Modern.az

Nadir Əhmədov: “Mən nazir işləyəndə də heç nazir səviyyəsində yaşamamışam” - MÜSAHİBƏ

Nadir Əhmədov: “Mən nazir işləyəndə də heç nazir səviyyəsində yaşamamışam” -  MÜSAHİBƏ

29 İyun 2012, 15:05

Sabiq rabitə naziri: “Təkcə prezidentdən asılı idim...”


Modern.az
saytı “Sabiqlər” rubrikasında sabiq rabitə naziri Nadir Əhmədovla müsahibəni təqdim edir.  

- Siz nazir olduğunuz müddət ərzində kifayət qədər hörmət və ehtiram qazana bilmisiniz. Amma işdən çıxandan sonra sizi demək olar ki, heç yerdə görmürük. Bu sizin özünüzdən irəli gələn bir haldır, yoxsa medianın günahıdı?

- Mən dostlarımla hər zaman görüşürəm. Onlarla həftədə bir, ya iki dəfə bir yerə yığılırıq. Məsələn, elə mənim kimi təqaüddə olanlarla, məktəb yoldaşlarımla, iş yoldaşlarımla əlaqələrim var və tez-tez zəngləşirik. Deyim ki, darıxmağa heç vaxt olmur və həyatımda darıxdırıcı bir hal görmürəm. Hər şey də öz yerindədi. O ki, qaldı mətbuata, arada mənə söz üçün müraciət edənlər olur. Şəxsən heç birindən imtina etməmişəm və hər zaman da cavab verməyə çalışmışam.

- Hazırda Bakıda yaşayırsız, yoxsa Şəkidə ?

- Mən Şəkidə demək olar ki, çox az oluram. İldə hesablasan, heç on beş gün etməz. Amma çox vaxt Mərdəkandakı bağımda oluram. İlin altı ayını Mərdəkanda, altı ayını isə burda oluram.

- Siz dostlarla görüşürəm deyəndə, ancaq təqaüdə çıxanları nəzərdə tutursunuz, yoxsa hələ də vəzifədə çalışanlar da var ?

- Əsasən təqaüdə çıxanlarla, bir də məktəb yoldaşlarımla görüşürəm. Hərdən toylar, tədbirlər, yas mərasimləri də olur ki, kimlərləsə orda görüşüb danışa bilirik. Həyat beləcə öz axarı ilə gedir.

- İndi yaşınızın elə bir məqamındasınız ki, dost anlayışını tam olaraq anlaya bilirsiniz...

- Dostlarım həqiqətən yaxşıdı və onlarla da tez-tez görüşürəm. Keçmiş nazirlərdən və deputatlardan da var aralarında.

- Deyirlər nazir olanda da məktəb yoldaşlarınızı unutmamısınız? Onlar istənilən vaxt gəlib sizi görə bilərmişlər...

- Mən məktəb dostlarımı heç vaxt unutmurdum və onlar nə zaman istəsəydilər məni görməyə gələ bilərdilər. Biz indi də onlarla tez-tez görüşürük. Hətta deyim ki, məktəbi bitirməyimizin 55-ci illiyini də qeyd etdik. Əslində hər şey insanın özündən asılıdı. Mən nazir olanda bütün qohumlarımı da yada salırdım. Hökmən həftədə bir dəfə bacı-qardaşımı görməyə gedirdim.

- Amma əksər vəzifəli adamları deyir ki, “bizim heç ailəmizə ayırmağa vaxtımız yoxdur”. Siz isə hər şeyə vaxt tapırmışsınız.
Belə çıxır ki, həmin adamlar yalan danışırlar?

- Yox mən buna yalan demək istəmirəm. O hər adamın özündən asılıdır. Mən həftədə bir dəfə bacımı görməsəydim, özümü narahat hiss edərdim. Bütün müsəlman bayramlarında dünyasını dəyişən insanları da ziyarətə gedirdim. Bunlar məndə artıq bir adət şəklini alıb. Deyim ki, vaxt həmişə var. Nazir olanda isə o məsələlərin həllində problem yox idi.  Çünki hər şeyi özüm planlaşdırırdım. Bircə prezidentdən asılı idim. Vaxt hər zaman var, amma əsas da hər şey işin təşkilindən asılıdır.
Mən nazir işləyəndə Rabitə Nazirliyi yeganə mərkəzi dövlət orqanı idi ki, heç bir müavin yox idi. Hətta bir dəfə də Gürcüstanda Şevardnadze rabitə nazirinə irad tutub deyib ki, “sənin bu qədər müavinin var, amma bax, Azərbaycanda rabitə nazirinin heç müavini də yoxdu, səndən də yaxşı işləyir”.

- Sizin nazir postuna gedən yolunuz asan, yoxsa çətin olub?

- Mən sovet dövründən nazir müavini vəzifəsi səviyyəsinə yüksəlməyi özüm üçün planlaşdırmışdım. Mən rabitə montyorundan tutmuş, mühəndisə və nazir müavininə kimi bütün işlərdə çalışmışam. Bütün mərhələlərdən keçmişəm.
Əvəllər də mənə nazir olmaq təklif olunmuşdu. Bu, hələ Xalq Cəbhəsinin hakimiyyəti dövrünə təsadüf edir. Məni dəvət etdilər, getdim və təklifi qəbul etdim. Sonra gəlib bunları öz nazirimlə müzakirə etdim. O zaman nazir Şamil Musayev idi.

- Bəs necə oldu ki, siz nazir oldunuz?

- Günlərin bir günü mərhum Heydər Əliyevin köməkçisi Tarıyel mənə zəng vurdu. İndiki kimi yadımdadır. Saat da təxminən 12-nin yarısı olardı. 1997-ci ilin iyul ayının 16-sı idi. Zəng edib dedi ki, “sizi Heydər Əliyev çağırır”. Bir də 15 dəqiqədən sonra zəng elədi ki, “işdə kostyumun var?” Mən də dedim ki, var. Geyinib getdim qəbula. Yolda da düşünürdüm ki, yəqin məni işdən çıxartmaq istəyir.
Söhbətin onuncu dəqiqəsindən sonra anladım ki, danışıq ayrı tərəfə istiqamətlənir. Rabitə Nazirliyi, nöqsanları haqqında söhbətlərdən sonra Heydər Əliyev dedi ki, məni rabitə naziri qoymaq istəyir. O zaman asta-asta rahat nəfəs alıb, pencəyimin düymələrimi açdım. Dedim ki, etimad etsəniz, mən işləyərəm. Elə bu vaxt səsinin tonu dəyişdi və mən anladım ki, ciddi işləmək lazımdı.

- Bəs işə başlayanada nə etdiniz, hansı islahatları apardınız?


- İşə ilk başlayanda bütün işçiləri iclasa çağırdım və dedim ki, heç kimi işdən çıxartmaq istəmirəm. Sadəcə əvvəl olduğu kimi yox, daha yaxşı işləmək lazımdı. Daha yaxşı işləməliyik ki, nöqsanlar  aradan qalxsın, tənəzzül dayandıırılsın və rüşvətxorluğun qarşısı alınsın. Bəziləri başa düşdü və normal işlədi, amma bəziləri isə elə eyni xətt ilə də davam etdi. Böyük səylərdən sonra bəzi nöqsanları düzəldə bildik. Həm də biz onlara dəfələrlə töhmətlər verirdik ki, bəlkə düzəldilər. Arada mənə deyirdilər ki, “bu töhmətlər “Çin xəbərdarlığı”na oxşayır. İşdən çıxartmaq bir yol deyil, ayrı bir tədbir görmək lazımdı”.
Rayonlarda poçt müəsisələrinə rəhbərlərin çoxunu qadın təyin edirdik. Çünki yerli təşkilatlar və digər işlərə baxanlar qadınları rüşvətə sövq edə bilməyəcəkdilər və bundan çəkinirdilər. Ümumiyyətlə, qadınların 90%- i rüşvətdən uzaqdır.

- İstədiyiniz sistemi yaratmaq təxmini nə qədər zaman aldı?

- İşlədiyim ikinci ildən artıq hər şey öz yoluna düşmüşdü. Əsas çətinlik isə pulun olmaması idi. Nə pul qazanırdıqsa, vergiyə gedirdi. İldə hardasa 50 milyon manat vergiyə əlavə pul ödəyirdik. Həmin pulu biz inkişafa versəydik, daha çox şeylər əldə edə bilərdik. Biz öz daxili imkanlarımızın hesabına inkişaf etməyə başladıq. İlk yeni texnologiyaları tətbiq etməyə başaladıq. Köhnə texnologiyadan 10, yenisindən isə haradasa 20 manat gəlir əldə etmək olurdu. Beləcə pul əmələ gəldi və inkişaf başladı.

Vaxtilə MDB ölkələri arasında bizim Rabitə Nazirliyi ən geridə qalan qurum idi. 2001-ci ildə Rabitə Nazirliyi MDB ölkələrində 15 göstərici üzrə birinci yerə, başqa göstəricilər üzrə isə ikinci, ya üçüncü yerlərə çıxa bildi. Bu çox böyük bir inkişaf idi.


- Vəzifəyə təyin olunanda birinci kimə zəng elədiniz ?

- Heç kimə demədim, amma saat 3-də təqdimat oldu, saat 5-də isə Heydər Əliyevin rəhbərliyi ilə iclas keçirildi.

- Bəs ailənizə necə zəng edib dediniz ki, nazir təyin olunmusunuz?

- Yox ailəmə də zəng edib demədim və düşündüm ki, başqalarından eşitsələr, daha yaxşı olar.

- Siz Şəkidə doğulmusunuz, bəs orada olan dostlar, qohumlar necə bildilər?

- Saat 3-də radioda, saat 5-də isə televizor vasitəsilə öyrəndilər.

- Bəzi şəxslər nazir təyin olunandan sonra dəyişirlər, əvvəl salam verdikləri adamların çoxunu unudurlar...

- Mən belə bir halı xatırlamıram, amma arxada deyiblərsə də xəbərim yoxdu. Bir də belə bir şey edə də bilmərəm axı.

- Əvvəllər birgə çalışdığınız adamlar, sonradan sizi nazir kimi necə qəbul etdilər?


- Çox normal qarşıladılar. Onların əksəriyyəti məni çox istəyirdi və deyim ki, mən heç vaxt vəzifəpərəst olmamışam. Mən işlədiyim vaxt qarşıma bir məqsəd qoymuşdum. Sovet dövründə belə bir fikir yaranmışdı ki, azərbaycanlıdan rabitə mütəxəssisi çıxmaz və rabitəni yüksək səviyyəyə qaldıra bilməz. Arzum o idi ki, mən belə bir imkana sahib olum və o fikirləri də dağıdım.

- Arada olub ki, vəzifəli adamlardan kimsə güzgü nömrələr istəsin?

- Əlbəttə olurdu və o zaman da özüm verdiyim üçün kimsə şikayət edə bilmirdi.

- Nazir olanda sizə kimsə rüşvət təklif edibmi ?

- Təbii ki, bu olurdu. Elə adamlar olurdu ki, bilmirdim nə edim ki, onların qəlbini qırmayım. Arada işçilərimiz də bunu edirdi və mən o zaman onları geri qaytarırdım. Onda da deyirdilər ki, yəqin ki, bizimlə işləmək istəmirsən. 
                                     
- Deməli heç rüşvət almamısınız?

- Xeyr! Nə rüşvət almışam, nə də ki, kiməsə rüşvət vermişəm.

- Bəs işçiləri hansı şərtlərlə işə götürürdünüz?

- Mən stolumun üstünə Quran qoymuşdum. And içdirməkdə məqsədim o idi ki, bilim mənim yanıma çatana kimi onlardan pul alan olub, ya yox. Amma yalandan and içənlər də olub. Bu sonra onların işlərində də hiss olunurdu. Arada da eşidirdim ki, bizdən bu qədər pul alırmışlar. Mən də elə o vaxt ona görə and içdirirdim ki, bunları bilim və qarşısını alım. 100% olmasa da, işə düzəltmə məsələsində 99%  korrupsiya və rüşvətxorluğun qarşısını almışdıq. Bunu edirdim ki, təmiz işləsinlər və heç kimdən, nə prokuror, nə icra başçısından qorxsunlar.

- Bəs siz müavin olanda necə, bunları görmürdünüz?

- Əlbəttə görürdüm və həmişə də iclaslarda deyirdim. Hamı nazirin çıxışından çox, mənim çıxışımı gözləyirdi. Bilirdilər ki, mütləq nəsə deyəcəm.

- Bəs indiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  fəaliyyəti barədə nə deyə bilərsiniz? Sizcə indi vəziyyət necədir?

- Mən nazir olanda xoşuma gəlmirdi ki, kimsə mənim haqqımda danışsın, amma düz danışanda çox xoşuma gəlirdi. İndi isə bircə onu deyə bilərəm ki, o vaxtla indiki vaxtı müqayisə etsək, görərik ki, geriləmə var. Hələ o vaxt 2004-2005-ci illər üçün hazırladığımız tədbirlər planının bir hissəsi həyata keçirilməyib.  

- Bu sahədə hansı yenilik təklif edərdiniz ?

- O sahədən çoxdan uzaqlaşmışam. Bayaq da dedim ki, geriləmə var və bunu aradan qaldırmaq lazımdı. Bir də çalışmalıdırlar ki, Azərbaycan rabitəsini beynəlxalq standartlar səviyyəsinə qaldırsınlar.

- Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi planlaşdırır ki, 2015-ci ilə qədər tam olaraq rəqəmsal iş prosesinə keçəcək. Sizcə bu zaman niyə uzanır?

- Bu qədər vaxt uzatmağa heç bir ehtiyac yoxdu. Əslində bunu elə neçə illər öncə də həll edə bilərdilər, amma etmədilər. Bayaq da dediyim o tədbirlər planında bu məsələyə toxunmuşduq. İndi isə uzadılmasına mən bir səbəb görmürəm. Hər şey özlərindən və iş prinsiplərindən asılıdır. Bu işə dəqiq və məqsədyönlü yanaşma lazımdı.

- Bəzi sərhəd bölgələrində bizim yerli kanallara arada qonşu  dövətlərin də dalğaları düşür. Bunun qarşısını necə almaq olar?

- Onun qarşısını tamamilə almaq mümkün deyil, amma deyim ki, bu işlər danışıqdan keçir. Biz İranla danışıqlar aparsaq da, bu o qədər müvəffəqiyyətlə başa gəlmir axı. Bu da axı dalğadı, küləyin qarşısını necə almaq olmursa, bu da mümkün deyil. Bir yandan bağlasan, o biri yandan çıxacaq. Bu işi həll etmək texniki tərəfdən mümkün deyil, amma danışıq yolu ilə mümkün ola bilər.

- Bu vəzifəyə gəldiyiniz yolu öyrəndik, bəs vəzifədən gedəndə vəziyyətiniz necə idi? Bu proses necə baş verdi? Həm də vəzifəyə gəlməyinizi bilirdiniz, bəs kənarlaşdırılmanızı necə?

- Bir atalar sözü var: “Necə gəldinsə, eləcə də getdin”.
Həftənin beşinci günü idi və mən dostlarımla görüşdə idim. Elə orada televizordan vəzifədən kənarlaşdırıldığımı eşitdik. O zaman dostların hamısı çox pis oldu, amma mən heç pis olmadım. Dedim ki, sakit olun və məclisi davam etdirin. Sizə deyim ki, vəzifə elə bir şeydi ki, insan bilməlidi ki, bu əbədi onunla qalmayacaq. Bir gün gəlibsə, demək ki, gedəcək. Elə sabahı, yəni şənbə günü işi təhvil verdim. Yenə də Baş nazir Artur Rəsizadə gəldi işimi təhvil almağa. Həm vəzifəyə təyin olunanda, həm də kənarlaşdırılanda o gəlmişdi. Dedi ki, nəsə bir sözün var? Dedim ki, atası vəzifəyə qoyanda yaxşı idi, oğlu çıxardanda pis olur? Dedim hər şey yaxşıdı. Sonra da bir az bu sözlərimə güldük. 

- Bəs sonra sizə heç iş təklifləri olmadı?

- Əlbəttə oldu, amma mənim xoşuma gəlmədi və təklif olunan işlərə də getmədim.

- Bəs yenidən nazir müavini vəzifəsi sizi qane edərdimi?

- Mən o işdə heç vaxt işləməzdim. Mən bir dəfə rabitə naziri olmuşam və ondan sonra da o nazirliyin sonu olub. Çünki ondan sonra o nazirliyin adı da dəyişdirilib. Amma deyim ki, sonra da ürəyim istəyən işlər olmadığı üçün elə təqaüdə çıxdım.

- Keçmiş Baş prokuror bizə müsahibəsində bildirmişdi ki, “general etdiyim adam mən işdən çıxandan sonra görəndə heç salam da vermədi”. Bəs siz belə bir hal yaşamısınız?

- Mən belə bir halla rastlaşmamışam və hər biri ilə də əlaqələrim var. 

- Vəzifədən kənarlaşdırılandan sonra heç nazirliyə getmisiniz?

- Yox ora heç getməmişəm.

- Bəs hər gün işə gedən insan üçün evdə oturmaq çətin deyil?

- Mən nazir olanda da düşünürdüm ki, bir gün burdan getməliyəm. Həm də deyirdim ki, yaxşı getməliyəm.

- Hər bir nazir vəzifədə olanda sabahını təmin etmək üçün dolayı yollarla heç olmasa bir biznes sahəsi qurur. Bəs siz necə, özünüzə və övladlarınıza biznes qura bildiniz?

- Mənim heç elə bir imkanım da yox idi ki, biznes qurum, nəsə edim. Həm də buna heç bir marağım da yox idi.

- Neçə manat təqaüd alırsınmız?

- 1560 manat təqaüd alıram.

- Nazir işləmiş adam üçün bu çox azdı.

- Mən nazir işləyəndə də heç nazir səviyyəsində yaşamamışam. Mən o vaxt heç bir nazirlə ailəvi görüşlər etməmişəm və ailəmi də buna alışdırmamışam. Mənim həyat yoldaşım heç bir nazirin həyat yoldaşı ilə görüşməyib. Amma təbii ki, o vaxt yaşayışımız bu günkündən yaxşı idi və o vaxt nə istəsəm, edə bilirdim. Mən indi heç kimə zəng edib heç nə demərəm.

- Bəs övladlarınız sizə deyiblər ki, “ata, nazirsən, bizə bahalı maşın al, ya da ayrı nəsə et”?

- Birinci bizdə elə bir imkan yox idi, ikinci də mən elə bir şərait yaratmamışdım ki, mənimlə elə danışa bilsinlər. Mən deyirdim ki, ilk növbədə gələcəyi düşünüb yaşamaq lazımdı.

- Övladlarınız nə işlə məşğul olurlar?

- Hələ mən nazir müavini olanda övladlarım hamısı ali təhsil almışdı. İndi də hər birinin ailəsi və övladları var. Hamısı da işləyir.

- Siz işdən gedəndən sonra övladlarınıza yaşıl işıq varmı?

- Yox... elə bir şey yoxdu. Amma deyim ki, arada bir az problemlər də yaşadıq, sonra hər şey düzəldi. Həll olundu... Həyatdı...

- İndi sizə qarşı münasibət necədi?

- İnanın ki, mənə qarşı münasibət indi də çox yaxşıdı.

- Övladlarınızdan sizin işi davam etdirən var?

- Oğlum bu sahəyə bir az maraq göstərdi. Mən istərdim ki, rabitəçi olsun, amma bu sahədə təhsil almağına baxmayaraq işləmədi.

- Bəlkə bu iş onun üçüm bir az ağır idi?

- Yox iş çətin deyildi və o çox bacarıqlı uşaq idi. Amma deyim ki, o da işə birinci montyor kimi başlayıb. O vaxt hələ mən nazir müavini idim.

- Azərbaycan gənclərinə hansı tövsiyyələri edərdiniz?

- Mən nəsihətlərlə bağlı bir kitab yazmışam. Bu kitab təkcə öz ailəm üçün deyil və bütün gənclərə də aiddir. Mən gənclərin beynəlmiləl olmalarını istəyirəm. Hər halda inkişaf etməli və Azərbaycana da layiqli övlad olmalıdırlar.

- İndiki nazirlərlə münasibətiniz necədir?

- Münasibətim normaldı.

- 2015-ci ilə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 4 peyk buraxılacağı barədə məlumat vermişdi. Bununla bağlı hansı yenilikləri gözləmək olar?

- Prinsipcə o çox yaxşı bir ideyadı. Amma nazirliyin ondan nə cür səmərəli istifadə etməyindən çox şey asılıdı.

- İnternet povayderləri ilə bağlı nə deyə bilərsiniz?

- Bizdə 100% özəl provayderlər var. Ümumiyyətlə, bu sahəyə sərbəstlik vermək lazımdır ki, rəqabət yaransın və qiymətlər aşağı düşsün.  

- Bəs mobil operatorların işi barədə nə deyə bilərsiniz ?

- Bu sahədə keyfiyyətinə görə Azercell birinci yerdədi. Amma Bakcell də inkişaf edir və dəyişir. NarMobile də ki, qiymət baxımından çox ucuzdu. Əslində belə götürəndə hamısı çox baha başa gəlir və istəsə o mobil operatorlar qiymətləri aşağı sala bilərlər. Bunu xüsusilə Azercell-ə aid etmək istəyirəm və düşünürəm ki, nazirlik onunla həm bu haqda, həm də əsassız xərclərinin azaldılması və tarif dəyərinin aşağı salınması məsələsi ilə bağlı ciddi məşğul olmalıdır.

- Bir məqam da var ki, operatorlar nəsə bir qanun pozuntusu edir və cəzasız qalır ?

- O vaxt hər şey normal idi. Operator hansısa bir qüsuru edəndə o dəqiqə bilirdik və çağırıb tədbir görürdük. Həll olunan məsələlərdən biri də telefon xəttinin birtərəfli bağlanamasıdır. Bir tərəfin xətti açıq olanda belə, mobil operator yenə də pul qazana bilir. Biz məcbur etdik ki, bu məsələyə baxsınlar və istifadəçilərin hüquqlarını pozmasınlar. Dünya və MDB ölkələrinin təcrübəsindən də istifadə etmək lazımdı.

- Sizi artıq rabitə naziri kimi tanımışıq və indi istərdik başqa sahələrdə də tanıyaq. Sizin ədəbiyyata, poeziyaya, musiqiyə necə,  marağınız var?

- Mən musiqiyə qulaq asmağı çox sevirəm, amma işlədiyim müddət ərzində ədəbiyyat çox az oxumuşam. İşdən çıxandan sonra isə kitab oxumağa başlamışam. İndi düşünürəm ki, bir neçə əsr əvvəl şahların, hökmdarların  etdiklərini oxusaydım, bilsəydim, nazir olduğum vaxtda daha yaxşı işləyərdim. Daha çox tarixi kitablar oxumağa başlamışam.

- Bəs şeir yazmısız ?


- Yox heç yazmamışam, heç buna marağım da olmayıb.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Bəxtiyar Vahabzadənin yeni nəşr olunan on iki cildliyini oxumuşam. Daha sonra Vahid Əzizi və Davud Nəsiblinin kitablarını diqqətdə saxlamışam.

- Bu kitblar sizə daha çox nə öyrədə bilir?

- Bir şeyi deyim ki, insanların başına nə gəlirsə tarixi bilməməkdən gəlir. Çox vaxt hadisələrə elə dırnaqarası baxmağa çalışırıq. Elə bura Qarabağ məsələsini də aid etmək olar.

- Bəs teatra necə, gedə bilirdiniz?

- Mən nazir olanda da bütün tamaşalara baxmağa gedirdim və indi də bacardıqca gedirəm. Biz dostlarla danışmışıq ki, bu yaxınlarda bütün muzeylərə də gedək.

- Dinə münasibətiniz necədir ?

- Çox normal bir münasibətim var, amma insanlar nədənsə dinlə mövhumatı səhv salırlar. Çalışmaq lazımdı ki, mövhumata uymasınlar .

- Bəlkə bu sahədə inkişaf və təbliğat zəifdi?

- XV-XVII-əsrə qədər sivilizasiya müsəlman dövlətlərinin olub. Elə Tusini götürək və onun kitabında yazılanlardan 800 il ötməsinə baxmayaraq, çox şeylər indi həyata keçir. O zaman onun dediyi uçan xalça elə indi bizim təyyarədi.

- Sizcə insanlar səmimi deyil?

- Elə düşünməyin və mən sizə deyim ki, insanlar artıq problemlərlə o qədər yükləniblər ki... Əvəllər sovet dövründə Moskvada metroda gedəndə on adam içində birinin güldüyünü, o birilərin kədərli olduğunu görürdük. Eyni vəziyyət indi bizdə var. Metroda insanları müşahidə etsəniz, bunu görərsiniz. Bu problemlər insanları sıxır və ədalət öz yolunu tapsa, hər şey yaxşı olacaq.


Könül Səid   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı