Modern.az

Milli Qəhrəmanlardan Qarabağ müharibəsinə REAKSİYA: Biri cəbhəyə getdi, ikisi xəbərlərə dözmədi

Milli Qəhrəmanlardan Qarabağ müharibəsinə REAKSİYA: Biri cəbhəyə getdi, ikisi xəbərlərə dözmədi

Mədəni̇yyət

8 Oktyabr 2020, 13:55

Bu gün Azərbaycan ordusunun Qarabağ uğrunda döyüşlərinin 12-ci günüdür. Azad olunan ərazilərimizin siyahısı gündən-günə genişlənir, Şanlı Ordumuzun əsgərlərinin şücaəti nəticəsində düşmən qüvvələri darmadağın edilir. Ön cəbhədəki qələbə ruhlu döyüşlərdən ilhamlanan Azərbaycan xalqı arxa cəbhədə Ordumuza dəstəyini daha da gücləndirib. İndi uşaqdan böyüyə hər kəs cəbhədən gələn xəbərləri izləyir.


Azərbaycanın Milli Qəhramanları Qarabağ uğrunda döyüşlər haqqında fikirlərini Modern.az-la bölüşüblər.


Milli Qəhraman Sahil Məmmədov bildirib ki, müharibənin gedişatı çox yaxşıdır:


“Bu günlər həyatımın ən xoşbəxt günləridir. Mən Qarabağ müharibəsinin iştirakçısı və Milli Qəhrəman olaraq, Ali Baş Komandanımızın vediyi bu əmrə çox şad oldum. Artıq torpaqlarımızı azad etmənin vaxtı gəlib çatmışdı. Müharibə dövrü başlayandan hadisələri yaxından izləyirəm, ordumuz çox düzgün addımlar atır. Cənab Prezidentimiz ordumuza “dinc əhaliyə güllə atılmasın” əmri verərək, Azərbaycan dövlətinin humanistliyini bir daha gözlər önünə sərdi”.


S.Məmmədov deyib ki, ordumuz bütün torpaqlarımızı azad edəcək gücə malikdir:

“Ordumuza uğurlar arzu edirəm. Silahlı Qüvvələrimiz hazırda həm Qafqazda, həm də dünyada sayılıb-seçilən ordulardandır. Bugünkü əhval-ruhiyyə ilə mən əminəm ki, Azərbaycan cəmiyyəti və ordusu, torpaqlarımızın azad edilməsinə qadir olacaq.  Biz Qarabağın hər guşəsinə öz bayrağımızı sancacağıq!”.

Qarabağ döyüşlərində iştirak etmiş digər Milli Qəhrəman Vahid Quliyev də ordumuzun uğurlu addımlar atdığını bildirib:

“Ordumuz öz gücünü hər kəsə nümayiş etdirdi. Panikaya düşən erməni ordusu, hərbi texnikasını ataraq qaçmağa davam edir. Bir sıra torpaqlarımızın azad edilməsindən sonra düşmənin əsas yolları bağlanıb, onun ordusunda ərzaq çatışmazlığı müşahidə olunur. Bu poblemlərin ucbatından onlar səngərlərə atəş açırlar. Mən inanıram ki, ordumuz qələbə qazanmağa davam edəcək. Proseslərin gedişi onu göstərir ki, yaxın günlərdə ermənilərin müqavimət göstərməyə imkanı qalmayacaq. Silah-sursat, hərbi texnika ehtiyatları tükənməyə yönəlib. Bütün bunlara görə, erməni quldurları tezliklə torpaqlarımızı tərk edəcək”.

V.Quliyev bu günlərdə xalqımızda güclü həmrəylik müşahidə etdiyini, əhalimizin ordu və Ali Baş Komandanımızn ətrafında sıx birləşdiyini vurğulayıb:

“İnsanlarımız arasında çox yüksək əhval-ruhiyyə hökm sürür, onlar ordumuza hər cür dəstəklərini nümayiş etdirirlər. Baxmayaraq ki, sərhədyanı bölgələrimiz mütəmadi olaraq atəşə tutulur, bu ruh düşkünlüyü yatamır. Xalqımız da bilir ki, bu müvəqqəti bir haldır, tezliklə yenidən qələbə xəbərləri eşidəcəyik”.


Milli Qəhraman Maşallah Abdullayev cəbhədə baş verən hadisələrlə bağlı səhhətində problem yaşayıb, beyninə qan sızıb. Onunla əlaqə saxladığımızda qızı Gülxanım Abdullayeva ilə həmsöhbət olduq. Milli Qəhrəmanın qızı deyib ki, atasının vəziyyəti stabildir, müalicəyə davam edilir:

“Qəhrəmanımız hər dəfə torpaqlarımızın azad edildiyini eşidəndə sevinc göz yaşlarına boğulur”.

Şəhid xəbərlərini də bir o qədər kədərlə qarşılayan Milli Qəhraman  xalqımızdan bir az inciyib. Qızı bildirib ki, keçmişdə vətəninə böyük xidmətlər göstərən qəhrəmanımızın səhhətində yaranan problemlərlə bağlı heç kimin zəng etməyib, halını soruşmaması xətrinə dəyib:


“Bütün bunlara baxmayaraq, atam bu yaşında da vətəni üçün əlindən gələni etməyə hazırdır. Tək atam deyil, onun vətənpərvərliklə böyütdüyü bizlər də Azərbaycan üçün canımızı fəda edərik”.  


Milli Qəhrəman Fariz Qəhrəmanov cəbhədə düşmənlə üz-üzə olduğunu söyləyib:

“Mən bu dəfə müsahibə verə bilməyəcəyəm. Ön xəttdə, düşmənlə üz-üzə dayanmışıq. Torpaqlarımızı işğaldan azad etmək üçün bütün əsgərlərimiz şücaətlə vuruşur. Qələbə bizimlədir”.

Cəbhədən gələn həyəcanlı xəbərlər daha bir Milli Qəhrəmanımızın səhhətinə mənfi təsir edib. Ehtiram Əliyev əməkdaşımıza ürək əməliyyatı keçirdiyini, xəstəxanada olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan Ordusunun qələbə qazanacağına inanır.

Fidan Əli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir