Modern.az

Səməd Seyidov: "Gəncə ilə bağlı beynəlxalq təşkilatlara sənədlər göndərəcəyik”

Səməd Seyidov:

Parlament

11 Oktyabr 2020, 13:22

“Təkcə BMT-yə deyil, BMT-nin İnsan haqları üzrə komissarlığı, onun  tərkibindəki uşaqlarla bağlı fəaliyyət göstərən UNİCEF, eləcə də  ATƏT, AP, AŞ kimi beynəlxalq təşkilatlara Gəncədə baş verənlərlə əlaqədar sənədlər göndərəcəyik”.  

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dünən gecə erməni təxribatçıları tərəfindən Gəncədə mülki əhaliyə qarşı baş verənlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, nə qədər ki,  beynəlxalq ictimaiyyətin öz içlərindəki manqurtlar erməniləri dəstəkləyəcək, o qədər də cinayətlər çox olacaq:

 

“Cinayətkarın əlindən tutub onu beynəlxalq məhkəməyə gətirmədinsə, onu ittiham etmədinsə cinayətlər daha əskin və daha ciddi formada davam etdiriləcək. Təəssüf ki, bu münaqişədə bəzi məqamlarda Ermənistana dəstək verməsinin  nəticəsi bu gün Gəncədə özünü göstərməkdədir. Fransanın bəyanatı, Almaniya Xarici İşlər Nazirliyinin hansısa fikirləri bu gün Gəncədə özünü göstərməkdədir”.

 

Komitə sədri qeyd edib ki, Azərbaycana qarşı soyqırım siyasəti 1990-cı illərdən faktiki olaraq başlayıb və indiyə kimi də bitmir:

 

“Azərbaycan əsgəri Azərbaycan torpaqlarını işğalçıdan azad edir. Bu sadəcə işğalçıdan yox, Azərbaycan xalqına qarşı soyqırım törədən cinayətkarlardan azad edilir. Biz əlimizdə olan imkanlardan istifadə edib bütün beynəlxalq səviyyədə müraciətlərimizi etməliyik. Bu məsələlər artıq BMT TŞ-da gündəmdədir. Bizim BMT-ki nümayəndə heyətimiz, səfirlərimiz eləcə də dünya mediası  baş verənlərdən agahdır. Söhbət ondan gedir ki, Ermənistan görəndə ki, cəbhədə real məğlubiyyətə uğrayıb, dərhal cinayətlər törətməyə başlayır. Xüsusilə elə cinayətlər törədir ki, o cinayətlər Azərbaycan xalqının hissiyyatına, canına, qanına toxunur. Bunlar insanlığa qarşı cinayətdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi