Modern.az

Bayram Səfərov: “Paşinyan hakimiyyətə gələndə demişdim ki...” - MÜSAHİBƏ

Bayram Səfərov: “Paşinyan hakimiyyətə gələndə demişdim ki...” - MÜSAHİBƏ

7 Oktyabr 2020, 09:10

Azərbaycan Ordusu Qarabağın azadlığı uğrunda şiddətli döyüşləri davam etdirir. Arxa cəbhədə Azərbaycan xalqının birliyini, həmrəyliyini müşahidə etdiyimiz bu dönəmdə Silahlı Qüvvələrimizə dəstək üçün əlindən gələni edən sıravi vətəndaşlar, Ordumuza dəstək şüarları ilə ruh yüksəkliyi nümayiş etdirən gənclər təqdir olunur.

 

Şuşa rayonunun icra başçısı, Dağlıq Qarabağ  azərbaycanlı icmasının idarə heyyətinin üzvü Bayram Səfərov da Modern.az-a müsahibəsində Azərbaycan xalqının ruh yüksəkliyinə, ordumuzun uğurlarına toxunub. Başçının əməkdaşımızla söhbətini təqdim edirik:


- Bayram müəllim, cəbhədən xoş xəbərlər alırıq. Azad olunan ərazilərimizin siyahısı genişlənir. Belə bir məqamda əhval-ruhiyyəniz necədir?

- Otuz ilə yaxındır bu günləri gözləyirik. Allah Ali Baş Komandanımıza və Ordumuza kömək olsun. Bu torpaqlar uğrunda şəhid olanlara Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Beynəlxalq aləmin möhtərəm prezidentimizə müraciəti, Ermənistan hökümətinin, Paşinyanın bütün dünya ölkələrinə yaltaqca müraciəti hər şeyi gün kimi ortalığa sərdi.  Paşinyan hakimiyyətə gəldiyi zaman demişdim ki, onun ağlı olsaydı məsləhətlərə qulaq asardı, bəlkə onda hakimiyyəti uzunömürlü olar. İşğaldan azad edilən ərazilərimiz bəllidir. Dinc əhalimizə qarşı göstərilən erməni vəhşiliyi, atılan mərmilər, raketlər göz qabağındadır, bütün dünya bu haqda bilir. Bu hərəkətlər onların sonunu gətirəcək.

Arzum budur ki, Allahın köməkliyi və Cənab Prezidentimizin başçılığı ilə işğal altında olan bütün torpaqlar azad olunsun. Kəlbəcər, Ağdərə, Talış, Füzuli; gün o gün olsun bütün torpaqlarımıza, eləcə də Şuşamıza da bayrağımız sancılsın. İnsanların üzündə sevinc var, körpə uşaqlar belə bayrağımızı dalğalandırır. Ölkəmizin hər yerində şanlı bayrağımız asılıb. Azərbaycan xalqının bu sevinci, bayramı daim olsun! Ordumuza və Ali Baş Komandanımıza uğurlar arzulayıram!


- Torpaqlarımıza nə vaxt getməyi planlaşdırırsınız?

- Mülki əhaliyə azad olunan torpaqlarımıza getməyə nə zaman icazə verilsə, birinci mən gedəcəyəm. Qarabağlılarla birlikdə torpaqlarımıza, evimizə qayıdacağıq.


- Bundan sonra Şuşada yaşamaq istəyərsinizmi?

- Əlbəttə. Şuşa azad olunan kimi mən ora köçəcəyəm. Ömrümün axırına qədər Şuşada yaşayacağam.


- İlk dəfə gedəndə haranı ziyarət etməyi düşünürsünüz?

- Hər halda atamın, anamın və qardaşımın qəbrlərinə baş çəkərəm.


- Şuşada “kaş 30 il öncə necə qoyub çıxmışıqsa, indi də elə qalardı” dediyiniz ərazi varmı?

- Mən Şuşanın hər yerini çox yaxşı xatırlayıram. Bütün məhəllələr, küçələr gözümün qabağındadır. Şuşanı bir gün, bir saat belə unutmamışam. Kaş elə Şuşanın hər torpağı, hər daşı, hər qarışı sonuncu dəfə gördüyümüz kimi olardı...  


- Siz Şuşada anadan olmusunuz, uşaqlığınız, gəncliyiniz orada keçib. Adətən son illərdə belə fikir səsləndirirdilər ki, il üstünə il gəldikcə, sülh prosesi uzandıqca, gənclər Qarabağı unudacaqlar. Amma bunun tamam əksini müşahidə edirik...

- Azərbaycan gəncliyi bu söz-söhbətin hamısına öz əməli, vətənpərvərliyi ilə son qoydu. Gənclərimizin əksəriyyəti komissarlıqlara, icra hakimiyyətlərinə döyüşə getmək üçün müraciət etdilər. Qadınlarımız, qocalarımız belə Qarabağa yollanmaq istəyir. Buna görə də mən həmişə Azərbaycan gənclərinə inanmışam. Onlar hər zaman möhtərəm prezidentimizin arxasında olublar. O, məsələni sülh yolu ilə həll etmək istədi, amma ermənilər bunu anlamadı. Bu səbəbdən, Qarabağ uğrunda başlanan bu müharibənin baiskarı məhz Ermənistandır.


- Silahlı Qüvvələrə Yardım Fonduna köməyiniz olub?

- Bizim İcra Hakimiyyətinin bütün işçiləri bir aylıq əmək haqqını fonda köçürəcəklər. Mən şəxsi maaşımdan 2000 manat yardım etmişəm və bu dəstəyə davam edəcəyəm. Nəyimiz varsa, ordumuzun, dövlətimizin yoluna fəda olsun!


- Son olaraq, övladları cəbhədə döyüşən əsgərlərin, şəhid olan hərbçilərimizin ailələrinə nə demək istəyirsiniz?


- Mən şəhid valideynləri qarşısında baş əyirəm, onlara səbr diləyirəm. Onların övladları şəhidlik zirvəsinə yüksəlib. Əsgər valideynlərinə isə arzu edirəm ki, övladları sağ-salamat evlərinə qayıtsın.

Aysel Aslan
Fidan Əli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi