Modern.az

Cəbhə gündəliyi: 10 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 10 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

11 Oktyabr 2020, 01:40

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 14-ci günü başa çatıb. Oktyabrın 10-da da cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 10-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

- Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.

- Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutub.

- Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

- Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub.

- Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edilib.

- Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilən 9К72
 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin dağılan qalıqlarının fotoları yayılıb. Ermənistan həmin raketlə Mingəçeviri vurmağa çalışıb.

- Düşmənin növbəti artilleriya qurğuları məhv edilib.

- Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumat təkzib olunub.

- Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulub.

- S aat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülüb.

- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib.

- Atəşkəs rejimini pozmaq məqsədi ilə düşmənin atəş nöqtələrinə çıxarılan ağır artilleriyası dəqiq zərbələrlə məhv edilib.

- Düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

- Düşmən günorta saatlarında Xocavəndin Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.
Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib.
Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

- Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur.

- Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur.

- İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.

- Müdafiə Nazirliyi: Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür.
Birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsilə heç cür barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlayıb.
Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?