irəli gedərək, digər ərazilərimizi də azad etmək üçün əzmlə döyüşürlər. Aydındır ki, Azərbaycan ordusunun həm müdafiə, həm də döyüş qabiliyyəti düşməndən qat-qat üstündür. Təəssüf ki, təcavüzkar Ermənistan kənardan kifayət qədər dəstək alır. Buna baxmayaraq, onlar ordumuzun qarşısında geri çəkilir. Ermənistanın təxribatlarına bizim əks-hücumla cavab reaksiyamız bir daha göstərdi ki, Azərbaycan dövləti, xalqı, ordusu ilə müharibəyə tam hazırdır”.


E.Mirbəşir onu da vurğulayıb ki, erməni təxribatları xalqımızı sarsıtmır:


“Mən intensiv olaraq Göygöl, Daşkəsən rayonları ilə əlaqədəyəm. Cəmiyyətimizdə artıq qələbə əzmi, qalib xalq əhval-ruhiyyəsi formalaşıb. Bu da bizim qələbəyə olan inancımızı, torpaqlarımızı azad etmək hədəfimizin reallığını əhəmiyyətli dərəcədə gücləndirir. Cəbhə xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımız qorxmur, əksinə üzlərindən sevinc hissi oxunur. Evlərə düşən mərmilər, eşidilən güllə səsləri onları qorxutmur. Bütün bunlar xalqımızı, ordumuza daha da çox dəstək verməyə sövq edir. Hamı qələbə xəbərini gözləyir və heç kim qələbə qazanacağımız haqqında zərrə qədər şübhə duymur”.


Düşmənin intensiv atəşə tutduğu Ağdam rayonundan deputat seçilən Aqil Abbas da cəbhə kəndlərində yaşayan əhalinin əhval-ruhiyyəsinin çox yüksək olduğunu söyləyib:

“Çünki ordumuzun irəliləmə xəbərinə hamı çox sevinir, ordumuz ilə qürur duyuruq. Nə qədər düşmənin təxribatları olsa da, cəbhə boyu ərazilərdə yaşayan insanlar gündəlik həyatı ilə, əkin-biçinlə məşğuldur. Bir neçə kəndə bomba düşüb, mülklərə ziyan dəyib, amma əhali arasında öncədən görülən tədbirlər nəticəsində ziyan böyük deyil. Çox istərdim ki, cəbhədə döyüşlər ilə yaxından əlaqədar olum, lakin bizə verilən əmr ilə bütün deputatlar öz iş yerlərində xidmət edir. Komendant saatıdır, hərbi vəziyyətdir, riayət etməyə məcburuq. Amma mütəmadi əlaqə saxlayıb, məlumat alıram. Aldığım xəbərlərə görə ermənilər öz döyüş texnikasını qoyub qaçırlar”.

Aysel Aslan
Fidan Əli

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?