Modern.az

Sabiq deputat: “Belə icra başçılarına görə icra başçılığından da nifrət etmişəm” - MÜSAHİBƏ

Sabiq deputat: “Belə icra başçılarına görə icra başçılığından da nifrət etmişəm” - MÜSAHİBƏ

3 İyul 2012, 20:30

Maksim Musayev: “Milli Məclisdə elə adam var ki, ona deputatlığı mən öyrətmişəm”

Modern.az saytı Milli Məclisin sabiq deputatları ilə silsilə müsahibələrə davam edir. 
Budəfəki müsahibimiz eks-millət vəkili Maksim Musayevdir. M.Musayev 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Eyni zamanda 1991-1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

– Maksim müəllim, hazırda nə ilə məşğulsunuz?

– Daha çox nəvələrimlə məşğul oluram. Efir vasitəsilə dünyadakı siyasəti öyrənirəm, Erməni dilini yaxşı bildiyim üçün Ermənistanın 4 kanalına, Rusiyanın bir, iki kanalına, eləcə də Gürcüstanın “Pik” kanalını, Qazaxıstanın kanallarını izləyirəm. Bunun əsas səbəbi isə odur ki, özümün siyasət barədə təəssüratım olsun. Vaxtımı belə itirirəm. Eləcə də gələcəyin əsgərləri olan nəvələrimlə vaxtımı keçirirəm.

– Milli Məclisin hazırkı tərkibinin fəaliyyətin necə qiymətləndirirsiniz?

– Parlamentin fəaliyyəti haqqında çox az məlumatlıyam. Çünki deputatlar öz fəaliyyətlərini çox az işıqlandırırlar. Onların hər biri jurnalistlərdən, seçicilərindən və ümumiyyətlə cəmiyyətdən qaçır. Bu nöqteyi-nəzərdən Milli Məclisin hazırkı tərkibinin fəaliyyətini yüksək qiymətləndirmirəm. Parlamentin fəaliyyətinin dəyəri onların qəbul etdiyi qərarlardan asılıdır. Bəzi qanunları oxuyuram və görürəm ki, bu qanunlar ümumiyyətlə, vətəndaşların xeyrinə az işləyir. Məsələn, adlarını çəkməyəcəyəm, elə qanunlar var ki, onlarda əgər yüz maddə varsa, onun əllisi vətəndaşların, əllisi dövlətin, hakimiyyətin, digər strukturların xeyrinə işləməlidirsə, bu balans artıq itib. Qanunlardakı müddəaların 90%-i ikincilərin xeyrinə işləyir. Mənim düşüncəmə görə, parlament vətəndaşların maraqları naminə iş görə bilmir. Parlamentin fəaliyyətini qiymətləndirmək çox böyük məfhumdur. Halbuki deputatlar içərisində çox qiymətli, sanballı, qabiliyyətli adamlar var. Onlar öz potensialını ortaya qoya bilmirlər. Çünki onların əl-qolunu, dilini sanki kimlərsə bağlayıb.

– Daha çox kimlərin fəaliyyətini bəyənirsiniz?


– Mən deputatların fəaliyyətini tək-tək təhlil edə bilmərəm. Ona görə ki, deputatların ümumi fəaliyyəti mənə bəlli deyil. Onlar ayrı-ayrı yerlərdə özlərinin reklamı ilə məşğuldurlar. Əhali qarşısında hesabat vermələrini görməmişəm. Mən elə bir deputat görmürəm ki, öz xidmətini canlı sürətdə, reallığı ilə xalqa xidmətdə göstərsin. Nə deməkdir bu? O deməkdir ki, ağır günlərdə orduda, sərhəd bölgələrində olan və s. gözümə dəymir. Çox xoşbəxtəm ki, mən deputat seçilmədim. Mən deputat seçilsəydim, mənim də o biriləri kimi ya çıxdaş eləyərdilər, ya da o fikirlərimlə razılaşmayacaqdılar. Bəziləri belə düşünə bilər ki, Maksim Musayev deputat deyil, ona görə belə danışır. Yox, mən sadəcə, müqayisələr apararaq, bu qənaətlərə gəlirəm. Hətta indi də mənə deputatlıq təklif etsəydilər, qəbul etməzdim. Bəzi adamlarla birgə parlamentdə oturmağı özümə layiq bilməzdim. Təkrar edirəm, bu hamıya şamil olunmur, bəzi adamlara aiddir.

– Sizcə, bundan əvvəlki dövrdə parlament daha səmərəli işləyirdi?

– Üçüncü və dördüncü çağırışlarla müqayisədə birinci və ikinci çağırış daha məhsuldar idi. Çünki dövlətçiliyin formalaşması üçün müəyyən sayda qanunlar qəbul olunmalıdır. Birinci çağırışda olan deputatlar - mən onları fəhlə sinfi adlandırardım- bu vəzifənin öhdəsindən gəldilər. Bircə “Təhsil haqqında” Qanunu çıxmaq şərti ilə. Mənim də həmin qanunla bağlı  çıxışlarım var. Təhsil Azərbaycan xalqının onurğa sütunudur. Müstəqillik qazanıldıqdan sonra “Təhsil haqqında” Qanunun qəbulu 14 il gecikdi.

– Bəs sizin dövrünüzdə o, niyə qəbul olmadı?

– Mən bu suala cavab verməyəcəyəm. Buna hüququm var.

– Sizin deputat olduğunuz vaxtlarda, özünüz demişkən, dövlətçiliyin formalaşması üçün nə qədər qanun qəbul edildi?


– Heydər Əliyev elə bir istedada malik idi ki, o dövləti hərəkətə gətirmək üçün bütün imkanlardan istifadə etdi. O, 1993-cü ildə hakimiyyətə gəldi, 1995-ci ildə Konstitusiya qəbul olundu, 1997-ci ilə qədər onun bütün fəaliyyəti dövlətin formalaşmasına həsr olundu. Dəfələrlə onunla birgə Prezident Aparatında oturmuşuq, müzakirələr aparmışıq.

– Maksim müəllim, elə indi də qanunların əksəri Prezident Administrasiyasındadakı və eyni komanda tərəfindən hazırlanır.

– Orada elə hüquqşünaslar var ki, onlar Elçibəy dövründən əvvəl də oraya təyin olunub. Onlar sıravi məmurlardır. Onların nə ixtiyarı var ki, deyiləni etməsin? Onlar sadəcə icraçılardır.

– Parlamentdə kimlərlə əlaqəniz qalıb?

– Heç kimlə əlaqə saxlamaq fikrində deyiləm. Özümə də layiq bilmirəm ki, bəzi adamlara zəng edəm. İstədiyim, hörmətlə yanaşdığım adamlar var, ancaq onların mənə olan münasibətini bilmirəm. Mənim telefonuma cavab verərlər, ya yox? Bir də ki mən niyə onların kefini soruşmalıyam? Onlar mənim kefimi soruşsunlar ki, mən pensiyadayam. Elə deputat var ki, ona deputatlığı mən öyrətmişəm. Necə ki, uşaq bağçasına əlindən tutub aparırlar, bax elə... Ad çəkməyəcəyəm, ad çəksəm onlar xəcalət çəkərlər.

– Siz kimdən küsmüsüz, parlamentdən, ya konkret adamlardan?

– Heç kimdən küsməmişəm, hamı ilə da təmasda olan adamam. Mən fikrimi açıq deyənəm. Hansı deputat səsini, cınqırını çıxartsa, mən onun cavabını verərəm. Yenə deyirəm ki, indiki parlamentdə oturmağı bəzi adamlara görə özümə layiq bilmirəm. Orada elə adamlar var ki, çox layiqli insanlardır, mən onlardan çox şey öyrənə bilərəm.

Mən bir məsələni də deyim, məsələn, Rəsul Quliyev mənə zəng edib, yanına çağırırdı, mən getmirdim. Məcbur  olub, özü gəlirdi. Niyə? Çünki deputat statusumuz, daxili qaydalarımnız var idi. Bir dəfə mən Milli Məclisdə Rəsul Quliyevə öz etirazımı bildirdim. Bu kasetlərdə də, stenoqramlarda da var. Amma iclasdan sonra mənə jurnalistlər yaxınlaşdı, mən onlara heç nə demədim. Dedim ki, hamısı orada var, gedin, baxın...

– Hazırda keçmiş deputat yoldaşlarınızla əlaqələriniz varmı?

– Bəli var. Şahlar Əsgərov, Cahandir Hüseynov, Eldar İbrahimovla.

– Bəs indiki deputatlardan?

– Heç biri ilə əlaqəm yoxdur.

– Ümumiyyətlə, kimlərlə görüşürsünüz, hansı məsələlər ətrafına fikir mübadiləsi aparırsınız?

– Bir müddət əvvəl ANS-də Mir Şahinin verilişində Eldar İbrahimov çıxış etmişdi. Oraya məni də çağırmışdılar, amma getmədim. Eldar İbrahimova zəng edib, dedim ki, mən sənə 5-6 ildir ki, zəng etməmişəm. İndi zəng etdim. Sən Yeni Azərbaycan Partiyasını yaradan insanlardan birisən. Niyə yanındakılara, sağındakı, solundakı insanların kim olmasına fikir vermirsən?

– Heç özünüz üçün götür-qoy edibsinizmi ki, parlament fəaliyyəti sizə nə verdi?

– Parlament fəaliyyətimi mənə çox şey verdi. Mən dövlətçiliyin, xalqın nə olduğunu bildim. Parlament dövründə mənim siyasi təfəkkürüm tam formalaşdı. Daha sonra xarici ölkələrə gedərək, oraları görərək özümdə əksik olanları tamamladım.  

Sizə bir hadisəni danışım. Keçən ilin oktyabr ayında “Azadlıq” qəzetində mənim haqqımda yazı yazıldı. Yazılmışdı ki, mənim villalarım, evlərim var, bankda pulum, ordenlərim, medallarım var. Gördüm Yeni Azərbaycan Partiyasından mənə dəstək üçün heç bir səs çıxmır. Halbuki həmin partiyanın yaradıcılarından biri mənəm. Tənbəllik eləməyib “Azadlıq” qəzetinin redaksiyasına getdim. Binanın 9-cu mərtəbəsində yerləşirdi. Heç redaksiyanın qapısını da döymədim. Çirkli olduğu üçün. Dedim, birdən infeksiya keçər. İçəri daxil oldum və redaktor müavini məni qəbul elədi. Dedim, yazmısınız ki, mənim villalarım var. Hanı o villalar, deyin mən də bilim. Kompüterdə axtardı, heç nə tapmadı. Dedim yazmısınız ki, mənim evlərim var. Hanı o evlər, adresini deyin, mən də gedim baxım və s. və i.a. Axırda dedim ki, heç olmazsa bir dəmir parçası tapın...

“Azadlıq” qəzetini 40 qəpik verib hər gün alıram. Çünki Vəfa Quluzadənin fikirləri o qəzetdə çox verilir. O insanın fikirlərini oxumaq xoşuma gəlir. Ona görə də bu qəzeti oxuyuram.

– Deputatlıq dövrünüz üçün darıxmırsınız ki?

– Yox, əksinə, çox şadam ki, deputat seçilmədim. Mənim atam Talib Musayev də 15 il deputat olub, mən də 15 il deputat oldum. Deputat ailəsində böyümüşəm. 2000-ci ildə Əli Əhmədov zəng etdi ki, gəl namizədliyini ver. Dedim, neyləyirəm, 15 il deputat oldum, bəsdir. Dedilər ki, yox gəl. Onda mən Xızıdaydım. Amma sonra bilmədim, nə oyunlar oldu, nə keçdi.

– O vaxtlar seçicilərinizlə münasibətiniz necə idi?

– Demək olar ki, elə hər gün seçicilərin arasında olurdum. Ona görə də onları narahat edən,  bütün problemləri bilirdim.

– Övladlarınızdan hansılarınsa deputat olmaq fikri var?

– Yox, onlar hamısı ayrı-ayrı sahələrdə çalışır.

– Adətən sabiq deputatlar deputatlıqdan sonra pedaqoji fəaliyyətlə məşğul olurlar. Siz necə?

– Mən heç vaxt istəməmişəm. Düzü iki dəfə mənə təklif edildi. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov məni dəvət etdi. Kitablarım çıxmışdı və məndə onları kitabxanalara göndərdim. Onda məni dəvət etdi ki, gəl, sənə mövzu verək, dərs keç. Amma mən istəmədim. Çünki onsuz da kitab yazıram. Neynirəm müəllim olmağı? Bir də ki eşitmişəm ki, universitetlərdə müəllimlər natəmiz işlərlə məşğul olur. Zaçotlarda hədiyyə, pul istəyirlər. Birdən məndə zaçot vaxtı hansısa nazirin uşağına “2” yazaram, sonra da...

Özüm Leninqradda oxumuşam, heç kimə bir qəpik də verməmişəm. Eləcə də övladlarımın təhsilinə. İndiki, ziyalılar övladlarına ən bahalı maşınları alıb verir, amma bir deputat bu barədə danışmır.

– Deputatlıqla yanaşı, Xızı rayonunun icra başçısı olmusunuz. Bəs indiki icra başçılarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– Mənim Xızı rayonunda evim var. Xızı rayonda bu yaxınlaradək icra başçısı işləmiş Vaqif Abdullayevdən çox şeylər eşitmişəm. Millətin qanını sorub, rüşvətxor olub. Camatın dərdi ilə maraqlanmayıb. Elələrinə görə icra başçılığından da nifrət etmişəm. Deyəsən indi başqa rayonda işləyir. Amma icra başçıları aralarında yaxşıları da var.

– İcra başçılarından çox vaxt vətəndaşlar narazılıq edirlər. Bunun səbəbləri sizcə nədir?

– Konkret deyim, icra başçısı ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən gəlirlər və onun da portretini başlarının üzərində saxlayırlar. Buna görə də, rüşvətxorluq etməməldirlər. Camaatı qəbul eləməlidirlər, onların qayğısına qalmalıdırlar. Camaatın ağır gündə olanlarının evinə getməlidirlər. O, kəndlərdəki yol, işıq, su yoxdur, gedib yoxlamalıdır ki, bu vəziyyətdən necə çıxartmaq lazımdır? Gedib kənddə oturmalıdırlar, kənddə ən kasıbın evində çörək kəsməlidirlər. Bundan başqa, bəzi kəndlərdəki problemlər var,  kəndlərin yarısı səpələnib Bakıya, Şəkiyə, Orta Asiyaya, Rusiyaya və s. Gedib görsünlər ki, bu niyə belədir? Bununla prezident məşğul olmamalıdır. Bununla icra başçıları məşğul olmalıdır. Çox yerdə prezidentin etimadını doğrultmurlar. İlham Əliyev isə səhərdən axşama qədər işləyir. Bir gün ölkənin bu başında, səhərisi gün isə o biri başındadır. İcra başçılarının bəziləri var ki, bulvarda gəzir, telefonla rayonu idarə edir. Bunları isə hamı görür. Elə mənə də danışırlar. Bu biabırçılıqdır.

– Əslində məmur vətəndaş münasibətləri necə olmalıdır?

– Əgər bir məmurun ürəyi xalq üçün, vətən üçün yanırsa, onun yanında olmalıdır. Mən İcra Hakimiyyətinin başçısı olmuşam. Heç polisi qoymurduq ki, yaxında olsun, insanları ürkütməsin, insanlar bizə yaxın gəlsin. Amma indi siz təsəvvürünüzə gətirin, İcra Hakimiyyətinin girəcəyində polis dayanıb. Xalqımıza qarşı bu düzgün hərəkət deyil. Hər bir vətəndaş ürəyi istəyəndə icra başçısının da yanında getməlidir, müavinlərində, şöbələrində də yanına. Elə icra başçıları var ki, polisə deyir, gələn kimdir? Deyir, filankəs. Deyir, bir təhər yola sal. Bu ölkə rəhbərliyinin də  imicinə, eləcə də xalqımıza ziyan gətirən hərəkətdir.
Mən icra başçısı işləyəndə elə vaxt olub ki, şəxsən 4 saat oturmuşam, insanları qəbul etmişəm. Boğazım da quruyub, şalvarımda yapışıb stola dura bilməmişəm ki, qarşımdakı insan inciyər. Bu adi bir vətəndaş idi. İndi bunlar o kabinetdə nə ilə məşğuldur, onu Allah bilir. Düşəndən sonra da elə maşınlarda gedib gəlirlər ki.. Dərk etmirlər ki, millətin çörəyini yeyirlər. Bu millətə xidmət göstərməlidirlər. Bax bu millətə xidmət göstərmədikləri üçün də, narazılıqlar əmələ gəlir. Əgər icra hakimiyyətinin binasının qapısında polis varsa və insanlar gəlib eləcə qayıdırsa, vay o insanların halına.

– Siz həm də kənd təsərrüfatı üzrə mütəxəssissiniz. Bu sahədə olan problemlər barədə nə deyə bilərsiniz?

– Bu barədə danışa bilmərəm. Çünki nazir İsmət Abbasova hörmətim var.

– Parlamentdə komissiya sədrinin müavini olmusunuz. Bələdiyyələr onlara kifayət qədər status vermədiklərindən şikayət edirlər. Bildirirlər ki, icra başçıları onların fəaliyyətinə mane olur. Bu haqda nə deyə bilərsiniz?

– Bu, ağrılı-acılı məsələdir. Bələdiyyələrin anti-demokratik hala salınmasında “en” qədər günah var. Bundan mən saatlarda danışa bilərəm. Bu barədə Parlamentdə mənim olduqca çox çıxışlarım var. Bu barədə mənim qeybətlərim də olub yuxarı oturan adamlara, adını çəkmirəm. Bu barədə deyiləsi o qədər şey var ki. Siz təsəvvürünüzə gətirin ki, bizim dövrümüzdə 5600-ə yaxın bələdiyyə yaradıldı. Sonra dedilər ki, çoxdur, ixtisara saldılar, elədilər 2000-ə yaxın. Bundan sonra o gün eşidirəm ki, bələdiyyə sədrlərinin, müavinlərinin çoxu həbsdədir, ya inzibatidədir işləri.

– Asudə vaxtlarınızı necə keçirirsiniz?

– Nəvələrimlə muzeyə gedirəm, Bakıda olan bütün kitabxanaları gəzirəm. Elə kitabxana yoxdur ki, mən orada olmayım. Naxçıvana gedirəm, amma heç kimlə görüşmürəm. Və kitab yazıram.


Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir