Modern.az

Avropa Parlamenti Azərbaycan hökumətinin etiraz məktubuna cavab verəcək

Avropa Parlamenti Azərbaycan hökumətinin etiraz məktubuna cavab verəcək

22 Yanvar 2010, 16:03

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə həm ölkənin özünə, həm də Avropa Komissiyasına bir siqnal idi ki, bu ölkə ilə əlaqələrinə diqqət yetirsin”. Modern.az xəbər verir ki, bunu Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Maryette Şaake yanvarın 22-də Azərbaycan Media Mərkəzində keçirilən debatda canlı bağlantı zamanı bəyan edib. Milli Məclisin Avropa Parlamentinə göndərdiyi etiraz məktubuna münasibət bildirən xanım Şaake  həmin məktubla ətraflı tanış olandan sonra rəsmi səviyyədə cavab hazırlanacağını söylədi.

Avropa Parlamentinin üzvü bu məsələdə Azərbaycan hökumətini tələsik qərar verməkdə ittiham edib: “Məncə, Azərbaycan hökuməti bu qətnaməyə çox tez və çox qərəzli cavab verdi. Bu qətnamənin əsas məqsədi həm hüquqları pozan ölkəyə, həm də Avropa Komissiyasına siqnal göndərmək idi. Avropa Parlamenti təkcə söz azaldığı deyil, bütün insan haqlarının durumundan narahatdır. Sadəcə, bu qətnamənin mövzusu söz azadlığına həsr edilmişdi. Biz Azərbaycanla ticari partnyor ölkəyik və istəmirik ki, Azərbaycan bizimlə işlədiyi bir vaxtda öz ölkəsində jurnalistlər üçün söz azadlığı məkanını daraltsın. Özü də bu məkan təkcə yerli jurnalistlər deyil, həm də xarici KİV-lər, o cümlədən BBC (söhbət xarici radiostansiyalardan gedir) üçün daraldılır”.

Media Mərkəzinin təşkil etdiyi debatın iştirakçılarından Media Hüquqları İnstitutunun sədri Rəşid Hacılı qətnamədə vurğulanan məqamların düzgün olduğunu bildirib. Onun fikrincə, Azərbaycanda jurnalistlərin döyülməsi, qanunsuz yerə həbs olunması göz qabağındadır. Rəşid Hacılı hesab edir ki, Azərbaycan mediası heç də hökumətin vurğuladığı kimi qeyri-peşəkar deyil: “Sadəcə, media çox zəifdir. Əgər hökumət açıqca deyə bilirsə ki, media qeyri-peşkardır, deməli media zəifləyib. Məncə, indiki imkanlar çərçivəsində Azərbaycan mediası kifayət qədər peşəkardır”.

Azərbaycan hökumətinin etirazına qoşulan Demokratik İslahatçı Gənclər Birliyinin sədri Vüsalə Hüseynova isə Avropa Parlamentini Azərbaycana qarşı qərəzli münasibət göstərməkdə ittiham etdi: “Niyə bu qurum Azərbaycanın milyonlarla qaçqın və məcburi köçkünləri ilə bağlı qətnaməyə bir kəlmə də olsun söz salmayıb? Məncə, bu cür qətnamələr Avropa ölkələrindəki erməni lobbisinin sayəsində ortaya çıxır”. V.Hüseynova hesab edir ki, Avropa ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı nələrəsə məcbur etmək üçün təzyiq vasitəsi olaraq bir-birinin ardınca belə qətnamələr qəbul edirlər.

Debatın yekununda Avropa Parlamentinin üzvü Maryette Şaake Azərbaycan gəncləri və KİV nümayəndələrinə bu mübahisəli qətnamə ilə bağlı şərhlərini onun elektron poçtuna göndərməyi təklif edib. Xanım Şaake bu il ərzində ölkəmizə səfər edib real vəziyyətlə yaxından tanış olacağını da bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir