Modern.az

Milli Qəhrəmanın xanımı: “Ermənilər böyük bir səhv etdilər” - MÜSAHİBƏ

Milli Qəhrəmanın xanımı: “Ermənilər böyük bir səhv etdilər” - MÜSAHİBƏ

6 Oktyabr 2020, 13:11

Xankəndinin sabiq deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Dəstək Fonduna köçürüb.


Modern.az
-ın suallarını cavablandıran Flora Qasımova bildirib ki, cəbhədən gələn qələbə xəbərləri, azad olunan ərazilərimizin siyahısının hər gün artması onu qürurlandırır.

- Flora xanım, cəbhədən hər gün yeni və xoş xəbərlər gəlir. Qələbə əhval-ruhiyyəsini hiss edirsinizmi?


- Əlbəttə. Biz hər keçən gün qələbəyə bir az da yaxınlaşırıq. Torpaqlarımızın azad olunması məni çox sevindirir. Bu sevinci bizə yaşadan Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan ordusunun rəhbərliyinə, əsgər və zabitlərimizə minnətdarlığımı bildirirəm.


- Ordumuz Qarabağı tamamilə azad etdikdə, doğma torpaqlarımıza getdiyiniz ilk gün üçün planınız nədir? İlk hara getməyi fikirləşirsiniz?


- İlk olaraq Xankəndində əzizlərimizin dağıdılmış qəbirlərini ziyarət edəcəyəm. İki min ildən çox tarixi olan Xankəndi bulağının suyundan içəcəyəm.


- Ermənilərin törətdiyi təxribatlara baxmayaraq, cəbhə bölgəsində yaşayan insanlarda ruh yüksəkliyi müşahidə olunur. Bu haqda nə düşünürsünüz?


- Ermənilərin bu illər ərzində törətdiyi qəddarlıqlar xalqımızı elə bir həddə çatdırıb ki, artıq onlar heç nədən qorxmurlar. Düşünürlər ki, təki ordumuz torpaqlarımızı azad eləsin. Dağıdılmış evlər, küçələr yenidən bərpa oluna bilər. Təəssüf ki, itkilərimiz geri qayıtmayacaq. Lakin bu torpaq uğrunda şəhid olanların ruhlarının şad olduğuna əminəm.


- Əksəriyyət hesab edirdi ki, illər keçdikcə, Qarabağ gənclərimizin yadından çıxacaq, unudulacaq, yeni nəsillər Qarabağ uğrunda mübarizəyə o qədər də maraqlı olmayacaq. Lakin döyüşlər başlayandan bəri bunun tamamilə əksini müşahidə edirik...


- Ermənilər sadəcə gənclərimizin deyil, bütün xalqımızın bu qəddarlığı unutmasını gözləyirdi. Onlar böyük bir səhv etdilər. Bugünkü müharibə, bu torpaqda doğulan, yaşayan hər insanın müharibəsidir. Gənclərimiz illərdir gözlərimiz önündə törədilən vəhşilik haqqında oxuyurlar, izləyirlər, araşdırırlar. Bizim genlərimizdə, dinimizdə dövlət quruculuğu var. Ona görə də mən çox mərd, vətənpərvər bir gənclik yetişdiyinə əminəm.


- Bir şəhid xanımı kimi əsgər yolu gözləyən valideynlərə, şəhid analarına müraciətiniz varmı?


- Şəhid anaları heç vaxt əyilməyiblər. Həmişə şəhid xəbərini alanda ilk sözləri “Vətən sağ olsun!” olub. Bu gün əziyyətlə böyütdüyü oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların əllərindən öpürəm. Bu 30 ildə canını mərd-mərdanə vətən uğrunda fəda etmiş hər bir şəhid qarşısında baş əyirəm. Torpaqlarımızın son qarışınadək işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. Allah əsgərlərimizi qorusun!”.


Aysel Aslan

Fidan Əli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər