Modern.az

Rusiyanın Cənubi Qafqaz siyasəti pat vəziyyətinə düşüb - TƏHLİL

Rusiyanın Cənubi Qafqaz siyasəti pat vəziyyətinə düşüb - TƏHLİL

9 Oktyabr 2020, 12:09

Rusiya prezidenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məsləhətləşmə aparmasını təklif edib. Bundan başqa, Vladimir Putin tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

Verilən məlumata görə, bu gün Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyə Azərbaycanın xarici işlər naziri Ceyhun Byramovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın görüşü olacaq.

Bundan başqa, dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun hər iki ölkənin müdafiə nazirləri ilə telefon danışığının olduğu bildirilir. Telefon danışıqlarının məzmunu haqda yalnız vəziyyətin müzakirə olunduğu deyilir, əlavə məlumat verilmir.

Belə görünür ki, Rusiya Azərbaycan-Ermənistan müharibəsinə təsir imkanlarını bərpa etməyə çalışır, amma bunun tezliklə atəşkəsə nail olmaq üçün etdiyini deməyə heç bir ciddi əsas yoxdur. Burda da azı 2 səbəb ola bilər:

1. Kremlə Ermənistanın düşdüyü indiki durumun bir qədər də dərinləşməsi və nəticədə Paşinyanın hakimiyyətdən getməsi lazımdır.

2. Rusiya bölgəyə təsirinin azaldığını dərk edərək, ehtiyatlı hərəkət etməyə üstünlük verir.

Eyni zamanda, Moskvada yaxşı anlayırlar ki, tərəflərdən biri və ya elə hər ikisi Rusiyanın təklif etdiyi sülh variantına razı olmazsa bu, onun bölgəyə nəzarətinin bir qədər də itirilməsinə gətirib çıxara bilər. Odur ki, Moskva əvvəlki "böyük qardaş" tonunda danışmır.

Digər tərəfdən, görünən həm də budur ki, hər iki dövləti öz təsir dairəsində saxlamağa çalışan Moskvaya öz ikivektorlu (ikiüzlü də demək olar) siyasətinin daha çox hansı tərəfə meyllənməsinə dair qəti qərar verə bilmir.

Ona görə də indiki mərhələdə Moskva daha çox münaqişənin mövcud fazasının davamında, amma onun idarə olunmasında maraqlı görünür. Verilən son bəyanatlar da bu mənada məzmun və ardıcıllıq baxımından tam üst-üstə düşür.

Yekun olaraq, demək olar ki, Cənubi Qafqazda baş verən son hadisələr, yəni, Azərbaycanın hərbi-strateji tərəfdaş kimi daha çox Türkiyəyə, Ermənistanın isə son münaqişəyədək Qərbə meyllənməsi Moskvanın heç bir uzunmüddətli strategiyası olmayan Cənubi Qafqaz siyasətini çətin duruma salıb.

Bu da o deməkdir ki, indi bölgədəki hərbi vəziyyətlə bağlı qərarlar daha əvvəllər olduğu kimi Kremldə qəbul edilmir. Burdan da belə nəticə çıxır ki, Azərbaycan hərbi əməliyyatları davam etdirməkdə israrlı olacağı halda Moskvanın bu qərarın qarşısına çıxara biləcəyi ciddi arqumenti olmaya bilər.

Bu halda Moskva iki addımdan birini atmalı olacaq:

1. Ermənistana hərbi dəstəyi gücləndirmək - amma bu sırf nəqliyyat blokadası baxımından çətin olmaqla yanaşı, həm də Paşinyanın mövqeyini gücləndirə bilər.

2. Ermənistanda bütün mümkün vasitələrlə təcili hakimiyyəti dəyişmək - bu da İrəvanda qeyri-legitim hakimiyyətin formalaşması olacaq ki, onda da Ermənistan həm daxildə destabilizasiyaya uğrayar, həm də beynəlxalq təcrid vəziyyətinə düşərdi.

Elə bu səbəblərdən də Moskva hələ ki ehtiyatla "nəbz yoxlayaraq", bütün mümkün varinatları nəzərdən keçirmək və onların arasından daha optimal olanını tapmağa çalışır. Başqa sözlə, Rusiyanın Cənubi Qafqaz siyasəti pat vəziyyətinə düşüb.


Ərəstun Oruclu,

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub