Modern.az

Siyasi partiyanın sədr müavini: “Biz də cəbhəyə getməliyik” - MÜSAHİBƏ

Siyasi partiyanın sədr müavini: “Biz də cəbhəyə getməliyik” - MÜSAHİBƏ

Müsahibə

5 Oktyabr 2020, 14:02

“Müharibədə uğur yeni tipli silahdan və müəllimdən asılıdır”


Modern.az
saytı Ədalət Partiyasının sədr müavini, fəlsəfə doktoru Mütəllim Rəhimli ilə müsahibəni təqdim edir:

- Mütəllim bəy, ordumuzun əks zərbələri haqqında nə deyə bilərsiniz? Bütün bunlar proqnozlaşdırılan durum idimi?

- Əvvəla, böyük ordumuzun əldə etdiyi qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm. Əsgər və zabitlərimizə sağlamlıq və yeni qələbələr arzulayıram.

İşğal edilmiş ərazilərimizi azad etmək bizim hüquqi və mənəvi haqqımızdır. Atəşkəs müqaviləsi imzalanan gündən üzü bu yana xalqımız bu istək və arzu ilə yaşayır. Son vaxtlar isə ictimai rəy torpaqlarımızın azad edilməsi ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirirdi.

Düşmənə əks zərbələrin endirilməsi qərarı xalqla hakimiyyət arasında indiyədək mövcud olan ən böyük anlaşmadır. Fikir verdinizsə, siyasi partiyalar, ictimai qurumlar da birmənalı olaraq Ali Baş Komandanı dəstəklədiklərini bildirdilər. Azərbaycan vahid, monolit bir gücə çevrildi. Artıq kimsə hesab soruşmur, hər kəs öz köməyini təklif edir və yaxud qələbə üçün əlindən gələni etməyə çalışır və Ali Baş Komandana birmənalı inamını, etibarını ifadə edir.

Regionda yeni hadisələrin baş verməsi gözlənilsə də, lakin ordumuzun əks-hücumu, doğrusu, proqnozlaşdırılmırdı. Bu əməliyyatla Azərbaycan regionda baş verə biləcək ssenariləri alt-üst etdi və nəinki vəziyyəti dəyişdirdi, hətta onu öz nəzarətinə götürdü.


- Dünyanın iri dövlətlərinin atəşkəs çağırışları, xüsusilə Fransanın ermənipərəst mövqeyinin Azərbaycana təsirləri necə ola bilər?

- Qeyd edim ki, əslində dünya ölkələri bu məsələdə daha çox neytral mövqe nümayiş etdirirlər. Bunu həmin ölkələrin beynəlxalq hüquqa hörməti, Azərbaycan və onun müttəfiqlərinin diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. Dövlət başçılarının şəxsi istəklərindən başqa formalaşmış siyasi, hüquqi sistemlər mövcuddur ki, onu həmişə pozmaq olmur.

Azərbaycan kimsənin çağırışına qulaq asa bilməz. Son 30 ildə Azərbaycan dəfələrlə çağırışlar edib, bəs niyə ona qulaq asan olmayıb. Biz bütün torpaqlarımızı azad edənədək dayanmamalıyıq.

Onu da deyim ki, hadisələrin gedişi göstərir ki, artıq bu mümkün də deyil. Xalqın, ordunun bu əzmi qarşısında heç bir güc dayana bilməz.

Xalqımızın illərdir tapdanmış ləyaqəti özünə qaytarılır. Bu şərəfli iş isə məhz ordunun üzərindədir. 


- Siyasi partiyalar və sizin də təmsil olunduğunuz Ədalət Partiyası hakimiyyətə birmənalı dəstək bəyanatı ilə çıxış etdi...

- Siyasi partiyaların həmrəylik bəyanatı indiki dönəmdə çox vacib bir addım idi. Bu bəyanat bizi istəməyən bütün qüvvələrə göstərdi ki, ölkə daxilinə müdaxilə üçün nə münbit bir şərait, nə də boş yer var. Cəmiyyətimiz eyni fikirdədir. Fikir verdinizsə, ən narazı qüvvələr belə Qarabağ məsələsində Ali Baş Komandanı birmənalı olaraq dəstəklədilər. Bu isə imkan verdi ki, Azərbaycan dövləti bütün potensialını qələbəyə yönəltsin.


- Sizcə siyasi partiyalar indi nə etməlidirlər?

- Ölkədə yaranmış siyasi inamın və birliyin ifadəsidir ki, insanlar cəbhəyə gülə-gülə, sevinərək gedirlər. Bu, həm də heç kimin ermənilərdən qorxmadığını göstərir. Üçüncüsü, qələbəyə, ordumuza güvənin ifadəsidir. Hər kəs bu qələbədə payının olmasını istəyir.

Hesab edirəm ki, artıq cəmiyyətdə xüsusi təbliğata, çağırışa ehtiyac yoxdur. Siyasi mübarizəni bu dönəmdə dayandırmaq da mümkündür və vacibdir. Ona görə də, mən ehtiyatda olan artilleriya baş leytenantı kimi cəbhəyə getmək üçün müraciət etmişəm. Bizim amalımız həmişə ölkəmizə, xalqımıza, dövlətimizə fayda verməyə hesablanıb. Bu gün faydamız cəbhədə düşmənə qarşı döyüşmək ola bilər. Buna da hazırıq.


- Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Dünən 2-ci böyük şəhərimiz olan Gəncə də raketlə vuruldu. Gecə Mingəçevir şəhəri, Abşeron yarımadası və Xızıya da raket atıldığı barədə məlumatlar yayıldı. Bu nəyə hesablanıb və nə ilə nəticələnə bilər?


- Azərbaycanın kənd və şəhərlərinin atəşə tutulması və dinc əhalinin hədəfə alınması Ermənistanın növbəti səhvidir. Hətta deyərdim ki, bu panika vəziyyətinin doğurduğu qeyri-müəyyənlikdən qaynaqlanır. Ermənistan bu hərəkətləri ilə özü öz maskasını cırır. Region, dünya üçün sabitliyə təhdid mənbəyi olduğunu və beynəlxalq prinsipləri saymadığını və insanlıqdan kənar vəhşi xarakterini göstərir.

Artıq görünür ki, Ermənistan belə hərəkətləri ilə əhali arasında qorxu, xof yarada bilmir. Əksinə xalq daha da monolitləşir, döyüş əzmi artır, düşmənə nifrəti çoxalır. Napoleon da deyirdi ki, hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. Əgər indi xalqın qarşısı açılarsa, inanın ki, hamı cəbhə bölgəsinə piyada, ayaqyalın yürüş edib erməniləri öz torpaqlarından qovmağa hazırdır. Yəni xalqımızın döyüş ruhu, qələbə əzmi bu qədər yüksəkdir. Bismark da qeyd edirdi ki, müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən. Bu gün peşə bayramını qeyd edən müəllimlərimiz sağ olsunlar ki, belə vətənpərvər insanlar yetişdiriblər. Yeri gəlmişkən, bu gün cəbhədə döyüşən qəhrəman tələbələrimə can sağlığı və yeni zəfərlər arzu edirəm.

İnanıram ki, hər bir azərbaycanlı işğaldan azad edilmiş bölgələrdə Azərbaycan bayrağını qaldıran igid oğullarımızın yerində olmaq istəyir.

Digər tərəfdən, Ermənistanın öz ərazisindən yaşayış məntəqələrimizi vurması bizə imkan verir ki, bu ölkənin sərhədləri daxilində yerləşən hərbi obyektlərə zərbələr endirək. Ermənistanın bütün böyük şəhərlərində, o cümlədən Yerevanda da belə obyektlər çoxdur. Bu bizə həm də Naxçıvandan Ermənistana qarşı 2-ci cəbhə açmaq şansı verir. Çünki faktiki olaraq Ermənistan bu hərəkətləri ilə Azərbaycana qarşı müharibəyə başladığını elan edir.

Düşünürəm ki, Qarabağda başlanılmış təmizləmə əməliyyatlarını tez bir zamanda bitirsək, Ermənistanın bu cür hərəkətlərinə də son verəcəyik. Çünki bu can verən düşmənin son çırpıntılarıdır.  

- Prezidentin dünən xalqa müraciəti haqqında nə deyə bilərsiniz?

- Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı Prezidentin xalqa müraciəti çox qətiyyətli və xalqın fikrini, düşüncəsini ifadə edən bir çıxış idi. Burada 2 məqam diqqəti xüsusilə cəlb edir: 1. İşğal olunmuş torpaqlarımızın sonadək azad edilməsi istəyi; 2. Atəşkəsin şərtləri.
Düşünürəm ki, Ali Baş Komandanın bu müraciətini Qarabağın tezliklə azad edilməsi mesajı kimi də dəyərləndirə bilərik.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir