Modern.az

Ayrılığın sonu varmış...

Ayrılığın sonu varmış...

6 Oktyabr 2020, 20:30

Hər qarış torpağına, dağına-dərəsinə, yalına-yamacına, yoluna-cığırına bələd olduğum aranlı-dağlı Cəbrayıldan başlayıb Bakı, Gəncə, Mil, Muğan, Şirvan,  Naxçıvan, Lənkəran, Qazax, Xaçmaz, Şəki... və Qarabağın timsalında bütövləşən ana Vətənim mənim nəzərimdə elə dünyanın özü boydadır...

   
Yaxşı yadımdadır, 1988-ci ilin fevral ayından sonra nankor qonşularımızın Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxaranda köçkünlüyün ilk nişanələrini yüz minlərlə insanın nəmli baxışlarında görüb hiss etmişdim. Doxsanıncı illərin əvvəllərində bu müsibətlə Xocalı, Xocavənd, Şuşa, Laçın camaatı da üzləşməli oldular. Sonrakı vaxtlarda Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının sakinləri də doğma yurdlarından perik düşdülər...

   
Mənim bir vaxtlar qoynundan pərvazlandığım ağır elli Cəbrayılın rayon mərkəzinin, dağlıq və dağətəyi kəndlərin düşmən əlinə keçdiyi 23 avqust 1993-cü il, indinin özündə də ağrı-acılı yaddaşımın silinmiz izləri kimi nalə çəkməkdədir. Rayonumuzun Arazboyu kəndlərinin işğal edildiyi vaxtı, - 23 oktyabr 1993- cü il tarixini isə aradan 27 il keçməsinə baxmayaraq, sözlə ifadə etməyə çətinlik çəkirəm. Araz çayının qırağında düşmən əlinə keçməmək üçün hər ağacı-kolu sığınacaq hesab edən, ancaq buna rəğmən yağı gülləsinə tuş gələn insanların ah-naləsi hələ də qulqalarımda əks-səda verməkdədir...

     
Həmin günün sonunda, gecə saat ikiyə yaxın Füzuli rayonunun Əhmədallar kəndinin üst tərəfindən iranlı soydaşlarımın matorlu qayığında çayı adlayıb keçənlərdən biri olduğumdan, insanların təşviş hissi təbiidir ki, mənə də yad deyildi. O dəhşət saçan gecədə Arazın sağ tərəfindən boylanıb gecənin zülmətində tüstüsü ərşə qalxan kəndlərimizə baxanda anladım ki, məşəqqətli köçkünlük günlərinin astanasındayam...

  
Doğma ata ocağımı, Böyük Mərcanlı dəmiryol stansındakı yük vaqonlarında qalan əmlakımı, 25 illik ədəbi yaradıcılığımın nişanəsi olan arxivimi, əlyazmalarımı, Cəbrayıl boyda dünyamı itirəndən sonra taleyin hökmüylə heç bir dost-tanışımın olmadığı bir şəhərə,-Mingəçevirə gedib çıxdım. Bu şəhərdəki yataqxanaların birində eni-uzunu cəmisi 10 kvadratmetr olan otağa sığınandan sonra, yerli qəzetdə işə düzəldim. Uzun illər boyu yurd həsrətim qəddimi əyib-büksə də, qürurumu sındıra bilmədi. 1994-cü ilin yanvar ayından sonra Cəbrayıl rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi köçkünlüyün ilk illərində Mingəçevirə pənah gətirən 155 ailənin yükünü də çiyinlərimdə daşımağı özümə borc bildim. Ayrı-ayrı yataqxana, uşaq baxçası və sənaye obyektlərində müvəqqəti olaraq məskunlaşan Cəbrayıl köçkünlərinin qarşılaşdıqları problemlərin həllində yardımçı olmağa çalışdım. Məktəbyaşlı köçkün uşaqlarının təhsilə cəlb edilməsi istəyi ilə Cəbrayıl rayon İcra Hakimiyyəti rəhbərliyinin və yerli əlaqədar təşkilatların köməyi ilə Mingəçevirdə 18 saylı Cəbrayıl rayon köçkün məktəbinin açılmasına və sinif otaqları ilə təmin olunmasına nail oldum...

      
Ən başlıcası isə, illər boyu mənim kimi yurd ağrı-acıları ilə yaşayan köçkünlərimizə ürək-dirək verib, Cəbrayıla,-doğma el-obalarımıza qayıdacağımız günlərin uzaqda olmadığını onlara aşılamağa çalışdım. Qarabağın bir parçası olan, yuxularımda-xəyallarımda da olsa hər guşəsini gəzib dolaşdığım rayonumuzun həsrətini ürəyimdə daşısam da, doğma el-obama yönəlik övlad sevgimin zülmətdə qərq olmasına yol vermədim. Köçkünlüyün ilk ilində qələmə aldığım “Bir şair yaşayır Mingəçevirdə” adlı şeirim çeşidli qəzet-jurnallarda dərc olunandan sonra dillər əzbəri oldu. Bu şeirimin sonuncu bəndində dediyim kimi, məcburən yurd yerimi dəyişsəm də, Cəbrayllın adı dilimdən əskik olmadı:

... Kürü  Araz bilir, Bozdağı Diri,

Qalıb Cəbrayılda qibləsi-piri.

Sızlaya-sızlaya nə vaxtdan bəri,

Bir şair yaşayır Mingəçevirdə.

 

  
Köçkünlüyün ilk illərində həm yurd nisgilimdən, həm doğulub boya-başa çatdığım el-obama məhəbbətimdən, həm də məskunlaşdığım ünvandan soraq verən bu şeirimdən sonra, “Araz çayına məktub”, “Cəbrayıl dağlarına dediyim ağı”, cəbrayıllı mərhum bəstəkar Məlahət Həmidqızının nəğməyə çevirdiyi “Arazım”,

“Bəhmən Vətən oğluna”, “Qarabağ”, “İşlər belə getsə”, “Çadırda doğulan uşaq”, “Oktay Həziyevə məktub”, “Cəbrayıllılar”, “Xarı bülbülüm”, “Şuşada açan çiçək”... adlı şeirlərimlə Qarabağ boyda yurd nisgilimi poetik çalarlarla naxışlayıb ortaya qoydum...

     Ancaq bununla belə, “Vətən ana, torpaq namus...” adlı bir şeirimdə dediyim kimi Vətən  sevgimdən güc alan qəlbimin ümid işığını öləziməyə qoymadım:

 

VƏTƏN АNА, TОRPАQ NАMUS...

 

Dua etdim, ulu Tаnrım dаdımа yеtdi,

Ərən yurdum nər biləkli оğul böyütdü.

Yаddа sахlа, bаbаlаrdаn qаlаn öyüddü -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

Dədəm Qоrqud zəfərdədir şərəf-şаn-dеdi,

Şəhid ruhu yеrdə qаlmаz nаhаq qаn-dеdi.

Хudаfərin hаrаy çəkdi, Sаvаlаn dеdi -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

Qаrı düşmən,vаrlığımdır аnаm Qаrаbаğ,

Gözünü аç, tariximə bir də yaxşı bах.

Еşitdinmi, öz ləhcəmdə söylədi hər dаğ -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

Kitаb kimi varaqladım Kürlə Аrаzı,

Əcdаdımın Qоbustаndаn gəldi аvаzı.

Bаbək döyüş bаyrаğınа qаnıylа yаzıb -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

Vətən оğlu igid əsgər, sаbаhın хеyir,

Səhər mеhi təbəssümlə qаpını döyür.

Göyçə səndən nicаt umur, Zəngəzur dеyir -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

Mən üç rəngli bаyrаğımlа kеçmişəm оddаn,

Vətən sözü müqəddəsdir hər cürə аddаn.

Аtа millət, аnа millət, çıхаrmа yаddаn -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

 

    Böyük Türk dünyasının bayraqdarı olan qardaş Türkiyə ilə Azərbaycanın  əbədi qardaşlığını sərgiləyən poetik düşüncələrimi, Milli Ordumuzun yenilməzliyini tərənnüm edən, əbədiyyətin şəhid ucalığında dayanan ərənlərimizin yurd amalını tərənnüm edən şeirlərimlə gələbə müjdəli günləri soraqladım:

 

 

...Yenilməz dar ayaqda

Ərənləri, ərləri.

Şəhid ucalığından

Güc alıb zəfərləri.

Cavad xan, Məmməd Əmin,

Atatürk, Heydər adlı

Qibləgahları canlı.

Ulu tarixlərinin

Hər sətri, sözü şanlı.

Böyük türk dünyasının

Cismində dövr edən qan -

Türkiyə-Azərbaycan!

 

Düşmənə göz dağıdır

Şəhərləri, kəndləri.

Bir qala timsallıdır

Bərələri-bəndləri.

Əzəl gündən hər biri

Dosta-dostdur, yada-yad.

Keçmişləri şərəfli,

Çağdaş günləri abad.

Dar ayaqda yan-yana

Dayanıbdılar hər an -

Türkiyə-Azərbaycan.

                        (“Türkiyə-Azərbaycan”  adlı şeirimdən)

 

... Şəhidlərin yaralı

Ruhu and yerin olsun!

Qələbə əzmin hər an

Ümmandan dərin olsun!

Savaş günü halay vur -

Düzlən dəstə-dəstə sən!

Göyçədə, Zəngəzurda

Üçrəngli bayrağımı

Qaldır basin üstə sən!

Al yağı əllərindən

Neçə kəndi, şəhəri -

Azərbaycan əsgəri!

 

Dayan düşmən önündə

Yenilməyən dağ kimi!

Yaşa ürəyimizdə

Yurd kimi, torpaq kimi!

Ucalt səsini, ucalt -

El sığınsın adına!

Son qoyaq hünərinlə

Vətənin fəryadına!

Dön işıqlı sabaha,

Yaramızın üstə yax

Sən qələbə soraqlı

Xoş müdəli zəfəri -

Azərbaycan əsgəri,

Azərbaycan əsgəri!

                     ( “Azərbaycan əsgəri” adlı şeirimdən)

   
Tanrıya çox-çox şükürlər olsun ki, illər boyu yurd həsrətiylə yaşayan yüz minlərlə köçkün soydaşlarım kimi arzusunda olduğum günlərə mən də gəlib çatdım. Nə yaxşı ki, 2016-cı ilin aprel döyüşlərindən sonra qəddini dikəldən Cocuq Mərcanlının qədəmləri sayalı oldu! Ata elim Cəbrayılın bir parçası olan qala timsallı bu kənddən Qarabağa uzanan zəfər soraqlı yolumuz bu ilin sentyabr ayının 27-dən sonra şaxələnərək Talış kəndinə, Suqovuşana (Madagiz), Yuxarl Əbdürəhmanlı, Horadiz... kəndlərindən keçdiyi günlərdə bizim Cəbrayıl obalarına da üz tutdu. Rayonumuzun Nüzgar və Böyük Mərcanlı kəndlərində üçrəngli bayrağımızı dalğalandıran Milli Ordumuzun əsgərləri hər qarış torpağına bələd olduğum Quycaq, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Horovlu, Dəjəl, Məzrə,  Şükürbəyli, Şıxalağalı, Sarıcallı... kəndlərini də düşmənin qanlı pəncəsindən xilas etdi. İyirmi yeddi illik zaman kəsimindən sonra ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməzliyi və xalqımızın monolit birliyi sayəsində işğldan azad edilən Xan Çinarlı, Billur Kəhrizli Cəbrayılda üçrəngli bayrağımızın yenidən dalğalanması milli kimliyimizin ən bariz ifadəsinə çevrildi. Uşaqlıq illərimin, gəncliyimin şahidi olan Böyük Mərcanlının vüsalına qovuşacağım günləri gözlərimin önünə gətirəndə sevincimin həddsiz-hüdudsuz olduğunu bütün varlığımla dərk etdim. Düz on beş il qabaq qələmə aldığım və doğma el-obalarımıza uzalı əllərimin poetik ifadəsinə, yurd həsrətimin  dilmancına çevrilən “Cəbrayılda qalan dünyam” adlı bir şeirimin aşağıdakı bəndində dediyim kimi gec-tez doğma yurdumuzun vüsalına qovuşacağımı söyləməklə həm özümə, həm də bu istəklə yaşayan minlərlə həmyerlilərimə təskinlik verməyə çalışmışdım:  

 

...Səni ovundurum, qoy hələ sözlə,

Karvan geri dönər əzəlki izlə.

İsmayıl deyir ki, yolumu gözlə,

Təzədən qoynuna dönəcəyəm mən...  

 

 
Tanrıya şükürlər olsun ki, 27 ildən bəri həsrətində olduğum günün vüsalına qovuşdum. Milyonlarala soydaşımıza, yurd nisgiliylə yaşasalar da ümidlərini öləziməyə qoymayan köçkünlərimizə sevinc-fərəh bəxş eləyən qələbə müjdəli anlar ölkə Prezidentinin, Milli Ordumuzun, uca millətimizin yenilməzliyini ortaya qoymaqla, ayrılığın sonsuz olmadığını da ən bariz şəkildə nümayiş etdirdi. İnşallah, əzəli-əbədi düşmənlərimiz olan ermənilərin Ali Baş Komandanımızın sözləri ilə desəm, işğal olunmuş torpaqlarımızdan rədd olub gedəcəkləri vaxta sayılı günlər qalıb! Tezliklə Qarabağın qeyrət qalası Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə... də üçrəngli bayrağımızın əzəmətlə dalğalanacağı günlərin sevincini birlikdə yaşayacaq, bir milyondan artıq insanın dilindən eşidəcəyimiz: “Biz daha köçkün deyilik!” kəlmələrinin işığında başımızı dik tutaraq doğma yurd yerlərimizə qayıdacağıq!  

Eşq olsun  “Qarabağ Azərbaycandır!” kəlmələrinin sevincini xalqımıza bəxş edən Ali Baş Komandanımıza, Milli Ordumuza! 

 


İsmayıl Mərcanlı İmanzadə

 

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, Cəbrayıl rayonunun keçmiş məcburi köçkünü

06.09.2020    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır