Modern.az

Bakı parklarında mərmər döşəmələr yaşıllıqdan çoxdur

Bakı parklarında mərmər döşəmələr yaşıllıqdan çoxdur

22 Yanvar 2010, 11:22

Son illər ölkəmizdə, xüsusilə də Bakıda ağaclar sanki qurumaq üçün əkilir. Demək olar ki, əkilən ağaclar bir ildən sonra yox olur. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilib və bu sahədə ciddi irəliləyişlər əldə etmək üçün Prezidentin xüsusi göstərişləri var: “Ona görə də müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən ağacəkmə kampaniyaları keçirilir. Mən də bunun tərəfdarıyam. Çunki insanın sağlam həyat tərzi üçün yaşıl ötrüyə böyük ehtiyac var. Sadəcə, mən istərdim ki, bu, ardıcıl xarakter daşısın, ağacəkmə deyil, ağacbitirmə kampaniyası olsun. Ağacı əkəndən sonra onun vaxtaşırı dərmanlanması, suvarılması aparılmalıdır ki, ağac böyüsün”.

Deputat hesab edir ki, ağacəkmə kampaniyası ilə yanaşı çəmənsalma kampaniyasına da başlanılmalıdır: “Bəlkə də Bakı dünyanın az şəhərlərindəndir ki, parklarında daş, mərmər döşəmələr otdan, yaşıllıqdan çoxdur. Bakıda parklar çox gözəl düzəldilib. Bunu hər kəs təsdiqləyə bilər. Amma daş, mərmər örtüklər parkları daha çox muzeylərə oxşadır. Halbuki parklarda daş örtüklər əvəzinə yaşıllıq olmalıdır. Bu, həm də ekoloji təmizlik deməkdir.

Yaşıl örtük daş, mərmər kimi qızmır, şüalanma vermir. Dünyanın çox yerində insanlar parklarda sanki təbiət qoynunda olduğu kimi istirahət edir. Bizim parklarda isə bu, mümkün deyil. Mərmərin üstündə o tərəf, bu tərəfə nə qədər gəzmək olar? Prezidentin tapşırığı ilə bu il bütöv Abşeron yaşıllaşdırılacaq. Çox istərdim ki, bu yaşıllaşdırmanı yalnız ağac əkməkdə deyil, çəmən salmaqda da görək. Mərmərdən, daşdansa, heç olmasa, qazon əksinlər. Özü də bunu tək parklarda deyil, yolların kənarında, ağacların altında da etmək mümkündür. Mütəxəssis olmasam da, bilirəm ki, yaşıl örtük ağaclarin qurumasının qarşısını alır”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər